Məhkəmə qərarları › İş №e-2-2(113)-2646/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2646/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2646/2023 13.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən 5.273,71AZN(beş min iki yüz yetmiş üç manat 71 qəpik) məbləğində əsas borc, 1.054,74 AZN (min əlli dörd manat, 74 qəpik) məbləğində dəbbə pulu, 100 (yüz) AZNməbləğində mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh QSC arasında malların alqı-satqısına dair xx.xx.2020-ci il tarixli 1984/20M nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh QSC isə alıcı qismində çıxış etmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Elektron qaimə və “malların təhvil qəbul” aktından aydın olur ki, xx.xx.2022-ci il tarixində satıcı tərəfindən 6.222,98 AZN (altı min iki yüz iyirmi iki manat, 98 qəpik) (ƏDV daxil) məbləğində mal alıcıya satılmışdır. Alıcının satıcıya etdiyi ödənişləri təsdiq edən çıxarışlardan da görünür ki, 949,27 AZN (doqquz yüz qırx doqquz manat, 27 qəpik) ƏDV məbləği, həqiqətən də İddiaçı MMC-yə köçürülmüşdür. Lakin, alıcı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, malın dəyərini təşkil edən 6.222,98 AZN (altı min iki yüz iyirmi iki manat, 98 qəpik) (ƏDV daxil) məbləğindən Cavabdeh QSC tərəfindən 949,27 AZN (doqquz yüz qırx doqquz manat, 27 qəpik) ƏDV məbləği köçürülmüş,əsas məbləğ olan 5.273,71 AZN (beş min iki yüz yetmiş üç manat 71 qəpik) isə bu günki günə qədər cavabdeh tərəfindən ödənilməyib. Cavabdehin iddiaçıya olan borcundan əlavə tərəflər arasında bağlanmış 1984/20M saylı müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, əsas borc 5.273,71 AZN (beş min iki yüz yetmiş üç manat 71 qəpik) təşkil edir, həmin məbləğin 20 (iyirmi) faizi 1.054,74 AZN (min əlli dörd manat, 74 qəpik) təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablansa, ümumilikdə 5.273,71 + 1.054,74 = 6.328,45 (altı min üç yüz iyirmi səkkiz manat qırx beş qəpik) manat tələb məbləği yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən cərimə müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cavabdeh QSC-yə 01 mart 2023-cü il tarixində, 000568 saylı məktubla müqavilə üzrə borc məbləğinin ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış və həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki məktuba bir cavab alınmışdır İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdeh üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: 005XOH********** nömrəli xx.xx.2023 tarixli ödəniş tapşırığına əsasən 100 manat “Bakı 18 saylı” Mediasiya Təşkilatının bank hesabına İddiaçı MMC tərəfindən köçürülmüşdür. İddiaçı MMC “satıcı” Cavabdeh QSC “alıcı” olmaqla imzalanmış xx.xx.2020-ci il tarixli 1984/20M nömrəli müqaviləyə əsasən “satıcı” “alıcı”ya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “qiymətlərin razılaşdırılması protokolu”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, “alıcı” isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini “satıcı”ya ödəməyi və malları qəbul etməyi öhdəsinə götürür. xx.xx.2022 tarixli M-11 nömrəli malların təhvil-qəbul aktında ümumilikdə 5.273,71 manat, 949,27 manat ƏDV məbləği olmaqla cəmi 6.222,98 manat məbləğində malların təhvil verildiyi qeyd edilmişdir. Akt, "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş, Hüseynov adlı şəxs təhvil alan kimi göstərilmişdir. EBBX seriyalı, 508255 nömrəli, xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 6.222,98 manat məbləğində mallar İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ödənilməsi üçün təqdim edilmişdir. Dövlət Vergi Xidməti ƏDV sub-uçot hesabı çıxarışından məlum olur ki, xx.xx.2022 tarixində 949,27 manat Cavabdeh QSC tərəfindən İddiaçı MMC-nin hesabına köçürülmüşdür. Cavabdeh QSC-yə göndərilmiş xx.xx.2023 tarixli pretenziya məktubunda 5.271,33 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks halda 10 iş günü ərzində ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İV. İşin müəyyən edilən halı: İşin müəyyən edilən halı ondan ibarətdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə ödənilməsi üçün elektron qaimə göndərilmişdir. Cavabdeh tərəf təqdim edilmiş elektron qaimə üzrə ƏDV məbləğini ödəsə də qalan məbləği ödəməmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməməsi, nəticədə sonuncuya borcunun yaranması iş materialları ilə sübuta yetirildiyindən iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə borcunun olması iş materialları ilə öz təsdiqini tapır. Belə ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə göndərilmiş EBBX seriyalı, 508255 nömrəli, xx.xx.2022 tarixli elektron qaimədə 5273,71 manat məbləğində mallar və eyni zamanda 949,27 həmin mallar üzrə hesablanmış ƏDV məbləği göstərilmişdir. Məhkəmə cavabdeh tərəfindən ƏDV məbləğinin ödənilməsini və təqdim sənədləri nəzərə alaraq, hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən Cavabdeh MMC-dən 5.273,71 AZN (beş min iki yüz yetmiş üç manat 71 qəpik) məbləğində əsas borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı cavabdehdən 1.054,74 manat məbləğində dəbbə pulunun tutulmasını da qeyd edilmişdir. Tərəflər arasında imzalanmış 1984/20M saylı müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında ödəniş müddətinin razılaşdırıldığını, cavabdeh tərəfindən isə ödəmələrin gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı dəbbə pulu tələbini irəli sürməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə tələb olunan dəbbə pulu miqdarının əsas borca olan nisbətini nəzərə alaraq hesab edir ki, 256 manat dəbbə pulu cavabdehdən tutulmalıdır. Vİ. Məhkəmə xərcləri: MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, mediasiya sessiyası üçün ödənilmiş 100 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 5.273,71 (beş min iki yüz yetmiş üç manat yetmiş bir qəpik) manat əsas borc, 256 (iki yüz əlli altı manat) manat dəbbə pulu, 100 (bir yüz) manat məbləğində mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar