Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2689/2024 30.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.259,40 manat məbləğində əsas borcun; cavabdehin iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla həmin vəsaitdən faydalandığına görə iddia ərizəsi ilə müraciət etdiyimiz tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsi ilə 18 mart 2024-cü il tarixədək hesablanmış 358,27 manat məbləğində faiz borcunun; 18 mart 2024-cü il tarixdən başlayaraq cavabdeh tərəfindən 3.259,40 manat məbləğində borcun iddiaçıya ödənildiyi günədək, qətnamənin çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsi əsas götürməklə hər gecikdirilmiş günə görə hesablanmış faiz borcunun;ödənilmiş 56,18 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, satıcı (bundan sonra İddiaçı adlandırılacaq) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) ilə alıcı (bundan sonra cavabdeh adlandırılacaq) Cavabdeh(VÖEN:**********) arasında 08 may 2019-cu il tarixli MT-26-08/05 saylı Alqı-satqı müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Bu Müqaviləyə əsasən İddiaçımüqavilənin ayrılmaz tərkib hissəsi olan elektron qaimədə göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan mal-materialı Cavabdehə satır, Cavabdeh isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan elektron qaimədə göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan mal-materialı iddiaçıdan alır və bu Malın müqabilində İddiaçıya elektron qaimələrdəki qiymətə əsasən müvafiq məbləği ödəməyi öhdəsinə götürür. Müqavilənin 6.2-ci bəndinə əsasən,alıcı Malın dəyərinin 100 %-ni Malların tam şəkildə satıcı tərəfindən alıcıya təhvil verilməsindən sonra satıcı tərəfindən təqdim edilmiş elektron qaiməyə əsasən 30 bank günü ərzində satıcının bank hesabına köçürmə yolu ilə ödəyir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra edərək müqavilə çərçivəsində Cavabdehi mallarla təchiz etmişdir. Cavabdeh isə müqavilə üzrə öhdəliklərinə əməletməyərək iddia ərizəsi ilə müraciət etdiyimiztarixədək malların dəyərinin bir hissəsini, yəni xx.xx.2022 tarixli EBCB 010449 saylı, xx.xx.2022 tarixli EBCB 854900 saylı, xx.xx.2022 tarixli EBCD 338709 saylı, xx.xx.2022 tarixli EBCH 721300 saylı, xx.xx.2022 tarixli EBCH 819454 saylı, xx.xx.2022 tarixli EBCİ 212828 saylı, xx.xx.2022 tarixli EBCİ 767567 saylı elektron qaimələrlə Cavabdehə təqdim olunmuş 3.259,40 manat məbləğində malın dəyərini ödəməkdən yayınmışdır. Borcunu ödəməsi ilə bağlı İddiaçı tərəfindən Cavabdehə pretenziya göndərilmiş, Cavabdeh isə pretenziyaya cavab verməmişdir Bildiririk ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyimiz tarixədək Cavabdehin İddiaçıya 3.259,40 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdehin İddiaçıya olan borcu tərəflər arasında imzalanmış Müqavilə və Elektron Qaimə ilə öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanlarla sübut olunur ki, İddiaçının dəfələrlə şifahi və yazılı xəbərdarlığına baxmayaraq, Cavabdeh heç bir qanuniəsas olmadan, aldığı malların dəyərinin bir hissəsini, yəni 3.259,40 manat məbləğində borcunu bu günə qədər İddiaçıya ödəməmişdir. Bununla da Cavabdeh İddiaçını, əldə etməli olduğu gəlirdən faydalanmaq imkanından məhrum etmişdir. Cavabdeh özü isə qaytarmadığı pul vəsaitindən digər məqsədlər üçün istifadə etməklə (cavabdehin cari xərcləri, digər borclarının və maliyyə öhdəliklərinin icrası və s.), həmin vəsaitdən faydalanmış və gəlir əldə etmişdir. Cavabdehin fəaliyyətinin kommersiya fəaliyyəti olduğunu nəzərə alsaq, onun belə fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzibedilməzdir. Məhz buna görə də Cavabdehin İddiaçıya münasibətdə pul öhdəliyini icra etməməsinə görə MM-nin 449-cu maddəsi üzrə məsuliyyəti istisna edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlar, tam sübut edir ki, qeyd olunan müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da müqavilə şərtini, o cümlədən qüvvədə olan mülki qanunvericiliyin tələblərini pozmuş, aldığı malların dəyərinin bir hissəsini, yəni 3.259,40 manat məbləğində borcunu İddiaçıya ödəməməklə həmin vəsaitdən Cavabdeh yararlanmışdır. Qeyd olunanlara əsasən, belə qənaətə gəlmək olur ki, Cavabdeh İddiaçı tərəfindən ona verilmiş malların dəyərinin bir hissəsini, yəni 3.259,40 manat məbləğində borcunu qanunsuz saxlamış, ondan faydalanmış və buna görə də MM-nin 449-cu maddəsinə əsasən hesablanmış 358,27 manat da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən 3.259,40 manat məbləğində əsas borcun; cavabdehin iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla həmin vəsaitdən faydalandığına görə iddia ərizəsi ilə müraciət etdiyimiz tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsi ilə 18 mart 2024-cü il tarixədək hesablanmış 358,27 manat məbləğində faiz borcunun; 18 mart 2024-cü il tarixdən başlayaraq cavabdeh tərəfindən 3.259,40 manat məbləğində borcun iddiaçıya ödənildiyi günədək, qətnamənin çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsi əsas götürməklə hər gecikdirilmiş günə görə hesablanmış faiz borcunun; ödənilmiş 56,50 manat dövlət rüsumunun, iddiaçının məhkəmədə vəkillə temsil olunması üçün ödənilmiş 350 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən cavabdehə hazırkı müqavilə üzrə daha əvvəl də mallar təhvil verilmiş, malların təhvili elektron qaimələrlə rəsmiləşdirilmiş, ödənişlər də qaimələr üzrə olmuş, lakin son 7 qaimə ödənilməmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 08 may 2019-cu il tarixli, MT-26-08/05 nömrəli təchizat müqaviləsinə əsasən satıcı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan hesablaşma sənədlərində (hesab-faktura, elektron qaimə, qiymətlərin razılaşdırma protokolu və s) göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan mal-materialı (bundan sonra “avadanliq” adlandırılacaq) Satıcıdan alır və Malın müqabilində Satıcıya hesab-fakturalardakı qiymətə əsasən müvafiq məbləği ödəyir.
9. Müqavilənin 6.2-ci bəndinə əsasən Alıcı Malın dəyərinin 100%-ni Mallarının tam şəkildə Satıcı tərəfindən Alıcıya təhvil verilməsindən sonra Satıcı tərəfindən təqdim edilmiş hesablaşma sənədlərinə əsasən 30 bank günü ərzində Satıcının bank hesabına köçürmə yolu ilə ödənilir.
10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022 tarixli EBCB 010449 saylı 167,56 manat, xx.xx.2022 tarixli EBCB 854900 saylı 461,32 manat, xx.xx.2022 tarixli EBCD 338709 saylı 666,70 manat, xx.xx.2022 tarixli EBCH 721300 saylı 391,76 manat, xx.xx.2022 tarixli EBCH 819454 saylı 227,98 manat, xx.xx.2022 tarixli EBCİ 212828 saylı 424,80 manat, xx.xx.2022 tarixli EBCİ 767567 saylı 919,22 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.
11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 08 may 2019-cu il tarixli MT-26-08/05 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
14. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
15. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
16. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
17. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi 3259,40 manat borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
18. Məhkəmə iddia tələbini 358,27 manat əldən çıxmış faydanın tutulması hissəsində əsassız hesab edir.
19. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.
20. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
21. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.
22. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.
23. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.
24. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3.259,40 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehə, 9 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3259,40 manat pul, ödənilmiş 50 manat dövlət rüsumu, ümumilikdə 3309,40 (üç min üç yüz doqquz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 9 (doqquz) manat dövlət rüsumu İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova