Məhkəmə qərarları › İş №e-2-2(113)-2693/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2693/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2693/2025 30.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: yükdaşıma müqaviləsi üzrə öhdəliyin lazımınca icra edilməməsi, icranın gecikdirilməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə dəymiş maddi ziyanın qarşılanması üçün: malın dəyəri - 8270 ABŞ dolları - 14059 manat; boş dayanmaya görə və ya malın gələcəyi ümidi ilə ödənən əmək haqqı – 5800 manat; əldən çıxmış fayda – 18750 manat olmaqla, ümumilikdə 38609 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi İddiaçı MMC ilə daşıyıcı "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixində yüklərin daşınması haqqında AZ 368 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə xx.xx.2024-cü il tarixində invoys dəyəri 8270 ABŞ dolları olan yük "xxxx" MMC-nin Çin Xalq Respublikası Yuwu şəhərində yerləşən anbarına təhvil verilmişdir. Bağlanan müqavilə şərtlərinə əsasən (xx.xx.2024 tarixli Müqavilə № AZ368, 2.2.6-cı bənd) yük 09-13 avqust 2024 tarixləri arasında İddiaçı MMC şirktinə Azərbaycan Respublikası ərazisində təhvil verilməli idi. Lakin xx.xx.2024 tarixində Cavabdeh MMC şirkətinin yoldakı yükləri təqib edən Ramilə Şirinova xanımla whatsapp yazışmasından bəlli oldu ki, yük hələ də Qırğızıstan ərazisindədir. Bunun nəticəsi olaraq yükün gec təslim ediləcəyi məlum olmuşdur. Bu tarixdən sonra şirkət nümayəndələri ilə əlaqə saxlamağa çalışılsa da, telefonlara cavab verilmədi və yük haqqında məlumat olmadı. xx.xx.2024-cü tarixində təkrar Ramilə xanımla əlaqə saxlanılmış və o, dolğun məlumat vermədən təkrar yükün Qırğızıstan ərazisində olduğunu, maşınlarla bağlı gecikmə olduğunu, hansı səbəbdən yükün hələ də orada olduğu barədə məlumatının olmadığını, sentyabr ayının əvvəlində yükün çatdırılacağını bildirdi. Bu tarixdən sonra xx.xx.2024-cü il tarixinə qədər əlavə məlumat alınmadığına görə Cavabdeh MMC şirkətinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışmış və şirkətin rəhbərlərindən sayılan Rauf Mehdiyevlə əlaqə saxlamağa nail olmuşlar. Rauf müəllim yük olan nəqliyyat vasitəsinin müəyyən səbəblərdən dolayı hələ də Özbəkistan ərazisində olduğunu və 5 gün içərisində Azərbaycana yetişəcəyini bildirdi. Bu tarix özü özlüyündə 1 ay gecikmə demək idi. xx.xx.2024-cü il tarixində isə Cavabdeh MMC tərəfindən gömrük qısa idxal bəyyannaməsinin doldurulmasının gərəkdiyini bildirdilər. Dərhal gömrük qısa idxal bəyannaməsini doldurub, qeydiyyatdan keçirdikdən sonra Cavabdeh MMC-nin nümayəndəsi olan İlham bəyə göndərildi. Bu tarixdən sonra yenə telefonlara cavab verilmədi və məcbur qalıb xx.xx.2024-cü il tarixində birbaşa Cavabdeh MMC-nin ofisinə müraciət edildi. Orada Rauf bəy və İlham bəylə qarşılıqlı görüşdə bildirildi ki, yükü daşıyan nəqliyyat vasitəsi Türkmənistan ərazisində alovlanaraq yanıb. Baxmayaraq ki, yanğın xx.xx.2024-cü il tarixində baş verib, daşıyıcı şirkət məlumatı yalnlız yanğından 1 həftə sonra göstərilən təzyiqlərdən sonra bildirmişdir. Bu isə müqaviləyə əsasən malın təslim tarixi olaraq təyin edilən vaxtdan 1 ay sonra baş vermişdir. Bağlanmış müqavilənin 2.2.7-ci maddəsinə əsasən Cəmiyyətə dəymiş maddi zərərin ödənilməsi və sığorta ilə əlaqədar Cavabdeh MMC-yə xx.xx.2024 (Qaimə № 82202) və xx.xx.2024 (Qaimə № 93789) tarixlərində iki dəfə bildirişli məktub ünvanlanmışdır. Məktubların təhvil alınmasına baxmayaraq, heç bir cavab verilməmişdir. Xammalın gecikməsindən dolayı istehsalat prosesi gecikmişdir və bundan dolayı şirkətə maddi ziyan vurulmuşdur. Belə ki, yükün yanğına qədər 1 ay gecikmə və yanğın xəbərini aldıqdan sonra təkrar 1 ay yenidən xammal sifariş verilməsi və ölkəyə gətirilməsindən dolayı toplamda 2 ay istehsalatda gecikmə baş vermişdir. Toplamda xammalsız qalındığı dönəmdə 2 ay müddətində məhz bu xammalla əlaqəli olaraq çalışan 6 personala 2 ay maaş (5800 manat) ödənilmişdir. Bundan əlavə müəsisə satışdan 18750 manat zərər etmiş və bununla birlikdə bir neçə müştəri itirmiş və bazarda olan etibar zədələnmişdir. Daha sonrakı baş verən yazışma və xəbərləşmələrdə malın dəyərinin nə zaman ödəniləcəyi, cəmiyyətə dəymiş maddi ziyanın nə zaman və ya hansı yolla ödənəcəyi barədə məlumat verilməmişdir. İşin hallarından da məlum olur ki, İddiaçı MMC-yə təhvil verilməli olan mal daşıyıcı "xxxx" MMC tərəfindən təhvil verilməmişdir. Malların təhvil verilməməsi nəticəsində cəmiyyətə ümumilikdə 38609 (otuz səkkiz min altı yüz doqquz manat) manat maddi ziyan dəymişdir. Malın dəyəri - 8270 USD – 14059 manat; boş dayanmaya görə və ya malın gələcəyi ümidi ilə ödənən əmək haqqı – 5800 manat; əldən çıxmış fayda – 18750 manat olmaqla, cəmi: 38609 manat. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı, mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 76.1, 76.2, 385.1, 459.1, 1096.1, 1097.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mallar Türkmənistan ərazisində yanıbdır. Qarşı tərəfə dəfələrlə müraciət edilmiş, lakin müsbət cavab alınmamışdır. İşçilərə 5800 manatdan artıq məbləğ ödənilibdir. İşçilər daimi işçilərdir. Həmin işçilərə mütəmadi maaş verilir. Qısa idxal bəyannaməsindəki 1692 manat məbləğ ödənilməmişdir, qarşı tərəfdən deyildi ki, təhvil-təslim zamanı ödəniləcək. Maşının özündə yanğın baş veribdir. Ümid edirdilər ki, mal gələcək və məhsul hazırlanacaq. Həmin mallar xammal xarakterlidir. Bununla bağlı hər hansı sübut yoxdur və boşdayanma olubdur. Boşdayanmanın yarıdan çoxu məhz bu malların gəlməməsi ilə bağlıdır. Əldə çıxmış fayda ondan ibarətdir ki, məhsullar gəlsəydi, həmin məhsullardan yeni məhsullar hazırlanacaqdı. Daha sonra həmin xammaldan gətirildi və məhsullar istehsal edildi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində İddiaçı MMC ilə daşıyıcı qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, AZ368 nömrəli yüklərin daşınması xidməti üzrə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti sifarişçinin adından və sifarişçinin tapşırığı ilə müəyyən haqq müqabilində daşıyıcı tərəfindən nəqliyyat vasitəsilə beynəlxalq yükdaşıma həyata keçirməkdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən daşıyıcının sifarişçinin sifariş ərizəsinə və ya müqavilənin ayrılmaz hissəsi olan əlavə razılaşmaya əsasən yükü daşınmaya qəbul etmək, yükü təyinat yerinə çatdırmaq və yükü yükalana, yaxud yükalanın səlahiyyətli nümayəndəsinə təhvil vermək, sifarişçinin sifariş ərizələrində göstərilən yük daşıma əməliyyatları üzrə bütün təlimatların yerinə yetirilməsini təmin etmək, yükün Çin Xalq Respublikasından çıxdığı andan 20-25 gün müddətində təyinat yerinə çatdırılmasını təmin etmək vəzifəsi vardır. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən tərəflər müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməsinə görə qarşılıqlı məsuliyyət daşıyırlar. Həmin müqavilənin 4.1.2-ci bəndinə əsasən qarşı tərəfin təqsiri ilə bir tərəfə zərər vurulduqda, təqsirkar tərəf qarşı tərəfə dəymi zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. Həmin müqavilənin 4.2.1-ci bəndinə əsasən daşıyıcı yükün sifarişçidən qəbul edildiyi gündən yükalana təhvil verilənə qədər yükün itirilməsinə və ya zədələnməsinə və yaxud plombun nasazlığına görə daşıma dəyəri həcmində məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. Cavabdeh MMC tərəfindən tərtib edilmiş hesab-fakturanın məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə göstəriləcək Çin Xalq Respublikasından Azərbaycan Respublikasına beynəlxalq daşıma xidmətinin ümumi dəyəri 1692 manat təşkil edir.

9. “X1 CO” LTD tərəfindən tərtib edilmiş “proforma faktura” adlı sənədin məzmunundan müəyyən olunur ki, “X1 CO” LTD tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 8270 ABŞ dolları olan mal satılmışdır.

10. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli köçürmə haqqında ərizənin məzmunundan müəyyən olunur ki, 1654 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı MMC-nin bank hesabından (AZ85BRES40160US**********002) “X1 CO” LTD-nin hesabına (********************) hesabına köçürülməsi xahiş edilmişdir.

11. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 13 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən “X1 CO” LTD-nin bank hesabına 6616 ABŞ dolları vəsait köçürülmüşdür.

12. xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsinin məzmunundan müəyyən olunur ki, "xxxx" MMC “X1 CO” LTD tərəfindən İddiaçı MMC-nin sifarişinə əsasən ümumi dəyəri 8270 ABŞ dolları olan malın göndərilməsini bəyan etmişdir (malın kodu:290399; malın adı: aromatik karbohidrogenlərin hallogenləşdirilmiş törəmələri).

13. İddiaçı tərəfindən iş materiallarına fotoşəkillər, WhatsApp yazışmaları və tələbdə qeyd edilən və əməkhaqqı ödənilmiş işçilərin siyahısı əlavə edilmişdir.

14. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC-yə dəymiş 38609 manat məbləğində pul vəsaitinin 5 təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. 859.2-ci maddəsinə əsasən daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

17. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2024cü il tarixli, AZ368 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək, sifarişlər edilmiş, bununla bağlı daşıyıcı şirkətlə razılığa gəlinmiş və qısa idxal bəyannaməsi tərtib edilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək, iddiaçı tərəfindən ödənilən 8270 ABŞ dolları dəyərindəki çatdırılmalı olan malları iddiaçıya çatdırmamışdır. Təqdim olunmuş sübutlarla təsdiq olunur ki, yük təyinat yerinə çatanadək məhv olmuş, bununla da, daşıyıcının yükün tam dəyərini ödəmək vəzifəsi, iddiaçının isə həmin dəyərin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

18. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2024-cü il tarixli, AZ368 nömrəli müqavilə üzrə 14059 manat məbləğində pulun tutulması təşkil edir.

19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, məhv olmuş yükün tam dəyərini ödəmək vəzifəsi daşımasını, iddiaçının isə yükün tam dəyərinin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 14059 (on dörd min əlli doqquz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “X1 CO” LTD tərəfindən tərtib edilmiş “proforma faktura” adlı sənədin məzmunundan müəyyən olunur ki, “X1 CO” LTD tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 8270 ABŞ dolları olan mal satılmışdır. Tərəflər arasında imzalanmış müqavilə ilə cavabdeh öz üzərinə yükün Çin Xalq Respublikasından çıxdığı andan 20-25 gün müddətində təyinat yerinə çatdırılmasını təmin etməyi üzərinə götürmüş, lakin yük maşınlarının yanması səbəbindən öhdəliyini lazımınca yerinə yetirməmişdir. Yük maşınının yanması cavabdeh şirkətin nümayəndəsinin iddiaçıya təqdim etdiyi video materialla da öz təsdiqini tapır. Bundan əlavə, qeyd edilməlidir ki, elektron kabinetləri olan cavabdeh və qanuni təmsilçisi tərəfindən iddiaya münasibət bildirilməmiş, etiraz edilməmiş, yüklərin iddiaçıya təhvil verilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin nəzərə alınmışdır ki, cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrəsinə məhkəmə iclaslarının vaxtı, yeri barədə SMS bildirişlər göndərilsə də, iştirak edilməmişdir.

20. İddia tələbinin digər hissəsini cavabdеh Cavabdeh MMC-dən boş dayanmaya görə və ya malın gələcəyi ümidi ilə ödənən 5800 manat əməkhaqqı və əldən çıxmış faydanın əvəzi olaraq 18750 manatın tutulması təşkil edir.

21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin ediməməlidir. Belə ki, məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi qeyd etmişdir ki, qeyd edilən və siyahısı iş materiallarına əlavə edilmiş işçilər daimi işçilərdir və onlara hər ay əməkhaqqı ödənilir. Məhkəmə hesab edir ki, siyahıda adıçəkilən işçilərin əmək fəaliyyəti xüsusi olaraq bu daşıma xidməti ilə əlaqədar olmadığından və onların əməkhaqları sadəcə bu xammaldan istehsal ediləcək məhsulların satışından əldə olunmadığından cavabdehdən həmin işçilərə ödənilmiş əməkhaqqının cavabdehdən tutulması barədə iddia əsassızdır və təmin olunmamalıdr.

22. İddia tələbinin əldən çıxmış faydanın əvəzi olaraq 18750 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, daşıma nəticəsində əldə edilməli olan xammaldan istehsal olunacaq məhsulların dəyəri və ya həmin məhsulların satışından əldə ediləcək gəlirin dəyərinin 18750 manat olmasını, həmçinin iddiaçınnı faydanı əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən həmin hissədə də iddia təmin edilməməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 14059 (on dörd min əlli doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar