Məhkəmə qərarları › İş №e-2-2(113)-267/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-267/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-267/2023 20.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: satınalma, podrat, borcun tutulması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X3, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar 951.895,53 manat əsas borcun, 117.071,26 manat ƏDV borcunun, 405 manat mediasiya xərcinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 842 manatın, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 212 manatın, cəmi 1.070.425,79 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı cavabdehdən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar əlaqədar 806691,13 əsas borcun, 145.204,40 manat ƏDV borcunun, 405 manat mediasiya xərcinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 842 manatın, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 212 manatın, cəmi 953.354,53 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar 806691,13 əsas borcun, 90.934,40 manat ƏDV borcunun, 405 manat mediasiya xərcinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 842 manatın, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 212 manatın, cəmi 899.084,53 məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar 951.895,53 manat əsas borcun, 117.071,26 manat ƏDV borcunun, 405 manat mediasiya xərcinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 842 manatın, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 212 manatın, cəmi 1.070.425,79 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 25 yanvar 2021-ci il tarixli, 25-01/21/ nömrəli satınalma müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən “Sifarişçi”, yəni cavabdeh cədvəldə göstərilən malların satın alınması üçün “İcraçı”nın, yəni iddiaçının 2940,647,32 manat məbləğində təklifini qəbul etmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən “Sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “İcraçı”dan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.8-ci bəndinə əsasən “Sifarişçi” müqavilə üzrə göndərilmiş malların təxirəsalınmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişləri) “Sifarişçi” tərəfindən müqavilənin şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə “İcraçı”nın təqdim etdiyi sənədlər əsasında ən qısa müddət ərzində, Lakin 15 bank günündən gec olmamaq şərtilə aparılır. Həmin müqavilənin 22.2-ci bəndinə əsasən mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinə əsasən həll edilməlidir. 29 iyul 2021-ci il tarixində iddiaçı ilə cavabdeh arasında eyni şərtlərlə 87/21 nömrəli satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq etmişlər ki, “Sifarişçi” layihə üzrə ümumi sahəsi 3557,16 kv metr olmaqla, metal konstruksiyalı, sendviç paneldən, modul tipli yaşayış kompleksi binalarının quraşdırılması üçün “İcraçı”nın 1715572,50 manat məbləğində təklifini qəbul etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında eyni şərtlərlə 3 nömrəli podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq etmişlər ki, “Sifarişçi” layihə üzrə ümumi sahəsi 7551,6 kv metr olmaqla, yüngül konstruksiyalı, sendviç paneldən, modul tipli 8 (səkkiz) ədəd yaşayış binasının, qazanxana binasının və talvar tipli avtomobil dayanacağınınn quraşdırılması üçün “İcraçı”nın 3108797,04 manat məbləğində təklifini qəbul etmişdir. Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaiməfaktura sistemindən çıxarılmış elektron-qaimə fakturalarla təsdiq edilir ki, həmin müqavilələr üzrə cavabdeh tərəfindən ödənilməmiş borc məbləği olaraq ******* manat (1 971 895,53 manat əsas məbləğ+354941.25 manat ƏDV) borcu vardır. Sonradan cavabdeh tərəfindən həmin borcların bir qismi ödənilmiş, nəticədə hazırki hal üçün 951895,53 manat ödənilməmiş pul məbləği qalmışdır. Cavabdehə şifahi pretenziya qaydasında dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qalıq borcunu ödəməkdən imtina edir. Cavabdeh tərəfindən yaranmış borcun ödənilməməsi iddiaçının da, dövlət ödənişlərinin digər hüquqi və fiziki şəxlər qarşısında öhdəliklərinin vaxtında həyata keçirilməməsinə, o cümlədən işlərinin icrasında böyük çətinliklər yaradır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdeh 170.000 manat iddiaçıya pul ödəmişdir, lakin aralarında olan münasibətlərə görə həmin pulu tələb etməmişlər. Cavabdeh 8 binaya görə avans ödəmişdir. Aralarında olan mübahisə anlaşılmazlıq nəticəsində olmuşdur. İddia tələbini 270.651 manat hissədə qəbul edir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin 270.651 manat məbləğə münasibətdə təmin edilməsini, iddianın qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin 270.651 manat məbləğə münasibətdə təmin edilməsini, iddianın qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

11. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 25 yanvar 2021-ci il tarixli, 25-01/21/ nömrəli satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh cədvəldə göstərilən malların satın alınması üçün iddiaçının 2.940.647,32 manat məbləğində təklifini qəbul etmiş, cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların iddiaçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Sonra iddiaçı ilə cavabdeh arasında 29 iyul 2021-ci il tarixli 87/21 nömrəli satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh layihə üzrə ümumi sahəsi 3557,16 kv metr olmaqla, metal konstruksiyalı, sendviç paneldən, modul tipli yaşayış kompleksi binalarının quraşdırılması üçün iddiaçının 1715572,50 manat məbləğində təklifini qəbul etmişdir. Daha sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 3 nömrəli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh layihə üzrə ümumi sahəsi 7551,6 kv metr olmaqla, yüngül konstruksiyalı, sendviç paneldən, modul tipli 8 (səkkiz) ədəd yaşayış binasının, qazanxana binasının və talvar tipli avtomobil dayanacağınınn quraşdırılması üçün iddiaçının 3108797,04 manat məbləğində təklifini qəbul etmişdir. İddiaçı tərəfindən işlər icra edilmiş, cavabdeh tərəfindən qəbul edilmişdir.

13. Məhkəmə qeyd edir ki, tərəflər işlərin icra edilməsini mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız icra edilmiş işlərin dəyəri barədədir. Mübahisənin mahiyyətini göstərilən icra edilmiş işlərin dəyərinə dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdeh bu dəyərin 270.651 manat, iddiaçı isə 897.625,53 manat (806691,13 əsas, 90934,40 manat ƏDV) təşkil etdiyini bildirir (sonradan iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmiş və tələb ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğinə uyğunlaşdırılmışdır). Ona görə də mübahisənin düzgün həll edilməsi üçün bağlanmış 25 yanvar 2021-ci il tarixli, 25-01/21 nömrəli və 29 iyul 2021-ci il tarixli 87/21 nömrəli satınalma müqavilələri və xx.xx.2021-ci il tarixli 3 nömrəli podrat müqaviləsi üzrə bütün ödənişlər nəzərə alınmaqla Cavabdeh əsas və ƏDV borcları üzrə borc qalığının nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1576 saylı ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə, təqdim edilmiş bank hesabından çıxarış, ödəniş tapşırıqları, ƏDV SUB-Uçot hesabından çıxarış, elektron qaimə məlumatlarına əsasən "Fayton LTD” MMC ilə "Global Technical Services-Azerbaijan” MMC arasında rəsmiləşdirilmiş müqavilələr üzrə aparılan ödənişlər və görülmüş işlərin dəyəri nəzərə alınmaqla, "Global Technical Services-Azerbaijan” MMCnin "Fayton LTD” MMC-nə olan borcunun 1.068.966,79 manat, o cümlədən əsas məbləğ üzrə 951.895,53 manat (5.620.199,81 - 4.668.304,3), ƏDV üzrə 117.071,26 manat (1.011.635,97-894.564,71) təşkil etdiyi müəyyən edilmişdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

15. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

17. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin icra edilmiş işlərin dəyəri ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur.

18. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli, 25- 01/21 nömrəli və 29 iyul 2021-ci il tarixli 87/21 nömrəli satınalma və xx.xx.2021-ci il tarixli 3 nömrəli podrat müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə ödəniş bank hesabından çıxarışın, ödəniş tapşırıqlarının, ƏDV SUB-Uçot hesabından çıxarışın, elektron qaimələrin, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarının, eyni zamanda ekspert rəyinin müqayisəli təhlilindən görünür ki, iddiaçı müqavilələr üzrə öhdəliylərini yerinə yetirmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Belə olan halda isə bu, iddiaçıya sözügedən müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

19. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ödənilməmiş borcun tələb edilməsində əsaslıdır və iddia təmin edilməlidir.

20. Məhkəmə vəkilin göstərdiyi yardıma görə 212 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir.

21. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 405 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 29308 saylı qəbzdən və xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 405 manat məbləğində pul Bakı 2 saylı Mediasiya təşkilatına ödənilmişdir.

23. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehndən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar 951.895,53 manat əsas borc, 117.071,26 manat ƏDV borcu, 405 manat mediasiya xərci, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 842 manat, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 212 manat, cəmi 1.070.425,79 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərcləri Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X5, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar