Məhkəmə qərarları › İş №e-2-2(113)-268/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-268/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-268/2022 10.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X3 Cavabdeh MMC-yə qarşı müqavilə üzrə pul tələbi barədə iddiası üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 51.194,37 (əlli bir min bir yüz doxsan dörd manat otuz yeddi qəpik) manat pulun İddiaçı İKF-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bağlanmış alqı-satqı müqavilələrinə əsasən cavabdehə mallar təhvil verilmişdir. Lakin təqdim edilmiş malların dəyəri ödənilmədiyi üçün 23.12.2020-ci il tarixə cavabdehin ƏDV daxil 51194,37 manat borcu qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, cavabdehdən 51.194,37 (əlli bir min bir yüz doxsan dörd manat otuz yeddi qəpik) pulun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 1 ədəd manifoldlu 16 ədədli səbət setinin (15.810 manat dəyərində) və ona məxsus 1 ədəd 16 ədədli 2 çıxışlı manifold birləşdiricisinin (1.445 manat), 2 ədəd 50 litrlik 200 BAR təzyiqli balonun (2 X 595 = 1.100 manat dəyərində), 58 ədəd 40 litrlik 150 BAR təzyiqli balonun (58 X 340 = 19.720 manat dəyərində) həmin əşyalar olmadıqda isə onların dəyərinin, yəni 38.075 (otuz səkkiz min yetmiş beş) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən bəzi balonlar boş vəziyyətdə qaytarılmış, bununla bağlı qaimələr e-mehkeme sisteminə yüklənmişdir. Yekun olaraq cavabdehdə 1 ədəd manifoldlu 16 ədədli səbət seti (15.810 manat dəyərində), 1 ədəd 16 ədədli 2 çıxışlı manifold birləşdirici (1.445 manat), 2 ədəd 50 litrlik 200 BAR təzyiqli balon (2 X 595 = 1.100 manat dəyərində), 58 ədəd 40 litrlik 150 BAR təzyiqli balon (58 X 340 = 19.720 manat dəyərində) qalmışdır. Boş balonların dəyəri tərəflər arasında bağlanmış müqaviləyə əlavədə razılaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, məhkəməyə izahatında qeyd etdi ki, İddiaçı İKF iddia ərizəsində tərəflər arasında bağlanmış müqavilə əsasında Cavabdeh MMC-yə müxtəlif çeşidli mallar verildiyini iddia edir. Ancaq, malın təhvil verildiyini sübut edən təhvil-təslim aktı da məhkəməyə təqdim olunmayıb. Müqavilənin 2.1-ci maddəsinə əsasən alıcıya faktiki təhvil verilən malın həcmi, çəkisi və ya ölçüsünə uyğun təhvil-təslim aktı tərtib olunur. Yalnız bu akta əsasən alıcıya təhvil verilmiş mala görə alıcı haqq ödəyir. Həmin müqavilənin 4.1-ci bəndində razılaşdırılıb ki, malın təhvil verilməsi anı satıcı və alıcı arasında təhvil-təslim aktı tərtib edilir və bu aktın tərtib edilməsi ilə alıcı malı təhvil almış hesab edilir. Göründüyü kimi, satıcının malı təhvil verməsi sübut olumayıb. Bundan əlavə müqavilədə nə qədər mal satıldığı və malın çeşidləri barədə də heç bir məlumat mövcud deyildir. Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Çinar Servis” İKF isə malın alıcıya təhvil verildiyini sübuta yetirməmişdir. “Çinar Servis” İKF məhkəməyə üzləşmə aktı təqdim edib. Bu akt, Mülki Məcəllənin heç bir maddəsinə əsasən, qarşı tərəfdə öhdəlik yaranması faktını təsbit etmir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin yaranması üçün müqavilə olmalıdır. Tərəflər arasındakı müqavilədə isə üzləşmə aktından bəhs olunmayıb və onun öhdəlik yaratdığı qeyd olunmayıb. Ümumiyyətlə, heç bir qanunvericilikdə üzləşmə aktına görə öhdəliyin yaranması barədə qeyd yoxdur. Üzləşmə aktının forması və tətbiqi barədə icra hakimiyyətinin qərarı mövcud deyildir. Digər tərəfdən, üzləşmə aktında hansı sənədlərin üzləşdirildiyi və icra müddəti də qeyd olunmayıb. Aktda baş mühasibin imzası yoxdur. Aktın əsli məhkəməyə təqdim olunmayıb. Üzləşmə aktında hansı sənədlərin üzləşdirildiyi barədə məlumat yoxdur. Çox güman ki, elektron qaiməfakturada yazılanlar, hər iki tərəfin nümayəndələri tərəfindən üzləşdirilmişdir. Yəni, eyni bir sənədin, hər iki tərəfin nümayəndəsi tərəfindən üzləşdirilməsi ən azından naşılıqdır, ona görə ki, bir sənədə baxan hər iki tərəf eyni rəqəmləri görəcək. Təhvil-təslim aktı bu sənədlərlə üzləşdirilə bilərdi, o şərtlə ki, qanunvericilikdə və ya ən azından müqavilədə belə bir şərt nəzərdə tutulmuş olsa idi. Mülki Prosesual Məcəllənin 43.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq normaları olmalıdır. İddiaçı isə üzləşmə aktını hansı hüquq normasına əsasən sübut kimi təqdim etdiyini ərizəsində göstərməyib. Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələbinin və etirazının əsası kimi, istinad etdiyi halları sübut etməlidir. Ancaq, iddiaçı üzləşmə aktının hansı hüquqi normaya əsasən öhdəlik yaratdığını sübuta yetirməmişdir. Mülki Prosesual Məcəllənin digər 14.2-ci maddəsində isə təsbit olunub ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Üzləşmə aktı, malların alıcıya təhvil verildiyini sübut etmir, əksinə, malların alıcıya çatdırılacağı təqdirdə, satıcının tərtib etdiyi faktura və qaimələrdə satıcının alıcıya nə qədər ödəniş təklif etdiyini bildirilir. Üzləşmə aktı yalnız, satıcı tərəfindən, birtərəfli qaydada tərtib olunan və ödəniş təklifindən başqa bir şey olmayan, icrası məcburi olmayan, hesabfaktura və elektron qaimə əsasında aktlaşdırılıb və bir sənəddə yazılan rəqəm özü ilə “üzləşdirilib”. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı İKF “satıcı” Cavabdeh MMC “alıcı” olmaqla imzalanmış 10.03.2020-ci il tarixli 59 saylı alqı-satqı müqaviləsinə əsasən sifariş olunmuş mal (Texniki qazlar) yazılı sifarişdən sonra 48 saat ərzində “satıcı”ya məxsus olan balon va avadanlıqlarda “alıcı”-ya təhvil verilir. Malların (Texniki qazların) texniki şərtləri va spesifikasiyalari müqaviləyə əlavə olunmuş tərəflər arasında “X2”-nda göstərilmişdir. 1.2-ci bəndə əssaə “alıcı” öz növbəsində boş balonların və avadanlıqların qaytarılmasına zəmanət verir. Qaytarılmayan hər bir ədəd balon və ya avadanlıq üçün balon və avadanlığın dəyəri miqdarında təzminat ödənməlidir. Avadanlığın dəyəri qiymətləri müqaviləyə əlavə olunmuş və tərəflər arasında razılaşdırılmış “X1 Protokolu”-na əsasən müəyyən edilir. 2.1-ci bəndə əsasən alıcıya faktiki təhvil verilən malın həcmi, çəkisi və ya ölçüsünə uyğun təhvil- təslim aktı tərtib olunur. Yalnız bu akta əsasən alıcya təhvil verilmiş mala görə alıcı haqq ödəyir. Alıcının təhvil-təslim aktı ilə satıcıdan aldığı malın, sifarişə əsasən keyfiyyəti və ya kəmiyyəti aşağı olduqda, mallara görə Satıcının ödəniş tələb etmək ixtiyarı yoxdur. Ödəniş etmək üçün satıcı alıcıya təhvil-təslim aktı və hesab-fakturaları təqdim etməlidir. 2.2-ci bəndə əsasən ödənişlər satıcının təqdim edəcəyi ödəniş sənədlərinə əsasən həmin sənədlər təqdim edildiyi gündən 7 ( yeddi) iş günü ərzində nəğd və ya köçürmə şəklində aparılır. İddiaçı İKF və Cavabdeh MMC arasında imzalanmış 23.12.2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən Cavabdeh MMC-nin 51.194,37 manat məbləğində borcu qeyd olunmuşdur. İddiaçı İKF “təchizatçı” olmaqla müxtəlif tarixlərdə tərtib edilmiş aktlara əsasən müxtəlif çeşiddə məhsullar Cavabdeh MMC adına göndərilmişdir. 03 dekabr 2021-ci il tarixində tərtib edilmiş qaimələrə əsasən Cavabdeh MMC adından "xxxx" MMC-yə boş balonlar təhvil verilmişdir. 10 mart 2020-ci il tarixli 59 saylı müqavilə əsasında tərtib edilmiş qiymətlərin razılaşma protokollarına əsasən müqavilədə nəzərdə tutulmuş malların qiymətləri tərəflər arasında razılaşdırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdeh tərəfindən, iddiaçının təhvil verdiyi mallar üzrə borcu yaranmışdır. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin müqavilə üzrə təhvil verilmiş avadanlıqların geri qaytarılmasına münasibətdə qeyd edir ki, cavabdeh müqavilə üzrə boş balonların və avadanlıqların geri qaytarılmasına zəmanət vermiş, əks halda qaytarılmayan hər bir balon və ya avadanlığın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından isə görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 51.194,37 (əlli bir min bir yüz doxsan dörd manat otuz yeddi qəpik) manat, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 15.810 manat dəyərində 1 ədəd manifoldlu 16 ədədli səbət seti və ona məxsus 1.445 manat dəyərində 1 ədəd 16 ədədli 2 çıxışlı manifold birləşdiricisi, 1.100 manat dəyərində 2 ədəd 50 litrlik 200 BAR təzyiqli balonu, 19.720 manat dəyərində 58 ədəd 40 litrlik 150 BAR təzyiqli balonu tutularaq İddiaçı İKF-yə verilməli, qeyd olunan avadanlıq və balonlar olmadıqda onları dəyəri olaraq 38.075 (otuz səkkiz min yetmiş beş) manat Cavabdeh MMC-dən İddiaçı İKF-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 51.194,37 (əlli bir min bir yüz doxsan dörd manat otuz yeddi qəpik) manat, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 15.810 manat dəyərində 1 ədəd manifoldlu 16 ədədli səbət seti və ona məxsus 1.445 manat dəyərində 1 ədəd 16 ədədli 2 çıxışlı manifold birləşdiricisi, 1.100 manat dəyərində 2 ədəd 50 litrlik 200 BAR təzyiqli balonu, 19.720 manat dəyərində 58 ədəd 40 litrlik 150 BAR təzyiqli balonu tutularaq İddiaçı İKF-yə verilsin. Qeyd olunan avadanlıq və balonlar olmadıqda onları dəyəri olaraq 38.075 (otuz səkkiz min yetmiş beş) manat Cavabdeh MMC-dən İddiaçı İKF-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar