Məhkəmə qərarları › İş №e-2-2(113)-2680/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2680/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2680/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı “Finaswiss Trading” SA-nın Cavabdeh QSC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı “Finaswiss Trading” SA-nın Cavabdeh QSC-yə qarşı müqavilə üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Cenevrə Kommersiya Reyestrindən çıxarışdan görünür ki, “Finaswiss Trading” SA səhmdar şirkət kimi xx.xx.2010-cu il tarixdə qeydə alınıb.

2. “Finaswiss Trading” SA (satıcı) ilə Cavabdeh QSC (alıcı) arasında 01 noyabr 2019cu il tarixli, FİNT-35119 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müxtəlif odadavamlı materialları, bundan sonra «Mallar» adlandırılacaq bu Müqavilənin tərkib hissələri sayılan əlavələrində göstərilmiş texniki xarakteristikalara, miqdarlara və qiymətlərə uyğun olaraq Satıcı Alıcıya təchiz etməyi, Alıcı isə onlan qəbul edib, qiymətini Satıcıya ödəməyi öz öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən malların Qiyməti bu Müqavilənin əlavələrində göstəriləcək və Tərəflər bu Müqaviləsi qəbul etdiyi tarixdən etibarən dəyişdirilməyəcəkdir. 3.2-ci bəndinə əsasən bu müqavilənin ümumi dəyəri 1 nömrəli Əlavəyə əsasən 520.000 (±10%) ABŞ dolları təşkil edir. 3.3-cü bəndinə əsasən ödəniş tarixi “alıcının» Bankından bank köçürməsinin SWİFT təsdiqi ilə təsdiqlənən tarix hesab ediləcəkdir. 3.4-cü bəndinə əsasən bütün bank xərcləri aşağıda göstərilən qaydada ödənilməlidir: - Alıcının bankının xərcləri - Alıcı tərəfindən; - Bütün digər xərclər, o cümlədən, müxbir bankların xərcləri - Satıcı tərəfindən, 4.1-ci bəndinə əsasən ödəniş aşağıda göstərilən qaydada həyata keçiriləcəkdir a) 30% avans ödəniş aşağıda göstərilən sənədlər əldə etdikdən sonra bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir: - İmzalanmış müqavilə - Satıcının Hesabı b) Hər partiyanın 50% avans ödənişi Satıcı tərəfdən Malın göndərişə hazır olması bildirişi əldə etdikdən sonra bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir: - Satıcının Hesabı c) Hər partiyanın qalıq 20% avans ödənişi aşağıda göstərilən sənədlər əldə etdikdən sonra bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir: - Satıcısın Hesabı - Qablaşdırma vərəqəsi - Keyfiyyət Sertifikatı - Ticarət Palatası tərəfindən verilmiş Mənşə Sertifikatı - SMR/Dəmir yol qaiməsi - Export beyannəməsi 4.2-ci bəndinə əsasən müqavilənin Başlanma tarixi aşağıdakı hərəkət icra edildiyi tarixdir: - X3 tərəfindən qəbul edilmişdir. 4.3-cü bəndinə əsasən bu müqavilənin tarixindən etibarən 1 (bir) il ərzində Başlanma Tarixi baş vermədiyi halda hər bir Tərəf digər Tərəfə göndərilən məktubla müqavilədən heç bir məsuliyyət və cavabdehlik olmadan çıxmaq hüququna malikdir. 6.4-cü bəndinə əsasən alıcı 4.1-ci bənddə göstərilən vaxt ərzində ödəməni həyata keçirtmədiyi halda, hesab üzrə vaxtında ödənilməyən məbləğin hər gecikdirilən gün üçün 0,03%-ni təşkil edən cəriməni satıcının hesabına ödəməlidir, cərimənin məbləği müqavilənin ümumi məbləğindən 3% artıq olmayacaq. 8.1-ci bəndinə əsasən satıcı və alıcı hazırkı Müqavilədən meydana çıxan bütün mübahisələri və fikir ayrılıqlarını dostcasına yoluna qoymaq üçün bütün mümkün tədbirləri götürəcəklər. Danışıqlar yolu itə mübahisələrdə razılığa nail olunmadıqda, hazırkı Müqavilənin icrası ərzində meydana çıxa bilən istənilən münaqişələr, ixtilaflar və ya mübahisəli vəziyyətlərə cavabdehin ölkəsinin məhkəməsində baxılacaq. Məhkəmənin qanuni qərarı tərəflərin hər ikisi üçün sonuncudur və icbaridir. Tətbiq olunan qanun cavabdehin (müttəhimin) ölkəsinin qanunvericiliyidir. 9.3-cü bəndinə əsasən bu müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir və mal göndərişlərinə və ödənişlərə uyğun olaraq tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirənədək qüvvədə qalacaqdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. 01 noyabr 2019-cu il tarixli, FİNT-35119 saylı müqavilənin xx.xx.2019-cu il tarixli 1 saylı əlavəsinə (qiymətlərin razılaşdırılma protokoluna) əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların adı (Qrafit Elektrodlar), miqdarı (200 ton) və qiyməti (1 tonun qiyməti 2.600 ABŞ dolları olmaqla, ümumilikdə 520.000 ABŞ dolları olaraq) razılaşdırılmışdır. Həmin əlavəyə əsasən 100 ton ilk partiya miqdarı 30% avans ödənişi alındıqdan sonra 20 gün ərzində Çinə göndərilməyə hazır olmalıdır, 100 ton ikinci partiya dekabr 2019-yanvar 2020-ci il ərzində Çinə göndərilməsi üçün hazır olmalıdır. 1 saylı əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. xx.xx.2019-cu il tarixli 191107 nömrəli proforma qaiməsindən (proforma invoice) görünür ki, satıcı “Finaswiss Trading” SA tərəfindən (alıcı Cavabdeh QSC) təqdim edilmiş malların (200 ton Qrafit Elektrodlar) ümumi dəyəri 520.000 ABŞ dolları təşkil edir. (30% avans ödəniş 156.000 ABŞ dolları, ikinci ödəniş (50%) 260.000 ABŞ dolları və üçüncü ödəniş (20%) 104.000 ABŞ dolları)

5. 19C1304A0363/00004 nömrəli mənşə sertifikatından görünür ki, miqdar netto çəkisi 198946 kq olan (136 pallet) malların (Qrafit Elektrodlar) mənşə ökəsi Çin Xalq Respublikası, ixracatçısı “Finaswiss Trading” SA, yükalan isə Cavabdeh QSC-dir.

6. 17.12.2019-cu il tarixli (Credit Suisse) ödəniş sənədindən görünür ki, 01 noyabr 2019-cu il tarixli, FİNT-35119 saylı qarfit elektrod müqaviləsi üzrə ödəniş olan 78.000 ABŞ dolları pul vəsaiti Cavabdeh QSC tərəfindən “Finaswiss Trading” SA şirkətinin Cenevrədəki (İsveçrə) bank hesabına (Credit Suisse) köçürülmüşdür.

7. xx.xx.2020-ci il tarixli (Credit Suisse) ödəniş sənədindən görünür ki, 01 noyabr 2019-cu il tarixli, FİNT-35119 saylı qarfit elektrod müqaviləsi üzrə üzrə ödəniş olan 190.000 ABŞ dolları pul vəsaiti Cavabdeh QSC tərəfindən “Finaswiss Trading” SA şirkətinin Cenevrədəki (İsveçrə) bank hesabına (Credit Suisse) köçürülmüşdür.

8. Abbas Vəlizadə (AbbasV@bakusteel.com) ilə Vladislav Oxrimenko (mailto:vokhrimenlo@finaswiss.netElektron ünvan ) arasında aparılmış e-mail yazışmalarından görünür ki, Vladislav Oxrimenko xx.xx.2019-cu ildə Abbas Vəlizadəyə bildirir ki, “ödənişlərlə bağlı bütün məlumatları bir yerə toplayaraq, Sizdən Öhdəliklərin xronoloji ardıcıllığı ilə aşağıdakı məbləğin təsdiqini gözləyirik: 300,000 + 59,978,40 (1,433 p/o üçün hesablanmış) + 9,600 (nippel) +24,564,60 + 91,200 + 156,000 = 641,343 ABŞ dolları. Ödəniş və ödəniş tapşırığının surəti üçün əvvəlcədən təşəkkür edirik” və Abbas Vəlizadə isə xx.xx.2019-cu il tarixində Vladislav Oxrimenkoya bildirir ki, “Mən borcların və avans ödənişlərinin qalıqlarını yeniləmək istərdim. Müqavilə 34920 - Ümumi məbləğ - 3040*40.4023=122.822.992 ondan 92.000-i ödənilib, cəmi borc qalığı 30.822.992 təşkil edir. Müqavilə 35160 - Ümumi məbləğ - 3150*60.998=192.143.70 heç bir şey ödənilməmişdir, ümumi borc qalığı 192.143.70 təşkil edir. Müqavilə 35119 - Ümumi məbləğ - 520.000, ilk 100 ton üçün 30% avans - 78.000 ödənilib. Köhnə müqavilələr üzrə hər şey ödənilib. Bu gün üçün cəmi 30.882.992+192.143.70+78.000 = 301.026.692 dollar ödənilməlidir”.

9. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin gömrük bəyannamələri üzrə ümumi məlumatlardan görünür ki, Cavabdeh QSC tərəfindən 01 noyabr 2019-cu il tarixli FİNT-35119 saylı müqavilə üzrə 2020-ci il ərzində Çin Xalq Respublikasından (mal göndərən –X2 Colinzhang County, “Finaswiss Trading” SA-nın tapşırığı ilə) ölkə ərazisinə 199.586 kq ( təxminən 200 ton) ümumi dəyəri 575.080,80 ABŞ dolları olan qrafit elektrodlar idxal olunmuş və müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirilməklə sərbəst dövriyyəyə (xx.xx.2020-ci il tarixdə) buraxılmışdır. 10.16.12.2019-cu il tarixli Azərbaycan Beynəlxalq Bankının (ABB) ştampı ilə təsdiq edilmiş debit haqqında bildiriş (ödəniş tapşırığı) ilə təsdiq edilir ki, Cavabdeh QSC tərəfindən 78.000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür.

11. 13.02.2020-ci il tarixli Azərbaycan Beynəlxalq Bankının (ABB) ştampı ilə təsdiq edilmiş debit haqqında bildiriş (ödəniş tapşırığı) ilə təsdiq edilir ki, Cavabdeh QSC tərəfindən 190.000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. 12.“Finaswiss Trading” SA tərəfindən Cavabdeh QSC-yə xx.xx.2021-ci il tarixli rəsmi bildiriş məktubu ünvanlanaraq cəmi 264.859 ABŞ dolları borcun 10 gün içində ödənilməsi tələb edilmişdir. 13.Ekvita Konsaltinq MMC “Finaswiss Trading” SA adından Cavabdeh QSC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq 249.259,60 ABŞ dolları əsas borcun, 15.600 ABŞ dolları dəbbə pulun, 79.763,07 ABŞ dolları özgəsinin pul vəsaitini qanunsuz saxlanmasına görə hesablanmış faiz borcun cəmi 344.622,67 ABŞ dolları borcun 10 təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət etmək və məhkəmə xərclərini tələb etmək hüququna malik olduğunu bildirmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

14. İddiaçı “Finaswiss Trading” SA Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 249.259,60 ABŞ dolları əsas borcun, 15.600 ABŞ dolları dəbbə pulunun, 79.763,07 ABŞ dolları özgəsinin pul vəsaitini qanunsuz saxlanmasına görə hesablanmış faiz borcunun, keyfiyyətli hüquqi yardımın alınması üçün xərclənən 3.200 ABŞ dolları pulun, cəmi 347.822,67 ABŞ dolların və ödənilmiş 882 manat dövlət rüsumunun əvəzini Cavabdeh QSC-dən tutularaq iddiaçı “Finaswiss Trading” SA-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Finaswiss Trading ilə X4 MMC arasında bağlanmış 01 noyabr 2019-cü il tarixli FİNT-35119 saylı Təchizat Müqaviləsinə əsasən Finaswiss Trading və Şirkət razılığa gəlmişlər ki, X1 müvafiq malları satacaq və daha sonra ikinciyə təhvil verəcək. Müqaviləyə edilmiş Əlavə №1-ə əsasən, iddiaçı Şirkətə göstərilən çesiddə 200 ton grafit elektrodları 520.000 ABŞ dolları məbləğinə satılmasını öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə ödəniş üç hissədən ibarət olmaqla aşağıda qeyd edilən qaydada baş verməli idi: Ümumi məbləğin 30 %-ini (yəni 156.000 ABŞ Dolları) yazılı Müqavilənin və Proforma hesab-fakturanın alındığından sonra; Ümumi məbləğin 50 %-ini (yəni 260.000 ABŞ Dolları) malların göndərilməyə hazır olduğu barədə bildirişin iddiaçı tərəfdən verilməsindən sonra; yekun 20 %-ini (yəni 104.000 ABŞ Dolları) Şirkətin kommersiya hesab-fakturanın, qaimənin, keyfiyyət sertifikatın, mənşə sertifikatın, CMR sənədin, ixrac bəyənnaməsinin alındığından sonra. Hal-hazıra kimi, Şirkət yalnız aşağıda qeyd edilən ödənişləri etmişdir: 156.000 ABŞ Dolları avans məbləğinin yalnız 78.000 ABŞ dolları – 7 noyabr 2019-cü il tarixdə; 260.000 ABŞ dolları məbləğinin yalnız 190.000 ABŞ Dolları – 23 dekabr 2019-cü il tarixdə; Yekun ödəniş kimi razılaşdırılan, yəni 104.000 ABŞ Dolları isə ümumiyyətlə hal-hazıra kimi ödənilməmişdir. İddiaçı cavabdehə ümumilikdə dəyəri 517.259,60 ABŞ Dolları olan malları təhvil vermişdir. Beləliklə, hal-hazırda cavabdehin iddiaçı qarşısında 249.259,60 ABŞ dolları əsas borcu mövcuddur (517.259,60 – 78.000 – 190.000 = 249.259,60) Bundan əlavə, Müqavilənin 6.4-cü bəndinə əsasən, Şirkət Müqavilənin 4.1-ci bənddə göstərilən vaxt ərzində ödəməni həyata keçirmədiyi halda, hesab üzrə vaxtında ödənilməyən məbləğin hər gecikdirilən gün üçün 0,03% təşkil edən dəbbə pulunu İKddiaçının hesabına ödəməlidir, ümumi dəbbə pulun məbləği Müqavilənin ümumi məbləğdən 3% artıq olmayaraq. Beləliklə, hal-hazırda Şirkətin iddiaçı qarşısında 15.600 ABŞ Dolları dəbbə pulu borcu vardır. Əlavə olaraq, AR Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, Müqavilə üzrə borcu ödənilməsini gecikdirilməsinə görə 2020-ci ilin yanvar (sonuncu ödəniş 2019-cü ilin dekabr ayına təsədüf edir) ayından etibarən bu günə qədər hesablanmış borc məbləğindən bank uçot dərəcəsi (8%) ilə hesablanmış faizlər – 79.763,07 ABŞ dolları faiz borcu da Şirkət tərəfdən iddiaçıya ödənilməlidir. İddiaçı özünün məhkəmə qarşısında təmsil edilməsi və keyfiyyətli hüquqi yardımın alınması üçün Ekvita Konsaltinq MMC-yə müraciət etmiş və ümumilikdə 3.200 ABŞ Dolları ödəmişdir. Yuxarıda qeyd edilənlər ilə əlaqədar iddiaçı tərəfindən şirkətə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə cavabdehə 04 mart 2024-cü il tarixdə pretenziya məktubu göndərilmiş, həmin pretenziya məktubu cavabdeh tərəfindən 05 mart 2024-cü il tarixdə qəbul edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərin icrasından hələ də yayınımaqdadır. Beləliklə, indiki halda cavabdeh müqavilə üzrə borcunu hələ də ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. 16.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 385, 386, 425, 442, 448, 449-cu maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

17.İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İddia müddətinin tətbiqi barədə ərizənin dəilləri

18. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

19. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edildiyi kimi Finaswiss Trading ilə Cavabdeh QSC (MMC) arasında 01 noyabr 2019cü il tarixli FİNT-35119 saylı təchizat müqaviləsi imzalanmışdır. Tərəflər arasında müqavilə münasibətləri olmuşdur və iddiaçı həmin müqavilədən irəli gələn öhdəliyin icra edilməməsini əsas gətirərək iddia tələbi irəli sürür. Müqavilənin 4.1-ci bəndinə əsasən məbləğin 100% avans ödəniş şəklində ödənilməsi nəzərdə tutulurdu. Bunlardan 1-ci 30% avans müqavilə imzalandıqdan, satıcının hesabı təqdim edildikdən sonra, 2-ci 50% X3nın hesabı təqdim edildikdən sonra, 3-cü, sonuncu 30% X3nın hesabı, qablaşdırma vərəqəsi, keyfiyyət sertifikatı, Ticarət Palatası tərəfindən verilmiş Mənşə sertifikatı, SMR/Dəmir yol qaiməsi, ixrac bəyannaməsi təqdim edildikdən sonra. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı malları qəbul edib qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının öz sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-ci il tarixli, 3-33/2-007519/2024 saylı cavab məktubuna əlavə edilmiş “Gömrük bəyannamələri üzrə ümumi məlumat”-ın “buraxılış tarixi” sütunundan göründüyü kimi, mallar xx.xx.2020-ci il tarixində cavabdehə buraxılmışdır. İddiaçı iddia ərizəsində, əlavə edilmiş məktub və pretenziyada da İddiaçı özü də qeyd edir ki, 2020-ci ilin yanvar ayında ödəniş aparılmalı idi, Müqavilə üzrə borcun ödənilməsini gecikdirilməsinə görə 2020-ci ilin yanvar ayından etibarən dəbbə pulunu və Mərkəzin Bankın uçot dərəcəsi ilə faizləri hesablamağa başlayaraq həmin məbləğləri Cavabdeh QSC-dən tələb edir. İddiaçı özünün də təqdim etdiyi sənədlərlə təsdiq etdiyi kimi sonuncu ödəniş 2020-ci ilin fevral ayında olmuşdur. Beləliklə, müqavilə tələbi üzrə iddia müddəti 3 illik iddia müddəti artıq 2023-cü ilin fevral ayının 13-də bitmişdir, iddiaçı isə iddia müddətini ötürərək 28 mart 2024-cü ildə, 4 il 1 ay sonra məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərildiyi kimi, müqavilələrdə göstərilən, öhdəliklərin icra tarixlərindən 4 (dörd) il 3 (üç) ay müddət keçdikdən sonra iddia verilmişdir.

d) İşdə iştirak edən şəxslər və onların izahatları

20.İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 21.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş, iddia müddətinin tətbiqi barədə ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

22. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

23. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

24. AR Mülki Məcəlləsinin: -372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2-ci, 377.3, 375.2-ci və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. - 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. - 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 25.AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. - 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: - 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; - 443.1.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. - 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 26.“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. - 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

28. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

29.Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. 30.Hazırkı mübahisə xarici elementli olduğundan (cavabdeh xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan) məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir. 31.Göstərilən məsələ ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, hazırkı iddia Azərbaycan hüquqi şəxsi Cavabdeh QSC ilə İsveçrədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olan “Finaswiss Trading” SA şirkəti arasında bağlanılmış 01 noyabr 2019-cu il tarixli, FİNT- 35119 saylı alqı-satqı müqaviləsindən irəli gələn tələblərindən ibarətdir. Həmin müqavilədə tərəflər müqavilədən irəli gələn mübahisələrin cavabdehin ölkəsinin məhkəməsində həll ediləcəyi barədə razılığa gəlmişlər. Hazırkı halda isə iş üzrə cavabdeh AR-də təsis edilmiş və fəaliyyət göstərən Cavabdeh QSC-dir. Odur ki, Bakı Kommersiya Məhkəməsi hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidir. 32.İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır. 33.Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər mübahisəli müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrə cavabdehin ölkəsinin hüququnun tətbiq edilməli olması barədə razılaşmışlar. Odur ki, hazırkı mübahisəyə Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir. 34.Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Finaswiss Trading” SA şirkəti ilə Cavabdeh QSC ilə arasında bağlanılmış 01 noyabr 2019-cu il tarixli, FİNT-35119 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək 2020-ci ilin yanvar ayında 517.259,60 ABŞ dolları məbləğində malları Cavabdeh QSC-yə təqdim etmişdir. Cavabdeh QSC isə iddiaçı tərəfindən təqdim edilmiş malların müqabilində cəmi 268.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. 35.Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 249.259,6 ABŞ dolları məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən 249.259,6 ABŞ dolları məbləğində əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. 36.İddianın dəbbə pulu tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh QSC mübahisəli alqı-satqı müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və həmin müqavilənin 6.4-cü bəndində alıcı tərəfindən öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçının cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməsi də əsaslıdır. 37.Bununla yanaşı iş materiallarından görünür ki, işə məhkəmədə baxılarkən Cavabdeh QSC tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. 38.İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 39.Hazırkı işin materiallarından isə müəyyən edilir ki, 01 noyabr 2019-cu il tarixli, FİNT- 35119 saylı alqı-satqı müqaviləsi üzrə dəyərinin ödənilməsi tələb olunan sonuncu partiya mallar xx.xx.2020-ci il tarixdə iddiaçıya təqdim edilmiş, sözügedən müqavilə üzrə sonuncu ödəniş isə xx.xx.2020-ci il tarixdə icra edilmişdir. Odur ki, iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlamalıdır. 40.Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddianı iddia müddətinin axımı başladığı vaxtdan 4 il 1 ay 13 gün müddət keçdikdən sonra – 28 mart 2024-cü il tarixdə verməklə müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Beləliklə, əsas borcun tutulması hissəsində iddia iddia müddəti buraxılmaqla verildiyindən həmin hissədə iddianın təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. 41.Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 376-cı maddəsinin tələblərinə əsasən tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçdiyindən dəbbə pulunun tutulması hissəsində də iddia iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir. \ 42.Tələbin Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərinin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı cavabdehin ona məxsus pul vəsaitinin ödənilməsini gecikdirməklə, ondan faydalanmasını sübuta yetirə bilmədiyindən həmin hissədə iddia əsassızdır. İddia sözügedən hissədə əsassız olduğundan iddia tələbinin həmin hissəsinə iddia müddətinin tətbiqinə zərurət yoxdur. 43.Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “Finaswiss Trading” SA-nın Cavabdeh QSC-yə qarşı müqavilə üzrə pul tələbinə dair iddiası rədd edilməlidir. 44.Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.\ 45.Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri, o cümlədən vəkilə çəkilmiş xərclərr iddiaçıya aid edilməlidir. 46.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı “Finaswiss Trading” SA-nın Cavabdeh QSC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar