Məhkəmə qərarları › İş №e-2-2(113)-266/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-266/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-266/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliyinin məcburi icrası tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, müqavilə üzrə xidmətlərin göstərilməsinə görə Cavabdeh MMC-dən 15.343,22 manat və həmin məbləğə hesablanan 2.761,78 manat ƏDV, ümumilikdə 18.105,00 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli xidmətlərin göstərilməsi haqqında AP 57 №-li müqavilənin 1.1-ci bəndinə əsasən ”İddiaçı” MMC 21-xx xxxx 2019-cu il tarixdə Bakı şəhərinin Dənizkənarı Milli Parkı ərazisində təşkil olunmuş “X9 2019” layihəsində dövlət strukturlarına və özəl şirkətlərə aid müəssisələrin loqosu vurulmuş və sifarişə əsasən texniki şərtə cavab verən stendlərlər hazırlanıb təhvil verilməsini öhdəsinə götürmüşdür. Stendlərin hava şəraitinə müvafiq təhlükəsizlik qaydalarına riayət olunmaqla istehsal olunacağına, möhkəmliyinə və xx.xx.2019-cu il tarixdən gec olmayaraq cavabdehə təhvil veriləcəyinə zəmanət verilmişdir. İddiaçı MMC öz vəsaiti və cəlb etdiyi işçi qüvvəsi hesabına müqavilə ilə nəzərdə tutulmuş stendləri tam hazırlamış və təyinatı üzrə istifadə olunmasından ötrü cavabdehin göstərdiyi yerdə quraşdırmışdır. Müqavilə ilə nəzərdə tutulmuş işlər İddiaçı MMC tərəfindən yerinə yetirildikdən sonra tərəflər arasında stendlərin təhvil-təslim aktı tərtib olunmuş, Cavabdeh MMC-nin rəhbəri və İddiaçı MMC-nin satış meneceri tərəfindən imzalanmışdır. Təhvil-təslim aktına əsasən İddiaçı MMC cavabdehin sifarişi əsasında 3X4, 4X4 və 6X6 metr ölçüdə, ümumi sahəsi 64 kv.m olmaqla 27 ədəd stend və 3,8X6 metr ölçüdə 2 ədəd arka hazırlayıb müqavilə ilə nəzərdə tutulmuş ərazidə quraşdırmışdır. İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlər nəticəsində Cavabdeh MMC Bakı şəhərinin Dənizkənarı Milli Parkı ərazisində təşkil olunan “X9 2019” sərgidə üçüncü şəxslər qarşısında yüksək səviyyədə təmsil olunmuş, keçirilmiş tədbirdə nəzərdə tutduğu hədəfinə çatmışdır. Bununla belə, tərəflər arasında bağlanmış müqavilə ilə nəzərdə tutulmuş xidmətlər İddiaçı MMC-yə aid hissədə icra olunmasına baxmayaraq, Cavabdeh MMC üzərində düşən öhdəliyi icra etməmiş – görülmüş işlərin dəyərini ödəməmiş, ünvanına göndərilmiş xəbərdarlıq və pretenziyaya cavab verməmişdir. Cavabdehin ünvanına göndərilmiş pretenziya məktubunda ƏDV nəzərə alınmadan İddiaçı MMC-yə olan 15.343,22 manat borcun ödənilməsi bir daha xahiş olunmuş, lakin bu günədək hər hansı cavab alınmammışdır. Cavabdeh MMC-nin İddiaçı MMC-yə borcu 15.343,22 manat təşkil etdiyindən, qeyd olunan məbləğə hesablanan 2761.78 manat ƏDV nəzərə alınmaqla, ümumilikdə cavabdehdən 18.105 manat məbləğində pul tutulmalıdır. Yaranmış vəziyyət mübahisənin məhkəmə qaydasında həll olunmasını zəruri etmişdir. Cavabdeh MMC iddia ərizəsinə cavabdehə və məhkəməyə etiraz məktubu ünvanlamış və etirazını onunla əsaslandırmışdır ki, xx xxxx 2019-cu il tarixində İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış AP 57 saylı müqaviləyə əsasən 21-xx xxxx 2019-cu il tarixində Dənizkənarı Milli Park ərazisində təşkil olunmuş X9 layihəsində dövlət strukturlarına və özəl şirkətlərə aid müəssisələrin loqosu vurulmuş və sifarişə müvafiq texniki şərtlərə cavab verən stendlərin hava şəraitinə müvafiq təhlükəsizlik qaydalarına tam riayət olunmaqla istehsal olunacağına, möhkəmliyinə və 19 iyun tarixindən gec olmayaraq təhvil veriləcəyinə zəmanət verilməsi haqqında Azərbaycan Resublikasının qanunvericiliyinə uyğun müqavilə imzalanmışdır. Lakin təəssüflər olsun ki, İddiaçı MMCnin yanlış hesablamaları və işçi qüvvəsinin kifayət etməməsi səbəbindən iş 19-u deyil, 21 iyun tarixində, axşam saatlarında yarımçıq təhvil verilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə aid Dövlət X10, Azərbaycan Respublikası İqtisadiyyat nazirliyinə aid KOBİYA-nın 36 kv.m.-lik stendləri 21-i günündə təhvil verilmiş, 12 kv.m.-lik Təşkilat Komitəsinə aid stend ümumiyyətlə qurulmamış, bu səbəbdən Təşkilat Komitəsi üzvləri Azərbaycan Sahibkarlar Konfederasiyasına aid stendi işçi qrupu üçün istifadə etmiş, alman markası Gipfel və türk markası ÜLKER-ə aid stend isə digər stendlər kimi 3 gün ərzində hava şəraitinə uyğun olmadığı üçün tərəflərindən həmin stendlərin əlavə möhkəmləndirilməsi işləri görülmüş, müxtəlif dövlət qurumları, X2 Qida və X5 (FAO), yerli və beynəlxalq medianın və iki yüzdən artıq şəxsin iştirakı ilə xx xxxx 2019-cu il tarixdə, saat 10:00-da təşkil olunan rəsmi açılış mərasimində həmin qurumların loqoları olan 2 ədəd 3,80*6 m ölçüdə arkalar yerdə, insanların ayaqları altında qalmışdır. Media və iştirakçıların onlara ünvanlanan haqlı suallarını cavablandıraraq, İddiaçı MMC-yə problem yaranmamasının qarşısını almış, özləri isə cavabdehin əməkdaşlarına şifahi və yazılı cavabdeh haqda rəsmi ölçü götürülməsi üçün nəinki hüquqi tədbirlər görmüş, hətta 21 iyun tarixində, açılış mərasimindən saat sonra) cavabdehin satış müdiri Arif Əsgərovun şəxsən Cavabdeh MMC-nin əməkdaşlarına olan təhdidi nəticəsində aktı imzalamışdır. Bir daha nəzərə çatdırılır ki, 21 iyun saat 10:00-da rəsmi açılış stendlərin hazır olmaması səbəbindən gecikdirildiyi üçün TRT və TRT Avaz kanalları vasitəsilə Türkiyə mediasına ünvanlanmış canlı yayım baş tutmamış, bu isə beynəlxalq ekspertlərin rəyinə əsasən layihə üçün 100.000 ABŞ dollarından çox itirilmiş vəsaitdir. Bundan əlavə müqavilənin predmetində də qeyd olunduğu kimi dövlət qurumları və nüfuzlu özəl şirkətlərin loqoları 2 ədəd giriş arkalarında insanların ayaqları altında qalmış, hər bir şirkətlə və rəsmi qurumlarla tək-tək danışıb cavabdeh şirkətə qarşı problem yaranmasının qarşısını almışlar. Bütün bunlardan əlavə cavabdeh şirkətin maddi problemlərini bildikləri üçün və dostluq münasibətləri qurulduğu üçün, iddiaçının rəhbərliyi şəxsən İstanbul şəhərində şifahi və mesajlar vasitəsilə üzr istədikləri üçün layihədən sonra da cavabdehə qarşı hüquqi tədbir görməmişlər. Cavabdeh isə mediada layihənin uğurlu təbliğatını iddiaçıya qarşı istifadə edərək tədbir zamanı istifadə olunan və olunmayan 19 ədəd 4*3 metr, 4 ədəd 4*4 metr, 4 ədəd 6*6 metr ölçüdə dəmir profillər və 2 ədəd 3.80*6 metr arka materialları cavabdehə geri təhvil verdiyi halda təhdidlə imzalatmış olduğu sənədə əsasən Cavabdeh MMC-dən ödəniş tələb edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə keçirilmiş əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin qanuni təmsilçisi X8 iddiaya etiraz məktubuna uyğun izahat verərək bildirmişdir ki, şirkətlər arasında dostluq munasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən İddiaçı MMC-yə sifariş verilmişdir. Sifarişə əsasən dövlət strukturlarına və özəl şirkətlərə aid müəssisələrin loqosu vurulmuş və texniki şərtə cavab verən stendlər hazırlanıb Cavabdeh MMC-yə xx xxxx 2019-cu il tarixdən gec olmayaraq təhvil verilməli idi. Lakin qeyd olunmuş tarixdə naməlum səbəblərdən stendlər hazır olsa belə, loqolar hazır deyildi. Bu səbəbdən Cavabdeh MMC Bakı şəhərinin Dənizkənarı Milli Parkı ərazisində təşkil olunmuş “X9 2019” layihəsinin açılışında şirkətin imicinə çox böyük zərər vurulmuşdur. Şirkətin əməkdaşlarə sarsıntı keçirtmişlər. Yaranmış mübahisə ilə əlaqədar Cavabdeh MMC qarşı tərəfə müraciət etmişdir. Stendlər istifadə olunduqdan sonra İddiaçı MMC-yə geri qaytarılmışdır. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC(sifarişçi) arasında xx xxxx 2019-cu il tarixli AP 57 saylı xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1.-ci bəndinə əsasən İddiaçı MMCDənizkənarı Milli Park ərazisində təşkil olunan X9 2019-cu layihəsində dövlət strukturlarına və özəl şirkətlərə aid müəssisələrin loqosu vurulmuş və sifarişə müvafiq texniki şərtə cavab verən stendlər hazırlanıb təhvil verilməsini öhdəsinə götürmüşdür. 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi həmin müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya aktları) müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesba-fakturda qeyd edilir. - 2.2-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir. - 3.1.3-cü bəndinə əsasən sifarişçi göstərilmiş xidmətin dəyərini ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli “21-23 iyun tarixlərində keçiriləcək X7 istifadə olunan stendlərin təhvil-təslim aktı” ilə təsdiq edilmişdir ki, xx.xx.2019-cu il tarixə icraçı İddiaçı MMCtərəfindən 16.020 manat dəyərində işlər yerinə yetirilmişdir. Həmin müqavilə əsasında İddiaçı MMC tərəfindən 16.020 manat (ƏDV daxil) dəyərində xidmət göstərilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, EAAW seriyalı, 166787 saylı və 2.085,00 manat (ƏDV daxil) məbləğində xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2019cu il tarixli, EAAW seriyalı, 312347 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx xxxxxx 2019-cu il tarixli pretenziya məktubu ünvanlanaraq cavabdehdən 15.343,22 (ƏDV-siz) manat məbləğində borcun ödənilməsi tələb edilmiş və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Cavabdeh MMC-də layihə meneceri vəzifəsində işləyir. 21-xx xxxx 2019-cu il tarixlərində Dənizkənarı Milli Park ərazisində təşkil olunacaq tədbirdə İddiaçı MMC tərəfindən xx xxxx 2019-cu il tarixədək stendlər quraşdırılmalı idi. Lakin xx xxxx 2019-cu il tarixdə belə stendlər tam təhvil verilməmişdir. xx xxxx 2019-cu ildə hava şəraiti küləkli olduğundan stendlərdə qopma baş verdi, stollar uçurdu, bu da tədbirdə digər şirkətlərin mənfi rəy bildirmələrinə səbəb oldu. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən cavabdeh tərəfindən sifariş edilmiş xidmətləri göstərsə stendləri hazırlayaraq cavabdehə təhvilversə, eləcə də stendlərin demontajını həyata keçirsədə, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini ödəməmiş, nəticədə Cavabdeh MMC-nin İddiaçı MMC-yəƏDV daxil 18.105manat məbləğində borcu yaranmışdır. Cavabdeh MMC həmin müqaviləyə əsasən iddiaçı tərəfindən stendlər xx.xx.2019-cu il tarixdə təhvil verilməli olduğu halda, gecikdirmə ilə xx.xx.2019-cu il tarixdə, bəzi həmin stendlərin hətta festival başladıqdan sonra quraşdırıldığını, eləcə də stendlərin lazımi keyfiyyətdə olmamasını əsas göstərərək borcu ödəməkdən imtina edir. Malın gec təhvil verilməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə xidmət göstərilməməsi cavabdehə xidmətin qəbul edilməsindən imtina etmək, eləcə də öhdəliyin icrasının gecikdirilməsinə görə qanunda nəzərdə tutulmuş mülki-hüquqi məsuliyyət tədbirlərinin tətbiq edilməsini (zərərin ödənilməsi, dəbbə pulu və s.) tələb etmək hüququ versə də, gecikdirilməklə təqdim edilmiş xidmət təhvil alındıqdan sonra onun dəyərinin bir hissəsinin ödənilməsindən imtina edilməsi üçün əsas vermir. Belə ki, Mülki Məcəllənin: 445.8-ci maddəsinə görə kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 462.1-ci bəndinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Digər tərəfdən təqdim edilmiş xidmətin (işin) lazımi keyfiyyətdə olmaması barədə cavabdehin dəlilləri ilə bağlı əvvəla məhkəmə qeyd edir ki, cavabdeh göstərilən dəlilləri məhkəmə baxışı gedişində sübuta yetirə bilməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh həmin dəlilləri təsdiq etmək üçün X4 məhkəmə iclasında verdiyi ifadələrinə istinad etmişdir. Məhkəmə şahid N.Məmmədovanın cavabdehin işçisi olmaqla mübahisənin nəticəsində maraqlı olduğunu, eyni zamanda məhkəmə tərəfindən sübutların təqdim edilməsi üçün cavabdehə vaxt verilməsinə baxmayaraq, sonuncunun stendlərin keyfiyyətsizliyi ilə bağlı hər hansı digər sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, şahidin ifadələri stendlərin lazımi keyfiyyətdə olmaması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsini tənzimləyən xüsusi normalar yer almadığından hazırkı hüquq münasibətlərinə qanunun analogiyası üzrə xidmət müqaviləsi ilə oxşar olan podrat müqaviləsinin tənzimləyən müddəalar tətbiq edilməlidir. Podrat müqaviləsi əsasında görülmüş işin qüsurlu olduğu halda sifarişçinin müdafiə vasitələrini müəyyən edən Mülki Məcəllənin 763-766-cı maddələrinə görə isə: - Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. - Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Göründüyü kimi qanunverici podratçı tərəfindən iş qüsurla yerinə yetirildiyi halda sifarişçinin əlavə icra tələb etmək, podratçının hesabına qüsurları özü aradan qaldırmaq, müqavilədən imtina etmək və muzdun miqdarını qüsura proporsional şəkildə azaltmaq kimi hüquqlarının olmasını müəyyən etmişdir. Lakin cavabdeh işin təhvil verilməsindən 10 aylıq müddət keçməsinə baxmayaraq yuxarıda göstərilən müdafiə vasitələrindən heç birindən istifadə etməmişdir. Əksinə Cavabdeh MMC xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən təqdim edilmiş stendləri qəbul etməklə Mülki Məcəllənin 773-cü maddəsinin tələblərin əsasən qüsurla bağlı tələb hüququnu itirmişdir. Mülki Məcəllənin 773-cü maddəsinə görə isə əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. İşin yuxarıda göstərilən hallarına və qanunvericilik normalarına əsasən müəyyən edilir ki, hazırkı halda iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin lazımi keyfiyyətdə olmaması ehtimal olunsa belə, göstərilən hal hazırkı iddianın rədd edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehinmübahisəli xidmət müqaviləsinə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini ödəməməklə müqavilə üzrə öhdəliklərini icra etmədiyini, belə olan halda isə öhdəlik hüquq münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixli, AP 57 saylı xidmət müqaviləsinə üzrə 18.105 manat məbləğində borcun Cavabdeh MMC-dən tutulması tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli, AP 57 saylı xidmət müqaviləsinə əsasən 18.105 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2019-cu il tarixli, AP 57 saylı xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə 18.105 (on səkkiz min yüz beş) manat məbləğində borc (ƏDV daxil) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar