Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2628/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 MMC-nin Cavabdeh MMC-yə qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı1 MMC-nin Cavabdeh MMC-yə qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış 28.03 2023-cü il tarixli, FST-23-060 nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmiş mallar üzrə dəyəri ödənilməmiş 2568.34 manat borc məbləğinin, hesablanan faiz məbləği 144 manat borc məbləğinin, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmi 60 manat mediasiya haqqının,10 manat rüsuma görə ödəmənin və vəkil xidmətləri üçün ödənilmiş 300 manat pul məbləğinin, ümumilikdə 2782,34 manat pul məbləğinin Cavabdeh MMC-dən tutularaq İddiaçı1 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC ilə Cavabdeh MMC arasında 28.03 2023-cü il tarixli, FST-23-060 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə “Alıcı” ona məxsus olan məhsulları “Satıcı”nin sifarişi və hər iki tərəfin imzaları ilə təsdiq edilmiş qaimə əsasında “Alıcı”ya təhvil verir. Müqavilə İddiaçı1 MMC-nin direktoru X4 və CavabdehMMC-nin direktoru X2 tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə görə müqavilə üzrə malların qiyməti və məbləği qaimə-fakturaya əsasən müəyyən olunur. CavabdehMMC xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı1 MMC-dən müxtəlif çeşidddə mallar almış və həmin malların dəyərini ödəməmişdir. Cavabdeh MMC-nin İddiaçı1 MMC-yə ümumilikdə 2568.34 manat borcu yaramışdır. Cavabdeh MMC xx.xx.2023-cü il tarixli EBDC 476049 saylı qaimə ilə İddiaçı1 MMC-dən 1695.00 manat əsas və 305.10 manat ƏDV olmaqla mal almış,xx.xx.2023-cü il il tarixli, EBDC 553838 saylı qaimə ilə 235.78 manat əsas və 42.44 manat ƏDV,14.4.2023-cü il tarixli,EBDD 637747 saylı qaimə ilə 135.60 manat əsas və 42.44 manat ƏDV, xx.xx.2023-cü il tarixli,EBDE 301425 saylı qaimə ilə 110.18 manat əsas və19.83 manat ƏDV olmaqla mallar almış, lakin həmin malların dəyərini ödəməmişdir. Müqavilə öhdəliklərinin yerinə yetirilməsi və borcun ödənilməsi ilə əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən qalan borc ödənilməmişdir. Cavabdeh tərəfindən 2176.14 manat əsas borc və 392.20 manat ƏDV bu günədək ödənilməmişdir. Tərəflər arasında bağlanmış 28.03 2023-cü il tarixli alqı-satqı müqaviləsinin 2.4 bəndində müəyyən olunmuşdur ki,Alıcı gecikdirilmiş müddət üçün məsuliyyət daşıyır və ödədiyi günədək vurulmuş maddi zərərin və xərclər ondan tələb oluna bilər. Cavabdeh MMC-nin ödəmədiyi 2568.34 manat borc məbləği üçün hesablanan faiz məbləği 144 manatdır. Mübahisənin məhkəməyə qədər həlli qaydasında İddiaçı1MMC CavabdehMMC-yə pretenziya məktubu göndərilmiş, borclu olduğu 2568.34 manat pulu ödəməsi tələb edilmiş, əks halda borcun məhkəmə qaydasında tələb olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Mübahisənin mediasiya qaydasında həll edilməsi üçün İddiaçı1 MMC Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya işi ilə bağlı 15.11 2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, hər iki tərəf mediasiya sessiyasının keçirilmə günü və saatı barədə öncədən lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı1 MMC-nin nümayəndəsi O.İsmayılov sessiyada iştirak etmiş, Cavabdeh MMC-nin direktoru X3 isə iştirak etməmiş, bu barədə hər hansı bir məlumat verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı1 MMC-nin nümayəndəsi O.İsmayılov tərəfindən 60 manat məbləğində mediasiya haqqı ödənilmişdir. İddiaçı1 MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, FST-23-060 nömrəli alqı-satqı müqaviləsinin 7.1 bəndi ilə həmin Müqavilə 2 il müddətinə bağlanılmışdır.Tərəflər müqaviləyə xitam verilməsi ilə bağlı müraciət etməmişlər.
II. Tərəflərin mövqeləri:
3. 04.06.2024-cü il tarixində iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
8. İddia ərizəsinə əlavə olunmuş İddiaçı1 MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FST-23-060 saylı müqaviləyə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya e-qaimə vasitəsi ilə malı satır, alıcı isə həmin malı qəbul edir. Müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya bu müqavilə ilə razılaşdırılmış müddətdə ödəyir.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən mal-materialın nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Əşyanı təhvil almış alıcı nisyə aldığı amlın dəyərini bu müqavilədə və qaimədə nəzərdə tutulan qiymətlə və müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməlidir.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən mal-materiallar alıcıya tam təhvil verildikdən sonra alıcı 30 gün ərzində mal-materialın dəyərini tam həcmdə ödəniş etməlidir.
12. Müqavilənin 2.3-cü bəndinə əsasən alıcı satıcıdan malları razılaşdırılmış qiymət əsasında bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada nisyə olaraq alır.
13. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcı verilmiş mal-materialların müqavilədə nəzərdə tutulan məbləğdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək vurulmuş maddi zərərin və çəkilmiş xərclərin ödənilməsini tələb edəcəkdir.
14. 27.03.2023-cü il tarixli, 070652 manat qaiməyə əsasən 2000,10 manat dəyərində,xx.xx.2023-cü il tarixli 070709 saylı qaiməyə əsasən 278,22 manat dəyərində, xx.xx.2023-cü il tarixli, 073268 saylı qaiməyə əsasən 160,01 manat dəyərində və xx.xx.2023-cü il tarixli 130,01 manat dəyərində mal-material Cavabdeh MMC-yə verilmiş və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
15. xx.xx.2023-cü il tarixli, EBDC476049 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən 2000,10 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDC553838 saylı e-qaiməyə əsasən 278,22 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDD637747 saylı e-qaiməyə əsasən 160.01 manat dəyərində və xx.xx.2023-cü il tarixli, EBDE301415 saylı e-qaiməyə əsasən isə 130,01 manat dəyərində qaimələt tərtib edilərək cavabdeh MMC-yə göndərilmişdir.
16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
21. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
22. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FST-23-060 saylı müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya e-qaimə vasitəsi ilə malı satır, alıcı isə həmin malı qəbul edir. Müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya bu müqavilə ilə razılaşdırılmış müddətdə ödəyir.
25. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla təhvil-təslim qaiməsi və e-qaimə ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 2568,34 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
26. İddia tələbinin digər hissəsi olan 144 manat faiz borcuna dair məhkəmə qeyd edir ki, iddiaçı həmin məbləğin tutulmasını müqavilənin 2.4-cü maddəsinə istidan etsə də, lakin həmin məbləğin hansı maddi zərərin və xərcin əvəzi olaraq tələb etməsini, zərər və xərcə dair sübutların təqdim edilməməsi, həmin məbləğin necə formalaşmasına dair açıqlamanın təqdim edilməməsi səbəbi ilə, 144 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini əsasız hesab edir.
27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 2568,34 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2568.34 manat məbləğində əsas borc məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 70 manat məbləğində mediasiya xərci və 300 manat vəkilə hüquqi yardımla bağlı ödənişlər edilmişdir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 300 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 70 manat məbləğində dövlət rüsumu vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, FST-23-060 nömrəli alqı-satqı müqaviləsi üzrə 2568,34 manat əsas borc məbləği, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 70 manat, vəkil xərcinin əvəzi olaraq 300 manat tutularaq İddiaçı1 MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova