Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-264/2021 05.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 43511 manat məbləğində sığorta ödənişinin və xx.xx.2020-ci il tarixdən başlayaraq sığorta ödənişinin ödənildiyi günə qədər hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin 0.1% həcmində dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən qeyri-yaşayış sahəsi olan anbarın icbarı sığortasına dair iddiaçının qanuni təmsilşisi olan sığortalı - X4 ilə sığortaçı “xxxx” ASC arasında xx.xx.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmışdır. Sığorta Müqaviləsinin bağlanmasını təsdiq edən BA seriyalı 979462 saylı, xx xxxxxxx 2019-cu il tarixli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi verilmişdir. Qeyd edilən sığorta müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixə qədər müəyyən edilmş və həmin sığorta müqaviləsi “İcbari sığortalar haqqında” Qanununda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılmaqla hazırda həmin sistemin informasiya ehtiyatında mövcuddur. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığortalanmış qeyri-yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə yanğın hadisəsi baş vermişdir. Qeyd edilən yanğın hadisəsi ilə bağlı sığortaçıya və FHN-nə dərhal məlumat verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü Ərazi Dövlət X2 xx.xx.2019-cu il tarixli aktına əsasən, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi ünvanda yerləşən qeyriyaşayış sahəsində baş vermiş yanğın hadisəsinə səbəb obyektin daxili elektrik xəttlərində yaranmış qısaqapanma olmuşdur. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılaraq, həmin İdarənin baş təhqiqatçısı V.Süleymanov tərəfindən həmin 1663 saylı təhqiqat materialı üzrə cinayət hadisəsi olmaması səbəbindən xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edilən FHN Təhqiqat araşdırması üzrə məhkəmə-yanğın-texniki ekspertizası və məhkəmə-tikinti-texniki ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 26870 saylı rəyi ilə, sığorta edilmiş anbar sahəsinə vurulmuş maddi ziyanın həcmi yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin mövcud bazar qiymətinə uyğun dəyəri 75535,11 manat məbləğində qiymətləndirilmişdir. Belə ki, bağlanmış sığorta müqaviləsinə əsasən sığorta məbləği 43911 manat, azadolma məbləği isə 400 manat müəyyən edilmişdir. Sığorta hadisəsindən aylar sonra da sığortaçıdan heç bir cavab gəlməməsi səbəbindən iddiaçı sahibkarlıq subyekti olaraq fəaliyyətini davam etdirməli olduğu üçün yanğın hadisəsinin hüquqi araşdırmasından sonra sığorta edilmiş anbar sahəsini öz hesabına təmir etmişdir. Təkrar olaraq sığorta şirkətinə xx.xx.2020-ci il tarixdə müraciət edilməsinə baxmayaraq, sığortaçı ödənişi ödəməkdən imtina etmiş və imtinanı iddiaçının təmirə çəkdiyi xərcləri təsdiq edən sənədləri təqdim etməməsi ilə əlaqələndirmişdir. Qeyd edilən əsas sığorta ödənişindən imtina üçün əsas sayıla bilməz. Belə ki, sığortaçıda sığorta edilmiş anbar sahəsinin yanğından əvvəlki vəziyyəti, yanğın sənədləri və dəymiş maddi ziyanın həcminin müəyyən edilməsinə dair qeyd edilən ekspertiza rəyləri mövcud olmasına baxmayaraq, əmlakın yanğından sonra təmiri və bərpası üçün çəkilə bilən xərclərin hesablanması üçün müvafiq sənədlər əsasında mövcud bazar qiymətlərinə istinad edilməklə sığorta ödənişi ödənilməli idi. Belə ki, dəymiş ziyanın həcmi artıq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 26870 saylı rəyi ilə müəyyən edilmişdir və dəymiş ziyan artıq ekspert rəyi ilə 75535,11 manat məbləğində qiymətləndirilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 43511 manat məbləğində sığorta ödənişinin və xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixə qədər sığorta ödənişinin gecikdirilmiş 301 gün müddəti üçün 13096,51 manat məbləğində dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli 02 saylı icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 2030 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən icarəyə götürülmüşdür. - BA seriyalı, 979462 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən anbar sahəsi “xxxx” ASC tərəfindən xx.xx.2019-cu l tarixdən xx.xx.2020-ci il tarixinə kimi 43911 manat dəyərində sığortalanmışdır. - “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli AZSB-202/20 saylı hesabatına əsasn xx.xx.2019-cu ildə X3 məxsus xx.xx.2019-cu ildə sığortalanmış obyektdə yanğın hasidəsi baş verdiyi, baş vermiş yanğın nəticəsində istehsalat sahəsinə maddi ziyan dəydiyi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat – İstintaq İdarəsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, yanğın üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iş materiallarını tədqiq etməklə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. - 889.1 və 889.2-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. - 899.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə, müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə. - 901.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. - 904.1 və 904.2-ci maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. İşin faktiki halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən anbar sahəsi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər 43911 manat məbləğində sığortalanmış, bu barədə sığorta şəhadətnaməsi verilmiş, müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi baş vermişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti sığorta ödənişinin verilməsindən imtinanı aşağıdakı xüsusatlarla əsaslandırmışdır: - xx xxxx 2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, icbari sığorta şəhadətnaməsində Sabunçu rayonu Pirşağı bağlar massivində yerləşən anbar sahəsi sığortalanmışdır. ... Həmin yanğın hadisəsinə baxış keçirən zaman filial direktoru E.Qasımov və S.Bağırov tərəfindən müəyyən olundu ki, yanğın hadisəsi yalnız istehsalat sahəsində, yəni, sexdə baş vermişdir. Sığortalanmış anbar sahəsinə baxış keçirən zaman anbarda yanğın hadisəsi olmadığı tərəfimizdən müəyyən olunmamışdır, sizin iştirakınızla şəkillər yenidən çəkilmişdir. Ona görə də sizə bildiririk ki, zərər dəymiş sex şirkətdə sığorta olunmadığına görə və anbarda heç bir yanğın hadisəsi olmadığına görə sizə sığorta ödənişinin verilməsi qeyri – mümkündür. - xx xxxxxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, zərərlə bağlı məsələ müstəqil ekspert tərəfindən araşdırıldığından və xərcləri əks etdirən sənəd təqdim olunmadığından sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Lakin iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 26870 №-li rəyindən qeyd olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən X1 məxsus qeyri – yaşayış sahəsində baş verən yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir – tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 148029,21 manat, o cümlədən 18,6 x 30m ölçüdə olan istehsalat sahəsinə dəymiş ziyan 72494,1 manat və 19,3 x 30m ölçüdə olan anbar otağına dəymiş ziyan 75535,11 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həm ekspert rəyinin, həm də cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın məzmunu ilə təsdiq olunur ki, yanğın hadisəsi yalnız istehsalat sahəsində (sexdə) deyil, anbar otağında da baş vermiş, həmçinin, zərərin məbləği müstəqil ekspert tərəfindən deyil, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsasən müəyyən olunmuş, hətta anbar otağına dəymiş zərərin məbləği ayrıca göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, imtina məktublarında qeyd olunan xüsusatlar sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. - 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Buna görə də məhkəmə hesab edir ki, şəhadətnamədə qeyd olunan 400 manat azadolma məbləği 43911 manat sığorta ödənişindən çıxılaraq 43511 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 903.1 – 903.6-cı maddəsində qeyd olunmuşdur ki, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. - 934.1 və 934.2-ci maddəsində qeyd olunmuşdur ki, həmin Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Lakin, məhkəmə 43511 manat əsas borca 13096,51 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 13096.51 manat dəbbə pulunun miqdarı azaldılaraq 1500 manat miqdarında müəyyən edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 43511 manat məbləğində sığorta ödənişi, 1500 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 45011 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunması nəzərə alınaraq dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 24 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 43511 manat məbləğində sığorta ödənişi, 1500 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 45011 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 24 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-264/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-264/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver