Məhkəmə qərarları › İş №e-2-2(113)-2651/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2651/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2651/2021 30.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Holcim (Azərbaycan) ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Holcim (Azərbaycan) ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 29.04.2020-ci il tarixdə bağlanmış O000762728 saylı alqı-satqı müqaviləsi üzrə 3.599,8 manat məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qıtnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Holcim (Azərbaycan) ASC arasında 29.04.2020-ci il tarixində bağlanmış O000762728 saylı alqı-satqı müqaviləsinə əsasən müqavilədə qeyd edilmiş məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında cavabdehə müqavilədə qeyd edilmiş məhsulları göndərmişlər. Lakin cavabdeh göndərilmiş sement məhsulların dəyərini tam ödəməmişdir. Belə ki, 3599.8 manat məbləğində əsas borc bu günə kimi ödənilməmiş qalmışdır. 21.12.2020-ci il tarixdə şirkət cavabdehə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin 25.12.2020-ci il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Məktub cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana aparılmış, lakin həmin ünvan hazırda mövcud olmadığı üçün məktub çatdırıla bilməmişdir. Bu barədə poçt qəbzində qeyd edilmiş və akt tərtib edilmişdir. İddia tələbi iş materiallarında olan sənədlərlə təsdiq olunur. Belə ki, iddia ərizəsinə qoşulan yüknəqliyyat qaiməsi cavabdehin malları qəbul etməsini, elektron qaimə-faktura isə cavabdehin ona göndərilmiş qaimə-fakturaları qəbul etməsini göstərir. Bakı Kommersiya Məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadı ilə iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “Holcim (Azərbaycan)” ASC (satıcı) Cavabdeh (alıcı) arasında 29 aprel 2020-ci il tarixdə O000762728 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı sement növünü alıcıya satmağı, alıcı isə malı alır və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən malın qəbul məntəqəsi müqaviləyə edilən əlavələrdə və yüknəqliyyat qaimələrində göstərilir. 3.1-ci bəndinə əsasən mal və qiymətlər müqaviləyə edilən əlavələrdə göstərilir. 4.3-cü bəndinə əsasən malın daşınma xərcləri alıcı tərəfindən ödənilir. Müqavilə satıcının imzası və möhürü, alıcının imzası ilə təsdiq edilmişdir. 29 aprel 2020-ci il tarixdə O000762728 saylı alqı-satqı müqaviləsinə 29 aprel 2020ci il tarixli, 1 saylı əlavəsində malın qəbul məntəqəsinin adı, məhsulun adı, çatdırılma daxil, ƏDV xaric, həmçinin çatdırılma və ƏDV daxil olmaqla məhsulun qiyməti göstərilmişdir. Əlavə satıcının imzası və möhürü, alıcının imzası ilə təsdiq edilmişdir. Holcim (Azərbaycan) ASC tərəfindən Cavabdeh 3.599,75 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair 06.05.2020-ci il tarixli, EBAJ seriyalı, 564617 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir. Holcim (Azərbaycan) ASC tərəfindən Cavabdeh 17.12.2020-ci il tarixli, pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin 25.12.2020-ci il tarixədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Holcim (Azərbaycan) ASC ilə Cavabdeh arasında 29.04.2020-ci il tarixli O000762728 saylı alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əlavədə göstərilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh göstərilən müqavilə üzrə “Holcim (Azərbaycan)” ASC-yə olan borcu 3.599,75 manat təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələri). Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (Mülki Məcəllənin 567, 600.1-ci maddələri). Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3.599,75 manat tutularaq “Holcim (Azərbaycan)” ASC–yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3599,8 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Holcim (Azərbaycan) ASCyə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar