Məhkəmə qərarları › İş №e-2-2(113)-2610/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2610/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2610/2024 04.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, təhvil aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01 mart 2022-ci il tarixli və 12 mart 2022-ci il tarixli Müqavilədən irəli gələn 1707 manat borc pulun və 301 manat penya məbləğinin, vəkil xidməti üçün ödənilmiş 300 manat, 37 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 5055,19 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında 01 mart 2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin 1-ci bəndinə əsasən, Satıcı 2-ci maddədə göstərilən malı Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən, Müqavilə üzrə sifarişin məbləği 3200 manat olmaqla 4 ay müddətində, hər ay minimum 800 manat olmaqla ödəniləcəyi müəyyən edilmişdir. 01 mart 2022-ci il tarixində Alıcının sifariş etdiyi “Pedikür Spa”-nın təhvil verilməsinə dair akt imzalanmışdır. Bununla yanaşı, Cavabdeh2 12 mart 2022-ci il tarixində 2400 manat məbləğində 3 ədəd kreslo sifariş etmiş və buna uyğun olaraq, Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında 12 mart 2022-ci il tarixlialqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, məhsulun dəyərinin ilkin olaraq 3200 manat hissəsi xx.xx.2022-ci il tarixində ödənilməli, qalan hissəsi isə, yəni 2400 manat, 3 ay ərzində, hissə-hissə, ayda minimum 800 manat olmaqla Satıcıya ödəniləcəkdir. Beləliklə, Cavabdeh2 ümumilikdə BADR” Məhdud Məsuliyyətli Cəmiyyətinə 5600 manat borcu yaranmışdır. O, 29 mart 2022-ci ildən etibarən borcunu ödəməyə başlamış və 29 iyul 2022-ci ildə 1000 manat ödəmişdir. Daha sonra 13 iyul 2022-ci ildə 500 manat, 18 avqust 2022-ci ildə 200 manat, 19 avqust 2022-ci ildə 297 manat, 24 oktyabr 2022-ci ildə 100 manat, 26 oktyabr 2022-ci ildə 198 manat, 03 noyabr 2022-ci ildə 198 manat, 26 dekabr 2022-ci ildə 150 manat, 30 dekabr 2022-ci ildə 150 manat, 11 fevral 2023-cü ildə 200 manat, 15 mart 2023-cü ildə 200 manat, 10 may 2023-cü ildə 200 manat, 05 iyul 2023-cü ildə 200 manat və sonuncu dəfə 19 avqust 2023-cü ildə 100 manat ödəniş etmişdir. Ümumilikdə, 5600 manat məbləğin 3893 manat hissəsini ödəmiş və 1707 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış 01 mart 2022-ci il və 12 mart 2022-ci il tarixli Müqavilələrdə gecikdirilmiş müddət üçün faiz məbləğinin hesablanması qaydası göstərilmədiyindən, Mərkəzi Bankın xx.xx.2021-ci il tarixli 7% uçot dərəcəsi tətbiq olunur. Belə ki, Cavabdeh2 borcunu ödəməyə başladığı ilk tarixdən etibarən gecikmələrə yol vermişdir və buna görə penya məbləği 29 iyul 2022-ci il tarixindən hesablanmış və ümumilikdə 3011, 19 manat müəyyən olunmuşdur. Cavabdeh2 indiyədək 4718, 19 manat məbləğində borcu vardır və ödənilməmişdir. Tərəflər arasında bağlanmış 12 mart 2022-ci il tarixlimüqavilənin 4.3-cü bəndinə əsasən, Alıcı bu müqavilədə ünvanı barədə göstərdiyiməlumatların doğruluğunu təsdiq etməklə Satıcı tərəfindən həmin ünvana göndərilən bildiriş, xəbərdarlıq və sair məktublar həmin ünvana çatmış hesab olunacaq və Alıcı onlarıalmaması halına istinad edə bilməz. xx.xx.2023-cü il tarixində iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qanuni nümayəndə cavabdehin qeyd etdiyi ünvana pretenziya məktubu göndərmiş, cavabdehin borclu olduğu məbləği ödəməsini tələb etmiş, əks halda Məhkəməyə müraciət edəcəyini bildirmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh ödənişləri müxtəlif şəxslər vasitəsilə göndərmiş, cavabdehin ödənişləri barədə maliyyə arayışı verilmişdir. Hazırda cavabdehin qalıq borcu 1707 manat təşkil edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 01 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, Satıcı 2-ci maddədə göstərilən malı Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə sifarişin məbləği 3200 manat müəyyən olunur.

9. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 12 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, Satıcı 2-ci maddədə göstərilən malı Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə sifarişin məbləği 5600 manat müəyyən olunur.

11. 01.03.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli təhvil aktlarına əsasən göstərilən müqavilələr üzrə mallar cavabdehə təhvil verilmişdir.

12. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 3893 manat vəsait ödənilmiş, qalıq borcu 1707 manat təşkil edir.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqısatqı müqavilələrindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

16. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

17. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilələrdən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

21. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi 1707 manat borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

22. Bununla yanaşı, məhkəmə iddia tələbini 301 manat əldən çıxmış faydanın tutulması hissəsində əsassız hesab edir.

23. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.

24. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

25. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

26. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.

27. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

28. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qisməntəmin edilməli, cavabdehdən 1707 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

29. İddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir.

30. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hüquqi yardımla bağlı çəkilmiş xərc cavabdehə aid edilməlidir.

31. Belə ki, materiallardan görünür ki, iddiaçı tərəfindən vəkil Nümayəndə hesabına hüquqi xidmət haqqına görə 300 manat pul ödənilmişdir.

32. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə, 7 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 1707 manat məbləğində pul, 300 manat hüquqi yardıma görə xərc, 30 manat dövlət rüsumu, ümumilikdə 2037 (iki min otuz yeddi) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 7 (yeddi) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar