Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2603/2021 09.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı “Azərbaycan X4” MMC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı “Azərbaycan X4” MMC-nin cavabdeh X2 qarşı pul tələbi barədə kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan X4” MMC cavabdeh X2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan X4” MMC ilə Cavabdeh arasında imzalanmış 28.09.2016-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş “Burn” markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 (min altı yüz) ABŞ Dolları və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan X4” MMC ilə Cavabdeh oğlu arasında imzalanmış 28.09.2016-cı il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə uyğun olaraq, “Burn” markalı 1 (bir) ədəd soyuducu “Azərbaycan Koka-Kola Bottlers Ltd” MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.2.7-ci bəndinə əsasən, müqavilə xitam edildikdə “İstifadəçi” əmlakın köhnəlməsi nəzərə alınmaqla soyuducunu 3 (üç) gün ərzində geri qaytarılmasını təmin etməlidir. Müqavilənin 2.1.7-ci bəndinə əsasən İstifadəyə verilən əmlakın “İstifadəçi” tərəfindən hər hansı formada özgəninkiləşdirməsi halları aşkar edildikdə, əmlakın dəyərinin 2 mislini “İstifadəyəverən”-in nəfinə ödəməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, 28.09.2016-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və iddiaçı “Azərbaycan Koka – X6” MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq iddiaçı “Azərbaycan Koka – X6” MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “Azərbaycan X4” MMC-nin nümayəndəsi və vəkili X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, ona soyuducu verilmədiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan “Azərbaycan X4” MMC ilə X3 arasında bağlanmış 28 sentyabr 2016-cı il tarixli soyuducuların əvəzsiz istifadə verilməsi haqqında müqavilədən görünür ki, Azərbaycan Koka-Kola Bottlers Ltd” MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə müqavilədə nəzərdə tutulmuş soyuducunu Cavabdeh əvəzsiz istifadəyə verilməsini öhdəsinə götürmüşdür. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 736.1-cı maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Həmin Məcəllənin 737-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iddia tələbində isə yuxarıda qeyd olunan maddələrin dispozisiya şərtləri mövcud deyildir. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir. Azərbaycan Respublikası MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2); hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1); məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (80); qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81). Prosessual qanunvericiliyin göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər tərəf hər hansı bir tələbini irəli sürürsə, bunun sübutu kimi yazılı sənədə istinad etdiyi halda, həmin sənədin etibarlılığı öz təsdiqini tapmalı və mübahisə doğurmamalıdır. Məhkəmə yalnız o sübutları qəbul edə bilər ki, həmin sübut müəyyən faktı təsdiq etsin. İşin hər hansı bir faktı yalnız qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidirsə, digər vasitələrlə həmin fakt sübuta yetirilə bilməz. İşin halını müəyyən edən sübuta isə müvafiq hüquq normaya əsasən qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, əvəzsiz istifadə müqaviləsi iki tərəfli, konsensual müqavilədir. Belə olan halda müqavilə üzrə nəzərdə tutulmuş əşyanın kirayəçinin sahibliyinə verilməsini sübutetmə vəzifəsini kirayəverən “Azərbaycan X4” MMC daşıyır. Hazırki iş üzrə iddiaçı 28.09.2016-cı il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə istinad etsə də, iddia məhkəməyə verilərkən müqavilədə göstərilmiş “VC enli” markalı soyuducunun verildiyini, sonradan isə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “Burn” markalı soyuducunun verildiyini bildirmişdir. Həmçinin qeyd edilməlidir ki, “Burn” markalı soyuducunun istifadəyə verilməsinə dair müqavilə məhkəməyə təqdim edilməmişdir. Bundan başqa qeyd olunmuş nə “Burn” markalı, nə də “VC enli” markalı soyuducunun cavabdehə təhvil verilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş “soyuducu hərəkət əmri” başlıqlı aktla bağlı qeyd edir ki, qeyd olunan aktda “Burn” markalı soyuducunun 05.06.2018-ci il tarixdə müştəri adı hissəsində “V.Əli” qeyd edilsə də, təhvil aldım qrafasında “Məhəmməd” adlı şəxsin, imza edərək qəbul etdiyi görünür. Məhkəmə iclasında cavabdeh Məhəmməd adlı şəxsi tanımadığını və ümumiyyətlə “Azərbaycan X4” MMC-dən soyuducu götürmədiyini bildirmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı soyuducunun Cavabdeh təhvil verildiyini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Azərbaycan X4” MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2603/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2603/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver