Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2692/2025 26.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “borcun tutulması və s.” tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı “faiz borcunun silinməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi üzrə Açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi, əmlakın geri qaytarılması Hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra - iddiaçı) İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra – cavabdeh) Cavabdeh2 qarşı “borcun tutulması və s.” tələbinə dair ilkin, Cavabdeh2 İddiaçı MMC-yə qarşı “faiz borcunun silinməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ
1. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, F532 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1. 1.1-ci bəndinə əsasən, Lizinq verən (iddiaçı - əvvəlki adı ilə "xxxx" MMC) Lizinq alanın (cavabdehin) sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakın öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 1.2. 1.2-ci bəndinə əsasən, Lizinq verən Lizinq obyektini lizinq alanın yekun sifarişi əsasında (2 saylı Əlavə) alqı-satqı müqaviləsi ilə fiziki şəxs X1 (satıcıdan) əldə edir. 1.3. 1.5-ci və 1.7-ci maddələrinə əsasən, bu Lizinq müqaviləsinin ümumi məbləği 28 000 manat təşkil edir. Lizinq obyekti Lizinq alana 36 ay müddətinə lizinq verilir. Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi bu müqavilə imzalandığı gündən yaranır və lizinq ödənişləri cədvəlinə əsasən aparılır. 1.4. 2.1-ci və 2.2-ci maddələrinə əsasən, Lizinq obyektinin lizinq alana göndərilməsi şərtləri bu müqavilə və satıcı ilə bağlanmış alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Lizinq obyektinin qəbul və istifadəyə verilməsi lizinq verənin və lizinq alanın səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış qəbul və istifadəyə verilmə protokoluna əsasən lizinq alanın yerləşdiyi yerdə və ya tərəflərin razılaşmasına əsasən digər yerdə həyata keçirilir. 1.5. 4.1-ci bəndinə əsasən, Lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən eidlmiş lizinq ödənişlərini ödəməlidir. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlində (Əlavə № 3) müəyyən edilir. 1.6. 13.9-cu bəndinə əsasən, Gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0,3% hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. 1.7. 15.1.4-cü bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verən lizinq alanı xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən müqaviləyə birtərəfli qaydada xitam verə bilər. 1.8. 16.1-ci bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7, 8.1, 9.2, 10.4, 17.1-ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya AR qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyində lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarılmalıdır.
2. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, F532 saylı lizinq obyektinin alqı-satqı müqaviləsi ilə iddiaçı “BMW 5281” minik markalı, Şassi № WBAFS51040C627554, buraxılış ili: 2011 spesifikasiyalı, ümumi dəyəri 28000 manat olan əmlakı fiziki şəxs X1 (satıcıdan) əldə etmişdir.
3. xx.xx.2022-ci il tarixli, F532 saylı daxili lizinq müqaviləsinə 1 saylı Əlavəyə əsasən, Lizinqin obyektini “BMW 5281” minik markalı, Şassi № WBAFS51040C627554, buraxılış ili: 2011 spesifikasiyalı, ümumi dəyəri 28000 manat olan əmlak təşkil edir.
4. xx.xx.2022-ci il tarixli, F532 saylı daxili lizinq müqaviləsinə 3 saylı Əlavəyə əsasən, 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə olmaqla 28 000 manat məbləğində verilmiş lizinq üçün aylıq ödəniş 1069,33 manat müəyyən edilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri.
5. İddiaçı MMC “BMW 5281 minik” markalı ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus texniki pasport və həmin avtomobilə məxsus açar ilkin iddia üzrə Cavabdeh2 Mövsım qızından (bundan sonra – cavabdeh) alınaraq ona qaytarılması, cavabdhedən 8878.63 əsas borc, 2710.48 faiz borcu, 1300.89 manat cərimə, 1590 manat sığorta üzrə borc və 133,44 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 14 613,44 manat pulun onun xeyrinə tutulmsı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı ilkin iddia üzrə tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (Günay Finans) MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, F532 saylı “Daxili lizinq müqavilə”sinə əsasən “Lizinq alan”-nın sifarişi ilə «BMW 5281 minik» markalı avtomobil 28 000 manat məbləğinə “iddiaçının mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N 3) əsasən cavabdeh illik 22 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1069.33 manat, ümumilikdə isə 38 495,98 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Lizinq alan lizinq ödənişi ilə bağlı ikiaydır yuxarıda qeyd edilmiş cədvələ uyğun olaraq lizinq ödənişlərini etməmişdir. Cavabdehə ödənişin edilməsi ilə bağlı bildiriş və pretenziya məktubları göndərilmişdir. Lizinq ödənişləri ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı nəzərlərinə çatdırılmışdır. Lizinq ödənişləri bu vaxta qədər ödənilməmişdir. Cavabdehin hazırda lizinq müqaviləsinə əsasən 8878.63 manat əsas borc, 2710.48 faiz borcu, 1300 manat cərimə borcu və İddiaçı MMC tərəfindən cavabdehin əvəzinə ödənilən sığorta üzrə 1590 manat borcu vardır.
b) Cavabdehin ilkin iddia ərizəsinə etirazının dəlilləri
7. İddia ərizəsinə qarşı cavabdeh tərəfindən etiraz təqdim olunmamışdır.
c) Qarşılıqlı iddia tələbi və qarşılıqlı iddianın dəlilləri.
8. Cavabdeh əsassız hesablanmış 6860 manat məbləğində faiz borcunun silinməsi, avtomobilin onun sahibliyinə qaytarılması və qalan 16000 manat məbləğində kredit borcunun yeni qrafik üzrə hissə-hissə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qarşılıqlı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 28 oktyabr 2022-çi il tarixində həyat yoldaşım X3 avtomobil almaq məqsədi ilə keçmiş "xxxx"- MMC-yə (hazırda ləgv prosesində olan) tərkibində olan "xxxx" lizing şirkətinə müraçiət etdi. Orada onlatı əvvəldən tammadıqları özünü "xxxx" lizing şirkətinin kredit şöbəsinin rəhbəri kimi təqdim edən Rəşad Hüseynzadə qarşıladı. Onun sənədlərinə və alacaqları “BMW F10” markalı nəqliyyat vasitəsinin sənətlərinə baxdıqdan sonra bildirdi ki, alacaqları nəqliyyat vasitəsinə 28000 manat kredit pul ayırıla bilər, həmin məbləğdən isə ona tam olaraq 24000 manat pul catacaq, 4000 manat isə bank xərçi tutulaçaq. X2 təklif etdiyi lizing şərtləri ilə razılaşmışlar. Bundan sonra Rəşad Hüseynzadənin göstərişi ilə tərəflər arasında xx.xx.2022-çi il tarixli F532 saylı lizinq müqaviləsi bağlandı. Həmin müqaviləyə əsasən hər ay 1069,33 ödəmək şərtilə, illik 22% faiz olmaqla, 36 aylıq müddətinə 28000 manat kredit yazıldı, lakin faktki olaraq 24000 kredit ayrıldı, 4000 manat isə bank xərci adı ilə mənimsənildi. Bundan sonra ilkin ödəniş kimi 10000 manat pulu şəxsən ödəyərək, 24000 manat isə kredit kimi cavabdeh tərəfindən ödənilərək, cəmi 34000 manat məbləğinə həmin avtomobili satın aldılar. Bundan sonra həyat X4 ödəniş çədvəli üzrə hər ay cavabdehə 1069,33 pul ödəyərək, ümumi məbləğdə 20890 manat pul kredit məbləğinin əsas hissəsini ödəmişdir. Buna baxmayaraq cavabdehin rəhbəri Nümayəndə heç bir əsas olmadan, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, avtomobilə olan kredit borçun azaldığını gördükdə vicdansızcasına həm pulları həmdə lizinq obyektini (avtomobili) ələ keçirmək niyyətinə düşmüşdür. O, müxtəlif əsassız bəhanələr gətirməklə avtomobilin idarə olunması üçün ehtibarnamə verməkdən imtina etmiş və avtomobili sahibliyiklərindən çıxarmaq üçün Bakı şəhər X8 İdarəsinə müraciət edib onun çərimə meydançasına yerləşdirilməsinə çəhd göstərmişdir. X4 dəfələrlə "xxxx" lizinq şirkətinin rəhbəri Nümayəndə müraciət edib, onlara olan kredit borçunu tam olaraq bağlamaq istədiyini bildirmişdir. Lakin, cavabdehin rəhbərliyi məkirli niyyətlərindən əl çəkməmiş, borcu ödəmək üçün şərait yaratmamış, əksinə əsassız faizlər hesablayaraq borcun qalıq məbləğini süni surtədə şişirtmişlər: məqsəd isə avtomobili ələ keçirmək olmuşdur. xx.xx.2024-çü il tarixində həyat X4 16000 manatı götürərək nağd şəkildə ödəmək məqsədi ilə lizinq şirkətinin ofisinə getmişdir. Belə ki xx.xx.2024-cü il tarixinə onun cavabdehə qrafik üzrə cəmi 16000 manat borcu olmuş və həmn borcu birdəfələk bağlamaq istəmişdir. Lakin, lizinq şirkətinin rəhbəri Nümayəndə bildirmişdir ki, 16000 manat deyil, 22860 manat borcları var, yalnız bu borc bağladıqdan sonra avtomobilin borcunun olmaması barədə sənəd verə bilərik. Onun faktiki olaraq lizinq şirkətinə sözü gedən həmin avtomobilə 16000 manatdan artıq borçum yoxdur, şirkətin rəhbərliyi vəzifəsindən və üstün mövqeyndən sui-istifadə edərək əsassız faizlər hesbalayaraq məbləği şişirtmişlər, yəni qanuni əsas olmadan ondan əsassız pul tələb etmişlər. Əldə etdikləri məlumatlara görə, "xxxx" lizinq şirkətinin rəhbəri Nümayəndə öz vəzifə səlahiyyətlərində istifadə edərək digər vətəndaşların başına da eyni oyunlar açıb onların əmlkalarını qanunsuz şəkildə məhkəmə qərarı olmadan ələ keçirmişdir. Yəni, hər hansı qanuni əsas olmadan özgəsinin kulli miqdarda pullarını ələ keçirərək əsassız olaraq varlanmışıdır. Bundan əlavə, həmin avtomobili lizinq şirkətinə girov qoyub Baş X7 İdarəsində sənətləşdirən zaman üzərinə 77AF828 dövlət nömrə nişanı alınmışdır. Lakin sonradan lizinq şirkətinin razılıq məktubu əsasında həmin avtomobilin dövlət nömrə nişanı dəyişdirilərək 10JJ373 dövlət nömrə nişanı vurulmuşdur. Həmin dövlət nömrə nişanı da eyni zamanda həyat X4a məxsusdur, o həmin 10JJ373 dövlət nömrə nişanını əldə etmək ücün əlavə olaraq 4800 manat ödəmişdir. (Bunla bağlı sübutlar var). Bundan əlavə, həmin avtomobili lizinq şirkətindən əldə edərkən avtomobil çox bərbat vəziyyətdə olmuş, avtomobilin mühərikinə və digər hissələrinə ümumilikdə 12400 manat pul xərçlənmişdir. Həmin avtomobilin yenidən təmirə ehtiyacı olduğu ücün xx.xx.2025-çi il tarixində Bakı şəhəri, Sabunçu rayon ərazisində yerləşən avto təmir yerində saxlamışdır. Nümayəndə öz qanunsuz əməllərini davam etdirərək, öz adamlarının vaistələri ilə qeyri- qanunu yolla avtomobili təmir sexindən çıxartdırmışdır. Həmin gündən avtomobil lizinq şirkətinin rəhbəri Nümayəndə göstərişi ilə çərimə meydançasında saxlamışdır. Adlarını yazdığı bu şəxslərin fəaliyyətinin əsas prinsipi ondan ibarətdir ki, özünə avtomobil almaq üçün müraciət edən şəxslərə son dərəcədə yüksək faizlə kredit vermək, həmin kreditin ödənilməsinə suni maneələr yaradıb əmlak sahibini müflis etmək, bundan sonra məqsədli şəkildə onların əmlakı (lizinq obyekltini) ələ keçirməkdir. Bundan başqa, həmin lizinq şirkətinin rəhbərləri lizinq yolu ilə avtomobil alınması üçün onlara müraciət edən şəxslərdən kreditin verilməsi üçün açıq-aşkar rüşvət alırlar və bunu bank xərcləri adlandıraraq vətəndaşları aldadırlar. Bu hansı qanunda yazılıb ki, tərəflər arasında müqavilə bağlanan zaman bunun üçün bir tərəf digər tərəfdən əqdi bağlamaq üçün küllu miqdarda müqavilə xərcləri tutsun. Bu azmış kimi, kredit ödənişləri edilərək kredit borç azaldıqda cavabdeh müxtəlif bəhanələr gətirilərək ehtibarnamənin müddəti keçdikdə, yeni etibarnamə verməkdən imtina edərək, bilə-bilə qanunsuz olaraq avtomobili qanuni sahibindən geri alıb öz mülıkiyyətinə çevirirlər. O, dəfəllərlə "xxxx" lizinq şirkətinin rəhbəri olan Nümayəndə müraçiət edərək, bu qanunsuz əməllərə son qoyulmasını xahiş etmişdir. Cavab olaraq bildirmişdir ki, yaxşı edirəm, mən müstəqiləm, heç bir dövlət qurumumdan asılı deyiləm, heç kəsdən çəkinmirəm, hara istəyirsən şikayət et. Cavabdehin qanunsuz fəaliyyət göstərməsinə onun böyük şübhəsi vardır. Belə ki, əvvəllər "xxxx" ASC-nin tərkib hissəsi olan bu şirkət həmin Bankın Nobel prospekti 15 ünvanında yerləşən binasında fəaliyyət göstərsə də, "xxxx" ASC müflis olaraq, hazırda ləgv prosesində olduğu zaman, bu şirkət tez-tez ünvanını dəyişərək müxtəlif ünvanlarda gizlin şəkildə, gizlin adlar altında fəaliyyətini davam etdirir. Bundan əlavə o, müqaviləsini "xxxx" lizinq şirkəti ilə bağlamış, "xxxx" MMC şirkəti ilə heç bir müqavilə bağlamamışdır. “Elektroavto Lizinq" MMC şirkəti Bakı Kommersiya Məhkəməsinə ona qarşı iddia ərzəsi verməsi əsassızdır.
d) İddiaçının qarşılıqlı iddiaya qarşı etirazının dəlilləri.
10. İddiaçı qarşılıqlı iddiaya yazılı etirazında qeyd etmişdir ki, cavabdeh qarşılıqlı iddia ərizəsinin ilkin hissəsində qeyd edir ki, guya "xxxx" lizinq şirkəti "xxxx" ASC-nin tərkib hissəsi olmuşdur. Bu iddia tamamilə əsassız və hüquqi reallıqla ziddiyyət təşkil edir. "xxxx" heç vaxt "xxxx" ASC-nin tərkibində olmamış, yalnız "xxxx"da hesab açaraq ödənişləri həmin bank vasitəsilə qəbul etmişdir. Bu, bankla müştəri münasibətidir və hüquqi baxımdan struktur əlaqə yaratmır. Bundan əlavə, cavabdehin iddialarına zidd olaraq "xxxx"ın hüquqi adı sonradan dəyişdirilərək İddiaçı MMC olaraq fəaliyyətini davam etdirmişdir. Bu dəyişiklik qanuni şəkildə reyestrdə rəsmiləşdirilmiş və aidiyyəti çıxarış əlavə edilmişdir. Mövcud müqavilə və ödənişlər hüquqi varis olan eyni şirkət çərçivəsində aparılmışdır. Bu səbəbdən, cavabdehin ilkin bəyanatları artıq özlüyündə faktlara uyğun gəlmir və iddianın etibarlığım ciddi şəkildə şübhə altına alır. Avtomobilin qiyməti və guya “bank xərci”nin tutulması barədə iddialar əsassızdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddia edir ki, guya avtomobilin real bazar qiyməti 24.000 manat olmuş, lakin ona 28.000 manat kredit ayrılmış və həmin məbləğin 4.000 manatı “bank xərci” adı ilə mənimsənilmişdir. Bu iddia hüquqi və sənədli əsasdan tamamilə səhvdir. Qeyd edirik ki, xx.xx.2022-ci il tarixli üçtərəfli alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən lizinq obyektinin (avtomobilin) qiyməti 28.000 manat təşkil edir. Bu məbləğ tərəflər arasında razılaşdırılmış qiymət razılaşması protokolu ilə də təsdiqlənmişdir. Protokol tərəflərin - satıcının, lizinq verənin və lizinq alanın - avtomobilin məhz 28.000 manat dəyərində olması barədə razılığa gəldiklərini açıq şəkildə göstərir. Əgər, cavabdehin qeyd etdiyi kimi, avtomobilin real qiyməti 24.000 manat olsaydı, bu zaman onlar lizinq verən olaraq satıcıya əlavə 4.000 manat vəsait ödəməli olardılar ki, bu da iqtisadi və hüquqi baxımdan əsassız və məntiqsizdir. Həmin məntiqə əsaslansa, belə çıxır ki, cavabdeh (lizinq alan) və satıcı əlbir olaraq lizinq verəni aldatmış və şirkətdən əlavə 4.000 manat vəsait çıxarmışlar. Bu isə cavabdehin öz mövqeyini şübhə altına alır. Əksinə, 28.000 manat məbləğin satıcıya ödənilməsi barədə bank ödəniş sənədi də mövcuddur və bu sənəd cavabdehin iddialarını tam təkzib edir. Heç bir "bank xərci" tutulması baş verməmiş, daxili Lizinq müqaviləsi üzrə 1.6. bəndinə uyğun 840 manat komissiya və 1636 manat 1 ilik sığorta haqqı razılaşdırılmış formada ödənilmişdir. Bu xərclər lizinq müqaviləsinə əsasən cavabdehin öz öhdəliyində olan məsrəflərdir. Cavabdeh kreditin illik 22% faizlə verildiyini etiraf etmiş, lakin faizlərin "əsassız hesablandığını" iddia etmişdir. Halbuki, faiz dərəcəsi və ödəniş qrafiki müqavilədə açıq şəkildə göstərilmişdir və cavabdeh bu şərtləri qəbul edərək müqaviləyə imza atmışdır. Bu halda, hesablanmış faizlər müqavilə şərtlərinə tam uyğundur və “əsassız” sayıla bilməz. Avtomobilin “qanunsuz olaraq” cavabdehin əlindən alınması barədə iddia əsassızdır Cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd etdiyi kimi, guya lizinq obyekti olan avtomobil onun əlindən “qanunsuz olaraq” alınmışdır. Lakin bu iddia hüquqi və faktiki baxımdan əsassızdır. Lizinq müqaviləsi qüvvədə olduğu müddətdə avtomobilin mülkiyyəti lizinq verənə - yəni iddiaçıya məxsusdur və lizinq alan müqavilə öhdəliklərini pozduğu halda, lizinq verən müqavilə və qanunvericiliyə uyğun olaraq avtomobili geri tələb etmək hüququna malikdir. Bu hüquq müvafiq qanunvericilik və tərəflər arasında bağlanmış müqavilə ilə təsbit edilmişdir. Məlumata əsasən, cavabdeh lizinq obyektini etibarnaməsiz idarə etdiyi üçün avtomobil X7 və 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Koroğlu metro stansiyasının yaxınlığında DYP-nin cərimə meydançasına yerləşdirilmişdir və hal-hazıradək avtomobil ordadır. Bu fakt üzrə məhkəmə tərəfindən 12-ci Polis Bölməsinə sorğu göndərildiyi təqdirdə, avtomobilin cavabdeh tərəfindən qanunsuz idarə edilməsi səbəbilə saxlanıldığı təsdiq olunacaqdır. Hazırda avtomobilin texniki şəhadətnaməsi və açarları cavabdehin nəzdində qalmaqda davam edir ki, bu da lizinq verənin mülkiyyət hüququnun faktiki həyata keçirilməsinə maneə yaradır. Nəticədə, lizinq verən olaraq onlar avtomobildən istifadə edərək əldə edə biləcəyi gəlirdən məhrum olurular. Xüsusilə qeyd olunmalıdır ki, lizinq obyektinin alınması məqsədilə şirkət tərəfindən bank krediti cəlb olunmuşdur və hal-hazırda həmin kredit üzrə aylıq ödənişlər davam edir. Məhkəmə prosesinin cavabdeh tərəfindən süni şəkildə uzadılması isə şirkətə maddi ziyan vurmaq məqsədi daşıyır və bu hal ədalətli hüquq mühafizəsi prinsiplərinə ziddir. Cavabdeh qarşılıqlı iddia ərizəsində bildirir ki, guya dəfələrlə lizinq şirkətinin ofisinə gəlib borcu ödəmək istəmiş, lakin ona şərait yaradılmamışdır. Bu iddia reallığı əks etdirmir və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Lizinq müqaviləsi üzrə ödənişlər bank vasitəsilə həyata keçirilir və lizinq alan istədiyi vaxt şirkətin bank hesabına ödəniş edə bilərdi. Bunun üçün şirkət nümayəndəsinin və ya hər hansı şəxsin razılığına ehtiyac yoxdur. Ödəniş rekvizitləri müqavilədə açıq şəkildə göstərilmişdir və bu məlumatlar cavabdeh tərəfə əvvəlcədən təqdim olunmuşdur. Deməli, cavabdehin bu iddiası yalnız məsuliyyətdən yayınmaq məqsədi güdür və öhdəliklərin yerinə yetirilməməsinə bəhanə yaratmaq cəhdidir. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, guya 16.000 manat məbləğində vəsaiti lizinq verənə təqdim edərək borcunu tam şəkildə bağlamaq istəmiş, lakin lizinq verən tərəfindən borcun 22.860 manat olduğu bildirilmişdir. Bu iddiaya münasibət olaraq bildiririk ki, istənilən müştəri lizinq borcunu vaxtından əvvəl ödəmək və ya cari borc məbləğini dəqiqləşdirmək istədikdə, şirkətin maliyyə şöbəsi tərəfindən həmin tarixə uyğun rəsmi hesablamalar aparılır və ödənilməli məbləğ barədə yazılı məlumat təqdim olunur. Məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən, cavabdehin xx.xx.2025-ci il tarixinə olan ümumi borc məbləği 14.480 manat təşkil etmişdir. Qeyd olunan borc məbləği cavabdehin avtomobildən istifadə etdiyi müddəti əhatə edir və bu səbəbdən tam şəkildə ödənilməlidir. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh lizinq müqaviləsinin şərtlərini mütəmadi şəkildə pozmuş, onun öhdəliklərini yerinə yetirməməsinə baxmayaraq şirkət tərəfindən dəfələrlə güzəştlər tətbiq edilmişdir. Lakin cavabdeh tərəfindən ödənişlər ardıcıl şəkildə gecikdirilmiş, bu da müqavilə üzrə öhdəliklərin icrasına maneə yaratmışdır. Bununla yanaşı, cavabdehin tanışı kimi təqdim olunan Zaur Yusifov adlı şəxs tərəfindən şirkətin əməkdaşlarına qarşı təzyiq göstərilmiş, o, lizinq əməkdaşlarını dəfələrlə hədələyərək dövlət orqanlarına şikayət edəcəyi ilə bağlı təhdidlər səsləndirmişdir. Bu cür davranışlar həm etik, həm də hüquqi baxımdan yolverilməzdir və cavabdeh tərəfindən müqavilə münasibətlərinə zərər vurmaq məqsədi daşıyır. Avtomobilin nömrəsinə görə 4800 manat ödənilməsi barədə iddia əsassızdır və lizinq verənin bu prosesə heç bir aidiyyəti yoxdur. Lizinq şirkəti avtomobil nömrəsi satmır və dövlət qeydiyyat nişanlarının verilməsi ilə məşğul olan səlahiyyətli orqan deyil. Əgər cavabdeh bu məqsədlə kiməsə ödəniş etmişdirsə, o halda həmin şəxslərə qarşı müvafiq hüquqi addımlar ata bilər. Avtomobilin “bərbad vəziyyətdə” olması barədə iddia da əsassızdır. Cavabdeh iddia edir ki, avtomobili aldığı zaman nəqliyyat vasitəsi “bərbad vəziyyətdə” olmuşdur. Bu da reallığı əks etdirməyən və hüquqi sənədlərlə təkzib olunan iddiadır. Avtomobilin təhvil-təslimi lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan təhviltəslim aktı əsasında həyata keçirilmişdir. Həmin akta əsasən cavabdeh (lizinq alan) avtomobili tam yoxladıqdan sonra tələb olunan vəziyyətdə və texniki qaydada qəbul etmişdir. Əgər nəqliyyat vasitəsində hər hansı ciddi qüsur olsaydı, lizinq alan onun təhvilini rədd edə bilərdi. Qüsurlu və ya nasaz avtomobil könüllü şəkildə qəbul edilibsə, bu, cavabdehin həmin vəziyyəti qəbul etdiyini göstərir. Əlavə olaraq, lizinq obyekti olan nəqliyyat vasitəsinin satıcısı lizinq verən tərəfindən deyil, birbaşa cavabdeh tərəfindən tapılmış və lizinq şirkətinə təqdim olunmuşdur. Başqa sözlə, cavabdeh özü satıcı ilə əlaqə qurmuş, avtomobili seçmiş və lizinq müqaviləsinin həmin avtomobil üzrə bağlanmasını istəmişdir. Lizinq şirkəti yalnız cavabdehin təqdim etdiyi nəqliyyat vasitəsini maliyyələşdirmişdir. Buna görə də avtomobilin vəziyyətinə və seçiminə görə məsuliyyət birbaşa cavabdehin üzərindədir. Avtomobilin sığortalanmasının məcburi olmaması barədə iddia hüquqi əsasa malik deyil. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd edir ki, guya lizinq obyektinin (avtomobilin) sığortalanması məcburi deyildir və ona bu əsasla 1590 manat sığorta borcu əsassız olaraq yazılmışdır. Bu iddia tamamilə əsassızdır və imzalanmış lizinq müqaviləsinin müddəalarına ziddir. Daxili Lizinq müqaviləsinin 12.1-ci bəndinə əsasən, Lizinq Alan (cavabdeh) lizinq obyektini - avtomobili öz vəsaiti hesabına, “Daxili Lizinq” müqaviləsi imzalandıqdan sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən, müqavilənin müddəti başa çatanadək sığortalanmalı idi. Həmin bənddə həmçinin açıq şəkildə göstərilir ki, Lizinq Verən avtomobili Lizinq Alanın hesabına sığorta etdirəcəkdir. Bu müddəa tərəflər arasında imzalanmış müqavilədə öz əksini tapdığı üçün hüquqi qüvvəyə malikdir və tərəflər üçün məcburidir. Belə olan halda cavabdehin “sığorta məcburi deyildi” iddiası faktiki və hüquqi əsasa malik deyil və yalnız müqavilə öhdəliklərindən yayınmaq məqsədi daşıyır. İddiaçı ilə müqavilənin bağlanmaması iddiası əsassızdır. Belə ki, Cavabdeh iddia edir ki, guya o, "xxxx" şirkəti ilə müqavilə bağlamışdır. Lakin təqdim olunan reyestrindən çıxarış və ödəniş sənədləri açıq şəkildə göstərir ki, lizinq hüquq varisi və ya icraedici tərəf olaraq iddisçı fəaliyyət göstərmiş və bütün ödənişlər bu quruma yönəlmişdir. Şirkətin adında dəyişiklik mümkündür və bu halda da hüquqi münasibət pozulmamışdır. Cavabdehin təqdim etdiyi iddialar arasında ciddi hüquqi ittihamlar yer alır (vəzifədən sui-istifadə, rüşvət, qanunsuz zənginləşmə və s.). Bu cür iddialar aydın sübutlarla əsaslandırılmalıdır. Məhkəmə bu məqamları yalnız faktiki və hüquqi sübut əsasında qiymətləndirə bilər.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
11. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və əvkili “Elektronməhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, ilkin iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
18. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
19. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
20. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
21. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
22. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
23. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
24. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
25. Maddə 748-10.6. Lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
MƏHKƏMƏNİN MÖVQEYİ Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrinin dəlillərini, onlara əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia ərizəsi qismən əsaslıdır, qarşılıqlı iddia ərizəsi isə əsassızdır.
30. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
31. MM-nin 386.1-ci maddəsindən də göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
32. Müqavilə iki və ya bir neçə şəxsin konkret hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin (öhdəliklərinin) müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə əldə etdikləri razılaşmadır. Lizinq müqaviləsinin anlayışı verilmiş Mülki Məcəllənin 747.1-ci maddəsində lizinq verənin və lizinq alanın əsas hüquq və öhdəlikləri nəzrədə tutulmuşdur. Həmin müddəaya görə, lizinq verənin əsas öhdəliyi lizinq obyektini müqavilə şərtlərinə (müddət, haqq və s.) uyğun olaraq lizinq alanın istifadəsinə vermək, lizinq alanın əsas öhdəliyi isə aldığı lizinq obyektindən istifadə haqqını müəyyənləşdirilmiş dövr ərzində lizinq verənə ödəməkdən ibarətdir. Mülki Məcəllənin 747.1-ci maddəsinnin mənasından o da müəyyən edilir ki, lizinq verənin öhdəliyi lizinq müqaviləsinin bağlandığı andan, lizinq alanın öhdəliyi isə lizinq obyektinin ona təhvil verildiyi andan başlayır.
33. İşdə olan sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022cü il tarixli F532 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, bununla da tərəflər arasınd müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilələrə əsasən iddiaçı lizinq obyektini satıcıdan əldə etməyi (bu müqavilə bağlanarkən lizinq obyektinin Lizinq şirkətinin mülkiyyətində olduğu hallar istisna təşkil edir) və bu Müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə və müddətə Lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verməyi, Lizinq alan isə Lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli, F532 saylı lizinq obyektinin alqı-satqı müqaviləsi ilə iddiaçı “BMW 5281” minik markalı, alqı-satqı məbləği 28000 manat olan avtomobili fiziki şəxs X1 (satıcıdan) əldə etmişdir. Həmçinin, müqaviləyə 2 saylı Əlavə ilə alınmış lizinq obyekti hər iki tərəfdən imzalanmış və iddiaçı tərəfindən möhürlənmiş Təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmişdir. Bununla da iddiaçı müqavilə ilə lizinq obyektinin lizinq alana təhvil verilməsinə dair öz üzərinə götürdüyü öhdəliyini icra etmişdir.
34. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh lizinq müqaviləsi üzrə təhvil aldığı avtomobilə görə aylıq lizinq ödənişlərini vaxtında ödəməmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə sonuncu dəfə ödəniş xx.xx.2024-cü il tarixdə qismən edilmiş, bununla da cavabdeh öhdəliyini pozmuşdur.
35. Habelə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli, F532 saylı daxili lizinq müqaviləsi üzrə 310 manat olmaqla sonuncu ödənişi xx.xx.2024-cü il tarixədə etdikdən sonra onun 8878,63 manat əsas, 2710,48 manat faiz, 1300,89 manat cərimə, 1590 manat sığorta üzrə yaranmış borcu olmaqla, ümumilikdə 14480 manat borcu mövcud olmuşdur. Eləcə də, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert ekspert rəyində də cavabdeh tərəfindən sonuncu ödənişin 310 manat olmaqla xx.xx.2024-cü il tarixdə aparıldığı əks olunmuşdur. Beləklə, şərh edilənlərdən də görünür ki, cavabdeh müqavilə üzrə lizinq ödənişlərinin vaxtında ödənilməsi barədə öhdəliyini pozduğundan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
36. Lakin məhkəmə hesab edir ki, ilkin iddia tələbinin həcminə görə qismən əsaslıdır. Belə ki, xx.xx.2025-ci il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə vəsatət təqdim edərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, buna əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2692/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, cavabdehin F532 saylı daxili lizinq müqaviləsi üzrə 8178,89 manat əsas, 1843,07 manat mükafat borcu mövcuddur.
37. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olması qanunvericilikdə nəzərdə tutulmasa da, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini cavabdehin lizinq müqaviləsi üzrə yaranmış əsas və faiz borcun məbləğinin müəyyən edilməsi faktının təsdiqi üçün daha mötəbər hesab edir.
38. Məhkəmə ilkin tələbinin cəriməyə (dəbbə puluna) aid hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır.
39. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
40. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 410 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.
41. Məhkəmə hesab edir ki, iddia lizinq predmeti olan avtomobilə aid açarın və texniki pasportun tələb edilməsi hissəsində əsaslıdır. Belə ki, Mülki Məcəllənin 748-1.12-ci maddəsində Lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq hüququna malik olması nəzərdə tutulmuşdur ki, onlardan biri də lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilməməsi ilə bağlıdır (maddə 748-1.12.4). Həmçinin, eyni hüquqi əsaslar Daxili maliyyə lizinqi müqaviləsinin 16-cı bəndində də nəzərdə tutulmuşdur. Həmçinin, o da işin mübahisəsiz halıdır ki, liznq ödənişləri Lizinq alan tərəfindən ardıcıl olaraq iki dəfədən artıq müddətə ödənilməmişdir. Eyni zamanda, o da işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, lizinq obyekti olan avtomobil cərimə meydançasına yerləşdirilmişdir.
42. Məhkəmə 1590 manat sığorta üzrə borcun tələb edilməsi hissəsində ilkin iddianı əsassız hesab edir.
43. İddiaçı 1590 manat sığorta üzrə borcu nəyə görə tələb etdiyini iddia ərizəsində əsaslandırmamışdır. Tərəflər arasında bağlanmış Daxili Lizinq müqaviləsinin 12.1-ci bəndinə əsasən, Lizinq Alan (cavabdeh) lizinq obyektini - avtomobili - öz vəsaiti hesabına, “Daxili Lizinq” müqaviləsi imzalandıqdan sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən, müqavilənin müddəti başa çatanadək sığortalanmalıdır. İş materialında olan "xxxx" ASC tərəfindən verilmiş avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi verilsə də, həmin şədətnamə ilə lizinq predmeti olan avtomobilin sığorta olunduğu müəyyən edilmir. Ümumiyyətlə, iddiaçı 1590 manat sığorta borcunun hansı əsasla yarandığını, onun nədən ibarət olduğunu, həmin borcun tələb edilməsinin faktiki və hüquqi əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
44. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsasız olduğundan təmin edilməməlidir.
45. Qarşılıqlı iddianın əsassız hesablanmış 6860 manat faiz borcunun silinməsi hissəssi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh həmin faiz borcunun ondan hansı əsasla tələb edilməsini əsslandırmamışdır. İlkin iddia tələb üzrə iddiaçı cavabdehdən 2710 manat faiz borcu tələb etmişdir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyində isə cavabdehin tərəflər arasında bağlanmış Daxili lizinq müqaviləsi üzrə 1843,07 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Cavabdeh isə ona qanunsiz olaraq 6860 manat faiz borcunun hesablanması barədə məhkəməyə sübut təqdim etməmişdir.
46. Qarşılıqlı iddianın avtomobilin onun sahibliyinə qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, əvvəldə də şərh edilmişdir ki, lizinq alan lizinq ödənişlərini vaxtında tam ödəmədikdə lizinq verənin lizinq predmetinin geri qaytarılması ilə bağlı hüquqi mexanizm Mülki Məcəllənin 748-1.12-ci maddəsində nəzrədə tutulmuşdur və ilkin iddia üzrə avtombilə dair aşarın və texniki paportun qaytarılması barəədə tələb hüquqi qiymət verilərkən bunlaa şərh edilmişdir. Odur ki, qarşılıqlı iddianın bu hissədə əsassızlığına dair yenidən hüquqi qiymətin verilməsinə məhkəmə zərurət görmür.
47. 16000 manat kredit borcunun yeni qrafik üzrə hissə-hissə ödənilməsi barədə qarşılıqlı iddia üzrə tələbə gəldikdə isə, məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaması və həmin müqavilələrin məzmununu müəyyənləşdirməkdə sərbəst olmları Mülki Məcəllənin 390-cı maddəsində təsbit edilmişdir. Bu hüquqi qayda eyni zamanda, Mülki Məcəlləni 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi (6.1.1), mülki hüquq subyektlərinin iradə sərbəstliyi (6.1.2.) və müqavilələr azadlığı (6.1.5.) prinsiplərinə əsaslanır. Mülki dövriyyə iştirakçılarının bu hüquqlarına ziddi olaraq onların üzərinə müqavilə şərtlərinin dəyişdirilməsi öhdəliyinin qoyulması qeyd edilən təməl hüquq və azadlıqlara ziddir.
48. Məhkəmə qeyd edir ki, qalan borcun yeni qrafik üzrə hissə-hissə ödənilməsi barədə iddiaçının üzərinə öhdəlyin qoyulması mahiyyətcə müqaviləyə dəyişikliyin edilməsi ilə barədə hüquqi nəticədir. Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi hüquqi qaydası və əsasları isə Mülki Məcəllənin 421-423-cü maddələrində əks olunmuşdur. Həmin müddəalarda göstərilən qaydalardan kənar məhkəmənin tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinin dəyişdirilməsi müqavilə azadlığı prinsipinə ziddir.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İlkin iddia qismən təmin edilsin. “BMW 5281” minik markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus texniki pasport və həmin avtomobilə məxsus açar ilkin iddia üzrə Cavabdeh2 alınaraq ilkin iddia üzrə İddiaçı MMC-yə qaytarılsın. İlkin iddia üzrə Cavabdeh2 8178,89 manat əsas, 1843,07 manat faiz, 410 manat cərimə borcu olmaqla, cəmi 10431,96 manat məbləğində borc və ödənilmiş 133,44 manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçı MMC-nin xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı