Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2681/2020 25.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 06/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətlərə görə 3.842,27 manat məbləğində borcun, hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5%-i həcmində cərimə kimi 18.047,70 manat məbləğində vəsaitin və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 21.919,97 manat pul məbləğinin cavabdeh Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 06/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyə əsasən, sifarişçi Cavabdeh MMC-yə məxsus avtonəqliyyat vasitələrinə İddiaçı MMC tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı öz üzərinə, sifariş əsasında sifarişçinin avtonəqliyyatına servis və texniki xidmət göstərməyə dair öhdəlik götürür, Sifarişçi isə görülmüş işi qəbul edir və hazırki müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən, sifarişçi ödənişləri icraçının təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, sifarişçi göstərilən xidmətlərə görə ödənişi icraçı tərəfindən hesab-faktura təqdim edildikdən 10 iş günündən gec olmayaraq aparmalıdır. Cavabdeh MMC-yə məxsus **-PF-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Tiguan” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2017, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərində göstərilmiş xidmətlərin dəyəri, ƏDV daxil ümumilikdə 3842,27 manat təşkil etmiş, cavabdehə həmin borclarla bağlı hesab-faktura və e-qaimələr göndərilməsinə baxmayaraq, cavabdeh borclu olduğu məbləği hal-hazıradək ödəməkdən yayınmışdır. Belə ki, cavabdehə məxsus **-PF-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Tiguan” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2017-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 2961,80 manat təşkil etmiş, cavabdeh tərəfindən həmin borcdan 2.002,27 manat ödəniş edilmiş və 959,53 manat borc qalmışdır. Bundan əlavə həmin avtonəqliyyat vasitəsinə xx.xx.2018-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 166,38 manat, xx.xx.2018-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 2716,36 manat təşkil etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşdırma protokoluna əsasən "Cavabdeh” MMC İddiaçı MMCyə olan borcunu tam olaraq xx.xx.2020-ci il tarixədək bağlayacağına dair öhdəlik götürsə də, həmin öhdəliyə də əməl etməmişdir. Qeyd olunan mübahisənin həlli məqsədi ilə xx.xx.2020-ci il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və ödəniş olunmayacağı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün, eləcə də xx.xx.2017-ci il tarixli 06/C saylı müqavilənin 5.4-cü bəndinə və xx.xx.2020-ci il tarixli razılaşdırma protokolunun 3-cü bəndinə əsasən, ödəniş üzrə gecikdirilmiş vaxt üçün cərimə məbləğinin və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən hal-hazıradək heç bir ödəniş olunmamışdır. xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Rüstəmov işin məhkəmə aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə vəsatət rədd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi R.Rüstəmov borc məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığını, borcu hissə-hissə ödəyəcəklərini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx xxxxxx 2017-ci il tarixdə avtonəqliyyat vasitələrinə texniki xidmətə dair 06/C saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı öz üzərinə sifariş əsasında sifarişçinin avtonəqliyyatına servis və texniki xidmət göstərmək üzrə öhdəlik götürür, sifarişçi isə görülmüş işi qəbul edir və müqavilənin şərtləri ilə onu vaxtınada ödəməyi öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən sifarişçi ödənişləri icraçının təqdim etdiyi hesab-fakturalar əsasında həyata keçirir. 4.2-ci bəndinə əsasən göstərilən xidmətlərə görə ödənişi icraçı tərəfindən hesabfaktura təqdim edildikdən 10 gündən gec olmayaraq aparmalıdır. 5.4-cü bəndinə əsasən sifarişçi təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2-ci bəndində göstərilən vaxtdan əlavə hər bir gecikdirilmə gününə görə sifariş məbləğinin 0,5% həcmində cərimə ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx.xx.2020-ci il tarixli razılaşdırma protokoluna əsasən avtomobilin təmir xərclərinin ümumi dəyəri, ehtiyat hissələri və ƏDV daxil olmaqla 5.844,54 manat müəyyənləşdirilmişdir. Tərəflər 5.844,54 manat borcun Cavabdeh MMC tərəfindən -İddiaçı MMC-nin hesabına hissə-hissə ödənilməsini razılaşmış və borcun son ödəniş tarixi kimi xx xxxxx 2020-ci il tarixi müəyyənləşdirmişdir. Tərəflər bu razılaşma ilə müəyyən olunan yekun məbləğin ödənməsi ilə Volkswagen Tiguan markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri ilə bağlı hesablaşdıqlarını və ödəniş gecikdirildiyi təqdirdə müqavilədə nəzərdə tutulan cərimələrin də əlavə ödəniş kimi ödəniləcəyini razılaşdırmışlar. Avtomobilin keçirilən texniki baxışı və aparılan təmiri haqqında xx.xx.2017-ci il tarixli akt, xx.xx.2017-ci il tarixli, HR seriyalı, 046445 saylı elektron vergi hesab-fakturasına əsasən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən görülmüş, Cavabdeh MMC-yə məxsus “Volkswagen Tiguan” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinin dəyəri ƏDV daxil olmaqla 2.961,80 manat; Avtomobilin keçirilən texniki baxış və aparılan təmiri haqqında xx.xx.2018-ci il tarixli akt, eyni tarixli EAAG seriyalı, 441011 saylı elektron qaimə və xx.xx.2018-ci il tarixli, HR seriyalı, 351871 saylı elektron vergi hesab-fakturasına əsasən Cavabdeh MMC-yə məxsus “Volkswagen Tiguan” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinin dəyəri ƏDV daxil olmaqla 166,38 manat; Avtomobilin keçirilən texniki baxış və aparılan təmiri haqqında xx.xx.2018-ci il tarixli akt, eyni tarixli EAAH seriyalı, 496869 saylı elektron qaimə və xx.xx.2018-ci il tarixli, HR seriyalı,951973 saylı elektron vergi hesab-fakturasına əsasən Cavabdeh MMC-yə məxsus “Volkswagen Tiguan” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinin dəyəri ƏDV daxil olmaqla 2.716,36 manat təşkil edir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehdən 3.842,27 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, xx.xx.2020-ci il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxxxx 2017-ci il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı “Euro “xxxx” MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh MMC-nin avonəqliyyat vasitələrinə texniki xidmət göstərmiş, Cavabdeh MMC göstərilmiş texniki xidmətlərin haqqını tam şəkildə ödəməmiş, nəticədə İddiaçı MMC–yə 3.842,27 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 18.047,70 manat məbləğində cərimənin Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3842,27 manat (üç min səkkiz yüz qırx iki manat iyirmi yeddi qəpik) məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində cərimə, cəmi 4.042,27 manat (dörd min qırx iki manat iyirmi yeddi qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2681/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2681/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver