Məhkəmə qərarları › İş №e-2-2(113)-2647/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2647/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2647/2025 05.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə Akif oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2990,81 manat pul, 50 manat dövlət rüsumu, 320 manat məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində, 23275 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı adı, çeşidi (növü), sayı, dəyəri hər bir mal sifarişi üzrə tərtib edilən qaimə faktura (və ya elektron qaimə faktura) və ya Əlavə Razılaşma müəyyən edilən malları alıcıya satır, alıcı isə malı qəbul edib,dəyərini satıcıya ödəyir. Müqavilənin 3.4.3-cü madəsinə əsasən, malın qiymətini müqavilənin 7.1-ci maddəsi ilə müəyyən olunan şərtlərlə və qaydada satıcıya ödəmək alıcının vəzifəsidir. Müqavilənin 7.1-ci maddəsinə əsasən, alıcı sifariş etdiyi malın dəyərinin 100%-ni malın təhvil-təslim edildiyi gündən etibarən iyirmi bir (iyirmi bir) iş günü müddətində nağd və ya nağdsız qaydada satıcının bank hesabına ödəməlidir. Bu müqavilənin 10.2-cimaddəsinə əsasən, qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə tənzimlənir. Nəzərinizə çatdırırıq ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasındakı xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödənilməmiş 2990,81 manat borcu qalmışdır. Qanunvericilik tələblərinə müvafiq olaraq, cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya məktubu ünvanlanmışdır. Lakin qarşı tərəf hər hansı ödəniş etməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli EBDB seriyalı, 223915 nömrəli elektron qaiməyə əsasən, cavabdehə 1482,88 AZN (1256,68 manat əsas və 226,20 AZN ƏDV) həcmində mal təqdim edilmiş və heç bir ödəniş edilməmişdir. xx.xx.2023-cü il tarixli EBDB seriyalı, 406601 nömrəli elektron qaiməyə əsasən, cavabdehə 764,62 AZN (647,99 AZN əsas və 116,63 AZN ƏDV) həcmində mal təqdim edilmiş və heç bir ödəniş edilməmişdir. xx.xx.2023-cü il tarixli EBDB seriyalı, 810085 nömrəli elektron qaiməyə əsasən, cavabdehə 743,31 AZN (629,92 AZN əsas və 113,39 AZN ƏDV) həcmində mal təqdim edilmiş və heç bir ödəniş edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlansa da, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə hər hansı mal təhvil verilməmişdir. İddiaçının təqdim etdiyi qaimələrdə cavabdehin nümayəndəsi kimi göstərilmiş şəxslər iddiaçıya məxsus olan mağzada işləyən satıcılar olmuş, lakin onların malları qəbul etmək kimi hər hansı səlahiyyəti olmamışdır. Elektron qaimələr sistem tərəfindən təsdiqlənmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş, məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23275 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri hər bir mal sifarişi üzrə tərtib edilən qaimə-faktura (və ya elektron qaimə-faktura) və ya əlavə razılaşma ilə müəyyən edilən malları (bundan sonra “Mal“) alıcıya satır. Alıcı isə malı qəbul edib dəyərini satıcıya ödəyir.

8. Müqavilənin 1.4-cü bəndinə görə alıcı təsdiq edir ki, bu müqaviləyə əsasən malları satıcıdan təhvil alan, o cümlədən bu hərəkətlərin yerinə yetirilməsini təsdiq edən hər hansı sənədləri tərtib edən və/və ya imzalayan, alıcının adından online sifariş verilməsini həyata keçirən hər hansı şəxs alıcının nümayəndəsi və alıcının adından çıxış etməyə səlahiyyətli şəxs hesab olunur. Satıcı bu cür şəxslərin alıcının adından çıxış etməsinə səlahiyyətli olduğuna dair hər hansı sənəd tələb edə bilər və alıcı bu cür sənədləri təqdim etməlidir, ancaq satıcının bu cür sənədlər tələb etmək öhdəliyi yoxdur. Satıcı malları və sənədləri çatdıran (müşahidə edən), təhvil verən və alan şəxsin etibarnamə üzrə buna və ilkin uçot sənədlərinə, o cümlədən qaimələrə və aktlara imza etməyə səlahiyyətli olduğuna təminat verir.

9. Müqavilənin 2.4-cü bəndinə görə alıcıya malların çatdırılması sifarişini verildiyi tarixdən sonra tərəflər arasında razılaşdırılmış vaxtda həyata keçirilməlidir. Tərəflər bununla tam razılaşırlar ki, alıcı tərəfindən faksla telefonla online sifariş və/və ya elektron poçtla göndərilən sifarişlər icra edildiyi formadan və üsuldan asılı olmayaraq satıcı tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir və bu müqavilənin aynimaz tərkib hissəsi sayılır. Malların çatdırılma tarixi və şərtləri satıcı tərəfindən müəyyən olunur.

10. Müqavilənin 2.7-ci bəndinə görə satıcı malları alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq mallann təhvil-qəbul aktını 2 (iki) nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri alıcıya təqdim etməlidir. Aktla birlikdə satıcı malların təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləridə alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz.

11. Müqavilənin 7.1-ci bəndinə görə alıcı sifariş etdiyi malın dəyərinin 100%-ni malın təhvil-təslim edildiyi gündən etibarən 21 (iyirmi bir) iş günü müddətində nağd və ya nağdsız qaydada satıcının bank hesabına ödəməlidir.

12. Müqavilənin 7.3-cü bəndinə görə qiymətlər tərəflər arasında yazılı formada razılaşdırıla bilər. Əgər müqavilədə digər qayda nəzərdə tutulmamışdırsa qiymətlər bu müqavilədə göstərilən sənədlərdən birində (elektron qaimə, əlavə razılaşma, təhvil təslim aktı) və (və ya) tərəflər arasında razılaşdırılmış digər sənədlərdə öz əksini tapan qiymətlər olacaqdır.

13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDB 406601 nömrəli 764,62 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDB 810085 nömrəli 743,31 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDB 223915 nömrəli 1482,88 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli 764,62 manat məbləğində, xx.xx.2023-cü il tarixli 743,31 manat məbləğində, xx.xx.2023-cü il tarixli 1482,88 manat məbləğində invoyslar təqdim olunmuşdur.

15. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 23275 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

17. İddiaçı həmin müqavilə üzrə cavabdehə ümumilikdə 2990,81 manat dəyərində malın təhvil verildiyini, lakin dəyərinin ödənilmədiyini iddia edir.

18. Cavabdeh iddiaya qarşı etirazında həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə hər hansı malın verilmədiyini, təhvil verilmiş mallara dair hər hansı qiymət razılaşma protokolunun olmadığını bildirir.

19. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir.

20. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli EBDB 406601 nömrəli, xx.xx.2023-cü il tarixli EBDB 810085 nömrəli, xx.xx.2023-cü il tarixli EBDB 223915 nömrəli elektron qaimə-fakturalara cavabdeh tərəfindən hər hansı etiraz verilməmiş, həmin qaimələrin ləğv edilməsi və ya düzəlişə göndərilməsi ilə bağlı iddiaçıya ümumiyyətlə müraciət edilməmişdir.

21. Cavabdehin nümayəndəsi həmin qaimələri və fakturaları imza etmiş şəxslərin (Nəsimi və Səbuhi adlı) cavabdehə məxsus mağazada işçilər olmasını, lakin həmin şəxslərin malları təhvil almaq kimi səlahiyyətinin olmamasını bildirmişdir.

22. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23275 nömrəli alqısatqı müqaviləsinin 1.4-cü bəndinə görə alıcı təsdiq edir ki, bu müqaviləyə əsasən malları satıcıdan təhvil alan, o cümlədən bu hərəkətlərin yerinə yetirilməsini təsdiq edən hər hansı sənədləri tərtib edən və/və ya imzalayan, alıcının adından online sifariş verilməsini həyata keçirən hər hansı şəxs alıcının nümayəndəsi və alıcının adından çıxış etməyə səlahiyyətli şəxs hesab olunur. Satıcı bu cür şəxslərin alıcının adından çıxış etməsinə səlahiyyətli olduğuna dair hər hansı sənəd tələb edə bilər və alıcı bu cür sənədləri təqdim etməlidir, ancaq satıcının bu cür sənədlər tələb etmək öhdəliyi yoxdur.

23. Məhkəmə cavabdehin satılması iddia edilən mallara dair hər hansı qiymət razılaşma protokollarının olmaması barədə dəlilini də əsassız hesab edir.

24. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23275 nömrəli alqısatqı müqaviləsinin 7.3-cü bəndinə görə qiymətlər tərəflər arasında yazılı formada razılaşdırıla bilər. Əgər müqavilədə digər qayda nəzərdə tutulmamışdırsa qiymətlər bu müqavilədə göstərilən sənədlərdən birində (elektron qaimə, əlavə razılaşma, təhvil təslim aktı) və (və ya) tərəflər arasında razılaşdırılmış digər sənədlərdə öz əksini tapan qiymətlər olacaqdır.

25. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmənin “iddiaçıdan hər hansı malın alınması barədə niyyəti olmadığı təqdirdə həmin müqaviləni imza etməsinin səbəbi”, habelə “işçilərin həmin mallar təhvil verilmədiyi təqdirdə qaimələri hansı səbəbdən imza etdikləri” kimi suallarını ağlabatan və inandırıcı şəkildə cavablandıra bilməmişdir.

26. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

30. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

31. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

33. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

34. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

35. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

36. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

37. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, satılmış malların dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş, cavabdehin iddiaçıya 2990,81 manat borcu yaranmışdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2990,81 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

39. Bundan başqa iddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

40. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 320 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

41. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2990,81 manat məbləğində pul, 50 manat dövlət rüsumu, 320 manat hüquqi yardıma görə xərc, ümumilikdə 3360,81 (üç min üç yüz altmış manat səksən bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar