Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2681/2024 09.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: şifahi alqı-satqı müqaviləsi, prosessual maraq, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 202 842 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma ilə asfalt (beton) məmulatlarının alqı-satqısı həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən iddiaçı tərəfindən 292 842 manat miqdarında mal verilmiş, həmin maldan 90 000 manat həcmində malın dəyəri ödənilmiş, cavabdehin 202 842 manat borcu qalmışdır. Dəfələrlə həm yazılı, həm də şifahi müraciət edilsə də, malın dəyəri ödənilməmişdir. Cavabdeh nə tələbi yerinə yetirmiş, nə də müraciətlərə cavab vermişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 1091-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2681/2024 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdilər.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Belə ki, müqavilənin layihəsi hazırlanaraq cavabdehə göndərilmiş, lakin sonuncu malların təcili lazım olduğunu bildirdiyindən yazılı müqavilə bağlanmadan mallar verilmişdir. Üzləşmə aktı tərtib olunaraq cavabdehin iddiaçıya olan borcu 202 842 manat təsdiq edilmişdir.
8. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, növbəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində tərtib edilmiş qaimə-fakturalardan görünür, həmin qaimələr ayrı-ayrı vaxtlarda təqdim edilən asfaltın verilməsi üçün tərtib edilmişdir.
13. İş materiallarına əlavə edilən təhvil-təslim aktlarından görünür ki, xx.xx.2023-cü il tarixdə 189,22 ton, xx.xx.2023-cü il tarixdə 270,69 ton, xx.xx.2023-cü il tarixdə 241,98 ton, xx.xx.2023-cü il tarixdə 123,18 ton, xx.xx.2023-cü il tarixdə 181,92 ton, xx.xx.2023-cü il tarixdə 89,240 ton, xx.xx.2023-cü il tarixdə 71,79 ton, xx.xx.2023-cü il tarixdə 211,14 ton, xx.xx.2023-cü il tarixdə 149,92 ton, xx.xx.2023-cü il tarixdə 219,55 ton, xx.xx.2023-cü il tarixdə 50,58 ton, xx.xx.2023-cü il tarixdə 107,54 ton, xx.xx.2023-cü il tarixdə 205,54 ton, xx.xx.2023-cü il tarixdə 190,080 ton, xx.xx.2023-cü il tarixdə 92,7 ton, xx.xx.2023-cü il tarixdə 154,58 ton, xx.xx.2023-cü il tarixdə 154,34 ton, xx.xx.2023-cü il tarixdə 232,87 ton, xx.xx.2023-cü il tarixdə 183,6 ton, xx.xx.2023-cü il tarixdə 217,44 ton, xx.xx.2023-cü il tarixdə 254,67 ton, xx.xx.2023-cü il tarixdə 92,39 ton, xx.xx.2023-cü il tarixdə 140,89 ton, xx.xx.2023-cü il tarixdə 188,99 ton, xx.xx.2023-cü il tarixdə 184,9 ton, xx.xx.2023-cü il tarixdə 81,03 ton, xx.xx.2023-cü il tarixdə 175,39 ton, xx.xx.2023-cü il tarixdə 145,48 ton, xx.xx.2023-cü il tarixdə 101,47 ton, xx.xx.2023-cü il tarixdə 92,39 ton, xx.xx.2023-cü il tarixdə 124,11 ton, xx.xx.2023-cü il tarixdə 117,73 ton, xx.xx.2023-cü il tarixdə 122,77 ton, xx.xx.2023-cü il tarixdə 155,72 ton, xx.xx.2023-cü il tarixdə 218,43 ton, xx.xx.2023-cü il tarixdə 154,03 ton, xx.xx.2023-cü il tarixdə 171,39 ton, xx.xx.2023-cü il tarixdə 52,89 ton olmaqla ümumilikdə 5912,57 ton asfalt təhvil verilmişdir.
14. İş materiallarında olan 30 may 2023-cü il tarixli hər iki hüquqi şəxsin möhürü və direktorlarının imzası ilə təsdiq edilmiş üzləşmə aktından görünür ki, iddiaçı tərəfindən 292 842 manat məbləğində 5324,4 ton dəyərində betonun cavabdehə verildiyi, cavabdehin xx.xx.2023-cü il tarixdə 30000 manat, xx.xx.2023-cü il tarixdə 30000 manat və xx.xx.2023-cü il tarixdə 30000 manat olmaqla 90000 manat ödəniş etdiyi və sonuncunun 202 842 manat borcunun qaldığı təsdiq edilmişdir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, qaimə-fakturalar və təhvil-təslim aktları əsasında cavabdehə asfalt (beton) təqdim edilmiş, tərəflər arasında üzləşmə aparılaraq cavabdehin iddiaçıya olan borcu 202 842 manat olaraq təsdiq edilmişdir.
16. İddiaçı malların qalıq dəyəri olan 202 842 manat məbləğində pulun tutulmasını tələb edir.
17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
22. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
26. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə bir hissədə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
28. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
34. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
35. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 202 842 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
36. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01791 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
37. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
38. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
39. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən və mediasiya sessiyası keçirilərkən (2023-cü ilin noyabr-dekabr ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
40. Bundan başqa, elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzinə əsasən 99 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən 202842 (iki yüz iki min səkkiz yüz qırx iki) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99 (doxsan doqquz) manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova