Məhkəmə qərarları › İş №e-2-2(113)-2607/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2607/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2607/2021 04.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı “Azərbaycan X1” MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan X1” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan X1” MMC ilə Cavabdeh arasında imzalanmış 20.02.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş V/K markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı “Azərbaycan X1” MMC ilə Cavabdeh arasında imzalanmış 20.02.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə uyğun olaraq, dəyəri 800 manat olan SDVC markalı 1 (bir) ədəd soyuducu “Azərbaycan X1” MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir. Müqavilənin 2.1.7-ci bəndinə əsasən əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, 20.02.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və iddiaçı “Azərbaycan Koka – X2” MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq iddiaçı “Azərbaycan Koka – X2” MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı “Azərbaycan X1” MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin, iddiaçı “Azərbaycan X1” MMC məhkəməyə ərizə ilə müraciət edərək, işə işdə olan sübutlar əsasında onların iştirakı olmadan baxaraq iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 20.02.2019-cu il tarixli, 17372 nömrəli tərəflər arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, dəyəri 800 manat olan V/K markalı 1 (bir) ədəd soyuducu “Azərbaycan X1” MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmiş, istifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmiş, göstərilən əmlak müqavilə imzalandığı andan təhvil verilmiş hesab edilir, müqavilə “İstifadəyəverən” tərəfindən əmlakın geri verilməsi haqqında tələbi irəli sürülənədək qüvvədədir və müqaviləyə xitam verildikdə, İstifadəçi - Cavabdeh əmlakı qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində geri qaytarılmasını təmin edir, istifadəyə verilən əmlakın “İstifadəçi” tərəfindən hər hansısa formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə əmlakın ümumi dəyərinin 2 mislini “İstifadəyəverən”in nəfinə ödəməyi öz öhdəsinə götürmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.1, 448.1, 732, 736.1, 736.2 və 736.3-ci maddələri). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə təqdim etsə də, sözügedən soyuducunun (markası, nömrəsi və digər rekvizitlər göstərilməklə) təhvil verilməsi və cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən mötəbər sübutları (təhvil-təslim aktı və s.) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan X1” MMC-nin Cavabdeh qarşı Azərbaycan X1” MMC ilə Cavabdeh arasında imzalanmış 20.02.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş V/K markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi tələbi barədə iddiası, həmin soyuducunun təhvil verilməsi və cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyinə görə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan X1” MMC-nin Cavabdeh qarşı Azərbaycan X1” MMC ilə Cavabdeh arasında imzalanmış 20.02.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş V/K markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar