Məhkəmə qərarları › İş №e-2-2(113)-2680/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2680/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2680/2025 13.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi və vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi və vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.062 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 127 manat dövlət rüsumunun Cavabdeh tutaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında 10 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır və müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh İddiaçı MMC-dən aldığı məhsulun dəyərini ödəməklə qəbul etməyi öz öhdəsinə götür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə yolu ilə hər ayın sonu yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi alınmaqla ödəyir. Lakin cavabdeh aldığı məhsullara dair ödənişi vaxtı-vaxtında etməmmiş və 12.062 manat borcu yaranmışdır.

3. Sonradan Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın ərizəsini təmin edərək İddiaçı MMC ilə bağlanmış 10 oktyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və İddiaçı MMC-nin razılaşma şərtlərinə əməl etməməsi nəticəsində dəymiş 20.000 manat ziyanın İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2022-ci ilin sentyabr ayında tanışı Nazim vasitəsi ilə İddiaçı MMC-nin marketinq Şöbəsində çalışan Samir adlı şəxslə tanış oldum. Samir və Nazim Əskərzadə mənə əməkdaşlıq etmək istədikllərini bildirərək Paris Bistro kafesində görüş təyin etdilər. Onlar ilə həmin kafedə görüşərkən İddiaçı MMC-nin yeni bir layihəsi olduğunu bildirirək İddiaçı MMC-nin məhsulu olan HERİTAGE brendinin tanıtımı üçün dequstasiya mərkəzi açmağı təklif etdilər. Təkliflərinə əsasən mən qeyri yaşayış sahəsi icarəyə götürərək yalnız İddiaçı MMC-yə məxsus HERİTAGE markalı şərabı tanıtımı ilə əlaqədar dequstasiya mərkəzi açaraq mərkəzin adını HERİTAGE qoymalı idi, İddiaçı MMC isə dequstasiya mərkəzini pulsuz HERİTAGE ŞƏRABİ ilə təmin etməli, dequstasiya mərkəzinin marketinqini həyata keçirilməsini təşkil etməli, avadanlıq, promatrterial ilə şərabın məxsus bakallar, alətlər, soyuducu və s. ilə təmin etməli, hər həftə eventlər ediləcəyini, qonaqlar dəvət edəcəklərini, hər həftə bloqerlərlə məkanın tanıtımı üçün əməkdaşlıq edəcəklərini, xarici ölkələrdən təcrübəli somelyelər–şərab ekspertləri dəvət edəcəklərini, həmin ekspertlə şərabın tanıtımını, qonaqlara şərab haqqında ətraflı məlumat, təlim keçiriləcəyini vəd etdilər. O ilkin olaraq fikirləşib onlara cavab verəcəyimi bildirdi. Bir neçə gün sonra İddiaçı MMC-nin Ağsu şəhərində yerləşən istehsal müəssisəsinə dəvət edərək məhsul ilə, ərazi ilə tanış edərək yenidən əməkdaşlıq təklif etdilər. Aralarında olan razılaşmaya əsasən o yalnız İddiaçı MMC-yə məxsus HERİTAGE markalı şərabı tanıtımı ilə əlaqədar dequstasiya mərkəzi açmaq üçün qeyri yaşayış sahəsi icarəyə götürərək oranı həmin o markaya uyğun təmir elətdirib, mebel ilə təchiz edəcəkdi və mərkəzin adını HERİTAGE qoymalı idi, İddiaçı MMC isə onların şərablarını reklam etdiyim üçün dequstasiya mərkəzini pulsuz şərab ilə təmin etməli, avadanlıqlar və şərabların saxlanması üçün soyuducular verməli, hər həftə eventlər etməli, qonaqlar dəvət edərək şərabın tanıtımını keçirməli, hər həftə məkanın tanıtımı üçün bloqerlərlə əməkdaşlıq etməli, xarici ölkələrdən təcrübəli somelyelər –şərab ekspertləri dəvət edəcəklərini, həmin ekspertlərə qonaqlara şərabın tanıtımını, şərab haqqında ətraflı məlumat verməli idilər. O, 2022-ci ilin oktyabr ayında yer icarə götürərək oranı onların istəyinə uyğun olaraq təmir elətdirərək mebel avadanlığı ilə təmin etdi və onların tələbi ilə məkanın adı HERİTAGE oldu. İlkin olaraq bütün bu işlərin icra edilməsinə 170.000 manat pul vəsaiti sərf etdi və bu barədə onlara rəsmi sənədlər birlikdə məlumat vermişdi. Sonra onlar İddiaçı MMC-dən verəcəkləri mallara dair formal olaraq müqavilə bağlanılmalı olduğunu, şərabın pulunu ondan almayacaqlarını bildirdilər. O, onlarla razılaşaraq 10 oktyabr 2022-ci il tarixli alqısatqı müqavilə və müqaviləyə 1 saylı Əlavə imzaladı. Həmin müqavilənin əlavəsində bütün şərtlərin göstərilməsini tələb etsə də, bildirdilər ki, şərabların çıxışını təsdiq etmək üçün formal olaraq bağlanmış müqavilədir. Yəni İddiaçı MMC ilə məkdaşlıq-partnyorluq müqaviləsini pərdələmək niyyəti ilə formal olaraq alqısatqı müqaviləsi bağlanmışdır. Dekabr ayında dequstasiya mərkəzinin açılışı oldu. Bu halları təsdiq edən foto şəkilləri qoşmaya əlavə edirik. İlkin olaraq İddiaçı MMC-nin əməkdaşları öz vədlərinə əməl edərək aramızda olan şifahi razılaşmaya və müqavilənin 1 saylı əlavəsin əməl etdilər. Lakin sonradan onlar aramızda olan şifahi razılşamaya əməl etməyərək üzərilərinə götürdükləri öhdəliklərin icrasından yayınırdılar. Dəfələrlə onlarla görüş keçirərək o, onlara məxsus şərab brendinin tanıtımını–reklamını etdiyini, dequstasiya mərkəzində yalnız onların tələbi əsasında və imzalanmış müqaviləyə 1 saylı əlavə əsasında onlara məxsus brendi satışı olduğunu, başqa brendlərin məhsulunun qadağan etdiklərini bildirərək əməkdaşlığınşərtlərinə əməl etmələrini xahiş etdi. Hər dəfə tezliklə vədlərinə əməl edəcəklərini bildirirdilər. Mərkəzin açılması üçün külli miqdarda pul vəsaiti sərf etdiyi üçün artıq mərkəzi bağlaya bilmirdi. Lakin bir il müddətində öz vəsaiti əsasında, bankdan götürdüyü kreditlər əsasında həmin düqustasiya mərkəzini işlətməyə çalışdı, sonra isə onu digər şəxsə dövr etdi. İddiaçı MMC– nin aralarında olan şifahi razılaşmaya əməl etməmələri nəticəsində ona 300.000 manat civarında maddi ziyan dəymişdir. Dequstasiya mərkəzinin adının HERİTAGE olması, orada yalnız İddiaçı MMC-yə məxsus HERİTAGE markalı şərabın satışı bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd-pərdələnmiş əqd olduğunu, həqiqətləri əks etdirmədiyini, digər razılaşmanın olmasını təsdiq edir. İddiaçı MMC ilə olan şifahi razılaşmanı təsdiq edir. İddiaçı MMC ilə bağlanmış alqı-satqı müqaviləsi yalan əqd olmaqla şifahi bağlanmış partnyorluq müqaviləsini pərdəlmək niyyəti ilə görünüş üçün bağlanmış əhəmiyyətsiz əqddir və etibarsızdır. Dəfələrlə müqaviləni pozmaq istdiyini bildirsə də, onlar narahat olmamağı tez bir zamanda verdikləri vədlərə əməl edəcəklərini bildirdilər. Sonra o mərkəzdə İddiaçı MMC-yə məxsus HERİTAGE markalı şərabdan əlavə digər şərablarında tanıtımını keçirdəcəyini bildirdikdə, onlar buna razı olmadığını, belə hal olduğu halda cərimələnəcəyi bildirdilər. O, 300.000 civarında investisiya yatırdığı məkanda 1 il müddətinə İddiaçı MMC-nin tələbi əsasında yalnız onlara məxsus HERİTAGE markalı şərabın reklamını həyata keçirdi. Lakin sonda onlar razılaşmanı pozaraq şərablara görə pul ödəməli olduğunu tələb etdilər.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 ilkin iddiaya etiraz edərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 339.1-ci maddəsinə əsasən Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. - 339.2-ci maddəsinə əsasən Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. - 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin, qarşılıqlı iddia rədd olunmalıdır.

12. İş materiallarından görünür ki, İddiaçı MMC ( satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

13. Hazırda iddiaçı tərəf qeyd edilmiş alqı-satqı müqaviləsi üzrə cavabdehə malların verildiyini, müəyyən ödənişlərdən sonra 12.062 manat borcun qaldığını bildirir.

14. Cavabdeh tərəf isə qeyd edilmiş müqavilənin pərdələnmiş əqd olduğunu, əslində tərəflərin niyyətinin partnyorluq müqaviləsi olduğunu, bu barədə şifahi razılaşma olduğunu, verilmiş olan Heritage adlı şəraba görə pul ödəməli olmadığını bildirir.

15. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ( satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, alıcı öz şərab restoranında yalnız İddiaçı MMC-nin istehsalı olan alkoqollu və alkoqolsuz məhsullarından istifadə edəcək (1-ci bənd), satıcı alıcıya 1 illik ekskluzivlik müqabilində 5000 manat pulu nağd olaraq ödəyəcək (2-ci bənd), ödəniş şərtləri satışdan olacaqdır (5-ci bənd).

16. Göründüyü kimi, tərəflər müqavilənin əlavəsində də, verilmiş malların satışdan sonra ödənlməsi barədə tərəflər razılığa gəlmişlər.

17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCK 173375 saylı xx.xx.2022-ci il tarixli dəyəri 9.388,55 manat olan, EBCL 392190 saylı xx.xx.2022-ci il tarixli dəyəri 108,80 manat olan, EBCL 878157 saylı xx.xx.2022-ci il tarixli dəyəri 995,92 manat olan, EBCM 147306 saylı xx.xx.2022-ci il tarixli dəyəri 505,92 manat olan, EBDA 805054 saylı xx.xx.2023-cü il tarixli dəyəri 1.611,36 manat olan, EBDB 622720 saylı xx.xx.2024-cü il tarixli dəyəri 416,16 manat olan, EBDB 968892 saylı xx.xx.2023-cü il tarixli dəyəri 873,68 manat olan, EBDD 304448 saylı xx.xx.2023-cü il tarixli dəyəri 765,40 manat olan, EBDD 665000 saylı xx.xx.2023-cü il tarixli dəyəri 100,80 manat olan, EBDE 036643 saylı xx.xx.2023-cü il tarixli dəyəri 1.082,67 manat olan, EBDF 105953 saylı xx.xx.2023-cü il tarixli dəyəri 191,80 manat olan, EBDF 755570 saylı xx.xx.2023-cü il tarixli dəyəri 579,64 manat olan, EBDG 713078 saylı xx.xx.2023-cü il tarixli dəyəri 210,90 manat olan, EBDG 713079 saylı xx.xx.2023-cü il tarixli dəyəri 671,13 manat olan elektron qaimələr göndərilmişdir.

18. Göründüyü kimi elektron qaimələrdə göstərilmiş məbləğlərin sadə riyazi hesablama ilə cəmi 17.502,73 manat təşkil edir.

19. Məhkəmə hazırlıq iclasında iclasında edən Cavabdeh özü də, malları aldığını ancaq aralarında münasibətlərin partnyorluq olduğunu bildirmiş və qeyd edilən alqı-satqı müqaviləsinin formal olaraq bağlandığını bildirmişdir.

20. Məhkəmə iclasında həmçinin cavabdeh tərəfinin nümayəndəsi, qeyd edilmiş elektron qaimələr üzrə ödəniş sənədini təqdim edə bilmədiklərini bildirmişdir.

21. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, tərəflər arasında məhz alqı-satqı münasibətləri olmuş, iddiaçı tərəfindən cavabdehə mallar verilmiş və cavabdehin də, verilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

22. Cavabdeh tərəf də, hazırda müqavilənin etibarsız müqavilə olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

23. Ona görə də, Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli 12.062 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilməli, qarşılıqlı iddia isə rədd edilməlidir.

24. Həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə verilsin.

VI. Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddiaçı MMC-nin ilkin iddiası təmin edilsin. 12.062 (on iki min altmış iki) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə verilsin. Dövlət rüsumunun əvəzi olaraq 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə verilsin. Cavabdeh qarşılıqlı iddiası rədd edilsin. Qətnamə təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar