Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2624/2024 04.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi barədə satıcıya bildiriş verilməsi, işgüzar praktika, hüquqi yardım xərcinin ağlabatanlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 17 may 2023cü il tarixli müqavilə üzrə 24789 manat borcun və ödənilmiş 164,37 manat dövlət rüsumunun, 2140 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli MZ-082/23 saylı alqı-satqı müqaviləsi bağlanaraq əməkdaşlığa başlanılmışdır. Müqavilə şərtlərinə uyğun olaraq cavabdehə verilmiş malların dəyəri üzrə sonuncunun iddiaçıya 24789 manat məbləğində debitor borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, sonuncu borcun ödənilməsindən yayınmışdır. Belə ki, borcun ödənilməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ilə müraciət edilərək debitor borc məbləğinin iddiaçının hesabına ödənilməsi xahiş edilmiş, ödənilməyəcəyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görülərək müvafiq məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 390, 442, 448-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi X2 “Elektron məhkəmə” informasiya sistemini vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehə göndərilən mallar istehsal müddətinə 3 ay qalmış göndərilib ve cavabdeh tərəfindən təhvil alınmayaraq iddiaçıya bildirilib ki, mallarının istehsal müddətinə 3 ay qalıb, malları təhvil götürərək yeni və istehsal müddəti uzun olan mallar göndərin. Lakin iddiaçı müraciətə məhəl qoymayıb, həmçinin qalıq malları da göndərməmişdir. Cavabdeh tərəfindən vəsaitin ƏDV hissəsi ödənilərək əsas hissəsi saxlanılmışdır ki, mallar tam təhvil veriləndən sonra əsas hissə ödənilsin.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdehə verilən məhsulların istifadə müddəti bitməmişdir, sonuncunun etirazı prosesi yubatmaq məqsədi daşıyır.
6. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə yazılı etiraz ərizəsi göndərmiş, lakin məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddia ərizəsinə əlavə edilən iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanan 17 may 2023-cü il tarixli MZ 082/23 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, “Satıcı” əlavə razılaşmada nəzərdə tutulmuş malları “Alıcı”ya təqdim edir, “Alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir (1.1). Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri əlavə razılaşma ilə müəyyən olunur (1.2). Malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyənləşdirilir (2.1). “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı”ya əlavə razılaşma tarixindən 3 təqvim günü ərzində malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür (4.1). “Alıcı” satdığı malın satış tarixindən 15 gün ərzində “Satıcı”ya satdığı malın dəyərini müqavilənin 9-cu bəndində göstərilmiş bank hesabına köçürmə yolu ilə ödəməlidir (5.1).
11. Məhkəməyə təqdim edilən elektron qaimələrdən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixli EBDF 826945 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 22869 manat, xx.xx.2023-cü il tarixli EBDH 531123 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 46500 manat, xx.xx.2023-cü il tarixli EBDH 725728 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 25000 manat, xx.xx.2023-cü il tarixli EBDH 725713 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 46500 manat, xx.xx.2023-cü il tarixli EBDH 866133 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 24000 manat, xx.xx.2023-cü il tarixli EBDİ 014340 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 46500 manat, xx.xx.2023-cü il tarixli EBDİ 286811 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 46500 manat, xx.xx.2023-cü il tarixli EBDİ 467363 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 19000 manat, xx.xx.2023-cü il tarixli EBDİ 518892 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 27900 manat, xx.xx.2023-cü il tarixli EBDJ 150695 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 12000 manat, xx.xx.2023-cü il tarixli EBDJ 553447 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 6632,5 manat, xx.xx.2023-cü il tarixli EBDK 312755 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 46500 manat, xx.xx.2023-cü il tarixli EBDK 475853 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 17250 manat, xx.xx.2023-cü il tarixli EBDK 683353 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 11500 manat, xx.xx.2023-cü il tarixli EBDK 722775 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 46500 manat, xx.xx.2023-cü il tarixli EBDL 141046 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 11500 manat, xx.xx.2023-cü il tarixli EBDL 165996 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 46500 manat, xx.xx.2023-cü il tarixli EBDL 175923 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 24500 manat, xx.xx.2023-cü il tarixli EBDL 190957 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 46500 manat, xx.xx.2023-cü il tarixli EBDL 201567 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 29313,6 manat, xx.xx.2023-cü il tarixli EBDL 535942 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 46500 manat, xx.xx.2023-cü il tarixli EBDL 976140 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 5885 manat, xx.xx.2023-cü il tarixli EBDM 432262 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 55800 manat, xx.xx.2023-cü il tarixli EBDM 958244 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 46500 manat, xx.xx.2023-cü il tarixli EBDP 525760 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 16621,5 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 774 771,6 manat dəyərində malın cavabdehə təqdim edilməsi üçün tərtib edilmişdir.
12. İş materiallarına əlavə edilən iddiaçıya məxsus bank hesabında çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 19380,51 manat, xx.xx.2023-cü il tarixdə 39406,78 manat, xx.xx.2023-cü il tarixdə 21186,44 manat və 39406,78 manat, xx.xx.2023-cü il tarixdə 20338,98 manat, xx.xx.2023-cü il tarixdə 39406,78 manat, xx.xx.2023-cü il tarixdə 39406,78 manat, xx.xx.2023-cü il tarixdə 39745,76 manat, xx.xx.2023-cü il tarixdə 10169,49 manat, xx.xx.2023-cü il tarixdə 5620,76 manat, xx.xx.2023-cü il tarixdə 39406,78 manat, xx.xx.2023-cü il tarixdə 14618,64 manat, xx.xx.2023-cü il tarixdə 49152,54 manat, xx.xx.2023-cü il tarixdə 49152,54 manat, xx.xx.2023-cü il tarixdə 39406,78 manat, xx.xx.2023-cü il tarixdə 39406,78 manat, xx.xx.2023-cü il tarixdə 4987,29 manat, xx.xx.2023-cü il tarixdə 20762,71 manat, xx.xx.2023-cü il tarixdə 47288,14 manat, xx.xx.2023-cü il tarixdə 39406,78 manat və xx.xx.2023-cü il tarixdə 14086,02 manat olmaqla ümumilikdə 631 744,06 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya köçürülmüşdür.
13. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı”ndan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 3488,49 manat, xx.xx.2023-cü il tarixdə 7093,22 manat, xx.xx.2023-cü il tarixdə 7093,22 manat, xx.xx.2023-cü il tarixdə 3813,56 manat, xx.xx.2023-cü il tarixdə 3661,02 manat, xx.xx.2023-cü il tarixdə 7093,22 manat, xx.xx.2023-cü il tarixdə 7040,22 manat, xx.xx.2023-cü il tarixdə 53 manat, xx.xx.2023-cü il tarixdə 7154,24 manat, xx.xx.2023-cü il tarixdə 1830,51 manat, xx.xx.2023-cü il tarixdə 1011,74 manat, xx.xx.2023-cü il tarixdə 7093,22 manat, xx.xx.2023-cü il tarixdə 2631,36 manat, xx.xx.2023-cü il tarixdə 7093,22 manat və 1754,24 manat, xx.xx.2023-cü il tarixdə 8847,46 manat, xx.xx.2023-cü il tarixdə 11564,79 manat, xx.xx.2023-cü il tarixdə 7093,22 manat, xx.xx.2023-cü il tarixdə 897,71 manat, xx.xx.2023-cü il tarixdə 3790,29 manat, xx.xx.2023-cü il tarixdə 8511,86 manat, xx.xx.2023-cü il tarixdə 7093,22 manat və xx.xx.2023-cü il tarixdə 2535,48 manat olmaqla ümumilikdə 118 238,51 manat ƏDV məbləği ödənilmişdir.
14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 17 may 2023-cü il tarixli MZ 082/23 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı əlavə razılaşmada nəzərdə tutulmuş malları cavabdehə təqdim etməyi, cavabdeh isə həmin malları qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 25 elektron qaimə üzrə ümumilikdə ƏDV daxil olmaqla 774 771,6 manat dəyərində mal təhvil verilmiş, cavabdeh tərəfindən ümumilikdə ƏDV daxil olmaqla 749 982,57 manat məbləğində pul iddiaçıya ödənilmişdir.
15. İddiaçı 17 may 2023-cü il tarixli MZ 082/23 nömrəli müqavilə üzrə malların qalıq dəyəri olan 24 789 manat məbləğində pulun tutulmasını tələb edir.
16. Cavabdeh iddiaya etiraz edir və bəzi malların istifadə müddətinin bitməsinə az qaldığını, bəzi malların isə verilmədiyini bildirir.
17. Məhkəmə, əvvəla, alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
18. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
21. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
22. Cavabdeh bir qisim malların istifadə müddətinin az qalmasına, digər qisim malların isə verilmədiyinə istinad etsə də, məhkəmə həmin mülahizələrlə razılaşmır. Belə ki, tərəflər arasında malların qəbulu elektron qaimə-fakturalar əsasında aparılmışdır. İddiaçı həmin qaimələri elektron sistem vasitəsilə cavabdehə göndərmiş, cavabdeh isə təsdiqləmişdir. Məhz hesabdan çıxarışdan da cavabdeh tərəfindən bütün ödənişlərin ayrıayrı elektron qaimələrə istinad etməklə edildiyi görünür. Başqa sözlə, tərəflər arasında formalaşmış işgüzar praktikada elektron qaimə malların təhvil-qəbul aktı kimi çıxış etmişdir və iddia tələbinin əsaslandığı mallar üçün də həmin işgüzar münasibətlərə uyğun olaraq elektron qaimələr göndərilmişdir. Eyni zamanda cavabdeh iddiaçı tərəfindən göndərilən bütün elektron qaimələri təsdiq etmiş, yalnız xx.xx.2023-cü il tarixli EBDN 631567 seriya və nömrəli elektron qaiməni ləğvə qaytarmışdır. Bu isə cavabdeh tərəfindən elektron sistemə sayıq nəzarətin aparıldığını, elektron qaimələrin təsadüfi olaraq təsdiqlənmədiyini göstərir.
23. Digər tərəfdən, Mülki Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.
24. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı bildirişin göndərildiyi iş materialları ilə təsdiqlənmir. Eyni zamanda cavabdeh istifadə müddətinin bitməsinə üç ay qalan məhsulların verildiyinə istinad etsə də, 17 may 2023-cü il tarixli MZ 082/23 nömrəli müqavilənin 3.4.3-cü bəndinə əsasən, istifadə müddətinin bitməsinə bir aydan az qalmış mallar barədə satıcıya məlumat vermək alıcının vəzifəsi kimi göstərilmişdir. Göründüyü kimi, müqavilə şərtlərində məhz istifadə müddətinin bitməsinə bir aydan az qalmış malların təqdim edilməsinin yolverilməzliyi təsbit edilmişdir.
25. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin etirazını əsassız hesab edir və kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqısatqı müqaviləsi olub (müqavilənin 5.1-ci bəndi ilə malların satış tarixindən sonra dəyərinin 15 təqvim günü ərzində köçürmə yolu ilə aparılmasının şərtləndirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
26. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
27. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
32. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
33. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 17 may 2023-cü il tarixli MZ 082/23 nömrəli müqavilə üzrə 24789 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
34. İddiaçı həmçinin ödənilmiş 164,37 manat dövlət rüsumunun, 2140 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş edir.
35. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 164,37 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
36. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” 2702/24 saylı (0382702 nömrəli orderdə göstərilən) müqavilədən görünür ki, hüquqi yarıma görə haqq 2140 manat razılaşdırılmışdır.
37. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 2140 manat məbləğində pul iddiaçı tərəfindən “LCG” vəkil bürosunun bank hesabına köçürülmüşdür.
38. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
40. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
42. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 1200 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
43. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 164,37 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1200 manat məbləğində pul cavabdeh "xxxx" MMCdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 17 may 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 24 789 (iyirmi dörd min yeddi yüz səksən doqquz) manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 164 (bir yüz altmış dörd) manat 37 (otuz yeddi) qəpik, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 1200 (bir min iki yüz) manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova