Məhkəmə qərarları › İş №e-2-2(113)-2672/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2672/2020

03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2672/2020 03.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “X4 İnvestisiya korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) cavabdeh “X4 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə (“X4 İnvestisiya Korporasiyası” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24/C saylı avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilə üzrə göstərilmiş xidmətlərə görə 5403,24 (beş min dörd yüz üç manat iyirmi dörd qəpik) manat borc məbləği, hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5%-i həcmində cərimə kimi 7834,04 (yeddi min səkkiz yüz otuz dörd manat dörd qəpik) manat vəsait və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 13267,28 manat (on üç min iki yüz altmış yeddi manat iyirmi səkkiz qəpik) pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24/C saylı avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqaviləyə əsasən sifarişçi "X4 İnvestisiya Korporasiyas" ASC-yə məxsus avtonəqliyyat vasitələrinə "İddiaçı" MMC tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. Müqavilənin 1.1-ci bəndinə əsasən "İcraçı" öz üzərinə sifariş əsasında "Sifarişçi"nin avtonəqliyyat vasitəsinə servis və texniki xidmət göstərməyə dair öhdəlik götürür, "Sifarişçi" isə görülmüş işi qəbul edir və hazırki Müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən "Sifarişçi" ödənişləri "İcraçı"nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən "Sifarişçi" göstərilən xidmətlərə görə ödənişi "İcraçı" tərəfindən hesab-faktura təqdim edildikdən 10 (on) iş günündən gec olmayaraq aparmalıdır. “X4 İnvestisiya Korporasiyası” ASC-yə məxsus **-PL-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Transporter" markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixdə, **-AA-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Passat" markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020-ci il tarixlərində göstərilmiş xidmətlərin dəyəri, ƏDV daxil ümumilikdə 5403,24 (beş min dörd yüz üç manat iyirmi dörd qəpik) manat təşkil etmiş, cavabdehə həmin borclarla bağlı hesab-faktura və e-qaimələr göndərilməsinə baxmayaraq, cavabdeh borclu olduğu məbləği hal hazıradək ödəməkdən yayınmışdır. Belə ki, **-PL-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Transporter" markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 3368,91 (üç min üç yüz altmış səkkiz manat doxsan bir qəpik) manat, **-AA-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Passat" markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 476,73 (dörd yüz yetmiş altı manat yetmiş üç qəpik) manat, xx.xx.2019-cu il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 1380,60 (bir min üç yüz səksən manat altmış qəpik) manat və xx.xx.2020-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 177 (bir yüz yetmiş yeddi) manat təşkil etmişdir. Qeyd olunan mübahisənin həlli məqsədi ilə xx.xx.2020-ci il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və cavabdehə ödəniş olunmadığı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmiş, lakin cavabdeh tərəfindən hal hazıradək heç bir ödəniş olunmamışdır. "İddiaçı" MMC ilə cavabdeh "X4 İnvestisiya Korporasiyası" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24/C saylı avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilənin 5.4-cü maddəsinə əsasən "Sifarişçi" təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5%-i həcmində cərimə ödəyir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, cavabdeh “X4 İnvestisiya Korporasiyası” ASC-dən 5403,24 (beş min dörd yüz üç manat iyirmi dörd qəpik) manat borcdan əlavə, xx.xx.2018-ci il tarixli, 24/C saylı avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilənin 5.4-cü maddəsini rəhbər tutaraq yaranmış borclara hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5%-i həcmində cərimə kimi hesablanan ümumilikdə 7834,04 (yeddi min səkkiz yüz otuz dörd manat dörd qəpik) manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda mübahisə predmetini təşkil edən iddia ərizəsi tam əsassızdır və rədd olunmalıdır. İddia ərizəsinin əsassız olmasını sübuta yetirən hallar (sənədlər və s.) aşağıdakılardan ibarətdir. “İddiaçı" MMC ilə "X4 İnvestisiya Korporasiyası" ASC arasında xx.xx.2018-ci il tarixli, 24/C saylı avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində qeyd olunur ki, icraçı öz üzərinə sifariş əsasında silarişçinin avtonəqliyyatına servis və texniki xidmət göstərməyə dair öhdəlik götürür. Sifarişçi görülmüş işi qəbul edir və hazırkı müqavilənin şərtlərinə əsasən onu vaxtında ödəməyi öz üzərinə götürür. İddiaçı iddia ərizəsində qeyd olunan görülən işlərlə bağlı sifarişçinin sifarişini təsdiq edən sənədləri, eləcə də həmin görülmüş işlərin sifarişçi tərəfindən qəbul edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində qeyd olunan və müqavilə üzrə görülən işlərin müqabilində müəyyən etdiyi 5403,24 (beş min dörd yüz üç manat iyirmi dörd qəpik) manat məbləğin haradan meydana gəldiyini izah edəcək sübut təqdim etməmişdir. Belə ki, görülən işlərin dəyəri qarşılıqlı şəkildə razılaşdırılmalı və sifarişçi tərəfindən qəbul edildikdən sonra işlər görülüb təhvil verilməli idi. Bundan sonra görülən işlərə görə ödəniş aparıla bilərdi. Əsas məbləğin haradan meydana gəldiyi müəyyən olunmadığına görə ona hesablanan cərimədən söhbət gedə bilməz. İddiaçıya borcu yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş İddiaçı” MMC və “X4 İnvestisiya Korporasiyası” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24/C saylı avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilədən görünür ki, sifarişçi "X4 İnvestisiya Korporasiyas" ASC-yə məxsus avtonəqliyyat vasitələrinə "İddiaçı" MMC tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24/C saylı Müqavilənin 1.1-ci bəndinə əsasən "İcraçı" öz üzərinə sifariş əsasında "Sifarişçi"nin avtonəqliyyatına servis və texniki xidmət göstərməyə dair öhdəlik götürür, "Sifarişçi" isə görülmüş işi qəbul edir və hazırki Müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür; 4.1-ci maddəsinə əsasən "Sifarişçi" ödənişləri "İcraçı"nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir; 4.2-ci maddəsinə əsasən "Sifarişçi" göstərilən xidmətlərə görə ödənişi "İcraçı" tərəfindən hesab-faktura təqdim edildikdən 10 (on) iş günündən gec olmayaraq aparmalıdır. İşin yuxarıda göstərilən hallarından görünür ki, İddiaçı MMC ilə cavabdeh “X4 İnvestisiya Korporasiyası” ASC arasında xx.xx.2018-ci il tarixli, 24/C saylı avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirdiyini bildirərək, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyini iddia edərək, xidmət haqqı borcunun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən tələbini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının tələbinin hüquqi əsasını təşkil edən bu sübutların təqdim edilməsi halında cavabdeh tərəfindən ödənişlərin edilib-edilməməsi müəyyən oluna bilər. Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaya etiraz etmişdir. İddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi təmir kartı, maliyyə arayışı və s. yalnız iddiaçının özü tərəfindən imzalandığından, həmin sənədlər tələbi təsdiq edən sübut qismində qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar