Məhkəmə qərarları › İş №e-2-2(113)-2625/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2625/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2625/2023 13.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2022- ci il tarixli, CT/SM-22- 062 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən iddiaçı “CMT GROUP" MMC-nin xeyrinə 5.400,72 manat məbləğində pulun, habelə ödənilmiş müdiasiya xərcləriin əvəzi oalraq 100 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC onun Nizamnaməsi əsasında hərəkət edən direktoru Qanuni nümayəndə arasında 13 iyun 2022-ci il tarixli № CT/SM-22-062 müqaviləyə əsasən boya məhsullarının alqısatqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə Cavabdeh arasında imzalanmış müqaviləyə əsasən iddiaçı boya məhsullarını cavabdehə satmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli elektron qaimələrə əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC -nin "xxxx" MMC-yə cəmi 5.400,72 manat borcu mövcud olmuşdur. Bundan sonra cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Odur ki, hal-hazırda cavabdehin İddiaçıya 5.400,72 manat borcu mövcuddur. xx.xx.2022-ci il tarixdə cavabdehin elektron kabinetinə pretenziya məktubu və xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. xx.xx.2023- cü il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28ci maddəsində uyğun olaraq ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin cavabdeh bu barədə məlumatlı olsada ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - "xxxx" MMC (tədarükçü) ilə "xxxx" MMC (alıcı) arasında 13 iyun 2022-ci il tarixdə CT/M-22-062 saylı tədarük müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən “Tədarükçü” “Alıcı” sifariş etdiyi məhsulları (bundan sonra “Əmtəə”) tədarük etməyi, “Alıcı” isə onları qəbul edib və haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən “Alıcı” hər konkret partiya üzrə Əmtəələrin dəyərini Əlavələrdə göstərilmiş şərtlərlə “Tədarükçü”nün hesabına köçürmə yolu ilə ödəyir. 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir 13 iyun 2023cü ilə qədər qüvvədədir. Əgər müqaviləyə xitam verilməsi haqda son 10 gün ərzində tərəflər bir-birinə müraciət etməzlərsə müqavilə avtomatik yenilənmiş hesab ediləcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" MMC tərəfindən (ƏDV daxil) ümumilikdə 5.400,72 manat dəyərində mallara görə, o cümlədən 5.296,88 manat dəyərində EBBY seriyalı, 279795 nömrəli, xx.xx.2022-ci il tarixli və 103,84 manat dəyərində EBCB seriyalı, 098391 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə tərtib edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə cavabdeh "xxxx" MMC-yə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin 13 iyun 2022-ci il tarixli CT/M-22-062 saylı tədarük müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə borcu 5.400,72 manat təşkil edir. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlanaraq borcun xx.xx.2022-ci ilədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında tədarük (alqı-satqı) müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda "xxxx" MMC-nin qeyd edilən müqavilə üzrə "xxxx" MMC-yə olan borcu ƏDV daxil 5.400,72 manat təşkil edir. Mülki Məcəllənin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567, 600.1-ci maddələrinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – ƏDV daxil 5.400,72 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 5.400,72 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 74 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 5.400,72 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC–yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar