Məhkəmə qərarları › İş №e-2-2(113)-2603/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2603/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2603/2022 29.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi, əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə və Binəqədi RETSİ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş NDQ 010664 nömrəli, 10 noyabr 2021-ci il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 4.600 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən “Bulaq kafesi” DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı Çıxarışa əsasən ona məxsusdur. Fəaliyyət göstərdiyi obyektə texniki şərtə uyğun elektrik xətti çəkilmişdir. Hər ay "xxxx" ASC-nin əməkdaşları tərəfindən verilmiş bildirişə əsasən aylıq sərfiyyata görə hesablanan borc tam ödənilib. 2018-ci ilin aprel-may aylarında obyektin yaxınlığında yerləşən transormatorun yeri “Azərenerji”nin əməkdaşları tərəfindən dəyişdirilmişdir. Hal-hazırda tranformatorun olduğu yer “X2 İdarəsi“ MMC-nin aid olduğu ərazidədir. 10 noyabr 2021-ci il tarixdə Azərişıq ASC-nin əməkdaşları Məmmədov A.E, Eyniyev Ə.O, Biləcəri ETSS-nin EA və Bİ-nin bölmə rəhbəri X1 və aparıcı mühəndis X4 iştrakı ilə 010664 nömrəli, NDQ seriyalı akt tərtib edilərək həmin akt əsasında 4600 manat borc hesablanaraq ödənilməsi tələb edilir. Aktla müəyyən olunur ki, guya – “sayğaca baxış keçirən zaman məlum oldu ki, kompüter informasiya məlumat bazasında “Bulaq restoranı”na məxsus 73226658 №-li sayğacın sərfiyyatından Bakı 1 saylı Yol İstismar İdarəsinin məxsus 35010519 №-li sayğacın sərfiyatı çıxılır. Lakin, 35070519 №-li sayğacın giriş kabel xətti güc transformatorunun 0,4 KV-luq tərəfində Azərişıq ASC-nin şəbəkəsinə birbaşa qoşulmuşdur. Yəni “Bulaq” restoranına məxsus 73226658 №-li sayğacın çıxış xəttinə qoşulmamışdır. Ölçmə zamanı xətdən axan yüklər: İA=24A, İB=72A, İC=48A. Pfak=Psay=31,5 Kvt (otuz bir tam onda beş). Qoyulmuş güc cərəyan transformatorunun 1 tərəf nominal cərəyanına görə P qoy=132 Kvt təşkiledir”. Yuxarıda qeyd edilən akt üzrə əvvəl 3800 manat borc hesablansa da lakin, 19 noyabr 2021-ci il tarixdə 4600 manat borc hesablandığı və həmin borcun 22 noyabradək ödənilməyəcəyi təqdirdə fəaliyyətə ciddi maneə yaradaraq qanunsuz hesablanmış borcu araşdırmadan ödətdirmək məqsədilə 22 noyabr 2021-ci il tarixdə elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirilmişdir. Belə olan halda hesablanmış borcun əsaslı olubolmamasını araşdırmadan təsir və təzyiq etmək məqsədilə işığın kəsilməsilə hədələnir. Borcu əsassız hesablanmağına baxmayaraq məhkəmə araşdırması müddətində işığın əsassız kəsilsə külli miqdarda maddi ziyan vurulması qaçılmazdır. Eyni zamanda 19 noyabr cümə gününə təsadüf edir və 19 noyabrdan sonra 2 gün qeyri-iş günləridir. 22 noyabr isə qeyri iş günlərindən sonra ilk iş günüdür. Eyni zamanda "xxxx" ASC-nin əməkdaşları tərəfindən daha əvvəl də yəni 13 sentyabr 2018-ci il tarixdə də əsassız olaraq NDT 004747 saylı Akt tərtib edilmiş və həmin Akt üzrə də hesablanmış borc məbləği əsassız olduğu üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2-2(81)-425/2019 saylı qətnaməsi ilə silinmişdir. Bu hal, yəni elektrik enerjisindən sərfiyyatın düzgün hesablanmaması halı hələ 2018-ci ildən "xxxx" ASC-yə məlumdur. Hazırkı iş üzrə cavabdeh isə müqavilənin və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozaraq vaxtaşırı əsassız aktlar tərtib edərək maddi və mənəvi ziyan (məhkəmə xərcləri, vaxt itkisi vəs.) vurur. Həmçinin, Sayğac Sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 230262 №li AKT-la da bir daha təsdiq olunur ki, elektrik sayğacına, transformatora və elektrik enerji şəbəkəsinə heç bir müdaxilə edilməmiş və bütün möhürlər yerindədir. Sözügedən transformator "xxxx" MMC-nin balansındadır və həmin ərazidə deyil. Transformator tam olaraq cavabdehin nəzarətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, məhkəmə prosesi dövründə işığın kəsilməməsi üçün həmin vəsaitin ödənildiyini bildirərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş NDQ 010664 nömrəli, 10 noyabr 2021-ci il tarixli aktın ləğv edilməsini və həmin akt əsasında hesablanmış 4.000 manat məbləğin silinməsini xahiş etmiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək Binəqədi RETSİ-nin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsində də qeyd etmişdir ki, akt əsasında hesablanmış borcun silinməsini tələb edir. Lakin silinmə dedikdə tərəf ödənişlərini etmişdir deyə silinməli hər hansı bir məbləğ də yoxdur. Çünki qarşı tərəfin abonent saldosunda heç bir borc göstərilmir. Digər tərəfdən tərtib olunan akt qanunidir. Belə ki, aktdan da görünür ki 2 abonent baş sayğacdan qoşulmalı idi. Çıxılma həqiqətən də aparılmışdır. İddiaçının sayğacına yoxlama keçirilən zaman məlum olmuşdur ki, özünün sərfiyyatını az ödəmişdir. Bu sadəcə sərfiyyatdır hər hansı cərimə və ya borc deyildir. İddiaçıya yazılan akt rəsmi qeydiyyatdan keçirilmiş, ödənilməmiş sərfiyyatın göstəricisidir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı məxsus sayğaca baxış keçirilən zaman "xxxx" ASC tərəfindən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli NDQ seriyalı 010664 nömrəli aktda komputer informasiya məlumat bazasında 73226658 nömrəli sayğacın sərfiyyatından 35070519 nömrəli sayğacın sərfiyyatının çıxılması dayandırılmalı olduğu qeyd olunmuşdur. İddiaçı məxsus hesabdan çıxarışa əsasən xx.xx.2021-ci il tarixində NDQ010664 saylı akt əsasında 3.904 manat məbləğində cərimə hesablanmışdır. xx.xx.2021-ci il tarixində NDQ010664 saylı akt əsasında tərtib edilmiş icra vərəqəsində qeyd olunmuşdur ki, 73226658 saylı sayğacın sərfiyyatından 35070519 saylı sayğacın sərfiyyatı süni olaraq çıxılır. Qeyd olunan icra vərəqində 3.904 manat məbləğində ödəniş hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnı z müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinin tələbinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İş materiallarından və işin məhkəmə tərəfindən araşdırılmış hallarından aydın olur ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən 10 noyabr 2021-ci il tarixində İddiaçı məxsus sayğaca “Elektrik enerjisindən istifadə qaydaları”na (EEİQ) riayət olunmasına dair yoxlama keçirilmiş və bu yoxlamasnın nəticəsi olaraq NDQ 010664 nömrəli akt tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən 3.904 manat məbləğində cərimənin əsassız hesablanması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və 3.904 manat məbləğində cərimə silinməlidir. Belə ki, aktdan da göründüyü kimi cərimə 1 saylı X6 ASC-nin şəbəkəsinə birbaşa qoşulması və iddiaçıya məxsus sayğacın sərfiyyatından kompyuter informasiya bazasında 1 saylı Tibbi Mərkəzinin sərfiyyatının çıxılması olmuşdur. Qeyd edilən qoşulmanın və sərfiyyatın səhv hesablanmasının iddiaçı tərəfindən aparılması müəyyən olunmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi hesablaşma dövrü bir ay qəbul olunaraq, hər ay istehlakçıya təqdim edilmiş hesab əsasında ödənilir və istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli NDQ010664 nömrəli akt əsasında İddiaçı hesablanmış 3.904 manat (üç min doqquz yüz dörd) manat cərimə silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli NDQ010664 nömrəli akt əsasında İddiaçı hesablanmış 3.904 manat (üç min doqquz yüz dörd) manat cərimə silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar