Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-263/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, əqdin etibarsızlığı, əqdin bəyənilməsi, qanuni faiz, icranın gecikdirilməsi nəticəsində dəyən zərər) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli AZRC/2021/3 saylı və xx.xx.2022-ci il tarixli AZRC/2022/1 saylı xidmət müqavilələri üzrə 313 495,19 manat əsas borc, 75238 manat real zərər, əsas borca illik 5 faizlə hesablanmaqla 31349 manat olmaqla ümumilikdə 420 082,19 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında turizm xidmətlərinin göstərilməsinə dair xx.xx.2021-ci il tarixli AZRC/2021/3 saylı və xx.xx.2022-ci il tarixli AZRC/2022/1 saylı müqavilələr bağlanmışdır. Müqaviləyə əsasən (sifarişçi) cavabdeh tərəfindən turizm xidmətlərinin göstərilməsi üçün öncədən sifarişlər verilir və (icraçı) iddiaçı tərəfindən həmin sifarişlər yerinə yetirildikdən sonra sifarişlərin dəyəri icraçıya ödənilməlidir. Hazırda cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 313 495,19 manat məbləğində sifariş verilmiş və dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Həmçinin cavabdeh tərəfindən planlaşdırılan X5 Forumu çərçivəsində iddiaçıya ümumilikdə 35239,98 manat dəyərində turizm məhsulu (aviabiletlər və vizalar) sifariş verilmişdir. Lakin cavabdeh tərəfindən forum təxirə salındığından həmin sifarişlərin ləğv edilməsi zərurəti yaranmışdır. Bununla bağlı iddiaçı və cavabdeh tərəfindən aidiyyəti olan uçuşları həyata keçirən şirkətlərə məktublar göndərilmişdir. 2.2. X2ydalarına əsasən, uçuşları həyata keçirən şirkətlər sifarişdən imtina edildiyi təqdirdə sifariş verənə cərimələr tətbiq edirlər. Sifariş verilmiş biletlərin əksəriyyətində cərimələr olmasına baxmayaraq, iddiaçı və cavabdeh tərəfindən edilmiş müraciətlərə əsasən cərimələrin bir hissəsi ləğv edilməmişdir. Belə ki, “AZAL” Hava Yollarına müraciət edilmiş və “AZAL” Hava Yolları tərəfindən cərimələr tam ləğv edilmişdir, lakin digər şirkətlər biletləri cərimə tətbiq etməklə ləğv etmişlər. Nəticədə ümumilikdə ləğv edilmiş biletlərə görə də uçuşları həyata keçirən şirkətlər tərəfindən 7728,82 manat cərimə tətbiq edilmişdir. Həmçinin X5 Forumu çərçivəsində gələn qonaqlara viza təmin edilməsi xidməti göstərilmişdir ki, həmin xidmət həyata keçirildiyindən və viza verilməsi təmin edildiyindən həmin vəsaitin geri qaytarılması mümkünsüzdür. Belə ki, viza verilməsinə dair xidmət haqqı ümumilikdə 440 manat təşkil edir. Bununla yanaşı, cavabdeh tədbirlə əlaqədar iddiaçıya yeni sifarişlər verilmiş və sifarişlər icra olunmuşdur. Həmin sifarişlə əlaqədar cavabdehin iddiaçıya 8089,53 manat borc yaranmışdır. 2.3. İddiaçı bununla bağlı cavabdehə hesab-faktura göndərmişdir. Hazırda müqavilə əsasında verilmiş sifarişlələ bağlı cavabdehin iddiaçıya 313 495,19 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə məktubla müraciətlər edilməsinə baxmayaraq, borc məbləği ödənilməmişdir. Təqdim edilən bank sənədlərində də göründüyü kimi, bankdan 12%-lə kredit götürülmüşdür. Hətta "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borc ödənilmədiyindən iddiaçı məhkəməyə verilmişdir. Hazırda da banka faiz ödənilir. Faktiki olaraq banka cavabdehin hərəkətsizliyi ucbatından 75238 manatdan çox faiz ödənilmişdir. Bu da cavabdehin iddiaçıya vurduğu ziyandır. Bundan əlavə, cavabdehdən əldən çıxmış fayda da tələb olunur ki, bu da illik 5% hesablanmaqla ümumilikdə 31349 manat edir. Cavabdeh tərəfindən pul vəsaitləri vaxtında ödənilsə idi, iddiaçı işini daha da genişləndirə bilər və tələb olunan vəsaitdən də çox pul vəsaiti qazana bilərdi. Məhkəməyə təqdim edilmiş elektron qaimələrdən və digər sənədlərdən də göründüyü kimi, sifariş verilmiş məhsulların (biletlər, otellər, turlar və s) hamısı cavabdehin tədbirləri ilə bağlıdır. Həmçinin bəzi tədbirlər də vardır ki, yuxarıda qeyd edilən kimi baş tutmamış və biletlər geri qaytarılmayan olduğundan cərimələr yazılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci maddəsinə əsasən müəyyən olunmuşdur ki, elektron qaimə və ya “invoice” və ya faktura göndərilən vaxtdan 5 gün ərzində ödəniş olunmalıdır. Lakin elektron qaimələr və fakturalar göndərilməsinə baxmayaraq, icraçıya heç bir ödəniş olunmamışdır. 2.4. Həmçinin cavabdeh tərəfindən ödənişlər edilmədiyindən iddiaçının problemləri yaranmış və xidməti göstərən idarələrə ödənişlər edilmişdir. Bunun üçün də məbləğ çox olduğundan bankdan kreditlər götürülmüş və bu günədək də banklara faiz ödənilir. Bu səbəbdən də cavabdeh tərəfindən vurulan ziyan tam ödənilməlidir. Bu da öz növbəsində tərəflər arasında bağlanmış müqavilədə və həmçinin Mülki Məcəllədə nəzərədə tutulmuşdur. Bununla bağlı cavabdehə həm elektron vergi xidmətindən, həmçinin poçt vasitəsilə və elektron məhkəmə vasitəsilə məktublar göndərilməsinə baxmayaraq, borc cavabdeh tərəfindən qaytarılmamışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 386.1, 445.1, 1096-cı və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi X8 iddiaya etiraz təqdim edərək, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq, iddia tələbinin əsaslılığının müəyyən edilməsi üçün ilk növbədə tələbin istinad etdiyi əqdin etibarlılığı, yəni əqd bağlanarkən qanunla həmin əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtlərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır. 5.2. Göründüyü kimi, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq, həmin əqdin etibarlılığı yoxlanmalıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinin tələbinə uyğun olaraq, əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Hazırda iddiaçı tərəf tələbinin əsası kimi tərəflər arasında bağlandığını iddia etdiyi 2 müqaviləyə istinad edir: xx.xx.2021-ci il tarixli AZRC/2021/3 nömrəli müqavilə və 04.01 2022-ci il tarixli AZRC/2022/1 nömrəli müqavilə. Qeyd olunmuş hər iki müqavilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə əqdlərin etibarlılığına dair müəyyən edilmiş şərtləri ödəmədiyindən, etibarsız (əhəmiyyətsiz) müqavilələrdir. Əvvəla, hər iki müqavilə qeyrı-müəyyən şəxs tərəfindən imzalanmış, imza edən şəxsin vəzifəsi və şəxsiyyətini identifikasiya edən digər məlumatlar həmin müqavilələrdə öz əksini tapmamışdır. Nəticədə cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin iddia olunan müqavilə tərəfi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsi ilə müəyyən edilmiş iradə ifadəsi realizə olunmamışdır. 5.3. Digər tərəfdən, hər iki müqavilə hazırkı kommersiya mübahisəsi üzrə cavabdehin möhürü ilə təsdiq edilməmiş, bu hal da həmin müqavilələr üzrə cavabdehin iradə ifadəsinin realizə olunmadığının, yəni onun etibarsızlığının digər muhum elementi kımı çıxış edir. Xüsusilə qeyd olunmalıdır ki. iddiaçı tərəfindən bağlandığı iddia edilən müqavilələr üzrə müvafiq işlər görülsə belə, bu, onun hazırkı kommersiya mübahisəsi üzrə cavabdehə qarşı subyektiv hüququnu istisna edir. Çünki iddiaçının tələb hüququnu meydana gətirən müqavilələr etibarsızdır, bu da həmin müqavilələr üzrə hüquqi nəticəni, yəni iddiaçının tələb hüququnu istisna edir. Qeyd olunanlarla yanaşı, hər iki müqavilədən onların dövlət satınalmaları ilə bağlı sahəvi münasibətləri tənzimlədiyi və dövlət vəsaiti hesabına müvafiq işlərin görülməsinin nəzərdə tutulduğu müəyyən edilir. Müqavilələrin qiyməti də onların dövlət satınalmaları sahəsinə aid olduğunu təsdiq edir. Belə ki, Mülki Məcəllənin 404-1-ci maddəsinə görə dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir. İddiaçı tərəfin mübahisə predmeti müqavilələrin bağlandığını iddia etdiyi dövrdə - 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinin tələbinə görə malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduqda onların satın alınması açıq tender üsulu ilə aparılır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının “Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə” 20 may 2013-cü il tarixli Q-12 nömrəli Kollegiya Qərarının həmin dövr üzrə qüvvədə olmuş 2-ci bəndinə görə dövlət satınalmalarının müvafiq satınalma prosedurları keçirilməklə aparılması üçün minimum məbləğ 5,0 (beş) min manat müəyyən edilmişdir. 5.4. Göründüyü kimi, əgər iddiaçı tərəfin iddia etdiyi kimi cavabdeh həmin müqavilələri bağlasa idi, müvafiq satınalma prosedurları həyata keçirilməli idi. Hazırkı mübahisə üzrə dövlət satınalmaları ilə bağlı qanunvericiliklə müəyyən edilmiş həmin prosedurların mövcud olmaması ilə yanaşı, sözügedən müqavilələr qanunvericiliklə müəyyən edilmiş satınalma müqaviləsinin nümunəsinə uyğun olmayan formada bağlanmışdır. Belə ki, mübahisə predmeti müqavilələrin bağlandığı dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsı” qüvvədə olmuşdur. Aydındır ki, qanunvericiliyin həmin imperativ tələbinə də əməl edilməmiş, müqavilələr qanunda nəzərdə tutulmuş formaya uyğun bağlanmamışdır. Bu hal da sözügedən müqavilələrin etibarsızlığının digər elementidir. 5.5. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, iddia ərizəsinə əlavə edilən və iddiaçının tələbinin hüquq əsası qismində çıxış edən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli AZRC/2021/3 nömrəli və 04.01 2022-ci il tarixli AZRC/2022/1 nömrəli müqavilələr etibarsız müqavilələrdir. Bundan irəli gələrək, mübahisə predmeti müqavilələr üzrə müvafiq işlər görülsə belə, iddiaçının hazırkı tələb üzrə cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə subyektiv hüququ yaranmamışdır. Bundan başqa, qeyd olunmuş müqavilələr çərçivəsində görülmüş işlər müvafiq qaydada cavabdehə təhvil verilməmiş, habelə bu barədə məhkəməyə də zəruri sübutlar təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu hal da özlüyündə həmin müqavilələrin etibarsızlığına dəlalət edən digər mühüm element kimi çıxış edir. Çünki müqavilələr çərçivəsində müvafiq işlər görüldüyü halda, cavabdehə müvafiq qaydada təhvil verilməli və görülmüş işin nəticəsi rəsmi sənədlər əsasında (təhvil-təslim aktı və s.) qəbul edilməli idi.
6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 324.4, 337.4, 404-1-ci maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
7. İddiaçının nümayəndəsi və vəkilləri Vəkil1 və X6 məhkəmə iclaslarında iştirak edərək iddianın ərizəsinin məzmununa uyğun izahatlar verdilər və iddianın təmin edilməsini xahiş etdilər.
8. Cavabdehin nümayəndəsi X8 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin sualarına cavab olaraq bildirmişdir ki, müqavilə lazımi qaydada bağlanmayıb və təhvil-təslim aktı da yoxdur. Qaimələrin nəyə əsasən ləğvə qaytarılmadığı barədə dəqiq məlumatı yoxdur. Təqdim olunan elektron qaimənin sistem tərəfindən təsdiq olunması və ya düzəlişə qaytarılması mübahisənin həllinə təsir göstərmir. Elektron poçt üzərindən yazışmaların aparıldığı Sara Timurova nazirlikdə sektor müdiri vəzifəsində, İlkin Nəsibov təchizat şöbəsinin əməkdaşları olmuşdur. “Gov.az” domeni nazirliyin əməkdaşlarına verilir, lakin əməkdaşın hərəkətlərinə görə Mədəniyyət Nazirliyi cavabdehlik daşımır. Bu halda iddiaçının subyektiv hüquq həmin əməkdaşlara qarşı yaranır.
9. Cavabdeh məhkəmənin sonuncu iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan sonuncu baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı səyahət və aid xidmətlərin göstərilməsini, cavabdeh isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 2021-2023-cü il tarixlərdə cavabdehə xidmətlər göstərilmiş, göstərilmiş xidmətlərin bir hissəsinin dəyəri cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülməklə ödənişlər edilmişdir. Dəyəri tələb olunan xidmətlər (biletlərin alınması, otel xidməti və s.) cavabdehin işçiləri tərəfindən elektron poçt üzərindən müxtəlif şəxslərin şəxsiyyətini təsdiq edən sənəd və s. məlumatlar iddiaçıya göndərilməklə sifariş edilmiş, iddiaçı tərəfindən xidmətlərin icra edilməsi barədə məlumat və nəticələrini təsdiq edən sənədlər cavabdehə təqdim edilmiş, hesab-fakturalar tərtib edilərək göndərilmiş, göstərilən xidmətlərin rəsmiləşdirilməsi üçün hesab-fakturalara istinad edilməklə elektron qaimələr göndərilmiş, elektron qaimələr sistem tərəfindən təsdiqlənmişdir.
14. İddiaçı göstərilmiş xidmətlərin dəyəri olaraq 313 495,19 manat məbləğində pulun tutulmasını tələb edir.
15. Cavabdeh iddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli AZRC/2021/3 saylı və xx.xx.2022-ci il tarixli AZRC/2022/1 saylı müqavilələrin etibarsız olduğunu, müqavilə lazımi qaydada bağlanmadığını və göstərilmiş xidmətlərlə bağlı təhvil-təslim aktı olmadığını, təqdim olunan elektron qaimələrin sistem tərəfindən təsdiq olunmasının və ya düzəlişə qaytarılmasının mübahisənin həllinə təsir göstərmədiyini, elektron poçt üzərindən yazışmaların aparıldığı şəxslərin əməkdaşları olduğunu, lakin əməkdaşların hərəkətlərinə görə cavabdehin cavabdehlik daşımadığını, iddiaçının subyektiv hüququnun həmin əməkdaşlara qarşı yarandığını bildirir və iddianın rədd edilməsini xahiş edir.
16. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
17. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
18. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
19. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
20. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
21. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).
22. Göstərilməlidir ki, əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: 1) əhəmiyyətsiz əqdlər, 2) mübahisə edilən əqdlər, 3) müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və 4) məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər.
23. Hazırda cavabdeh xidmət müqaviləsinə imza etmədiyini, bu səbəbdən də əqdin etibarsız olduğunu irəli sürür. Məhkəmə qeyd edilən arqumentin araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixli e-2-2(113)-4504/2024 nömrəli qərardadla iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1832 nömrəli ekspert rəyinə əsasən, e-2-2(113)-4504/2024 nömrəli işin 110-113-cü vərəqlərində olan xx.xx.2021-ci il tarixli AZRC/2021/3 saylı xidmət müqaviləsinin 4-cü vərəqində “AR Mədəniyyət Nazirliyi” qrafasındakı imza ilə 118-122-ci vərəqlərində olan 02 noyabr 2021-ci il tarixli aktların yuxarı sağ tərəfində “Təsdiq edirəm Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinici müavini Elnur Əliyev” qrafalarındakı imzalar, 123-124-cü vərəqlərində olan “Müqavilənin xüsusi şərtləri” adlı sənədin 2-ci vərəqinin aşağı sol hissəsində “X9” qrafasındakı imza, 13 oktyabr 202113/2021 nömrəli xidmət üzrə satınalma müqaviləsinin 7-ci vərəqinin aşağı sağ hissəsində, həmin müqavilənin xüsusi şərtlərinin 3-cü vərəqinin aşağı sağ tərəfində, həmin müqaviləyə 01 nömrəli əlavə olan qiymət təklifi cədvəlinin aşağı sağ tərəfində “Sifarişçi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi” qrafalarındakı imzalar və 125-ci vərəqində olan qiymət razılaşma protokolunun son vərəqinin aşağı sol hissəsində “X9” qrafasındakı imza - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
25. Beləliklə, ekspert rəyi ilə hazırda mübahisələndirilən əqdlərin Mədəniyyət nazirinin birinci müavini tərəfindən imza edilmədiyi öz təsdiqini tapır.
26. Lakin Konstitusiya Məhkəməsi də göstərmişdir ki, hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konklyudent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir (F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli qərar).
27. Hazırkı işin halları isə xidmətlərin iddiaçı tərəfindən sifariş edildiyini, xidmətin nəticələrinin cavabdeh tərəfindən qəbul edildiyini, tərəflərin işçilərinin xidmətlərlə bağlı mütəmadi danışıqları apardığını göstərir. Başqa sözlə, imzanın kimə məxsus olmasında asılı olmayaraq cavabdeh öz konklyudent hərəkətləri və rəftarı ilə (əqd üzrə icra olunanların qəbul edilməsi, əqdə dair tapşırıqların verilməsi və s.) həmin müqavilələrə öz razılığını vermişdir. Əqdi bağlamaq iradəsi onun rəftarından məlum olmuşdur.
28. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
32. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
33. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
34. Hazırkı iş üzrə müqavilələrdə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
35. Məhkəmə cavabdehin etirazının əsasını təşkil edən hallar ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmiş, elektron qaimələrin bir hissəsi düzəlişə və ləğvə qaytarılmış, qalan hissəsi cavabdehin özü və ya sistem tərəfindən təsdiqlənmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən elektron vergi sisteminə aktiv nəzarət edilmişdir. Məhkəmə iclaslarında dəyəri tələb olunan elektron qaimələrin sistem tərəfindən təsdiqləndiyi cavabdehin nümayəndəsinin diqqətinə çatdırılmış, lakin sonuncu qeyd olunan halın əsasını izah edə bilməmişdir.
36. Bundan başqa, cavabdehin nümayəndəsi elektron poçt üzərindən yazışmaların cavabdehin işçiləri tərəfindən aparıldığını qəbul etsə də, işçilərin hərəkətlərinə görə cavabdehin məsuliyyət daşımadığını bildirmişdir.
37. Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
38. Həmin Məcəllənin 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.
39. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır.
40. Bu mənada cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır. İstisnanı isə iddiaçının cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olması təşkil edir.
41. Cavabdeh tərəf isə iddiaçının belə bir məlumatlılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, güman və formal mülahizələrini çatdırmışdır. Halbuki mülki hüquq subyektlərinin vicdanlılığı prezumpsiya edilir və əksi sübut edilənədək bu qayda rəhbər tutulur. Cavabdeh isə iddiaçının cavabdehlə olan öhdəlik münasibətində vicdanlı olmadığını sübut edə bilməmişdir.
42. Həmçinin Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
43. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
44. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
45. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).
46. Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
47. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilənin rəsmiləşdirilməsi qayda və formasına istinadən iddianın rədd olunmasını xahiş etmişdir. Lakin işin müəyyən olunan hallarından cavabdehin hissə-hissə xidmətləri sifariş etdiyi, xidmətlərlə bağlı zəruri olan bütün məlumatları iddiaçıya təqdim etdiyi, xidmətlərin nəticələri ona təqdim olunduqdan sonra heç bir etiraz etmədiyi görünür. Bu isə onu deməyə əsas verir ki, cavabdeh öz maddi və prosessual hüquqlarından sui-istifadə edərək öz davranışı ilə şübhəsiz olaraq bağladığı müqaviləni, qəbul etdiyi xidmətləri məhkəmə icratında mübahisələndirmişdir.
48. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin etirazının əsası kimi istinad etdiyi hallar əsassızdır və iddianın rədd olunması üçün əsas ola bilməz.
49. Məhkəmə müqavilələr üzrə göstərilmiş xidmətin ümumi həcminin müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü il tarixli e-2-2(113)-4504/2024 nömrəli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, İddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında bağlanmış xx.xx.2021-ci il tarixli AZRC/2021/3 saylı və xx.xx.2022-ci il tarixli AZRC/2022/1 saylı xidmət müqavilələri üzrə iş materiallarında olan maliyyə sənədləri əsasında göstərilmiş xidmətlərin ümumi dəyərinin nə qədər təşkil etməsini ekspert qarşısında sual olaraq qoymuş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırmışdır.
50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzin xx.xx.2025-ci il tarixli 9/9523 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında bağlanmış 01 07.2021-ci il tarixli AZRC/2021/3 saylı və xx.xx.2022-ci il tarixli AZRC/2022/1 saylı xidmət müqavilələri üzrə iş materiallarında olan elektron qaimələr və invoyslar əsasında göstərilmiş xidmətlərin ümumi dəyəri 327 906,40 manat məbləğində müəyyən edilir. Göstərilənlərdən başqa, İddiaçı MMC tərəfindən təqdim edilmiş cədvəl məlumatlarında ektron qaimələr və invoyslar üzrə xx.xx.2022-ci il tarixdə 720,00 manat azaldılaraq 200,00 manat, xx.xx.2022-ci il tarixdə 3835 manat azaldılaraq 568,60 manat və xx.xx.2022-ci il tarixdə 11899,51 manat azaldılaraq 1274,57 manat olmaqla ümumilikdə 14411,21 manat azaldılmışdır. Lakin azaldılmış 14411,21 manat məbləğin səbəbini müəyyən etmək mümkün olmadı.
51. Məhkəmə iş materiallarında olan sübutları, tərəflərin hazırkı rəyə etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 313 495,19 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
c) Xidmət müqaviləsi üzrə zərərin tutulması tələbi ilə bağlı
52. İddiaçı iddia ərizəsində 31349 manat əldən çıxmış faydanın da tutulmasını tələb edir.
53. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
54. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)
55. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
56. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
57. Hazırkı iş üzrə iddiaçının zərər ilə bağlı tələbi yalnız subyektiv mülahizələrə əsaslanır. Belə ki, iddiaçının 75238 manat zərər hesablaması mötəbər, zəruri sübutlarla təsdiqlənmir.
58. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi 75238 manat zərər hissəsində rədd edilməlidir.
c) Xidmət müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı
59. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5 faizlə hesablanmış 31349 manat məbləğində pulun da tutulmasını tələb edir.
60. Mülki Məcəllənin (xx.xx.2023-cü tarixədək olan redaksiya) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
61. Mülki Məcəllənin (cari redaksiya) 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
62. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
63. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
64. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar təsdiqlənməlidir.
65. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.
66. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.
67. Hazırkı iş üzrə məhkəmə hesab edir ki, iddiaçının xidmət müqaviləsinin dəyərini tələb etdiyi xx.xx.2024-cü il tarixli məktuba əsasən icranın gecikdirilməsi anı müəyyən edilməldir. Həmin məktubla borcun 5 iş günü müddətində ödənilməsi tələb edilmiş, məktub xx.xx.2024-cü il tarixdə poçt rabitəsi vasitəsilə çatdırılmışdır. Beləliklə, borclunun icranı gecikdirməsi anı xx.xx.2024-cü il tarixdən (borcun 5 iş günü müddətində ödənilməsinin tələb olunduğu nəzərə alınaraq) müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi və iddiaçı tərəfindən hesablamanın aparıldığı müddətin sonu olan xx.xx.2024-ci il tarixə qədər 45 gün üçün həyata keçirilməlidir. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 17607,26 (313495,19 manat *5%/100%/365 gün*45 gün) manat təşkil edir.
68. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanuni faizin tutulması hissəsində iddia qismən təmin edilməli, 17607,26 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
69. İddiaçı həmçinin ödənilmiş 710,08 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
70. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 710,08 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
71. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 4/1832 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 126 manat, xx.xx.2025-ci il tarixli 9/9523 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 200 manat təşkil edir.
72. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
73. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
74. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
75. İş materialları ilə müəyyən olunur ki, müvafiq məbləğin lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə xəbərdarlıq olunmuş, lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq bölüşdürülməlidir.
76. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 560 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən tutularaq İddiaçı MMC-ə, ekspertiza xərci olaraq 69 manat İddiaçı MMC-dən, 257 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
77. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən 313 495,19 manat əsas borc, əsas borca illik 5% ilə hesablanmış 17607,26 manat olmaqla ümumilikdə 331 102,45 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 560 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən tutularaq İddiaçınə ödənilsin. Ekspertiza xərci olaraq 69 manat İddiaçındən, 257 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova