Məhkəmə qərarları › İş №e-2-2(113)-2653/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2653/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2653/2021 07.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “xxxx” MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 215000 manat və 08 yanvar 2021-ci il tarizli Razılaşma Protokoluna əsasən tərəflər arasında razılaşdırılmış 49.500 manat ƏDV məbləği olmaqla, ümumilikdə 264500 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05.06.2020-ci il tarixli xidmət müqaviləsinə əsasən İcraçı Sifarişçiyə müqavilənin tərkib hissəsi olan əlavələrdə göstərilən işləri görüb təhvil verməyi, Sifarişçi isə icraçının gördüyü işin müqabilində bu əlavələrdə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış həmin müqavilə şərtlərinə uyğun olaraq Sifarişçi sifarişləri İcraçı tərəfindən vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir. Lakin müqavilə şərtləri Sifarişçi tərəfindən pozulmuşdur. Belə ki, İcraçı göstərdiyi iş və xidmətlərin müqabilində alacaqları vəsaiti aylardır ki, ala bilmir. Hətta 08 yanvar 2021-ci il tarixli qarşılıqlı razılaşma protokolunun müddəaları da cavabdeh tərəfindən icra edilmir. Belə ki, 08 yanvar 2021-ci il tarixli qarşılıqlı razılaşma protokolundan göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05.06.2020-ci il tarixli, ASTS-X-008/20 nömrəli Xidmət Müqaviləsi üzrə yaranmış ümumilikdə əsas məbləğ olaraq 275000 manat, ƏDV məbləği olaraq isə 49500 manat məbləğində borcun aşağıda göstərilən qrafikə əsasən ödənilməsinə qərar verilmişdir: cavabdeh ilkin olaraq əsas məbləğ 50000 manat ödənişin ödənilməsini, yerdə qalan borc məbləği, yəni 225000 manat borcun İcraçıya 20 fevral 2021-ci il tarixdə əsas məbləğ 45000 manat, 20 mart 2021-ci il tarixdə əsas məbləğ 45000 manat, 20 aprel 2021ci il tarixdə əsas məbləğ 45000 manat, 20 may 2021-ci il tarixdə əsas məbləğ 45000 manat, 20 iyun 2021-ci il tarixdə əsas məbləğ 45000 manat olmaqla göstərilən hissələrə bölünməklə ödənilməsini öhdəsinə götürməyinə baxmayaraq, həmin puldan yalnız ilkin olaraq əsas məbləğ olan 50000 manat, 20 fevral 2021-ci il tarixdə isə 45000 manat ödəniş əvəzinə cəmi 10000 manat ödəniş etsə də, sonrakı aylar üzrə ödəniş aparmaqdan imtina etmişlər. Hazırda isə cavabdehə xəbərdarlıq (pretenziya) məktubu göndərilərək, yaranmış 215000 manat borc məbləğinin ödənilməsini təmin etmələri xahiş olunsa da, cavabdeh yenə də müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 iyun 2020-ci il tarixli ASTS-X-008/20 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı (iddiaçı) sifarişçiyə (cavabdeh) bu müavilənin tərkib hissəsi olan əlavələrdə göstərilən işləri görüb təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işin müqabilində bu əlavələrdə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən bu müqavilənin ümumi qiyməti əlavələrdə göstərilmişdir. Bu müqavilənin əlavəsi üzrə işlərin icrası başa çatdıqdan sonra işlərin təhvil verilməsi ilə bağlı icraçı tərəfindən Sifarişçiyə təhvil-təslim aktı təqdim edilir. Müqavilənin 4.1.4-cü maddəsinə əsasən sifarişçi bu müqavilə ilə şərtləndirilmiş qaydada və müddətdə işləri yerində qəbul edərək dəyərini ödəyir. Müqavilənin 6.1-ci maddəsinə əsasən işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir. Müqavilə tərəflərin möhürləri və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq olunmuşdur. 31 oktyabr 2020-ci il tarixə yerinə yetirilən işlərin qəbul aktlarında 2499,71 manat və 118 manat, 19 oktyabr 2020-ci il tarixə yerinə yetirilən işlərin qəbul aktlarında 288,86 manat və 784,70 manat, 30 sentyabr 2020-ci il tarixə yerinə yetirilən işlərin qəbul aktında 70,80 manat, 06 oktyabr 2020-ci il tarixə yerinə yetirilən işlərin qəbul aktında 15040,75 manat, 12 oktyabr 2020-ci il tarixə yerinə yetirilən işlərin qəbul aktlarında 6747,59 manat, 22 sentyabr 2020-ci il tarixə yerinə yetirilən işlərin qəbul aktında 15.598,40 manat, 4736,0 və 3562,8 manat, 23 sentyabr 2020-ci il tarixə yerinə yetirilən işlərin qəbul aktında 708,0 manat, 25 avqust 2020-ci il tarixə yerinə yetirilən işlərin qəbul aktında 10763,7 manat və 302,08 manat, 27 avqust 2020-ci il tarixə yerinə yetirilən işlərin qəbul aktlarında 604,16 manat və 401,20 manat, iyul 2020-ci il tarixə yerinə yetirilən işlərin qəbul aktlarında 13179,42 manat, 327,7 manat, 14.298,06 manat, 50718 manat, aprel 2020-ci il tarixə yerinə yetirilən işlərin qəbul aktlarında 39259 manat, 14013,68 manat, iyun 2020-ci il tarixə yerinə yetirilən işlərin qəbul aktlarında 1043,12 manat, 649 manat, 1497,42 manat, 40.860 manat, may 2020-ci il tarixə yerinə yetirilən işlərin qəbul aktında 16.352,91 manat dəyərində yerinə yetirilən işlərin təhvil verilməsi öz əksini tapmış, tərəflərin imza və möhürləri ilə təsdiq olunmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 08 yanvar 2021-ci il tarixli razılaşma protokoluna əsasən həmin protokolun predmetini iddiaçı ilə cavabdeh arasında imzalanmış 05 iyun 2020-ci il tarixli ASTS-X-008/20 nömrəli Xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə dair mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir, cavabdeh ümumilikdə əsas məbləğ olaraq 275000 manat, ƏDV məbləği olaraq isə 49500 manat məbləğində borcun aşağıdakı qrafikə əsasən ödənilməsinə qərar verilmişdir: Cavabdeh ilkin olaraq əsas məbləğ 50.000 manat ödənişin ödənilməsini, yerdə qalan borc məbləği, yəni 225.000 manat borcun satıcıya 20 fevral 2021-ci il tarixdə əsas məbləğ 45000 manat, 20 mart 2021-ci il tarixdə əsas məbləğ 45000 manat, 20 aprel 2021-ci il tarixdə əsas məbləğ 45.000 manat, 20 may 2021-ci il tarixdə əsas məbləğ 45.000 manat, 20 iyun 2021-ci il tarixdə əsas məbləğ 45.000 manat olmaqla göstərilən hissələrə bölünməklə ödənilməsini öhdəsinə götürmüşdür. Razılaşma protokolu tərəflərin möhürləri və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq olunmuşdur. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş kredit haqqında bildirişlərə əsasən cavabdeh tərəfindən iddiaçıya 08.01.2021-ci il tarixdə 50000 manat, 18.03.2021-ci il tarixdə isə 10000 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 15 aprel 2021-ci il tarixli 05/21 saylı xəbərdarlıq məktubuna əsasən iddiaçı cavabdehdən yaranmış borcu 3 iş günü ərzində ödəməsini tələb etmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 05.06.2020-ci il tarixli, ASTS-X- 008/20 saylı xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 264.500,0 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən ümumilikdə 264.500,0 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 215000 (iki yüz on beş min) manat əsas borc, 49500 (qırx doqquz min beş yüz) manat ƏDV, cəmi 264500 (iki yüz altmış dörd min beş yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar