Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2666/2023 21.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “daxili lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daxili lizinq müqaviləsi, lizinq ödənişi, iddianın etirafının etibarsızlığı, faktın etirafı, müqavilənin ləğvindən sonra edilmiş ödənişlərin silinməsi qaydası) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “daxili lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 83035,74 manat əsas borc, 10622,48 manat mükafat məbləği, 1162 manat cərimə olmaqla ümumilikdə 94820,22 manat borcun və 440 manat dövlət rüsumunun, 270 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixində 074 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Adıçəkilən daxili lizinq müqaviləsinə əsasən, iddiaçı “Porsche Panamera” minik markalı, “xetçbek” tipli, ağ rəngli, 2017-ci il buraxılışı, WP0AA2A75JL103777 ban nömrəli avtomobili satıcından əldə etməyi və cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəliyinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 101 400 manat təşkil etmiş və müddəti 36 ay müəyyən edilmişdir. 2.2. Lakin cavabdeh tərəfindən qeyd edilən avtomobil istifadəyə yararsız vəziyyətə salınmışdır. Həmçinin cavabdeh daxili lizinq müqaviləsinin müddəaları pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, sonuncunun M/2278/23 saylı xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, iddiaçıya olan borcu ümumilikdə 94820,22 manat təşkil edir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 443.1 və 748-1.12-ci və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində daxili lizinq müqaviləsi bağlanmış, lizinq ödənişlərinin ümumi məbləği müqaviləyə əlavədə göstərilmişdir. 2021-ci ilin dekabr ayından nəqliyyat vasitəsi yararsız vəziyyətə salınmışdır. Təmir xərclərini cavabdeh öz üzərinə götürsə də, bu vəzifəsini yerinə yetirməmişdir. Nəticədə lizinq obyekti istifadəyə yararsız qalmışdır. 2023cü ilin mart ayının 6-da isə avtomobil cavabdehdən alınaraq iddiaçı ilə əməkdaşlıq edən təmir sexinə gətirilmişdir. Hal-hazırda daxili lizinq müqaviləsi üzrə bütün əsas məbləğ, xx.xx.2023-cü il tarixə mükafat borcu və cərimə məbləği tələb edilir.
5. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, iddia tələbinin faktiki əsasını dəymiş zərərin ödənilməsi yox, məhz lizinq ödənişlərinin qalıq məbləği təşkil edir. Nəqliyyat vasitəsinə dəyən zərər üçün sığorta şirkəti tərəfindən ümumilikdə 20000 manat sığorta ödənişi edilmişdir və ödənilən sığorta ödənişi cavabdehin yazılı ərizəsi əsasında qalıq lizinq ödənişlərinə yönəldilmişdir. Həmçinin iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra daha 15000 manat ödəniş edilmişdir, lakin iddia tələbində həmin ödənişlər nəzərə alınmamışdır. Həmin məbləğin nəzərə alınaraq qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək, nəqliyyat vasitəsinin 2021-ci ilin dekabr ayından yararsız vəziyyətdə olduğu, 2023-cü ilin mart ayının 6-dan cavabdehin sahibliyindən alındığını (iddiaçıya verildiyini) təsdiq etdi. Məhkəməyə izahatında tələb olunan lizinq ödənişi ilə əsas məbləğ hissəsində razı olduqlarını, lakin mükafat məbləği və cərimə məbləğinə etiraz etdiklərini, 5000-6000 manat civarında artıq hesablama olduğunu bildirdi və qeyd etdi ki, iş məhkəmənin icraatında olarkən daha 15000 manat ödəniş edilmişdir. Həmçinin bildirdi ki, cavabdeh lizinq obyekti olan avtomobili sahibkarlıq fəaliyyəti ilə bağlı lizinqə götürmüşdür.
7. Cavabdehin nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq, xx.xx.2023-cü il tarixli məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və yekun məhkəmə aktının çıxarılmasını xahiş etmiş, məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 074 saylı daxili lizinq müqaviləsinin (lizinq verən qismində iddiaçı, lizinq alan qismində cavabdeh) müqavilənin predmeti adlanan 1-ci hissəsinə əsasən, lizinq verən “Porsche Panamera” minik, tip – “xetçbek”, rəngi – ağ, buraxılış ili – 2017, ban – WP0AA2A75JL103777 avtomobilini satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür(1.1). Bu lizinq müqaviləsinin ümumi məbləği 101 400 manat təşkil edir (1.2). Lizinq əməliyyatları üzrə komissiya haqqı – 3542 manat həcmində məbləğ lizinq alan lizinq verənə ödəməlidir (1.3). Bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir (1.4). Lizinq obyektində sonradan meydana çıxan qüsurlarla bağlı lizinq verən heç bir məsuliyyət daşımır (1.5). Lizinq obyekti müqaviləyə əlavə edilmiş qəbul aktında göstərilmiş yerdə və qaydada lizinq alanın faktiki sahibliyinə və istifadəsinə təhvil verilmişdir. Qəbul aktı imzalandığı andan lizinq obyektinin təsadüfən məhv olması və zədələnməsi riski lizinq alana keçir (1.6). Lizinq obyekti Lizinq alanın balansında uçota alınır (1.7).
11. Adıçəkilən müqavilənin müddətlə və hesablaşma ilə bağlı bəndlərində göstərilmişdir ki, bu müqavilənin müddəti 36 ay müəyyən edilir (2.1). Hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilir (3.1). Bu müqavilə vaxtından əvvəl ləğv edildikdə, tərəflər arasında hesablaşma bütün haqlı tələblərin ödənilməsi prinsipi ilə aparılır. Bütün hallarda lizinq obyekti geri verilən günə qədər müqavilə ilə müəyyən edilmiş lizinq ödənişləri tam məbləğdə ödənilməlidir (3.5). Lizinq ödənişlərinə daxildir: lizinq obyektinin dəyəri (bütün daşınma, gömrük rüsumları və s. xərclər daxil olmaqla); lizinq verənin mükafatı; tərəflər arasında razılaşdırılmış əlavə digər məsrəflər; lizinq əməliyyatları üzrə komissiya haqqı; ilkin ödəniş (avans) (3.6 – 3.11).
12. Sözügedən müqavilənin tərəflərin hüquq və vəzifələri ilə 4-cü hissəsində lizinq alanın vəzifələri kimi lizinq predmetindən yalnız təyinatı üzrə istifadə etmək, lizinq obyektindən istifadə edərkən yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik qaydalarına, sanitariya-gigiyena normalarına və texniki şərtlərə, o cümlədən qanunvericiliyin tələblərinə əməl etmək, lizinq obyektini daim saz və istismara yararlı vəziyyətdə saxlamaq, lizinq obyektini lizinq verənin ilk tələbi ilə monitorinqə təqdim etmək, habelə lizinq qanunvericiliklə müəyyən edilmiş hüquqlarını həyata keçirməsinə şərait yaratmaq, lizinq obyektinə texniki xidməti, onun orta, cari və əsaslı təmirini öz hesabına həyata keçirmək, bu müqaviləyə vaxtından əvvəl xitam verildikdə, lizinq obyektini normal aşınma nəzərə alınmaqla yaxşı vəziyyətdə lizinq verənə qaytarmaq, lizinq verənin yazılı razılığı olmadan digər şəxslərin istifadəsinə vermək, lizinq verənin hüquqları kimi lizinq alan bu müqavilədə nəzərdə tutulan, yaxud qanunvericiliklə üzərinə düşən vəzifələrini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə lizinq müqaviləsinə birtərəfli qaydada xitam vermək və pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq, qanunverciliklə müəyyən edilmiş hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək, lizinq alandan lizinq predmetinin monitorinqini həyata keçirilməsinə şərait yaradılmasını tələb etmək, əsas vəzifəsi kimi isə bu müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyektini lizinq alanın mülkiyyətinə vermək təsbit edilmişdir.
13. Qeyd edilən müqavilənin müqavilənin ləğv edilməsi ilə bağlı 6-cı hissəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti bu müqavilənin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə (6.3).
14. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsinə 01 nömrəli əlavədən görünür ki, lizinq ödənişlərinin ümumi məbləği 139 400 manat (əsas məbləğ 101 400 manat və mükafat məbləği 38000 manat) olmaqla ilk ödəniş xx.xx.2021ci il tarixi, sonuncu ödəniş tarixi isə xx.xx.2024-cü il olaraq razılaşdırılmışdır (hər ay 3873 manat, sonuncu – 36-cı ay isə 3845 manat).
15. Məhkəməyə təqdim edilən cavabdeh tərəfindən iddiaçıya ünvanlanan ərizədən görünür ki, 19800 manat sığorta ödənişinin 074 saylı lizinq müqaviləsi üzrə lizinq ödənişlərinə yönəldilməsi xahiş edilmişdir.
16. Məhkəməyə təqdim edilən cavabdehin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə edilmiş 3873 manat ödənişdən 1883,6 manat mükafat məbləğinə, 1989,4 manat əsas məbləğə, xx.xx.2022-ci il tarixdə edilmiş 2000 manat ödənişdən 1847,75 manat mükafat məbləğinə, 152,25 manat əsas məbləğə, xx.xx.2023-cü il tarixdə edilmiş 2000 manat ödənişdən 3,51 manat və 74,21 manat mükafat məbləğinə, 1922,28 manat əsas məbləğə, xx.xx.2022-ci il tarixdə edilmiş 2000 manat ödənişdən 1715,36 manat mükafat məbləğinə, 284,64 manat əsas məbləğə, xx.xx.2022-ci il tarixdə edilmiş 3875 manat ödənişdən 1825,07 manat mükafat məbləğinə, 2049,93 manat əsas məbləğə, xx.xx.2022-ci il tarixdə edilmiş 10000 manat ödənişdən (sığorta ödənişi) 5248,78 manat mükafat məbləğinə, 4751,22 manat əsas məbləğə, xx.xx.2022-ci il tarixdə edilmiş 8150 manat ödənişdən 5133,39 manat mükafat məbləğinə, 3016,61 manat əsas məbləğə, xx.xx.2022-ci il tarixdə edilmiş 1650 manat ödənişdən 1629,10 manat mükafat məbləğinə, 20,9 manat əsas məbləğə, xx.xx.2022-ci il tarixdə edilmiş 3400 manat ödənişdən 542,9 manat mükafat məbləğinə, 2857,1 manat əsas məbləğə olmaqla ümumilikdə 19903,67 manat mükafat məbləğinə, 17044,33 manat əsas məbləğə silinmişdir.
17. Məhkəməyə təqdim edilən 06 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya olan borcu cəmi 94820,22 manat, o cümlədən 83035,74 manat əsas borc, 10622,48 manat mükafat borcu, 1162 manat cərimə borcu təşkil edir.
18. Məhkəməyə təqdim edilən 01 avqust 2023-cü il tarixli qəbz, 11 sentyabr 2023-cü il tarixli order, habelə xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə müvafiq olaraq 10000 və 5000 manat ödəniş edilmişdir.
19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 074 saylı daxili lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Porsche Panamera” minik markalı, “xetçbek” tipli, ağ rəngli, 2017-ci il buraxılışı, WP0AA2A75JL103777 ban nömrəli avtomobili satıcıdan əldə etməyi və cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüş, lizinq ödənişlərinin ümumi məbləği 139 400 manat (əsas məbləğ 101 400 manat və mükafat məbləği 38000 manat) olmaqla ilk ödəniş xx.xx.2021-ci il tarixi, sonuncu ödəniş tarixi isə xx.xx.2024-cü il olaraq razılaşdırılmışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 36948 manat ödəniş edilmiş, həmin məbləğdən 19903,67 manat mükafat məbləğinə, 17044,33 manat əsas məbləğə silinmişdir. Bundan başqa müəyyən edilir ki, qeyd olunan məbləğlərdən başqa cavabdeh xx.xx.2023 və xx.xx.2023-cü il tarixlər olmaqla ümumilikdə 15000 manat ödəniş edilmişdir.
20. İşin mübahisəsiz halı ondan ibarətdir ki, lizinq obyekti olan nəqliyyat vasitəsi cavabdehə təhvil verildikdən sonra 2021-ci ilin dekabr ayında qəzalı vəziyyət düşmüş, iddiaçı 2023-cü ilin mart ayının 6-da nəqliyyat vasitəsini cavabdehdən alaraq özünün əməkdaşlıq etdiyi təmir sexinə aparmışdır.
21. İddiaçı xx.xx.2023-cü il tarixə 83035,74 manat əsas borc, 10622,48 manat mükafat məbləğini tələb edir.
22. Cavabdeh iddiaya mükafat məbləği hissəsində etiraz edərək edilən ödənişlərin tam olaraq silinmədiyini qeyd edir.
23. Məhkəmə mübahisənin həlli üçün əvvəla lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatı və lizinq müqaviləsinin kredit müqaviləsi ilə nisbətinin şərh edilməsini zəruri sayır. Belə ki, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin faktiki əsası barədə məhkəməyə izah verərkən əsas məbləğin tam tutulmalı olması mövqeyində olmuş, icraatın gedişində lizinq müqaviləsinə kredit müqaviləsi kimi yanaşmışdır.
24. Lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
25. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).
26. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir.
27. Lizinq müqaviləsi və kredit müqaviləsinin nisbəti ilə bağlı Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alqı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Kredit zamanı borclu kredit şərtləri ilə əldə etdiyi əmlak üzərində həmin an mülkiyyət hüququ (həmin əmlak üzərində kredit verənin xeyrinə yüklülüyün qoyulması istisna olmaqla) əldə edir və borcun ödənilmədiyi qalıq məbləği həcmində mülki məsuliyyət daşıyır. Kredit müqaviləsindən fərqli olaraq lizinqdə girov tələb olunmur. Göstərilənlərdən aydın olur ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir. Kredit müqaviləsi isə borc müqaviləsi hesab edilir və Mülki Məcəllənin ayrıca fəsli ilə nizamlanır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).
28. Beləliklə, kredit müqaviləsindən fərqli olaraq, lizinq müqaviləsində lizinq alanın (borclunun) öhdəliyinin əsas məzmunu lizinq obyektindən məhz istifadəyə görə ödənişlərin edilməsidir. Qeyd edilən yanaşma, mülki qanunvericilikdə də birbaşa göstərilmişdir. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Bu səbəbdən də lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə lizinq verən lizinq obyektini geri alır, bu zaman isə lizinq alanın edilmiş ödənişləri geri almaq hüququ və ya edilmiş ödənişlərə müvafiq olaraq lizinq obyekti üzərində birgə mülkiyyət hüququ istisna edilir.
29. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasındakı daxili lizinq müqaviləsinin 5.16-cı bəndinə əsasən, lizinq obyekti məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan bu müqaviləyə əsasən ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməlidir və ya öz hesabına bu müqaviləyə əsasən istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlak əldə etməlidir. Bu halda bu müqavilə dəyişməz qalır, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq ödənişlərini ödəyir, lizinq ödənişlərinin tam məbləği ödənildiyi andan bu müqavilə öz qüvvəsini itirir, lizinq obyekti isə lizinq alanın mülkiyyətinə keçir.
30. Məhkəmə tərəflər arasındakı müqavilənin istinad edilən bəndi ilə bağlı qeyd edir ki, həmin bənd, birincisi, iddianın faktiki əsasını təşkil etmir, belə ki, iddiaçı heç bir iclasda həmin nəqliyyat vasitəsinin bərpası mümkün olmayan vəziyyətdə olduğunu bildirməmiş, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. İkincisi, həmin nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdən hal-hazıradək iddiaçının əməkdaşlıq etdiyi təmir sexində qalması onun bərpası mümkün olmayan vəziyyətdə olmasını istisna edir. Üçüncüsü, iddiaçı qeyd edilən normadan çıxış edərək tələb irəli sürsə idi, nəinki bütün əsas məbləği, həmçinin tam mükafat məbləğini də tələb edərdi. Çünki lizinq ödənişlərinə həm mülki qanunvericilikdə (Mülki Məcəllə – 748-11.1.4), həm də tərəflər arasındakı razılıqda (xx.xx.2021-ci il tarixli 074 saylı daxili lizinq müqaviləsi – 3.8) mükafat məbləği də daxil edilmişdir.
31. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının lizinq ödənişlərinin bütün əsas məbləğini tələb etməsi mülki qanunvericilik normalarına və tərəflər arasındakı razılığın şərtlərinə zidd olmuşdur.
32. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddiaçının lizinq ödənişlərini əsas məbləğ hissəsində tam tələb etməsi ilə razı olduğunu qeyd etməsinə münasibətdə isə aşağıdakıları göstərir.
33. Mülki prosessual qanunvericilikdə faktın etirafı və iddianın etirafı institutları fərqləndirilmiş, ayrıca hüquqi rejimlə tənzimlənmişdir.
34. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
35. Həmin Məcəllənin 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
36. Göründüyü kimi, nümayəndənin cavabdehə qarşı yönəlmiş iddianı tam və ya qismən etiraf etməsi səlahiyyəti ona verilmiş etibarnamədə xüsusilə göstərilməlidir. Qanunverici bu mövqeyi ifadə etməklə cavabdehi etibar edilən səlahiyyətlərin mümkün sui-istifadəsindən qorumuşdur.
37. 23 may 2023-cü il tarixli 7E-5081 nömrəsi ilə qeydiyyata alınan etibarnamədə isə iddianın etiraf edilməsi səlahiyyəti xüsusi göstərilməmiş, cavabdeh tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü - vəkil Nümayəndə belə səlahiyyət verilməmişdir.
38. Bu səbəbdən də sonuncunun 83035,74 manat əsas borcla razılığını ifadə etməsi cavabdehin mövqeyi kimi qəbul oluna, onun iddianı qismən etiraf etməsi kimi yozula bilməz.
39. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
40. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkilinin 83035,74 manat əsas borcla razılığını ifadə etməsi hüquqi terminologiya baxımdan faktın etirafı kimi qəbul edilə bilməz. Belə ki, fakt qismində lizinq müqaviləsinin bağlanması, lizinq obyektinin zədələnməsi, zədələnmə tarixi, lizinq obyektinin qaytarılması, qaytarılma tarixi kimi iddianın və ya etirazın uğurluluğu üçün sübut edilməli olan hallar çıxış edir. Əgər iddianın tam və ya qismən etirafı institutu iddianın bilavasitə tam və ya qismən uğurluluğu ilə nəticələnirsə (Mülki Prosessual Məcəllənin 52.4-cü maddəsi nəzərə alınmaqla), faktın etirafı institutu iddiaçını istinad etdiyi konkret faktı və ya faktları sübut etmək vəzifəsindən azad edir. Hazırkı işdə isə 83035,74 manat əsas borcla razılıq iddia tələbinin əsas borca aid hissədə uğurluluğu ilə nəticələnəcəyindən faktın etirafı kimi yox, iddianın etirafı kimi qəbul edilməli və yuxarıda qeyd edilən səbəblərdən qüvvəsi olmayan – etibarsız hesab edilməlidir (null and void).
41. Məhkəmə qeyd edir ki, lizinq obyektinin xx.xx.2023-cü il tarixdən lizinq verənə qaytarıldığı işin mübahisəsiz halıdır. Hazırkı halda iddiaçı xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə lizinq obyektini xx.xx.2023-cü il tarixdə geri almaqla həmin müqaviləni birtərəfli qaydada ləğv etmiş, cavabdeh də qeyd olunan faktı mübahisələndirməmişdir. Bu səbəbdən məhz həmin tarixədək tərəflər arasındakı lizinq ödənişlərinin haqq-hesabı aparılmalıdır.
42. xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsinə 01 nömrəli əlavəyə əsasən, 06 mart 2023-cü il tarixədək ödənilməli olan lizinq ödənişləri üzrə əsas məbləğ 34855,83 manat (xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (sonuncu daxil olmaqla) edilməli ödənişlərin cəmi 34415 manat + mart ayının 5 günü üçün ödənilməli 440,83 manat), mükafat məbləği isə 23884,67 manat (xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (sonuncu daxil olmaqla) edilməli ödənişlərin cəmi 23680 manat + mart ayının 5 günü üçün ödənilməli 204,67 manat) təşkil edir.
43. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 36948 manat ödəniş edilmiş, həmin məbləğdən 19903,67 manat mükafat məbləğinə, 17044,33 manat əsas məbləğə silinmişdir.
44. Bundan başqa, cavabdeh iş məhkəmənin icraatında olarkən – xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində müvafiq olaraq 10000 manat və 5000 manat ödəniş etmişdir.
45. İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə edilən ödənişləri xx.xx.2023-cü il tarixdən, yəni müqavilənin ləğvi tarixindən sonrakı dövr üçün lizinq ödənişlərinə (əsas və mükafat məbləğə) silmişdir.
46. Lakin məhkəmə müqavilənin ləğvindən sonra edilmiş ödənişlərin həmin tarixdən (xx.xx.2023-cü il) sonrakı dövr üçün lizinq ödənişlərinə silinməsi ilə razılaşmır və aşağıdakıları qeyd edir.
47. Lizinq ödənişləri lizinq obyektindən istifadə üçün alındığından bu münasibətlərə xitam verildikdən sonra üçün hər hansı dövrə görə ödənişin hesablanması da istisna olunur.
48. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 697.3-cü maddəsinə görə, kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır (Mülki Məcəllənin 751-ci maddəsinə lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir).
49. Qeyd edilməlidir ki, tərəflər arasında razılaşma da məhz bu cür olmuşdur. Belə ki, yuxarıda göstərildiyi kimi, xx.xx.2021-ci il tarixli 074 saylı daxili lizinq müqaviləsinin 3.5ci bəndinə əsasən müqavilə vaxtından əvvəl ləğv edildikdə, tərəflər arasında hesablaşma bütün haqlı tələblərin ödənilməsi prinsipi ilə aparılır. Bütün hallarda lizinq obyekti geri verilən günə qədər müqavilə ilə müəyyən edilmiş lizinq ödənişləri tam məbləğdə ödənilməlidir. Digər bəndlə (3.7) isə lizinq obyektinin dəyəri lizinq ödənişlərinə daxil edilmişdir.
50. Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
51. xx.xx.2021-ci il tarixli 074 saylı daxili lizinq müqaviləsində edilmiş ödənişlərin hansı qaydada silinməsi ilə bağlı hər hansı şərt olmasa da, tərəflər arasında formalaşmış işgüzar münasibət əvvəlcə mükafat məbləğinin, daha sonra isə əsas məbləğin silinməsi istiqamətində olmuşdur.
52. Məhkəmə Mülki Məcəllənin 432.4-cü maddəsini və tərəflər arasında formalaşmış işgüzar praktikanı nəzərə alaraq qeyd edir ki, müqavilənin ləğvi tarixindən sonra edilmiş ödənişlər əvvəlcə dəbbə pulu, sonra mükafat məbləği, daha sonra isə əsas məbləğdən silinməlidir.
53. İddia ərizəsində iddiaçı 1162 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
54. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün ödənilməli məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir.
55. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
56. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
57. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilmişdir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
58. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
59. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
60. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır.
61. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları və 15000 manat məbləğində ödənişin yalnız iddia məhkəmə icraatında olarkən ödənildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 1162 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
62. Məhkəmə yuxarıda qeyd olunan mövqeyinə (§45-52) əsasən belə nəticəyə gəlir ki, müqavilənin ləğvi tarixinə cavabdehin əsas məbləğ üzrə borcu 17811,5 manat, mükafat məbləği üzrə borcu 3981 manat, cərimə edildiyi məbləğ isə 1162 manat təşkil etdiyindən 7954,5 (17811,5 + 3981 + 1162 - 15000) manat lizinq ödənişi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
63. İddiaçı ödənilmiş 440 manat dövlət rüsumunun, 270 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş edir.
64. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-00742 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödənmişdir.
65. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, 40 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
66. İş materiallarına əlavə edilən **********-13003 nömrəli qəbzdən görünür ki, 270 manat məbləğində pul “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosuna ödənmişdir.
67. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
68. Mülki Prosessual Məcəllənin 108.1 və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir.
69. Həmin Məcəllənin 112.1 və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir.
70. “Dövlət rüsumu haqqında” Qanunun 8.1 və 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir.
71. Hazırda iddianın qiymətinə (94820,22 manata) uyğun dövlət rüsumunun məbləği 374,5 manat təşkil etdiyindən və “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğundan 40 manat dövlət rüsumu artıq ödənilmişdir.
72. Mülki Prosessual Məcəllənin 115.0, 115.0.6 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
73. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
74. Göründüyü kimi, kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
75. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
76. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
77. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
78. Məhkəmə Mülki Prosessual Məcəllənin 119 və 121-ci maddələrinə uyğun olaraq 15 000 manat ödənişin yalnız iş üzrə məhkəmənin baxış iclası keçirildikdən sonra ödənildiyini və iddiaçının məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq hesab edir ki, müvafiq ödənişlər edilənədək təsdiq edilən borc (əsas məbləğ üzrə 17811,5 manat, mükafat məbləği üzrə 3981 manat, cərimə üzrə 1162 manat) əsasında və ödənilmiş 40 manat dövlət rüsumu nəzərə alınmadan məhkəmə xərcləri bölüşdürülməlidir.
79. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan 270 manat məbləğində pulun ağlabatan olduğunu, təmin olunmuş tələblərin nisbətini nəzərə alaraq hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 97 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 270 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, mediasiya xərci qalan hissədə iddiaçıya aid edilməlidir.
V. Nəticə:
80. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 7954 (yeddi min doqquz yüz əlli dörd) manat 50 (əlli) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 97 (doxsan yeddi) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 270 (iki yüz yetmiş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova