Məhkəmə qərarları › İş №e-2-2(113)-261/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-261/2020

14.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-261/2020 14.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 7.271,66 manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 646,89 manat məbləğində faizlər və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 7.918,55 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2019-cu il tarixli avtomobillərin texniki xidməti və təmiri üzrə C-072-S-İM-19 №-li müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh” MMC-nin avtomobillərinə texniki və təmir xidmətləri göstərmişdir. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron vergi-hesab fakturaları və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuşdur. Lakin cavabdeh 2019-cu ildə onların göstərdikləri bəzi xidmətlərin haqqını ödəməmişdir. Hazırda göstərdikləri texniki və təmir xidmətlərinə görə cavabdehin İddiaçı MMC-yə ƏDV daxil olmaqla 7.271,66 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğinin ödəməmişdir. Bundan sonra İddiaçı MMC xx.xx.2019-cu il tarixdə borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. xx xxxxx 2019-cü il tarixli avtomobillərin texniki xidməti və təmiri üzrə C-072-S-İM-19 № li müqavilənin 5.9-cu maddəsinə əsasən sifarişçi xidmət haqqının ödənilməsini gecikdirirsə, hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir və dəbbə pulunun miqdarı ödəniləcək məbləğin 30%-dən artıq ola bilməz. Cavabdeh göstərilmiş xidmətlərin dəyəri olan 7271,66 manat məbləğində pulun (ƏDV daxil olmaqla) ödənişini uzun müddət gecikdirmişdir. Buna görə də müqaviləyə əsasən hesablanmış dəbbə pulunun ümumi məbləği xx xxxxxx 2019-cu il tarixinə qədər 646,89 manat təşkil edir və bu məbləğin də cavabdehdən tutulmasını tələb edirlər. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (İcraçı) ilə Cavabdeh MMC-nin (sifarişçi) arasında xx xxxxx 2019-cu il tarixdə C-072-S-İM-19 saylı Avtomobillərin texniki xidməti və təmiri haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə əsasən ona məxsus olan avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, sifarişçi isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.7-ci bəndinə əsasən sifarişçi xidmətin dəyərini avtomobili TXS-dan təhvil götürdüyü zaman nağd şəkildə və ya icraçı tərəfindən hesab-fakturanın sifarişçinin səlahiyyətli nümayəndəsinə çatdırıldığı andan etibarən 10 təqvim günü ərzində nağd və ya köçürmə yolu ilə icraçının hesabına ödəyə bilər. Həmin müqavilənin 5.9-cu bəndində sifarişçi xidmət haqqının ödənilməsinin gecikdirərsə hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qaimə-faktura, eyni tarixli, EAAV seriyalı, 713400 saylı elektron qaimə və xx.xx.2019-cu il tarixli, İC seriyalı, 103954 saylı elektron vergi hesab-fakturasına əsasən İddiaçı MMC tərəfindən görülmüş, Cavabdeh MMC-yə məxsus “Kia” Frontier markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinin dəyəri ƏDV daxil olmaqla 1.439,59 manat; xx.xx.2019-cu il tarixli qaimə-faktura, eyni tarixli, EAAY seriyalı, 144461 saylı elektron qaimə və xx.xx.2019-cu il tarixli, İE seriyalı, 234115 saylı elektron vergi hesab-fakturasına əsasən İddiaçı MMC tərəfindən görülmüş, Cavabdeh MMC-yə məxsus “Kia” Frontier markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinin dəyəri ƏDV daxil olmaqla 212,98 manat; xx.xx.2019-cu il tarixli qaimə-faktura, eyni tarixli, EAAY seriyalı, 979024 saylı elektron qaimə və xx.xx.2019-cu il tarixli, İE seriyalı, 986825 saylı elektron vergi hesab-fakturasına əsasən İddiaçı MMC tərəfindən görülmüş, Cavabdeh MMC-yə məxsus “Fiat” Doblo Cargo markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinin dəyəri ƏDV daxil olmaqla 2.071,52 manat; xx.xx.2019-cu il tarixli qaimə-faktura, eyni tarixli, EAAZ seriyalı, 091085 saylı elektron qaimə və xx.xx.2019-cu il tarixli, İF seriyalı, 005619 saylı elektron vergi hesab-fakturasına əsasən İddiaçı MMC tərəfindən görülmüş, Cavabdeh MMC-yə məxsus “Fiat” Doblo Cargo markalı, ** VC *** dövlət qeydiyyat nişanlı və “Kia” Frontier markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobillərin təmir işlərinin dəyəri ƏDV daxil olmaqla 668,37 manat; xx.xx.2019-cu il tarixli qaimə-faktura, eyni tarixli, EAAZ seriyalı, 918480 saylı elektron qaimə və xx.xx.2019-cu il tarixli, İF seriyalı, 701593 saylı elektron vergi hesab-fakturasına əsasən İddiaçı MMC tərəfindən görülmüş, Cavabdeh MMC-yə məxsus “Ford” Transit markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinin dəyəri ƏDV daxil olmaqla 1.542,27 manat; xx.xx.2019-cu il tarixli qaimə-faktura, eyni tarixli, 689243 saylı elektron qaimə və xx.xx.2019-cu il tarixli, İH seriyalı, 182587 saylı elektron vergi hesab-fakturasına əsasən İddiaçı MMC tərəfindən görülmüş, Cavabdeh MMC-yə məxsus “Ford” Transit markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinin dəyəri ƏDV daxil olmaqla 1.336,93 manat təşkil etmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2019-cu il tarixli pretenziya məktubu ünvanlayaraq cavabdehdən xx xxxxxxx 2019-cu il tarixədək borcun ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxxx 2019-cu il tarixli C-072-S-İM-19 saylı Avtomobillərin texniki xidməti və təmiri haqqında müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilədə göstərilmiş texniki xidmət və təmir işlərini yerinə yetirməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən görülmüş işlərinin dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə qeyd olunan müqavilə üzrə olan borcu 7.271,66 manat təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələri). Digər tərəfdən iş materiallarından görünür ki, İddiaçı MMC iddia ərizəsində əsas borcla yanaşı həmin borcun gecikdirilməsinə görə hesablanmış 646,89 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır (462.1-ci və 467-ci maddələri). Məhkəmə hesab edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdehin mübahisəli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi təsdiq edildiyindən, eyni zamanda həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Cərimənin məbləğinə münasibətdə məhkəmə əsas borcun məbləğini, eləcə də kreditorun mənafeyini nəzərə alaraq hesab edir ki, iddiaçının ödənilməsini tələb etdiyi cərimə tənasübsüz surətdə yüksək deyil və cərimə məbləğinin məhkəmə tərəfindən azaldılması üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 7.271,66 min yeddi yüz altmış doqquz manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 646,89 manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 7271,66 manat (yeddi min iki yüz yetmiş bir manat altmış altı qəpik) məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 646,89 manat (altı yüz qırx altı manat səksən doqquz qəpik) məbləğində dəbbə pulu, cəmi 7918,55 manat (yeddi min doqquz yüz on səkkiz manat əlli beş qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar