Məhkəmə qərarları › İş №e-2-2(113)-269/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-269/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-269/2021 29.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, seriya EAAP № 687823 xx.xx.2019-cu il tarixli elektron qaimədə göstərilmiş mallara görə 492,84 manat məbləğində əsas borcun, MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış 32,86 manat məbləğində faizlərin, cavabdeh tərəfindən iddiaçının vəsaitindən faydalandığına görə MM-nin 449.1-ci maddəsinə əsasən hesablanmış 47,25 manat məbləğində faizlərin və 30 manat dövlət rüsumunun, ümumilikdə cəmi 602,95 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC (VÖEN: **********) ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs alıcı Cavabdeh (VÖEN: **********) arasında xx xxxxxx 2019-cu il tarixdə Alkoqollu içkilərin satışına dair NS001/01512019 nömrəli müqavilə bağlanmışdır. Müqavilə ilə satıcı müqaviləyə uyğun olaraq alkoqollu içkiləri alıcıya satır, alıcı isə öz növbəsində malları təhvil alıb, dəyərini razılaşdırılmış qaydada və müddətdə (lakin mallar alındığı vaxtdan 30 gündən gec olmayaraq) və müəyyən olunmuş qiymətlərə əsasən satıcıya malın dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Həmin müqaviləyə əsasən cavabdeh xx.xx.2019-сu il tarixdə onlara məxsus alkoqollu içkiləri dəyərini razılaşdırılmış müddətdə və qiymətlərə əsasən ödəmək şərti ilə almış, bununla bağlı Seriya: EAAP№ 687823 xx.xx.2019- сu il tarixli elektron qaimə tərtib olunmuş və qaiməyə uyğun olaraq mallar cavabdehə təhvil verilmişdir (elektron qaimə əlavə olunur və qaimədə malı qəbul etməsi ilə bağlı müvafiq qeyd edilmişdir). Lakin alıcı müqavilənin şərtlərinə əməl etməyərək xx.xx.2019-сu il tarixli elektron qaimə üzrə təhvil verilən malların dəyərini ödəməmiş və hal-hazırda da ödəmir. Həmin qaiməyə əsasən, hazırda cavabdehin onlara cəmi 492,84 manat ödənilməmiş borcu mövcuddur. Ötən dövr ərzində həmin mallara dair ödənişin aparılması ilə bağlı cavabdehə dəfələrlə şifahi şəkildə xəbərdarlıq edilmiş, həmçinin xx.xx.2019-cu il tarixli, 10 saylı pretenziya məktubu göndərilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, NS001/01512019 nömrəli müqavilə üzrə gecikmələrə görə cərimə faizi müəyyən edilməyib və borclu pul məbləğinin ödənilməsini 16 ay gecikdirmişdir, bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Deməli cavabdeh müqavilənin ümumi dəyərinin illik 5%-ni, yəni 32,86 manat məbləğini iddiaçıya ödəməlidir. Bundan əlavə iddiaçı, yəni onlar sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Dövriyyədə nə qədər çox pul olarsa, o qədər çox mal istehsal etmək və daha çox gəlir əldə etmək olar. Faktiki olaraq alıcının qəbul etdiyi mallara görə ödəniş etməməsi onları əldə etməli olduqları gəlirdən faydalanmaq imkanından məhrum etmişdir. Bunun əksinə cavabdeh qaytarmadığı pul vəsaitindən digər məqsədlər üçün istifadə etməklə həmin vəsaitdən faydalanmış və gəlir əldə etmişdir. Cavabdehin də kommersiya fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq, onun belə fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzib olunmazdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan iddiaçının qanuni təmsilçisi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş və seriya EAAP № 687823 xx.xx.2019-cu il tarixli elektron qaimədə göstərilmiş mallara görə 492,84 manat məbləğində əsas borcun, MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış 47,23 manat məbləğində faizlərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi N.Abasov məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx xxxxxx 2019-cu il tarixli NS001/01512019 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqaviləyə uyğun olaraq alkoqollu içkiləri alıcıya satır, alıcı isə alınan malların dəyərini razılaşdırılmış müddətə və qiymətlərə əsasən satıcıya ödəyir. 3.1-ci bəndinə əsasən alıcı aldığı malların dəyərini mallar alındığı gündən 30 gün müddətində satıcının hesablaşma hesabına bank vasitəsi ilə ödəyir. Müqavilə satıcının imzası və möhürü, alıcının imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh 492,84 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAP seriyalı, 687823 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2019-ci il tarixli, 10 saylı pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli NS001/01512019 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 492,84 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– 492,84 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Cavabdeh 492,84 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə Cavabdeh təqdim edilmiş malın dəyərinin ödənilməsini 2 ilə yaxın müddət ərzində gecikdirdiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı MMCnin xeyrinə əsas borcla yanaşı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 47,23 manat məbləğində faizlər də tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 492,84 (dörd yüz doxsan iki manat səksən dörd qəpik) manat məbləğində əsas borc, 47,23 (qırx yeddi manat iyirmi üç qəpik) manat cərimə, cəmi 540,07 (beş yüz qırx manat yeddi qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar