Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2629/2024 27.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 26 yanvar 2021-ci il tarixdə PRS/2021-132 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı müqavilə ilə müəyyən edilmiş, müqavilənin şərtlərinə uyğun olaraq razılaşdırılmış malları (bundan sonra “Mallar” adlanacaq) müqaviləyə uyğun olaraq tərəflər arasında imzalanan və müqavilənin tərkib hissəsi hesab edilən “Malların sifarişinə dair” əlavə razılaşmasında alıcıya verməyi, alıcı isə bu malları qəbul edib əvəzində malların qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən malların qiymətinin ödənilməsi şərtləri bu maddəyə və müvafiq X1 uyğun olaraq həyata keçirilir. 3.2-ci bəndinə əsasən sifarişdə malların qiymətinin qabaqcadan tam ödənilməsi nəzərdə tutulur. 3.3-cü bəndinə əsasən qiymət razılaşma protokolunda Malların qiymətinin ödənilməsi elektron qaimə imzalandıqdan, hesab faktura və vergi hesab fakturası təqdim edildikdən sonra 1 (bir) təqvim günü ərzində tam ödənilir. 3.7-ci bəndinə əsasən əgər Alıcı Müqavilə (və ya müvafiq Sifariş) üzrə ödəniş şərtlərini pozarsa, Satıcı Alıcıdan gecikdirilmiş ödəniş məbləğinin hər təqvim günü üçün 0,5% həcmində cərimə tələb edə bilər. 13.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. 13.2-ci bəndinə əsasən əgər hazırki Müqavilənin müddətinin bitməsinə 30 (otuz) təqvim günü qalmış Tərəf bu Müqavilənin xitamı barədə bildiriş göndərməzsə, Müqavilə eyni müddətə uzadılmış hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC tərəfindən 26 yanvar 2021-ci il tarixli PRS/2021-132 saylı alqı-satqı müqaviləsi üzrə malların verilməsinə görə ümumilikdə 1.591,11 manat məbləğində elektron qaimələr tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir.
3. Fakturalardan görünür ki, 2021-ci ilin sentyabr-oktyabr ayları üzrə İddiaçı MMC tərəfindən müxtəlif adda və dəyərdə mallar (adi maska, tibbi spirt və s.) Cavabdeh MMCyə təhvil verilmişdir.
4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 1.591,11 manat əsas borcun, tərəflər arasında bağlanmış müqavilənin 3.7-ci bəndinə müvafiq olaraq ödənişi gecikdirilən malların dəyərinə mütənasib olaraq hesablanmış 3.728,81 manat cərimə borcunun (dəbbə pulunun), dövlət rüsumu üçün ödənilmiş 74 manatın, hüquqi xidmətə görə ödənilmiş 300 manatın, 5.693,92 manat məbləğində olan pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021ci il tarixli, № PRS/2021-132 saylı saylı malların alğı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin tələblərinə əsasən satıcı alıcıya malları tam şəkildə təhvil verməyi, alıcı isə müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətdə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərindən müqaviləyə əsasən üzərlərinə götürdükləri öhdəliklər tam yerinə yetirilərək mallar təhvil verilsə də, alıcı tərəf öhdəliklərini yerinə yetirməmiş, Müqavilənin tələblərinə görə 1 gün ərzində ödəməli olduğu halda ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. Belə ki, tərəflərindən təqdim edilmiş və müvafiq olaraq təsdiq edilmiş təhvil-təslim aktlarına və elektron qaimə-fakturalara əsasən cari dövrə 1.591,11 manat əsas borc mövcuddur. Müqavilənin 3.7-ci bəndinə müvafiq olaraq gecikdirilən malların dəyərinə mütənasib olaraq cavabdehin xx.xx.2022-ci il tarixinədək 3.728,81 manat cərimə ödəmək öhdəliyi də yaranmışdır. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. Sonuncu dəfə tərəflərindən xx.xx.2024-cü il tarixli PRS-PRT-2024/01 nömrəli pretenziya məktubu cavabdehə elektron məhkəmə informasiya sistemi və elektron vergi kabineti vasaitəsilə göndərilmişdir. Lakin həmin pretenziyaya hər hansı cavab verilməmişdir.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1 və 597.1-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
14. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
16. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 26 yanvar 2021-ci il tarixli PRS/2021-132 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək cəmi ƏDV daxil 1.591,11 manat dəyərində müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvil verilməsi barədə fakturalarla təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməməklə, sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hazırda cavabdehin iddiaçıya əsas borcu 1.591,11 manat təşkil edir.
18. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 1.591,11 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 1.591,11 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
19. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 3.728,81 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
20. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
21. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir.
22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 74 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
23. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 73,20 manat təşkil edir.
24. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, vəkil yardımına xərclərə görə cavabdehdən 300 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1.591,11 manat məbləğində borc, 100 manat məbləğində dəbbə pulu, cəmi 1.691,11 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti və vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 300 manat tutularaq tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva