Məhkəmə qərarları › İş №e-2-2(113)-2684/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2684/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2684/2024 29.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (müqavilə, iş və xidmətlərin yerinə yetirilməsi aktı, təhvil-qəbul aktı) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndələri X1 və X3 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 179.30 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05/21-202 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Həsənqaya kəndi ərazisində 5 ha sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 3799.60 manat məbləğində vəsait (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitinin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 247 manat məbləğində şum, 204 manat məbləğində mala, 50 manat məbləğində kanal çəkmə, 70 manat məbləğində çiyid səpini, 320 manat məbləğində kultivasiya, 85 manat məbləğində kultivasiya gübrə, 533 manat məbləğində dərman səpini, 900 manat məbləğində pambığın maşınla yığımı, 2650 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 1962.68 manat məbləğində gübrə və dərman, 844.80 manat məbləğində çiyid, ümumilikdə 7866.48 manat dəyərində işlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 9632.64 kq 6715.65 manat məbləğində xam pambıq təhvil vermiş, 971.53 manat məbləğində ödənilən nəğd vəsait nəzərə alınmaqla, çəkilmiş xərcdən bu günədək iddiaçıya 179.30 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəniş tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. 3.14 may 2024-cü il tarixdə İddiaçı MMC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, iddia ərizəsində cavabdehin iddiaçıdan aldığı avans vəsaiti səhvən 7866.48 manat əvəzinə 3799.60 manat göstərilmişdir. Qeyd olunanlara əsasən cavabdehə ödənilən avans vəsaitin 7866.48 manat kimi qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X1 və X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı MMC-nin Bərdə Filialı ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli, 05/21-202 nömrəli müqavilənin predmetini İddiaçı MMC-nin Bərdə Filialı tərəfindən fermer Cavabdeh məxsus Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 5 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “fermer” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqıla onun dəyərinin ödənilməsi təşkil edir.

7. P-Aqro” MMC-nin Bərdə Filialı ilə Cavabdeh arasında 05 yanvar 2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli, 05/21-202 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması haqqında protokol imzalanmışdır.

8. 31 yanvar 2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktına əsasən İddiaçı MMC-nin Bərdə Filialının direktoru, baş mühasibi, mexanik dispetçeri, baş aqranomu və fermer olaraq Cavabdeh 05 yanvar 2021-ci il tarixli, 202 nömrəli müqavilə üzrə ümumilikdə 179.30 manat məbləğində borcun ödənilmədiyini öz imzaları ilə təsdiq etmişlər.

9. xx.xx.2021-ci il tarixli, 005708 nömrəli təhvil-qəbul aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 844.80 manat, xx.xx.2021-ci il tarixli, 006914 nömrəli akta əsasən 426.67 manat, xx.xx.2021-ci il tarixli, 006942 nömrəli akta əsasən 53.33 manat, xx.xx.2021-ci il tarixli, 006356 nömrəli akta əsasən 30.66 manat, xx.xx.2021-ci il tarixli, 005810 nörməli akta əsasən 208.60 manat, xx.xx.2021-ci il tarixli akta əsasən 45.99 manat, xx.xx.2021-ci il tarixli, 006355 nömrəli akta əsasən 78.54 manat, xx.xx.2021-ci il tarixli 007737 nömrəli akta əsasən 179.52 manat, xx.xx.2021-ci il tarixli akta əsasən 65.45 manat, xx.xx.2021-ci il tarixli, 008095 nömrəli akta əsasən 221.20 manat , xx.xx.2021-ci il tarixli, 007738 nömrəli akta əsasən 45.99 manat, xx.xx.2021-ci il tarixli 029828 nömrəli akta əsasən 234.30 manat, xx.xx.2021-ci il tarixli, 029829 nömrəli akta əsasən 82.28 manat, xx.xx.2021-ci il tarixli, 030275 nömrəli akta əsasən 269.28 manat məbləğində mal təhvil verilmişdir. 10.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçı qarşısında göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli, 05/21-202 nömrəli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya söüzgedən müqavilə və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 12.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli, 05/21-202 nömrəli müqavilə üzrə ümumilikdə iddiaçı tərəfindən 7866.48 manat dəyərində işlər görülmüş, görülmüş işlərin müqabilində cavabdeh tərəfindən iddiaçıya ümumi dəyəri 6715.65 manat təşkil edən məhsul təhvil verilmiş və 971.53 manat məbləğində vəsait ödənilmiş, ümumilikdə 179.30 manat məbləğində pul ödənilməmiş qalmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş iş və xidmətlərin yerinə yetirilməsi barədə xx.xx.2022-ci il tarixli aktdan da müəyyən olunur ki, hər iki tərəf cavabdehin ümumilikdə 179.30 manat məbləğində ödənilməmiş borcunun olması faktını təsdiqləmişlər.

13. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 179.30 manat məbləğində borc məbləği tutularaq İddiaçıya ödənilməlidir. 14.İddiaçı eyni zamanda 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. AR MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

IV. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 179.30 (yüz yetmiş doqquz manat otuz qəpik) manat borc məbləği və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar