Məhkəmə qərarları › İş №e-2-2(113)-270/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-270/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-270/2023 25.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MTK (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, malların (armatur) alqı-satqısı üzrə xx.xx.2020-ci il tarixli 31 nömrəli müqavilə əsasında ödənilmiş 104149,72 manat pulun və ödənilmiş 400 manat mediasiya rüsumunun, ümumilikdə 104549,72 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında malların (armatur) alqısatqısı üzrə xx.xx.2020-ci il tarixli 31 nömrəli müqavilə bağlanmışdır. Daha sonra, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli XV0000033 nömrəli və xx.xx.2021-ci il tarixli AZ0000046 nömrəli ödəniş tapşırıqları əsasında 45000 və 245000 manat pul məbləği cavabdehin hesabına köçürülmüşdür. Həmin ödəniş həyata keçirildikdən sonra cavabdeh tərəfindən mallar gətirilmişdir və malların qiyməti məbləğində elektron qaimələr (xx.xx.2021-ci il tarixli qaimə üzrə 20961.23 manat, xx.xx.2021- ci il tarixli qaimə üzrə 20208.98 manat, xx.xx.2021-ci il tarixli qaimə üzrə 20939.10 manat, xx.xx.2021-ci il tarixli qaimə üzrə 21014.33 manat, xx.xx.2021-ci il tarixli qaimə üzrə 21700.20 manat, xx.xx.2021-ci il tarixli qaimə üzrə 42210.08 manat, xx.xx.2021-ci il tarixli qaimə üzrə 20970.13 manat, xx.xx.2021-ci il tarixli qaimə üzrə 21846.23 manat, ümimilikdə 190850,28 manat) iddiaçıya göndərilmişdir. Lakin, qalan 104149.72 manat məbləğin əvəzi olaraq cavabdeh tərəfindən nə mal gətirilmiş, nə də həmin məbləğ iddiaçıya geri qaytarılmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdehə xəbərdarlıq məktubu ünvanlayaraq müqaviləyə əsasən yaranmış 104149.72 manat borcu 3 (üç) gün müddətində ödəmələrini xahiş etmiş, lakin bu günə kimi borc ödənilməmiş qalmışdır. Buna görə də, malların (armatur) alqı-satqısı üzrə xx.xx.2020-ci il tarixli 31 nömrəli müqavilə üzrə ödənilməmiş məbləğin iddiaçıya geri qaytarılması barədə qətnamənin qəbul olunması zərurəti vardır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (alıcı) ilə cavabdeh (satıcı) arasında bağlanmış 05 yanvar 2020-ci il tarixli 31 nömrəli alqı-satqı müqaviləsinə əsasən alıcı aşağıda göstərilən şərtlərə uyğun olaraq satıcıdan armatur yayması almağı öz üzərinə götürür. Mal bütün nəqliyyat vasitəsi ilə göndərilə bilər. Satıcı satılan malı öz anbarında alıcının nümayəndəsinə təhvil verir. Malın daşınması alıcının nəqliyyat vasitəsi ilə həyata keçirilir. Malın göndərilmə tarixi yolasalma sənədlərində qaimə fakturalarda göstərilən tarix hesab olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən satılan malın bir tonunun qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq satıcı tərəfindən alıcıya verilən hesab-fakturada göstərilir. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini aldığı hesab-faktura əsasında köçürmə yolu ilə əvvəlcədən ödəyir. xx.xx.2021-ci il tarixli XV0000033 nömrəli ödəniş tapşırığı ilə 45000 manat, xx.xx.2021-ci il tarixli AZ0000046 nömrəli ödəniş tapşırığı ilə 250000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən iddiaçıya EBAW 646316 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında 20961,23 manat, EBAW 650121 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında 20208,98 manat, EBAW 690283 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında 20939,10 manat, EBAW 710244 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında 21014,33 manat, EBAW 769914 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında 21700,20 manat, EBAW 860535 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında 42210,08 manat, EBAX 003026 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında 21970,13 manat, EBAX 146513 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında 21846,23 manat məbləğində mallar təhvil verilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında 05 yanvar 2020-ci il tarixli 31 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 295000 manat məbləğində vəsait ödənilmiş, həmin vəsaitin müqabilində cavabdeh tərəfindən iddiaçıya 190850,28 manat məbləğində mal təhvil verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş 104149,72 manat məbləğində pulun geri qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir, bu səbəbdən Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 104149,72 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 104149.72 (bir yüz dörd min bir yüz qırx doqquz manat yetmiş iki qəpik) manat məbləğində pul və ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MTK-ya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar