Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2698/2023 28.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul vəsaitinin hesaba bərpa olunması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qanunsuz nəticənin ləğvi, pul vəsaitinin hesaba bərpası) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul vəsaitinin hesaba bərpa edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yazılmış NDQ xxxx nömrəli akt əsasında İddiaçı MMC-nin sayğacının balansından silinmiş 2700 (iki min yeddi yüz manat) AZN pul vəsaitinin və 60 (altmış manat) AZN mediasiya xərcinin, ümumilikdə 2760 (iki min yeddi yüz altmış manat) AZN məbləğində pulun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyət Cəmiyyəti xx.xx.2017-ci ildə təsis olunmuşdur. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. "xxxx" ASC ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, № 141633 saylı “Enerjitəchizatı müəssisəsi ilə qeyri istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı satqısının birtipli Müqaviləsi” bağlanmış və Cəmiyyətə **********0 nömrəli abonent kodu verilmişdir. Cəmiyyətə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 420000 (dörd yüz iyirmi min) kVts və dəyəri 42000 (qırx iki min) AZN müəyyən olunmuşdur. Beləliklə, 1 (bir) kVts elektrik enerjisi 0,10 (on qəpik) AZN tarif üzrə istehlak olunur. Abonent müqaviləsinin imzalanması ilə bağlı "xxxx" ASC tərəfindən İddiaçı MMC-nin mülkiyyətindəki fermada P**********9 seriya nömrəli sayğac quraşdırılmışdır. 21 sentyabr 2022-ci il tarixində "xxxx" ASC tərəfindən sayğaca baxış keçirilmiş və baxışın nəticəsi ilə bağlı NDQ №xxxx saylı akt tərtib olunmuşdur. Aktda qeyd olunur: “Baxış zamanı müəyyən edildi ki, sayğacın qoşulma sxemində Ub və Uc fazalarının giriş-çıxışı tərsinə (səhv) qoşulmuşdur. Bu səbəbdən sayğac sxemdən keçən yükü düzgün qeyd etmirdi. Ölçmə anı axan yüklər (keçən) "xxxx" ASC-nin əməkdaşları tərəfindən ampermaşa vasitəsilə ölçüldü. Qoyuluş gücü 400 (dörd yüz) kVts olan güc transformatorunun gücünün 211 (iki yüz on bir) kVts olduğu təsbit edilmişdir.” Bundan əlavə, xx.xx.2022-ci il tarixli NDQ xxxx saylı aktda sayğacın dövlət möhürünün, alt qapaq möhürünün normal olduğu, sayğacda kənar xətt və ya işlədicilərin olmadığı, xüsusi açar, aparat və s. vasitəsilə sayğacın dövrdən kənarlaşdırılmadığı, sayğac diskinin ilişmədiyi, üst qapaqda xüsusi dəlik açılmadığı, lakin cərəyan transformatorunun yükü hiss etmədiyi (yandığı), bu səbəbdən də sayğacın sxemdən keçən yükü qeyd etmədiyi bildirilmişdir. Son olaraq, aktda EEİQ-na uyğun qüsurun aradan qaldırılması, güc transformatorunun itki hesabının və itirilmiş enerjinin qarşılıqlı hesabatda nəzərə alınması tələbi qoyulmuşdur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2022-ci ildə cəmiyyət tərəfindən əvvəlcə 5000 (beş min manat) AZN, daha sonra 900 (doqquz yüz manat) AZN olmaqla, ümumilikdə 5900 (beş min doqquz yüz manat) AZN köçürmə yolu ilə "xxxx" ASC-yə ödənilərək sayğacın balansı artırılsa da, "xxxx" ASC tərəfindən əsassız olaraq sayğacın balansından 2700 (iki min yeddi yüz manat) AZN silinmiş, balansda 3200 (üç min iki yüz manat) AZN məbləğində vəsait qalmışdır. Tərtib olunmuş aktdan da göründüyü kimi, cəmiyyətin əməkdaşları tərəfindən işıq sayğacına hər hansı bir formada müdaxilə edilməmiş, güc transformatorunun aşağı güclə işləməsinə işıq sayğacının quraşdırılması zamanı "xxxx" ASC tərəfindən yol verilən səhv səbəb olmuşdur. xx.xx.2022-ci il tarixində cəmiyyət tərəfindən cavabdeh "xxxx" ASC-yə pretenziya məktubu ilə son xəbərdarlıq edilmiş, cavabdehdən P**********9 seriya nömrəli işıq sayğacının balansından silinmiş 2700 (iki min yeddi yüz manat) AZN pul vəsaitinin 3 (üç) iş günü ərzində İddiaçı MMC-yə geri qaytarılması tələb edilmiş, lakin bu tələb cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cəmiyyət tərəfindən "xxxx" ASC-yə 07 fevral 2023-cü il tarixli “mediasiya prosesinin tətbiqi barədə” məktubla müraciət edilsə də, bu müraciət cavabsız qalmış, daha sonra mediasiya sessiyasının keçirilməsi üçün mediasiya təşkilatına 20 fevral 2023-cü il tarixli “mediasiya üçün müraciət” məktubu ünvanlanmış və mediasiya sessiyası xx.xx.2023-cü il tarixinə təyin olunmuşdur. "xxxx" ASC mediasiya sessiyasının keçirilməsi barədə öncədən məlumatlandırılsa da, mediasiya sessiyasında iştirak etməmiş və mediasiya təşkilatı tərəfindən “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim olunmuşdur. Göründüyü kimi, elektrik qurğusunun, yəni işıq sayğacının texniki vəziyyətinə, onun etibarlı və təhlükəsiz istismarına görə enerji təchizatı müəssisəsi, yəni "xxxx" ASC cavabdehlik daşıyır. Buna baxmayaraq, "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əksinə cəmiyyət tərəfindən həyata keçirilmiş ödənişin bir hissəsini sayğacın balansından silmişdir. Cavabdeh orqan qanunvericiliyin bu tələbinə də əməl etməmişdir. Qeyd olunanlara əsasən cavabdehin xx.xx.2022-ci ildə icra etdiyi hərəkətlər mövcud qaydalara, norma və prinsiplərə zidd olaraq aparıldığından onun nəticələri qanuni sayılmır. Qanuni sayılmayan nəticə ləğv edilməlidir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə məxsus olan sayğacın abonent hesabından NDQ 13615 saylı akt əsasında silinmiş 8800 (səkkiz min səkkiz yüz manat) AZN vəsaitin **********0 nömrəli abonent hesabına bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tərəfindən verilmiş ərizə onunla əsaslandırılmışdır ki, əvvəlki ərizədə texniki səhvə yol verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək cəmiyyət tərəfindən ümumilikdə 11859,93 manat (on bir min səkkiz yüz əlli doqquz manat doxsan üç) köçürmə yolu ilə "xxxx" ASCyə ödənilərək sayğacın abonent hesabının artırılmağına baxmayaraq, "xxxx" ASC tərəfindən əsassız olaraq sayğacın abonent hesabından hissə-hissə, ümumilikdə 8800 (səkkiz min səkkiz yüz manat) manat silinmişdir. Tərtib olunmuş aktdan göründüyü kimi, cəmiyyətin əməkdaşları tərəfindən işıq sayğacına hər hansı formada müdaxilə edilməmiş, güc transformatorunun aşağı güclə işləməsinə işıq sayğacının quraşdırılması zaman "xxxx" ASC tərəfindən yol verilən səhv səbəb olmuşdur.
5. İddia tələbinin maddi hüquqi əsası kimi “Elektrik enerjisindən istifadə Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 saylı Qərarı və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların hüquqlarının müdafiəsi haqqında” AR Qanununa maddələrinə istinad olunmuşdur.
6. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, cəmiyyətin əməkdaşları tərəfindən baxış aktı qanuni və əsaslı yazılmışdır. Aktda qeyd olunduğu kimi, baxış keçirilən zaman məlum olmuşdur ki, sayğaca edilən müdaxilə nəticəsində sayğaca qoşulma sxemində fazaların giriş-çıxışı tərsinə qoşulmuşdur. Bu səbəbdən də sayğac sxemdən keçən yükü düzgün qeyd etməmişdir. İddiaçıya akt əsasında hesablanmış olan məbləğ onun sərf etdiyi və sayğacın qeyd edə bilmədiyi sərfiyyat məbləğidir.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid verdiyi ifadədə qeyd etmişdir ki, 2022-ci ilin aprel ayında "xxxx" ASC-nin əməkdaşları İddiaçı MMC-yə xəbər vermədən sayğacı smart tipli sayğacla əvəz etdilər. Bundan 4-5 ay sonra "xxxx" ASC-nin əməkdaşları yaxınlaşaraq bildirdilər ki, elektrik enerjisinin itkisi mövcud olduğu üçün yoxlama aparılmalıdır. Yoxlama nəticəsində bildirildi ki, özlərinin əməkdaşının səhvi nəticəsində fazalar səhv quraşdırılmışdır. İtirilmiş elektrik enerjisinin dəyərini yoxlama aparılan zaman olan sərfiyyata uyğun hesabladılar. Lakin aprel ayından avqust ayına qədər MMC-nin sexləri tam şəkildə fəaliyyət göstərməmişdir. Bundan sonra 8802 manat vəsait İddiaçı MMC-dən tutuldu.
10. "xxxx" ASC ilə İddiaçı MMC arasında enerjitəchizatı müəssisəsi ilə qeyri istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısı barədə xx.xx.2022 tarixli **********0 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını elektrik enejisi ilə təmin etməyi, istehlakçı isə aldığı elektrik enerjisinin dəyərini sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 420.000 kVts və dəyəri 4.200 manatdır.
11. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2022 tarixli **********0 nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimati iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqısatqısının birtipli
12. 21 sentyabr 2022-ci il tarixli NDQ xxxx nömrəli aktdan məlum olur ki, "xxxx" ASC-nin əməkdaşları A.Babayev, R.Əhmədov və abonentin nümayəndəsi Şahid iştirakı ilə akt tərtib edilmiş, sayğacın qoşulma sxemində giriş-çıxış tərsinə quraşdırılmışdır. Bu səbəbdən sayğac sxemdən keçən yükü düzgün qeyd etməmişdir. Aktda "xxxx" ASC-nin nümayəndəsi “A.Babayev” adı qeyd olunmaqla imzalanmış, abonentin nümayəndəsi kimi “Şahid” qeyd edilmiş, lakin imzalanmamışdır.
13. İddiaçı MMC-nin abonent hesabı çıxarışından məlum olur ki, xx.xx.2022 tarixində NDQxxxx nömrəli akt üzrə 8802,5 manat borc hesablanmışdır.
14. xx.xx.2022-ci il tarixli icra vərəqində qeyd edilmişdir ki, yoxlama zamanı sayğacın qoşulma sxemində “Ub” və “Uc” fazalarının giriş-çıxışı (səhv) tərsinə qoşulmuşdur. Bu səbəbdən sayğac sxemdən keçən yükü düzgün qeyd etmir. 8802,5 manat qərar üzrə hesablanmışdır. İcra vərəqi İsgəndərov Vaqif, Binnətov Vasif, Əhmədov Azər aktlar üzrə komissiyanın üzvləri göstərilərək imzalanmışdır. F.Yusifov “təsdiq edən”, R.Məmmədov “razılaşdıran” qeyd edilməklə imzalanmışdır.
15. xx.xx.2022 tarixli 743974/00889 nömrəli ödəniş tapşırığına əsasən 900 manat, xx.xx.2022-ci il tarixli 743974/00887 nömrəli ödəniş tapşırığına əsasən 5.000 manat, xx.xx.2022-ci il tarixli 743974/00936 nömrəli ödəniş tapşırığına əsasən 5.000 manat, xx.xx.2022-ci il tarixli 743974/00939 nömrəli ödəniş tapşırığına əsasən 959,93 manat, ümumilikdə 11859,93 manat məbləğində pul İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür.
16. xx.xx.2023 tarixli ********** saylı mədaxil qəbzinə əsasən 48 manat dövlət rüsumu İddiaçı MMC tərəfindən ödənilmişdir.
17. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə göndərilmiş xx.xx.2022 tarixli XS-338 saylı pretenziya məktubunda P**********9 seriya nömrəli işıq sayğacı balansından əsassız olaraq silinmiş 2.700 manatın 3 iş günü ərzində qaytarılması barədə xəbərdarlıq edilmişdir.
18. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022 tarixli **********0 saylı müqavilənin şərtlərinə əsasən cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçını elektrik enejisi ilə təmin etməyi, iddiaçı isə aldığı elektrik enerjisinin dəyərini sayğacın göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin əməkdaşları tərəfindən “Gold Vine“ MMC-yə məxsus sayğacda yoxlama həyata keçirilmiş, yoxlama zamanı sayğacın qoşulma sxemində “Ub” və “Uc” fazalarının giriş-çıxışının (səhv) tərsinə qoşulduğu, bu səbəbdən sayğacın sxemdən keçən yükü düzgün qeyd etmədiyi müəyyən edilmiş və 21 sentyabr 2022-ci il tarixli NDQ xxxx nömrəli akt tərtib edilərək, həmin akt əsasında iddiaçıya 8802,5 manat ödəniləcək məbləğ hesablanmışdır. Daha sonra iddiaçı tərəfindən "xxxx" ASC-nin bank hesabına ümumilikdə 11859,93 manat məbləğində pul köçürülmüşdür.
Tətbiq edilən hüquq
19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
20. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
21. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
23. Əsasnamənin 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştira edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
25. İddia tələbi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə məxsus olan sayğacın abonent hesabından NDQ 13615 saylı akt əsasında silinmiş 8800 manat vəsaitin **********0 nömrəli abonent hesabına bərpa olunmasından ibarətdir.
26. Məhkəmənin gəldiyi nəticəyə əsasən iddia təmin olumalıdır.
27. Belə ki, işin hallarından göründüyü kimi, cavabdehin əməkdaşları iddiaçıya məxsus sayğacda yoxlama həyata keçirmiş, bununla bağlı NDQ xxxx nömrəli akt tərtib edilərək, həmin akt əsasında iddiaçıya 8802,5 manat ödəniləcək məbləğ hesablanmışdır. Həmin məbləğ iddiaçı tərəfindən cavabdehin bank hesabına ödənilmişdir.
28. Keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.
29. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən tərtib edilən akt qanunsuz olduğundan onun hüquqi nəticəsi kimi iddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə məxsus abonent hesabından NDQ seriyalı, xxxx nömrəli akt əsasında silinmiş 8800 (səkkiz min səkkiz yüz) manat pul vəsaiti iddiaçının **********0 nömrəli abonent hesabına bərpa olunmalıdır.
30. Ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması tələbi olmadığından rüsum iddiaçıya aid edilməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə məxsus abonent hesabından NDQ seriyalı, xxxx nömrəli akt əsasında silinmiş 8800 (səkkiz min səkkiz yüz) manat pul vəsaiti **********0 nömrəli abonent hesabına bərpa olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova