Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2628/2022 27.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən (VÖEN: **********) 3.894 (üç min səkkiz yüz doxsan dörd) manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 58.94 (əlli səkkiz manat doxsan dörd qəpik) manatın alınaraq geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı səhmdar Cəmiyyətinə ofis mebellərinin alınması məqsədilə Cavabdehlə (bundan sonra – cavabdeh) 24.12.2021-ci il tarixli, 01 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Sözügedən müqavilənin 2.1-ci bəndinə əsasən ilkin 30% avans ödənişi cavabdeh şirkətin xeyrinə köçürülməli, cavabdeh şirkət tərəfindən isə həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 24.12.2021-ci il tarixli 01 nömrəli Razılaşma Protokolu ilə müəyyən edilən ümumi dəyəri ƏDV daxil olmaqla 12.980 manat olan mebel əşyalarını tam həcmdə 3 təqvim günü ərzində göndərməli idi. Bundan sonra ödənişin qalan hissəsi müvafiq qaydada həyata keçirilməli idi. Qeyd edilən əsaslarla həmin müqaviləyə əsasən, 27.12.2021-ci il tarixində ƏDV daxil olmaqla 3.894 manat məbləğində 30% avans ödənişi Cavabdeh MMC-nin xeyrinə köçürülmüşdür. Lakin bunun qarşılığında cavabdeh şirkət malları hələ də təqdim etməmişdir. P.Dadaşovla əlaqə saxlanılsa da, Cavabdeh MMC-yə rəsmi qaydada 27.01.2022-ci il tarixində müraciət ünvanlansa da sözügedən şirkət heç bir müraciəti cavablandırmamışdır. Məhkəmə işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MMC “satıcı”, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “alıcı” olmaqla imzalanmış 24 dekabr 2021-ci il 01 nömrəli alqı-satqı müqaviləsinə əsasən müqavilə üzrə satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan “Razılaşma Protokolu” (bundan sonra “protokol”) ilə müəyyən edilən malları (mebelllər və ona aid avadanlqıları) alıcıya (bundan sonra “mal”) satır, alıcı isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. 24 dekabr 2021-ci il 01 nömrəli alqı-satqı müqaviləsinə əlavə olunan 01 nömrəli razılaşma protokoluna əsasən ümumilikdə 12.980 manat məbləğində malların alqı-satqısı tərəflər arasında razılaşdırılmışdır. 27.12.2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə məxsus bank hesabına 3.300 manat köçürülmüşdür. 27.12.2021-cii il tarixli çıxarışa əsasən İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə məxsus bank hesabına 594 manat köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.6-cı maddəsinə əsasən əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər. Qeyd olunan Məcəllənin 441.4-cü maddəsinə uyğun olaraq, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, müqavilə üzrə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, iddiaçı tərəfindən öhdəliklər icra edilmiş, lakin cavabdehin üzərinə düşən öhdəliklər tam icra edilməmiş, habelə tam icra edilmədiyi təqdirdə onların yerinə yetirilməməsinn hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Eyni zamanda ərizəyə əlavə olunmuş sənədlərlə iddiaçının tələbin aşkar olması, yəni tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı 3.894 manat məbləğində ödənişi cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 59,94 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 3.894 (üç min səkkiz yüz doxsan dörd) manat və dövlət rüsumu üçün ödənilmiş 58.94 (əlli səkkiz manat doxsan dörd qəpik) manat tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2628/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2628/2022
27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver