Məhkəmə qərarları › İş №e-2-2(113)-263/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-263/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-263/2023 14.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 242-LD/17 nömrəli müqavilə üzrə 54.076,62 manat gecikdirilmiş əsas borcun və 59.351,92 cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və 400 manat məbləğində ödənilmiş mediasiya xərcinin, cəmi 114.178,54 manat pul vəsaitinin cavabehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 242-LD/17 nömrəli müqaviləyə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək, iddiada hesablanmış məbləğin doğru olmadığı və artıq hesablandığını bildirdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Aqroservis” ASC ("xxxx" ASC) ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə 242-LD/17 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən xx.xx.2017-ci il tarixdə 29 baş və xx.xx.2017-ci il tarixdə 69 baş inək, cəmi 98 baş inək Cavabdeh2 təhvil verilmişdir. xx.xx.2017-ci il tarixli 242-LD/17 nömrəli lizinq müqaviləsinin ödəniş qrafikindən görünür ki, müqavilənin müddəti 2020-ci ilin İİİ rübünədək təşkil edir. Məhkəmə qeyd edir ki, hazırki iddia cavabdehin lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə qədər yaranmış borc məbləğinin tələb edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən iddiaçının əsas borcu və cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəf lizinq müqaviləsi üzrə qeyd edilmiş borcun ödənilmədiyini qeyd edərək borcun ödənilməsini tələb edir. Cavabdeh tərəf isə borcun tam ödənilmədiyini qəbul etsə də, tələb edilən məbləğin çox olduğunu, qeyd edilmiş müqavilə ilə bağlı Sabunçu rayon Məhkəməsinin məhkəmə əmrinin olduğunu, müqavilədə üstəlik xərc kimi qeyd edilmiş pulun tutulduğunu və sığorta haqqı üzrə də, pulun ödənildiyini qeyd edərək tələb edilən məbləğin çox olduğunu bildirir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 242-LD/17 nömrəli lizinq müqaviləsinin 1.2-ci bəndindən görünür ki, lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 128.522,59 manat ilkin ödənişi, 2.940 manat üstəlik xərclərin məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 128.522,59 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. İşə əlavə edilmiş sığorta haqqının ödənilməsi barədə 21 iyul 2017-ci il tarixli 242- LDS/17 saylı müqavilənin 1-ci bəndindən görünür ki, xx.xx.2017-ci il tarixli 242-LD/17 nömrəli lizinq müqaviləsinə əsasən sığorta haqqının ümumi məbləği 15.422,6 manat təşkil edir. İşə əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(008)- 7391/2018 saylı məhkəmə əmrindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə əsas borc üzrə 35.052 manat, cərimə borcu üzrə 3.154,68 manat olmaqla cəmi 38.206,68 manat məbləğində pul tutulmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Ağdam rayon Şöbəsinə ünvanlanmış ASC/2-2510 saylı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh2 Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(008)-7391/2018 saylı məhkəmə əmri üzrə hər hansı borcu qalmamış və əmr üzrə icra sənədinin geri qaytarılması xahiş edilmişdir. İşə əlavə edilmiş xx.xx.2017-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən qeyd edilmiş müqavilə üzrə ilkin ödəniş olaraq 130.000 manat, sığorta ödənişi haqqı olaraq 15.000 manat, üstəlik xərc məbləği olaraq 3.000 manat məbləğində pul Aqrolizinq ASC-yə ödənilmişdir. Bundan başqa da, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, müqavilə üzrə öhdəliyi dəyişən məbləğ 4.330,82 manat təşkil edir. Məhkəmə iclasında qeyd edilmiş öhdəliyin dəyişən məbləğin nədən ibarət olması soruşulmuş və hər iki tərəf qeyd edilmiş məbləğin sonradan ölmüş heyvanlara görə sığorta ödənişinin edilmiş olan hissəsini təşkil etdiyini bildirmişlər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 242-LD/17 nömrəli lizinq müqaviləsi üzrə gecikdirilmiş əsas borcu 54.076,62 manat təşkil edir. Məhkəmə sadalanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələb edilən 54.076,62 manat əsas borc məbləği hissəsində əsaslıdır. Belə ki, göründüyü kimi cavabdeh tərəf ilkin ödəniş olaraq 130.000 manat, sığorta ödənişi haqqı olaraq 15.000 manat, üstəlik xərc məbləği olaraq 3.000 manat məbləğində pul yəni cəmi 148.000 manat məbləğində pul ödəmişdir. Üstəlik xərc məbəğinin nədən ibarət olması soruşulmuş, iddiaçı tərəf bunun heyvanların daşınması ilə bağlı xərcin olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər qeyd edilən xərcin ödənilməsi ilə bağlı müqavilədə razılığa gəldiyindən onun lizinq ödənişlərinin qrafik üzrə ödənişlərə aiddiyyatı yoxdur. İddiaçı tərəf qrafik üzrə ödənişlərin cəminin 70.115,15 manat ödənildiyini qeyd edərək, məhkəmə əmri ilə tutulmuş əsas borcun da, qrafiklər üzrə ödənişlərdən silindiyini bildirir. Məhkəmə əsas məbləğin hesablanması ilə bağlı aşağıdakılar qeyd edir:

1. Cavabdeh tərəfindən ilkin ödəniş 128.522,59 manat edilməli olduğu halda 130.000 manat etməsi. Göründüyü kimi cavabdeh tərəfindən 1477,41 (130.000- 128.522,59) artıq ilkin ödəniş edilmişdir.

2. Üstəlik xərcin 2.940 manat olmağına baxmayaraq 3.000 manat pulun ödənilməsi. Göründüyü kimi cavabdeh tərəfindən 60 (3.000-2.940) artıq pul ödənilmişdir.

3. Sığorta haqqının 15.422,26 manat nəzərdə tutulmasına baxmayaraq 15.000 manat pulun ödənilməsi. Göründüyü kimi cavabdeh tərəfindən 422,26 (15.422,26- 15.000) manat az pul ödənmişdir.

4. Belə olan halda, hesablamanın hazırkı mərhələsində artıq ödənilmiş 1.537,41 (1.477,41+60) manatdan, az ödənilmiş 422,26 manat çıxılmaqla qalan məbləğ 1.115,15 (1.537,41-422,26) manat təşkil edir.

5. İşdə olan hesabdan çıxarışdan görünür ki, 368 və 747,15 yəni cəmi 1.115,5 manat ödənişlər üzrə silinmələr aparılmışdır.

6. Göründüyü kimi, artıq qalmış 1.115,5 manat məbləğində pul cavabdehin qrafik üzrə lizinq ödənişlərinə silinmişdir. Yəni hesablamanın bu mərhələsində hər hansı bir artıq ödəmə və yalnış hesablanma halı yoxdur. Müqavilə üzrə qrafik üzrə ödənilməli olan məbləğin 128,522,59 olması və qrafik üzrə ödənilmiş məbləğin 70.115,15 manat olması və 4.330,82 manat ölmüş heyvanlara görə sığorta ödənişinin edilməsi nəzərə alındığında görünür ki, cavabdehin əsas borc üzrə 54.076,62 (128.522,59-(70.115,15+4.330,82)) manat borcu vardır. Belə olan halda əsas borcun tələb edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş dispozitiv şərtlər mövcud olduğundan iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış hər iki müqavilənin 4.2-ci bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq lizinq ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. İş materiallarında olan hesabdan çıxarışdan və ödəniş qrafikinin təhlilindən aydın olur ki, cavabdeh əsas borc üzrə ödənişlərin edilməsini gecikdirmişdir. Ona görə də, cərimə borcunun tələb etməsi üçün əsaslar yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2017-ci il tarixli 242-LD/17 nömrəli lizinq müqaviləsi üzrə 54.076,62 manat əsas borcuna münasibətdə 2700 manat dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia 350 manat hüquqi yardımın göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də, əsaslıdır. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli 000İPX********** nömrəli ödəniş sənədindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Xırdalan Şəhər Vəkil Bürosunun hesabına 350 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/8-00013 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi mediasiya xərci olaraq 400 manat məbləğində pul ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli 242-LD/17 saylı lizinq müqaviləsi üzrə 54.076 (əlli dörd min yetmiş altı) manat 62 (altmış iki) qəpik məbləğində əsas borc, 2.700 (iki min yeddi yüz) manat məbləğində cərimə borcu, cəmi 56.776 (əlli altı min yeddi yüz yetmiş altı) manat 62 (altmış iki) qəpik məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar