Məhkəmə qərarları › İş №e-2-2(113)-261/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-261/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-261/2023 20.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq 34.035,89 manat əsas, 6.126,45 ƏDV məbləği olmaqla cəmi 40.162,34 manat pulun, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 210 manat, mediasiya xərclərinə görə ödənilmiş 200 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 26 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 03 fevral 2022-ci il tarixli, № AS-QQH/126 saylı qida məhsullarının idxalı ilə əlaqədar alğı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə malları satmağı, Cavabdeh MMC isə İddiaçı MMC-yə müqavilə üzrə razılaşdırılmış malların dəyərini ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmiş, lakin Cavabdeh MMC tərəfindən borclar tam olaraq ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili iddianı qismən təxmini hesablamalara görə 34.466,51 manat hissəsini qəbul etmiş, ancaq həmin məbləğin ƏDV hissəsinin isə onlar tərəfindən ödənilməli olmamasını bildirmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, AS-QQH/126 saylı alqı-satqı müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə Alıcının sifarşinə uyğun olaraq Satıcı sifarişçiyə ərzaq, sənaye və s. gündəlik tələbat malları (məhsulları) satacaq və təchiz edəcək, alıcı müqavilənin maddələrinin müddəaları əsasında satıcıya malların dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və alıcının möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür. İşin mübahisələndirilməyən digər halı isə ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli üzləşmə aktı imzalanmış və Cavabdeh verilmiş mallara görə 64.977,56 manat borcunun olduğunu qəbul etmişdir. Göründüyü kimi Cavabdeh xx.xx.2022-ci il tarixli üzləşmə aktını imza etməklə həm ona malların verildiyini, həm də verilmiş mallara görə ödənilməmiş pulun qaldığını qəbul etmiş, lakin üzləşmə aktından sonra ödənişlər etdiyini bildirmişdir. İşə cavabdeh tərəfindən əlavə edilmiş "xxxx" ASC və "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırıqlarından görünür ki, sadə riyazi hesablama ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən iddiaçının hesabına cəmi 31.211,05 manat məbləğində pul ödənilmişdir. Qeyd edilən halı da, tərəflərin heç biri məhkəmə iclasında mübahisələndirməmişdir. Üzləşmə aktında borcun 64.977,56 manat olması və borc məbləğindən 31.211,05 manat pulun ödənildiyi nəzərə alındığında görünür ki, 33.766,51 (64.977,56-31.211,05) manat borcu qalmışdır. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı tərəf üzləşmə aktı imzalandıqdan sonra da, tərəflər arasında alqı-satqı münasibətlərinin davam etdiyini bildirir və bu halı təsdiq edən Qaimə Fakturaları təqdim edir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ancaq “Sushi Azərbaycan Nərimanov” ticarət adı ilə fəaliyyət göstərir və təqdim edilmiş bəzi qaimə fakturalarda qeyd edilmiş “Sushi Azərbaycan Əhmədli” və “Sushi Azərbaycan Tbilisi” ticarət adı ilə fəaliyyət göstərən restoranların cavabdehə heç bir aiddiyyatı yoxdur. Qeyd edilmiş bu halı, məkəmə iclasında iştirak etmiş tərəflər də, təsdiq etmişlər. Ona görə də, iddiaçı tərəfindən təqdim edilmiş “Sushi Azərbaycan Nərimanov” ticarət adı əks edilmiş qaimə fakturalarda verilmiş malların ümumi dəyərinin də, sadə riyazi hesablama ilə 10.566,22 manat olması nəzərə alındığında görünür ki, cavabdehin alınmış mallara görə ödənilməmiş 44.322,73 (33.766,51+10.566,22) manat borcu qalmışdır. İddiaçının isə iddiasında 40.162,34 manat pulun tələb edilməsini də nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən 40.162,34 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin ƏDV məbləğinin onlar tərəfindən ödənilməli olmaması dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. Qeyd edilməlidir ki, Əlavə dəyər vergisi (ƏDV) istehlak vergisinin növüdür. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma (distribusiya) mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur, və axırda istehlakçının üzərinə düşür. Yəni ƏDV dolayı vergi olmaqla məhsulun qiymətinə əlavə formasında çıxış edir. Hazırkı halda da, təqdim edilmiş mallara görə pulun ödənilməsi öhdəliyi alıcı Cavabdeh üzərində olduğundan həmin pul ümumilikdə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, 210 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsində də, iddiaçı haqlıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün “De Fendo” Vəkil Bürosunun hesabına 210 manat məbləğində vəsait köçürülmüşdür. Ona görə də, göstərilmiş hüquqi yardıma görə 210 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/6-6068 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən mediasiya xərci olaraq 200 manat məbləğində pul ödəmişdir. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 25 manat məbləğində pul vəsaiti də, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AS-QQH/126 saylı müqaviləyə əsasən ƏDV daxil 40.162 (qırx min yüz altmış iki) manat, 34 (otuz dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar