Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2621/2023 12.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “daxili lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daxili lizinq müqavilələri, müqavilənin ləğvi, avans ödənişinin lizinq ödənişlərinə daxil edilməsi, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “daxili lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış MAS-3756 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 iyun 2022-ci il tarixə 525,13 manat gecikdirilmiş əsas, 309,42 manat gecikdirilmiş mükafat, 276,56 manat dəbbə pulu olmaqla cəmi 1111,11 manat; MAS-3757 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 iyun 2022-ci il tarixə 525,13 manat gecikdirilmiş əsas, 310,36 manat gecikdirilmiş mükafat, 276,56 manat dəbbə pulu, 1040 manat lizinq obyekti olan avtomobilə dəymiş zərər olmaqla cəmi 2152,05 manat; MAS-3758 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 iyun 2022-ci il tarixə 525,13 manat gecikdirilmiş əsas, 310,86 manat gecikdirilmiş mükafat, 276,56 manat dəbbə pulu olmaqla cəmi 1112,55 manat; MAS-3838 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 iyun 2022-ci il tarixə 555,83 manat gecikdirilmiş əsas, 345,82 manat gecikdirilmiş mükafat, 288,11 manat dəbbə pulu olmaqla cəmi 1189,76 manat, bütün müqavilələr üzrə isə ümumilikdə 5565,47 manat borcun və 100 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 may 2021-ci il tarixli MAS-3756 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə “Khazar LX” minik markalı **- PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 13900 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 450,97 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18151 manatın 13900 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 iyun 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən MAS-3756 saylı müqavilə üzrə lizinq şirkətinə sonuncu ödəniş 20 may 2022-ci il tarixdə 440 manat məbləğində olmuşdur. 2.2. iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 may 2021-ci il tarixli MAS-3757 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə “Khazar LX” minik markalı **- PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 13900 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418,06 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18151 manatın 13900 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 iyun 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1040 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən MAS-3757 saylı müqavilə üzrə lizinq şirkətinə sonuncu ödəniş 26 aprel 2022-ci il tarixdə 421 manat məbləğində olmuşdur. 2.3. iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 may 2021-ci il tarixli MAS-3758 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə “Khazar LX” minik markalı **- PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 13900 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418,06 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18151 manatın 13900 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 iyun 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən MAS-3758 saylı müqavilə üzrə lizinq şirkətinə sonuncu ödəniş 26 aprel 2022-ci il tarixdə 418 manat məbləğində olmuşdur. 2.4. iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyun 2021-ci il tarixli MAS-3838 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə “Khazar LX” minik markalı **- PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 450,97 manat, ümumilikdə isə 19335 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19335 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 08 iyun 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən MAS-3838 saylı müqavilə üzrə lizinq şirkətinə sonuncu ödəniş 26 aprel 2022-ci il tarixdə 475 manat məbləğində olmuşdur.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 747, 748-1, 748.7-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında ümumilikdə 16 lizinq müqaviləsi bağlanmış, cavabdehin istifadəsinə 16 lizinq obyekti verilmişdir. 12 lizinq müqaviləsi üzrə cavabdehlə məhkəmə mübahisəsi yekunlaşmış, hazırda isə qalan 4 lizinq obyekti üzrə ödənişlər tələb edilir. Cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, ona görə də avtomobillər geri qaytarılmışdır. Belə ki, lizinq ödənişləri vaxtında ödənilməmiş, avtomobillər lizinq verənin razılığı olmadan başqa şəxslərin istifadəsinə verilmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, 20 may 2021-ci il tarixli MAS-3756 saylı, MAS-3757 saylı, MAS-3758 saylı və 01 iyun 2021-ci il tarixli MAS-3838 saylı daxili lizinq müqavilələrinin hər biri üzrə cavabdeh tərəfindən nəqliyyat vasitələrinin əldə edilməsi üçün ilkin ödəniş kimi 3100 manat ödəniş edilmişdir.
7. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat məhkəmə bildirişləri qeydiyyatda olduğu ünvanına göndərilməklə, “Elektron məhkəmə” informasiya sistemində və AVİS-də yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə Cavabdeh verilmişdir. Lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqavilələri üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddiaçı ilə cavabdeh arasında bağlanmış 20 may 2021-ci il tarixli MAS-3756 saylı, MAS-3757 saylı, MAS-3758 saylı və 01 iyun 2021-ci il tarixli MAS-3838 saylı daxili lizinq müqavilələrindən görünür ki, həmin müqavilələrə əsasən iddiaçı cavabdeh tərəfindən seçilmiş və sifariş edilən müqavilələrin 1 saylı əlavəsində göstərilən “Khazar LX” minik markalı müxtəlif nəqliyyat vasitələrinin muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, cavabdeh isə müqavilələrlə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd edilən 20 may 2021-ci il tarixli müqavilələrin əsas məbləğini 13900 manat, 01 iyun 2021-ci il tarixli müqavilənin isə əsas məbləğini 14750 manat təşkil etməklə cavabdeh hər bir müqavilə üzrə onun imzalandığı gün 3100 manat lizinq ödənişini ödəməyi, ödənilmiş 3100 manat çıxıldıqdan sonra 20 may 2021-ci il tarixli və 01 iyun 2021-ci il tarixli müqavilələrə əsasən yerdə qalan məbləğə 36 ay müddətinə illik 23 % həcmində mükafat məbləği ödəməyi öhdəsinə götürmüşdür.
11. Tərəflər MAS-3756, MAS-3757, MAS-3758 və MAS-3838 saylı daxili lizinq müqavilələri ilə (3 və 4-cü bəndlər) razılaşdırmışlar ki, iddiaçı (lizinq verən) hər hansı bir vaxt lizinq obyektini və ondan istifadə şərtlərini yoxlamaq və həmçinin bu məqsədlə cavabdehin ərazisinə, bina və tikililərinə maneəsiz daxil olmaq və baxış keçirmək, cavabdeh tərəfindən lizinq obyektinin təmir işlərinin və ya texniki baxışın həyata keçirilmədiyi halda, keçirilməsini tələb etmək kimi hüquqlara, alqı-satqı müqaviləsinə əsasən, lizinq obyektinin qiymətini satıcıya ödəmək kimi vəzifələrə, cavabdeh (lizinq alan) isə lizinq müqaviləsi ilə nəzərdə tutulan şərtlərə riayət edərək, lizinq obyektindən sahiblik və istifadə etmək, lizinq müqaviləsi üzrə hüquq və vəzifələri üçüncü şəxslərə vermək, iddiaçının əvvəlcədən yazılı razılığı əsasında lizinq obyektini sublizinqə və kirayəyə vermək, lizinq obyektini əvəzsiz istifadəyə vermək kimi hüquqlara, müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etmək, lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək, lizinq obyektini öz vəsaiti hesabına lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində kasko və həmçinin icbari sığortalamaq kimi vəzifələrə malikdir.
12. Həmçinin tərəflər öhdəliklərin icra olunmaması barədə (müqavilələrin 7.2-ci bəndi və müqavilələrə 3 saylı əlavələrlə) razılaşmışdırlar ki, gecikdirilən lizinq ödənişi məbləğinə (ödənilməyən məbləğə) gündəlik 0,3 % dəbbə pulu hesablanır və cavabdeh tərəfindən iddiaçıya ödənilir.
13. Məhkəməyə təqdim edilən sübutlarla aşağıdakılar müəyyən olunur.
14. MAS-3756 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışı “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 21 iyun 2022-ci il tarixdə iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və 31 mart 2023-cü il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 21 iyun 2022ci il tarixə cavabdehin iddiaçıya olan borcu 525,13 manat əsas borc, 309,42 manat mükafat borcu, 276,56 manat cərimə olmaqla ümumilikdə 1111,11 manat təşkil edir.
15. MAS-3757 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışı “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 21 iyun 2022-ci il tarixdə iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və 31 mart 2023-cü il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 21 iyun 2022ci il tarixə cavabdehin iddiaçıya olan borcu 525,13 manat əsas borc, 310,36 manat mükafat borcu, 276,56 manat cərimə olmaqla ümumilikdə 1112,05 manat təşkil edir. Eyni zamanda xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, avtomobilə dəyən zərər 1040 manat təşkil edir.
16. MAS-3758 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışı “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 21 iyun 2022-ci il tarixdə iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və 31 mart 2023-cü il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 21 iyun 2022ci il tarixə cavabdehin iddiaçıya olan borcu 525,13 manat əsas borc, 310,86 manat mükafat borcu, 276,56 manat cərimə olmaqla ümumilikdə 1112,55 manat təşkil edir.
17. MAS-3838 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışı “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 08 iyun 2022-ci il tarixdə iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və 31 mart 2023-cü il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 08 iyun 2022ci il tarixə cavabdehin iddiaçıya olan borcu 555,83 manat əsas borc, 345,82 manat mükafat borcu, 288,11 manat cərimə olmaqla ümumilikdə 1189,76 manat təşkil edir.
18. İddiaçı adıçəkilən 4 daxili lizinq müqaviləsi üzrə əsas borc, mükafat, dəbbə pulu və dəymiş zərər olmaqla ümumilikdə 5565,47 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir.
19. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
20. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı 20 may 2021-ci il tarixli MAS-3756 saylı, MAS-3757 saylı, MAS-3758 saylı müqavilələr üzrə lizinq obyektini 21 iyun 2022-ci il tarixdə, 01 iyun 2021-ci il tarixli MAS-3838 saylı müqavilə üzrə isə lizinq obyektini 08 iyun 2022-ci il tarixdə geri almaqla iradəsini hərəkət və rəftarı ilə ifadə etmiş, müqavilələr müvafiq olaraq birtərəfli qaydada ləğv edilmişdir. Belə ki, müqavilənin birtərəfli qaydada ləğv edilməsi, bir qayda olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar baş verir. İradə müxtəlif formalarda - hər hansı daşıyıcıya yazılı və digər formada əks etdirilməklə, hərəkət və rəftarla və s. ifadə oluna bilər.
22. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
23. Məhkəmə bildirir ki, Mülki Məcəllənin 421.2, 748-1.12-ci maddəsinin tələbləri və tərəflər arasında bağlanmış daxili lizinq müqavilələrinin 9-cu bəndlərinin şərtləri baxımından qeyd olunan iradə ifadəsi qanuni olmuş, cavabdeh də iddiaçının müqavilədən birtərəfli imtina etməklə ləğv etməsini mübahisələndirməmişdir. İddiaçı hazırkı tələblə müqavilə ləğv olunan tarixədək lizinq obyektindən istifadəyə görə ödənilməli olan lizinq ödənişini və lizinq obyektinə dəymiş zərəri tələb edir.
24. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.2-ci maddəsinə əsasən, lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur.
25. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
26. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
27. Göründüyü kimi, lizinq alan lizinq obyektindən istifadəyə görə dövriliklə muzd ödəməyə borcludur və lizinq obyekti olan əmlakın faktiki qəbulu anından itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Hazırkı iş üzrə müəyyən olunan hal ondan ibarətdir ki, lizinq alan lizinq obyekti olan əmlakdan lizinq müqaviləsi ləğv olunan tarixədək istifadəyə görə muzdu tam ödəməmiş, MAS-3757 saylı müqaviləsinin predmeti olan lizinq obyektinə isə ziyan dəymişdir. Lizin verən həmin məbləğləri tələb edir. Qeyd olunan tələbə hüquqi qiymət verilərkən aşağıdakılar nəzərə alınmalıdır.
28. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
29. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
30. Eləcə də Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
31. Cavabdeh hər bir lizinq obyekti üzrə 3100 manat məbləğində avans ödənişi etmiş, lakin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri nəzərə alınmamışdır. Halbuki Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər. Lakin qeyd edilən daxili lizinq müqavilələrində lizinq obyektinə görə avans ödənişinin təyinatı, müqavilə münasibətlərinə xitam veriləcəyi və mübahisə yaranacağı halda qarşılıqlı hesablaşmalar zamanı həmin ödənişin hansı qaydada nəzərə alınacağı barədə şərt müəyyən edilməmişdir.
32. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı nəqliyyat vasitəsinin əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin və dəymiş zərərin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir.
33. Bu baxımdan, məhkəmə qeyd edir ki, lizinq obyekti olan nəqliyyat vasitələrinin iddiaçıya geri qaytarıldığı nəzərə alındığında avans məbləği hər bir müqavilə üzrə zərər də daxil olmaqla ümumi borcdan çıxılmalıdır.
34. Belə olan halda, məhkəmə hesab edir ki, MAS-3756 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1111,11 manat, MAS-3757 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1112,05 manat və avtomobilə dəyən zərərin əvəzi olaraq 1040 manat, MAS-3758 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1112,55 manat və MAS-3838 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1189,76 manat borc həmin müqavilələr üzrə ayrı-ayrılıqda ödənilmiş 3100 manatla tam əhatə olunduğundan iddia tələbi təmin edilə bilməz.
c) Məhkəmə xərcləri ilə bağlı
35. İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat pulun cavabdehdən tutulmasını xahiş edir.
36. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/2-02309 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərcini ödənmişdir.
37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
38. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
39. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
40. Göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
41. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “daxili lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova