Məhkəmə qərarları › İş №e-2-2(113)-2664/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2664/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2664/2025 14.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/24 saylı müqavilənin ləğv edilməsi, müqavilə üzrə 16750,14 manat məbləğində ödənilməmiş pul vəsaiti və əldən çıxmış fayda qismində 1214,38 manat olmaqla ümumilikdə 17964,52 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli N02/24 saylı xidmət müqaviləsinə əsasən tərəflər müəyyən öhdəlikləri öz üzrəinə götürmüşdür. Belə ki, iddiaçı cavabdehin sifarişi əsasında ona torpaq işlərinin görülməsi xidmətini göstərmişdir. Bunun üçün iddiaçıya məxsus olan caterpiller vərdənə (yolbasan) katok 1**-FB-*** DQN texnika vasitəsi cavabdehin müəyyən etdiyi yerlərdə və istiqamətdə çalışmışdır. Qeyd edilən texnikanın çalışma müddətləri və ona hesablanış dəyər mübahisə edilməməklə imza edilmiş xx.xx.2024, xx.xx.2024, və xx.xx.2024-cü il tarixli aktlara əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan, lakin ödənilməmiş 16750,14 (on altı min yeddi yüz əlli dörd manat on dörd qəpik) manat məbləğində pul vəsaiti uzun müddətdir ki, ödənilməməkdədir. Cavabdehlə bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi müqavilənin qüvvədə olduğu hər ay üçün müvafiq akt əsasında xidmət haqqı ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə uyğun olaraq aylıq xidmət haqqı növbəti ayın ilk 10 iş günü ərzində icraçıya ödənilməli idi. Lakin, qeyd edilən tarixlərə əsasən cavabdeh 2024-cü ili avqust ayı üzrə 5865,46 manat, sentyabr ayı üzrə 5115,45 manat və oktyabr ayı üzrə 5769,23 manat məbləğində hesablanmış xidmət haqqını iddiaçıya ödəməmişdir. Buna dair cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilsə də, cavabdeh hərəkətsiz qalmışdır. Hesab edilir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən müqavilə ləğv edilməli, 16750,14 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməli və əldən çıxmış fayda qismində 1214,38 manat ümumilikdə isə 17964,52 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 31 may 2024-cü il tarixli 02/24 saylı xidmət müqaviləsinə görə, icraçı sifarişçinin uzunmüddətli tapşırığı əsasında ona torpaq işlərinin görülməsi xidməti göstərir, sifarişçi isə icraçının göstərdiyi mütəmadi xidmətin əvəzində ona aylıq xidmət haqqı ödəyir.

8. Müqavilənin 3.1.1-cü bəndinə görə müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdə müqavilənin ləğv edilməsi anınadək icra edilmiş və dəyəri ödənilməmiş xidmətlərə görə xidmət haqqının ödənilməsini sifarişçidən tələb etmək icraçının hüququdur.

9. Müqavilənin 4.2-ci bəndinə görə müqavilənin müddətinin bitməsinə ən azı bir ay qalmış tərəflərdən birinin müqavilənin ləğv edilməsi, yaxud şərtlərinin dəyişdirilməsi barədə müraciəti olmadıqda müqavilə eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab olunur.

10. Müqavilənin 4.3.1-ci bəndinə görə hər hansı tərəfin 10 (on) gün təqvim günü əvvəlcədən etdiyi rəsmi müraciət əsasında müqaviləyə xitam verilə bilər.

11. Müqavilənin 4.3.2-ci bəndinə görə hər hansı tərəfin üzrsüz səbəblərdən öz öhdəliklərini davamlı olaraq icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində müqaviləyə xitam verilə bilər.

12. 31 may 2024-cü il tarixli 02/24 saylı müqaviləyə əlavə xidmətin növü, qiyməti razılaşdırılmışdır.

13. İddiaının imzası, cavabdehin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 001/24 saylı akta görə 5385,40 manat, xx.xx.2024-cü il tarixli 002/24 nömrəli akta görə 5865,46 manat, xx.xx.2024-cü il tarixli 003/24 saylı akta görə 5115,45 manat, xx.xx.2024-cü il tarixli 02/24 nömrəli akta görə 5769,23 manat məbləğində görülmüş işlər cavabdeh tərəfindən təhvil alınmışdır.

14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2411 10177018 nömrəli 5865,455 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 10225123 nömrəli 5384,68 manat, xx.xx.2024-cü il tarixli MT2412 10088221 nömrəli 5769,3 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 10616060 nömrəli 5115,446 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

15. 29.11.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli MT2408 10225123 nömrəli qaimə üzrə 5384,68 manat məbləğində ödəniş olunmuşdur.

16. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, tərəflər arasında 31 may 2024-cü il tarixdə podrat müqaviləsi bağlanmış, tərəflərin təsdiq etdikləri aktlar üzrə iddiaçı tərəfindən görülmüş ümumilikdə 22134,82 manat məbləğində iş icra edilmiş, icra edilmiş işlərin müqabilində cavabdeh 5384,68 manat ödəniş etmiş, qalıq 16750,14 manat pul ödənilməmiş qalmışdır. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

23. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 16750,14 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

26. Məhkəmə iddia tələbini ikinci, 31 may 2024-cü il tarixli podrat müqaviləsinin ləğv edilməsi hissəsində də əsaslı hesab edir.

27. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən göstərilən müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün iddiaçı hazırda həmin müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

29. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

30. Materiallardan müəyyən olunur ki, iddiaçı cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziyada müqavilənin ləğvi ilə bağlı niyyətini ifadə etmişdir.

31. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/24 saylı müqavilə ləğv edilmiş hesab edilməlidir.

32. Məhkəmə iddia tələbini sonuncu, 1214,38 manat əldən çıxmış faydanın tələb edilməsi hissəsində isə əsassız hesab edir.

33. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.

34. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

35. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

36. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.

37. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02/24 saylı müqavilə ləğv edilmiş hesab edilməli, cavabdehdən 16750,14 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 140,25 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 3,75 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02/24 saylı müqavilə ləğv edilmiş hesab edilsin. Cavabdeh MMC-dən 16750,14 manat məbləğində pul, 140,25 manat dövlət rüsumu, ümumilikdə 16890,39 (on altı min səkkiz yüz doxsan manat otuz doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 3,75 (üç manat yetmiş qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar