Məhkəmə qərarları › İş №e-2-2(113)-2705/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2705/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2705/2023 10.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh MMC-yə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı Maqro Construction” məhdud məsuliyyətli cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 242.505,5 AZN məbləğində əsas borc, 6871 AZN məbləğində faiz borcu, 16.490 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 265.866,50 AZN (iki yüz altmış beş min səkkiz yüz altmış altı manat əlli qəpik) məbləğin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN1:6********) və Cavabdeh (VÖEN: **********) arasında bağlanmış № L-SM-026/22, 26 aprel 2022-ci il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçını müqavilənin əlavələrində öz əksini tapmış tikinti materialları və avadanlıqlarla təmin etməyi, alıcı isə əvəzində təqdim edilmiş mal-materialın həcminə uyğun şəkildə müqavilənin əlavələrində müəyyən edilmiş məbləğdə ödənişi həyata keçirməyi üzərinə götürmüşdür. Yuxarıda qeyd edilən müqaviləyə əsasən, xx.xx.2022-cı il tarixində cavabdehin hesabına iddiaçı tərəfindən cəmi 443.402,00 AZN (ƏDV daxil) məbləğində avans ödənişi həyata keçirilmişdir. Lakin qeyd edilən məbləğlərdə ödənişlərin müqabilində Cavabdeh tərəfindən cəmi 207.477,95 AZN məbləğinə mütənasib həcmdə mal təqdim edilmiş, lakin həmin mal-materialın ümumilikdə 18,943.13 AZN (ƏDV daxil) məbləğinə mütənasib həcmdə olan hissəsi Müqavilə və onun Əlavələrində əks olunduğu kimi əvvəlcədən qarşılıqlı şəkildə razılaşdırılmış xüsusiyyətlərə uyğun göndərilmədiyi üçün geri qaytarılmışdır. Nəticədə, müqavilə üzrə edilmiş cəmi 254.867,18 AZN məbləğində ödənişin qarşılığında müvafiq mal-materialın təqdim edilməsi ilə bağlı cavabdehə satınalma sifarişi göndərilməsinə, bununla bağlı yazılı və şifahi şəkildə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yalnız xx.xx.2023-cü il tarixində, yəni müqaviləyə görə malların əslində təqdim edilməli müddət ötürüldükdən sonra cəmi ƏDV daxil 12.361.68 manat məbləğinə mütənasib dəyərdə mal təqdim edilmiş, qalıq 242.505,5 AZN (əsas məbləğ: 205.512.71 AZN; ƏDV: 36.992.79 AZN) qarşılığında malın təqdim edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı addım atmamışdır. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, eyni zamanda iddia tələbi barədə yazılı izahatında qeyd etmişdir ki, cavabdeh tərəfindən mal-materialın iddiaçıya məhdud/yetərsiz sayda təqdim edildiyini sübut edən, təhvil-qəbul aktlarını və həmin təhvil-qəbul aktlarındakı malmateriala müvafiq surətdə cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş və iddiaçı tərəfindən təsdiq edilmiş elektron qaimə-fakturalar təqdim edilir. Bu sənədlərin məhkəməyə təqdim edilməsində məqsəd məhkəmə tərəfindən işin hallarının aydınlaşdırılmasını asanlaşdırmaq, cavabdehin iddiaçıya təqdim etdiyi mal-materialın tərəflər arasındakı müqavilə ilə müəyyənləşdirilmiş miqdardan az olduğunu, müqavilə ilə müəyyənləşdirilmiş qiymətlərə uyğun şəkildə iddiaçı tərəfindən cavabdehə köçürülmüş avans ödənişini tam şəkildə qarşılamadığını bir daha təsdiq etməkdir. Təqdim edilən təhvil-qəbul aktlarında təchizat müqaviləsinin predmetini təşkil edən mal-materialın adı və iddiaçıya verilmiş miqdarı göstərilmişdir. Həmin təhvil-qəbul aktları malların iddiaçının anbarına qəbulu zamanı tərəflərin nümayəndələri tərəfindən tərtib edilmişdir və təhvil verilmiş mal-materialın qiymətlərini özündə əks etdirmir. Aktlarda göstərilən mal-materialın, yəni 110; 200; 300; 450 mm-lik “Könige və Drenaj” borularının “(delikli/deliksiz)” qiymətləri müqavilənin 2 və 3-cü əlavələrində, təqdim edilmiş digər mal-materialm qiymətləri isə 1 nömrəli əlavəsində öz əksini tapmışdır. Göründüyü kimi, təqdim edilmiş elektron-qaimə fakturalarda göstərilmiş qiymətlər də müqavilədə tənzimlənmiş qiymətlərlə üst-üstə düşür. Təhvil-qəbul aktlarına əsasən təqdim edilmiş mal-material miqdarını onların müqavilə əlavələri ilə müəyyənləşdirilmiş təqdim edilməli mal-material həcmi ilə müqayisə etdikdə görünür ki, təqdim edilmiş malların ümumi həcmi həmin borular üçün müqavilənin əlavələrində göstərilmiş miqdardan xeyli azdır. Yəni cavabdeh müqavilə ilə təqdim etməyi üzərinə götürdüyü miqdarda və həcmdə malı iddiaçıya təqdim etməmişdir. Həmin təhvilqəbul aktlarında göstərilmiş mallara görə cavabdehin vurduğu elektron qaimə fakturalar da təhvil qəbul aktları ilə uyğunlaşdıraraq paralel şəkildə müqayisə edilməsi üçün məhkəmənin diqqətinə çatdırılır. Həmin elektron-qaimə fakturalardann göründüyü kimi cəmi təqdim edilmiş mal-materialın (borular) ümumi qiyməti avans məbləği ilə üst-üstə düşmür, yəni iddiaçının tələb elədiyi kimi ƏDV daxil 242 505,5 AZN məbləğinə mütənasib mal-material iddiaçıya təqdim edilməmişdir. Əlavə olaraq işə əlavə olunmuş sənədlər və sübutlar iş üzrə iddiaçının haqlı tələblərini birmənalı şəkildə təsdiq edir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdeh üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: “alıcı” İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialı, “satıcı” Cavabdeh MMC olmaqla imzalanmış 26 aprel 2022 tarixli material təchizatı üzrə müqaviləyə əsasən satıcı alıcını əlavə 6-da göstərilən spesifikasiyalara, hazırki müqavilənin 1, 2, 3 saylı əlavələrində göstərilən miqdar və qiymətlərə əsasən avadanlıqla (bundan sonra mallar) 6.3 maddəsində göstərilən satıcı ünvanında təmin edəcək. Alıcı öz növbəsində hazırki müqaviləyə əsasən mallara görə ödəniş edəcəkdir. 2.2 bəndə əsasən mallar brend markalı yeni olmalı və satıcı malların keyfiyyət uyğunluğu sertifikatını təqdim etməlidir. 7.1 bəndə əsasən alıcı müqavilənin dəyərinin əlavə 1, 2, 3-də göstərilən mallarınn təslim tarixindən təqdim etdiyi qaiməyə əsas 15 iş günü içərisində bank köçürməsi yolu ilə ödəməlidir. 7.2 bəndə əsasən alıcı mübahisəli hissənin yoxlanılmasını həyata keçirmək üçün SATİCİ tərəfindən təqdim olunan hər hansı hesab-fakturanın və ya çıxarışın mübahisəli hissəsi üzrə ödənişi tutub saxlamaq hüququna malikdir. 7.3 bəndə əsasən alıcı qaimə-fakturanın bütün və ya bir hissəsi ilə bağlı mübahisə edərsə, alıcı imtinanın səbəblərini yazılı şəkildə qeyd etməklə sözügedən fakturanı satıcıya geri qaytarmalıdır. Satıcı o zaman: ya alıcı məmnuniyyəti üçün yenidən işlənmiş qaimə- fakturanı geri göndərməli, ya da iki ayrı qaimə-faktura göndərməli, biri orijinal fakturanın mübahisəsiz hissəsinə, digəri isə orijinal fakturanın yenidən işlənmiş hissəsinə aid olmalıdır. 7.4. bəndə əsasən bu müqavilənin bağlandığı tarixdən etibarən alıcı beş (5) iş günü müddətində satıcının bu müqavilə ilə müəyyən edilmiş bank hesabına müqavilənin ümumi dəyərinin 30 (otuz) faizini ödəməlidir. 7.5. bəndə əsasən müqavilə üzrə bütün ödənişlər AZN (Azərbaycan manatı) ilə həyata keçiriləcək. 14.1 malların təhvil verilməsi 6.2 yarımbəndində göstərilən çatdırılma tarixlərindən sonrakı müddətə gecikdirildikdə satıcı tam gecikmə gününə görə alııcya aşağıdakı müstəsna zərərin əvəzini ödəməlidir: - hər gün üçün bu, müqavilə dəyərinin 0,05%-i (yüzdə beş) məbləğində hesablanmalıdır. Eyni faiz dərəcəsi ödənilməli məbləği vaxtında ödəmədiyi təqdirdə alıcıya da şamil olunur. 14.2. Bu müqavilənin digər müddəalarında başqa hal nəzərdə tutulmayıbsa, gecikdirilmiş müstəsna zərərin əvəzinin ödənilməsi üçün ümumi məbləğ müqavilə dəyərinin 10%-dən (on faizindən) çox ola bilməz. 26 aprel 2022 tarixli müqaviləyə 2 saylı əlavəyə əsasən 738.600,23 manat, 3 saylı əlavəyə əsasən 30.425,42 manat məbləğində mallar tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2022 tarixli OD3 saylı ödəniş tapşırığına əsasən cəmi 375.764,41 manat İddiaçı MMC-nin AR Filalı tərəfindən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Ödənişin təyinatı olaraq xx.xx.2022 avans boru malları qeyd edilmişdir. xx.xx.2022 tarixli **********1109760 nömrəli köçürmənin aparılması haqqında bildirşə əsasən İddiaçı MMC-nin AR Filialı ƏDV sub uçot hesabından Cavabdeh MMC-nin hesabına 67.637,59 manat köçürülmüşdür. EBCG seriyalı 346261 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 10.218,80 manat, EBCG seriyalı 345986 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 8.724,23 manat məbləğində mallar İddiaçı MMC-nin AR Filalı tərəfindən Cavabdeh MMC-yə geri qaytarılmışdır. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında tərəflər arasında razılaşdırılmışdır ki, müqavilənin ümumi dəyərinin 30 (otuz) faizi qabaqcadan satıcının hesabına ödənilməlidir. İddiaçı tərəfindən razılaşdırılmış qaydada ödəniş olmuş, lakin cavabdeh tərəfindən ödənilmiş məbləğdə mallar təqdim edilməmişdir. Eyni zamanda təqdim edilmiş malların bir qismi geri qaytarılmışdır. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 445.7-ci maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 559.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 599.4 maddəsinə əsasən satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsinə əsasən qabaqcadan ödəniş məbləğini almış cavabdeh olan satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etməmiş, əşyanın verilməsi ilə bağlı öhdəliyi pozaraq onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşıdığından, müqavilə üzrə alıcı olan iddiaçı əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasındaki razılaşmaya uyğun olaraq iddiaçı tərəfdən qabaqcadan 443.402 manat məbləğində ödəniş olmuşdur. Daha sonra isə cavabdeh tərəfindən 207.447,95 manat məbləğində mallar təhvil verilmişdir. İddiaçı həmin təhvil verilmiş mallar üzrə 18.943,13 manat dəyərindəki malları elektron qaimə əsasında geri qaytarmışdır. Eyni zamanda iddiaçıya daha sonrakı tarixdə 12.361,68 manat məbləğində mallar təhvil verilmişdir. 242.505,5 manat məbləğində mallar iddiaçıya təqdim edilməmişdir. Məhkəmə iddiaçının Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən malın dəyəri olaraq qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alıb hesab edir ki, 242.505,5 manat cavabdehdən iddiaçının xeyrinə tuutlmalıdır. Bundan başqa iddiaçı 16.490 manat məbləğində cərimə məbləğinin də ödənilməsini tələb etmişdir. Məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 7.275 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə uçot dərəcəsi 8.75 faiz dərəcəsi 6871 manat pulun tutulması tələbinə münasibətdə isə qeyd edir ki, iddiaçının tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli,cavabdehin öhdəliyin icrasını gecikdirməsini nəzərə alıb, dörd aylıq gecikməyə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz dərəcəsi ilə cavabdehdən 4041 manat iddiaçının xeyrinə tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 242.505,5 AZN məbləğində əsas borc, 4.041 manat faiz borcu, 7.275 manat məbləğində cərimə borcu İddiaçı MMC-nin AR Filialının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar