Məhkəmə qərarları › İş №e-2-2(113)-2662/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2662/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2662/2022 02.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızı İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 2020-ci il 10 iyun tarixli 19/20 nömrəli operativ lizinq müqaviləsinə 6259,00 manat borcun və 100 manat mediasiya xərcinin - cəmi 6359,00 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2020-ci il 10 iyun tarixli 19/20 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd DON-680M markalı yemyığan kombayn ona istifadəyə verilmişdir. Tərəflər arasında bağlanmış 19/20 nömrəli müqaviləyə əsasən 13800 manat öhdəlikdən 7541 manat ödəniş edilmiş, 6259,00 manat borc qalmışdır. Cavabdehin iddiaçıya hazırda 6259 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçı ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Materiallara əlavə edilmiş tərəflər arasında bağlanmış 2020-ci il 10 iyun tarixli 19/20 nömrəli operativ lizinq müqaviləsinə əsasən lizinq verən müqavilədə göstərilən kənd təsərrüfatı texnikalarını (yemyığan kombayn, müqavilə müddəti 10.06.2020-ci ildən 09.10.2020-ci ilə qədər) mülkiyyət hüququnun lizinq alana keçməməsi şərti ilə istifadəyə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən müvəqqəti istifadəyə götürülmüş texnikaların ödəniş öhdəliyi 100 faiz olaraq ödənilməlidir. 13.06.2020-ci il tarixli akta əsasən 2020-ci il 10 iyun tarixli 19/20 nömrəli operativ lizinq müqaviləsində nəzərdə tutulmuş texnika 4 ay müddətinə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. 14.10.2020-ci il tarixli 2 saylı akta əsasən 2020-ci il 10 iyun tarixli 19/20 nömrəli operativ lizinq müqaviləsində nəzərdə tutulmuş texnika cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 28.04.2022-ci il tarixli maliyyə arayışına əsasən 2020-ci il 10 iyun tarixli 19/20 nömrəli operativ lizinq müqaviləsi üzrə ödənilməli olan borcun məbləği 6259 manat təşkil edir. İddiaçı cavabdehə 28.04.2022-ci il tarixdə pretenziya ünvanlayaraq müqavilə öhdəliklərinin icra edilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26.04.2022-ci il tarixli MŞB/11-00030 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya dair xərc ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında 2020-ci il 10 iyun tarixli 19/20 nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilə şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 6259 manat gecikdirilmiş borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış 2020-ci il 10 iyun tarixli 19/20 nömrəli lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6259 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 6259 (altı min iki yüz əlli doqquz) manat əsas borc və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar