Məhkəmə qərarları › İş №e-2-2(113)-2693/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2693/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2693/2023 04.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: hüquq, mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi müqaviləsi, öhdəliyin icrasının gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Məhud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı ("xxxx" MMC) Cavabdeh Məhud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış “01” oktyabr 2020-ci il tarixli, BM-10/20 nömrəli hüquq, mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında Müqaviləyə əsasən 15390 (on beş min üç yüz doxsan) manat məbləğində əsas borc və 2394 (iki min üç yüz doxsan dörd) manat cərimə məbləği, mediasiya təşkilatına ödənilmiş 200 (iki yüz) manat rüsum, yekun olaraq isə 17984 (on yeddi min doqquz yüz səksən dörd) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli, BM-10/20 nömrəli hüquq, mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən icraçı aylıq olaraq hüquq, mühasibatlıq və kadr xidmətləri göstərməyi, sifarişçi isə icraçıya müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini üzərinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə öhdəliklər sifarişçinin tapşırığına əsasən tam və vaxtında icraçı tərəfindən yerinə yetirilmişdir. Müqaviləyə uyğun olaraq xidmətlərin icrası sifarişçi tərəfindən təqdim olunan sənədlərin və digər məlumatların rəsmi qaydada icraçıya verilməsi və sifarişçi tərəfindən təyin olunmuş koordinatorun verdiyi sifarişlər əsasında həyata keçirilmişdir. 01 oktyabr 2020-ci il tarixli, BM-10/20 nömrəli hüquq, mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə yaranmış 15390 (on beş min üç yüz doxsan) manat məbləğində əsas borc məbləğini ödəməyinə dair cavabdehə 14 noyabr 2022-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş və borcu 7 gün ərzində ödəməli olduğu bildirilmişdir. Nəzərdə tutulan xidmət haqqı qeyd edilən müddətdə ödənilməmişdir. Xidmət haqqının ödənilməsinin təmin edilməsi üçün xx.xx.2023-cü il tarixində Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyası təşkil olunmuş, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. Bu barədə Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən qarşı tərəfin ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış təqdim edilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 427.3, 430.1, 448.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. İş materiallarından görünür ki, “İcraçı” qismində "Business Service Centre” MMC ilə “Sifarişçi” qismində Cavabdeh arasında 01 oktyabr 2020-ci il tarixli, BM-10/20 nömrəli hüquq, mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə ilə İcraçının müəyən etdiyi yerdə (müqavilə ilə nəzərdə tutulduğu hallarda və şərtlərlə sifarişçinin ofisində) öz işçiləri (əməkdaşları) vasitəsilə sifarişçinin fəaliyyəti ilə bağlı ona (sifarişçiyə) mühasibatlıq, kadr və hüquq xidmətləri (bundan sonra "xidmətlər”) göstərir, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini təmin edir. Müqavilənin 3.6-cı bəndinə əsasən xidmətin icrası üçün hesabat dövrü 1 (bir) təqvim ayıdır. Sifarişçi tərəfindən icraçının yazılı və rəsmi elektron ünvanına bu barədə tələb ünvanlandığı təqdirdə, təqvim ayının sonunda icraçı tərəfindən sifarişçiyə, göstərilən xidmətlərin icrası barədə yazılı və ya elektron qaydada hesabat (akt və s digər formada) təqdim edilir. Bu cür tələbin olmadığı təqdirdə, xidmət qəbul edilmiş hesab olunur və xidmət haqqının ödənişi üçün əsasdır. Müqavilənin 3.7-ci bəndinə əsasən təqdim olunan hesabat (akt və s.) sifarişçi tərəfindən müzakirə olunmalı və hesabatla razılaşmadığı təqdirdə 3 (üç) gün ərzində icraçıya müraciət edilməlidir. Bu müddət ərzində müraciət olmadığı təqdirdə hesabat sifarişçi tərəfindən qəbul edilmiş hesab olunur və xidmət haqqının ödənişi üçün əsasdır. Müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi icraçıya hər ay üçün əlavə razılaşma ilə müəyyənləşdirilmiş məbləğdə aylıq xidmət haqqı ödəyir. Müqavilənin 4.3-cü bəndinə əsasən sifarişçi bu müqavilə üzrə icraçının gördüyü işlərə çəkdiyi zəruri xərclərin, o cümlədən əlavə zəruri xərclərin əvəzinin təsdiqedici sənədlər əsasında icraçıya ödənilməsini təmin edir. Müqavilənin 4.4-cü bəndinə əsasən bu müqavilənin 4.1 və 4.3-cü bəndlərində nəzərdə tutulmuş ödənişlər hər xidmət ayının ilk 10 (on) təqvim günündən gec olmayaraq sifarişçi tərəfindən icraçıya nağd qaydada və ya bank köçürməsi yolu ilə əvvəlcədən ödənilir. Gecikdirilmə 15 (on beş) iş gününü keçdikdə, bu hal bu müqavilə üzrə xidmətin dayandırılması üçün əsasdır. Müqavilənin 5.3-cü bəndinə əsasən xidmət haqqının ödənilməsinin 15 (on beş) təqvim günündən artıq gecikdirilməsinə görə sifarişçi gecikdirilən hər gün üçün icraçıya ödənilməli məbləğin 0.1% miqdarında cərimə ödəyir. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və qüvvəyə mindiyi vaxtdan etibarən 1 (bir) il müddətinə etibarlıdır. Müqavilənin 6.2-ci bəndinə əsasən müqavilənin müddətinin bitməsinə ən azı 30 (otuz) gün qalmış tərəflərdən birinin müqavilənin ləğv edilməsi, yaxud şərtlərinin dəyişdirilməsi barədə müraciəti olmadıqda, müqavilə eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab olunur.

8. 01 oktyabr 2020-ci il tarixli, BM-10/20 nömrəli hüquq, mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında müqaviləyə 1,2,3 saylı Əlavələr edilmiş və Əlavələrlə xidmətin növləri və xidmət haqqının məbləğləri müəyyən edilmişdir.

8. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, hüquq, mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən sifarişçinin icraçıya ödənilməmiş xidmət haqqına görə qalıq borcu 15390 manat təşkil edir. Qeyd olunan akt Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 299678 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4130 (ƏDV daxil) manat təşkil edir.

10. xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 903126 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4130 (ƏDV daxil) manat təşkil edir.

11. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 823764 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4130 (ƏDV daxil) manat təşkil edir.

12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya qaydasında xəbərdarlıqdan görünür ki, borc məbləğinin 7 (üç) günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

16. İddia tələbinin bir hissəsi cavabdehdən 15390 manat əsas borcun tutulmasından ibarətdir.

17. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən yaranmış borca görə 15390 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, təqdim olunan sənədlərdən müəyyən olunur ki, xidmətlər göstərilmiş, lakin ödənişlər olunmamışdır. Təqdim olunan elektron qaimələr üzrə məbləğ 12390 manat təşkil etsə də, tərtib olunmuş üzləşmə aktında müqavilə üzrə 15390 manat məbləğində borcun olması cavabdeh tərəfindən təsdiq edilir.

18. İddia tələbinin digər hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 2394 manat məbləğində cərimənin cavabdehdən tutulması təşkil edir.

19. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 800 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

20. Eləcə də, iddiaçı 200 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

21. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehndən “01” oktyabr 2020-ci il tarixli, BM-10/20 nömrəli “Hüquq, mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən 15390 (on beş min üç yüz doxsan) manat əsas borc, 800 (səkkiz yüz) manat cərimə, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 16390 (on altı min üç yüz doxsan) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar