Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2706/2023 16.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsliyyətli Cəmiyyətinə qarşı «borcun ödənilməsi» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, əsas və faiz borcu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMCdən 98.099,86 manat əsas borc, 8.338,49 manat hesablanmış faiz, 400 manat məhkəmə xərcləri olmaqla cəmi 106.838,35 manat tutularaq, iddiaçı "xxxx" MMC-yə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC "xxxx" MMC ilə mövcud müqavilədən irəli gələn münasibətdən yaranmış öhdəliyin ardıcıllıqlı icrasının nəticəsində icraçı olaraq Cavabdeh MMC, sifarişçi "xxxx" MMC-yə son olaraq 98.099,86 manat məbləğin vaxtında ödənilməsini təmin etməmişdir. Belə ki, Cavabdeh MMC icraçı olaraq, sifarişçi "xxxx" MMC arasında 07 aprel 2022-ci il tarixində bağlanmış mövcud “Xidmət göstərilməsinə dair” müqaviləsinə görə sifarişçinin ödədiyi avans məbləğ əsasında icraçı müqavilənin əlavəsində göstərilmiş malların alışını, satışını və yığımını həyata keçirir. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi icraçının haqqını bu müqaviləni 1 nömrəli əlavəsində nəzərdə tutulmuş qaydada ödənilməyi öhdəsinə götürür. Adı çəkilən 1№-li əlavədən görünür ki, sifariş edilmiş malların idxalı və satışa təqdim edilmə zamanına ümumi məbləği 115.102,24 ABŞ dollar, ticarət əlavəsi ilə gəlir 18.737,57 ABŞ dollar, gəlirdən Sifarişçiyə ödəniləcək məbləğ isə 9.368,78 ABŞ dollar, yəni 15.926,93 manat təşkil edir. Müqavilənin avans ödənilməsi ilə bağlı öhdəliyin icrası qaydasında Sifarişçi tərəfindən 150.170 manat bank hesabdan, 45.500 manat kassadan olmaqla cəmi 195.670 manat avans İcraçıya ödənilmişdir. Bu müddət ərzində İcraçı tərəfindən iddiaçıya iki dəfəyə cəmi 113.497,07 manat ödəniş edilmişdir. Nəticədə cavabdehin ödənişlə bağlı qalmış 98.099,86 manat məbləğində borcu yaranmışdır. Lakin həmin məbləğin ödənişi bir ildir ki, təmin edilmir. Ödənişlə bağlı cavabdehə prentenziya verilmiş, daha sonra da mediasya prosessi keçirilmiş, lakin məsələ həllini tapmamış, müqavilə üzrə münasibətlər mübahisəyə çevrilmişdir. Bu baxımdan da mübahisənin məhkəmə yolu ilə həll etmək məcburiyyəti yaranmışdır. Ona görədə iddiaçı hesab edir ki, müqavilə öhdəliyinə əsasən 98.099,86 manat əsas borc kimi cavabdehdən tam şəkildə iddiaçının xeyrinə tələb olunmalıdır. Belə ki, öhdəliklərin icrası zamanı vicdanlılıq təsbit olunmuş. Bundan başqa tərəflər arasında mövcud müqavilələrin ödənişlə bağlı şərtlərin tələbinə görə artıq 1 ildir ki, cavabdeh iddiaçıya ödəməli olduğu 98.099,86 manat pulu özündə saxlamaqla, ondan gəlir əldə edir və ondan faydalanaraq öz biznesini inkişaf elətdirir. Bu isə iddiaçının müəyyən ziyanlarla üzləşməsinə, ən azından həmin məbləğlə əldə edə biləcək faydanı itirmiş olur. Müqavilənin şərtində öhdəliklərin icrasının gecikdirilməsi ilə bağlı cərimələr nəzərdə tutulmamışdır. Belə olan halda öhdəçiliyin icra edilməməsi ilə bağlı gecikdirilmiş məbləğə bank uçot faiz dərəcəsi tətbiq edilməklə, ziyanın məbləği hesablanmalıdır. 2023cü il üçün bank uçot faiz dərəcəsi 8,5% müəyyən edilmişdir. Ona görə də borc məbləği ilə yanaşı, gecikdirilmiş məbləğə görə bir il üçün 8,5% hesabı ilə 8.338,49 manat və həmçinin mediasiya və rüsumla bağlı məhkəmə xərcləri olan 400 manat tam şəkildə cavabdehdən iddiaçının xeyrinə tələb olunmalıdır.
3. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh MMC-dən 95.670 manat əsas borc, 2.429,86 manat əldə edilən gəlirdən pay, borc məbləğinin gedikdirildiyinə görə bank uçot dərəcəsinə uyğun hesablanmış 8.338,49 manat faiz, 400 manat məhkəmə xərcləri olmaqla cəmi 106.838,35 manat tutularaq, iddiaçı "xxxx" MMC-yə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh MMC-dən 98.099,86 manat əsas borc, 8.338,49 manat hesablanmış faiz, 400 manat məhkəmə xərcləri olmaqla cəmi 106.838,35 manat tutularaq, iddiaçı "xxxx" MMC-yə verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddia ərizəsinə məhkəmədə baxılan zaman, mübahisə ilə bağlı tələblərin iddia ərizəsində ayrı-ayrılıqda şərh edilməklə göstərilməsi vacibliyi ortaya çıxmışdır. Belə ki, iddiaçıya İcraçı tərəfindən ödənilmiş cəmi 113.497,07 manat məbləği, iki dəfə və təyinatları ayrı-ayrı olmaqla ödənilmişdir. 100.000 manat sonradan qaytarılması şərti ilə iddiaçı tərəfindən verilmiş 195.670 manat əsas borcdan, 13.497,07 manat isə ticarət əlavəsi ilə əldə edilmiş 18.737,57 ABŞ dollar məbləğindən iddiaçıya çatası 15.926,93 manat məbləğdən ödənilmişdir. Nəticədə əsas borcdan 95.670 (195.670 - 100.000) manat, ticarət əlavəsindən əldə edilən gəlirdən isə 2.429,86 (15.926,93 - 13.497,07) manat borc qalmışdır. Ona görə də hazırkı vəziyyətdə mübahisə ilə bağlı tələblərin iddia ərizəsində ayrı-ayrı göstərilməklə iddia dəqiqləşdirilməlidir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilənin icra müddəti müqavilə ilə tənzimlənməmişdir. Lakin tərəflərin arasında olan şifahi razılaşmaya əsasən cavabdeh pulu aldığı vaxtdan 2 ay ərzində həm pulu, həm də əlavə ilə şərtləşdirilmiş gəliri qaytarmalı idi. 8.338,49 manat məbləğini əldən çıxmış fayda olaraq tələb edirlər.
6. xx.xx.2023-cü il tarixli məhkmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında iddianı qəbul etmədiklərini, iddia tələbinin qeyridəqiq olduğunu, tərəflər arasında nə üzləşmə aktının tərtib olunduğunu, nə də tələb olunan faiz məbləğinin hansı qaydada hesablandığının bəlli olmadığını, nə də ki, maliyyə arayışının təqdim olunmadığını bildirdi. Həmçinin borcun olmasını qəbul etdiklərini, amma borcun 98000 manat məbləğində olmadığını, 150.170 manat və 45.500 manat pul vəsaitinin iddiaçı tərəfindən onlara ödənilməsini qəbul etdiklərini, lakin pulun müəyyən hissəsinin iddiaçıya qaytardıqlarını izahatına əlavə etdi.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət göstərilməsinə dair müqaviləyə əsasən:
9. Müqavilənin predmeti
10. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçinin ödədiyi avans məbləği əsasında icraçı hazırkı müqavilənin əlavəsində göstərilmiş malların alışını, satışını və yığımını həyata keçirir. Yığılmış vəsait xidmət haqqı tutulmaqla sifarişçiyə ödənilir.
11. Sifarişçinin hüquq və vəzifələri
12. Həmin müqaviənin 2.1-ci bəndinə əsasən sifarişçi: - bu müqavilənin icrası ilə əlaqədar zəruri olan bütün sənədləri və məlumatları icraçıya verməyi; - icraçının işinin bu müqavilənin şərtlərinə uyğun olan nəticələri qəbul etməyi; - icraçının haqqını bu müqavilənin 1 nömrəli əlavəsində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür.
13. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi işin vaxtında əla keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüququna malikdir.
14. İcraçının hüquq və vəzifələri
15. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icraçı: - zərurət olduğu hallarda tapşırığının icrasına üçüncü şəxsləri cəlb etməyi; - gördüyü işlərin haqqının ödənilməsini tələb etmək hüququna malikdir.
16. Müqavilənin dəyişdirilməsi, xitamı və uzadılması
17. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir.
18. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən bu tərəflərin öz üzərlərinə düşən öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir.
19. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən bu müqavilənin şərtlərinin dəyişdirilməsinə, ona əlavələr edilməsinə tərəflərin razılığı ilə yol verilir. Müqaviləyə edilən bütün əlavə və dəyişikliklər tərəflərin imzası ilə təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir və müqavilənin ayrılmaz və tərkib hissəsi kimi müqaviləyə əlavə olunur.
20. 07 aprel 2022-ci il tarixli xidmət müqaviləsinə dair xx.xx.2022-ci il tarixli 1 saylı əlavəyə əsasən Optimal Elektronika” MMC ilə "xxxx" MMC brend paltar yuyan W7104DSnin invoys qiyməti 150 ABŞ dolları, 264 ədəd olması, 20 aprel logistika 3500 ABŞ dolları, 1 ədəd tır, gömrük dəyəri 16086,24 ABŞ dolları, cəmi 60770,24 ABŞ dolları, 14% marja, 70663,07 ABŞ dolları, gəlirin 9892,83 ABŞ dolları, 7% gəlirin 4946,41 ABŞ dolları və W6104DS-nin invoys qiyməti 135 ABŞ dolları, 270 ədəd olması, 20 aprel logistika 3500 ABŞ dolları, 1 ədəd tır, gömrük dəyəri 14382 ABŞ dolları, cəmi 54332 ABŞ dolları, 14% marja, 63176,74 ABŞ dolları, gəlirin 8844,74 ABŞ dolları və 7% gəlirin 4422,37 ABŞ dolları olması barədə razılığıa gəlmiş və bu əlavə ilə müqavilə üzrə tərəflər hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq etmişlər.
21. xx.xx.2022-ci il tarixli, F01770022 saylı mədaxil qəbzinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 45,500 manat məbləğində ödəniş edilmişdir.
22. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən "xxxx" “MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə 150170 manat məbləğində ödəniş edilmişdir.
23. xx.xx.2022-ci il tarixli EBBY 014178 saylı elektron qaiməyə əsasən Optimal Elektronika” “MMC tərəfindən "xxxx" MMC-yə satışdan əldə edilmiş vəsait üzrə faiz gəlirinə görə ödənilməli olan yekun məbləğ ƏDV ilə birgə 15926,54 manat təşkil etmişdir.
24. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixində - 100.000 manat və xx.xx.2022-ci il tarixində EBBY 014178 saylı elektron qaimə üzrə - 13497,07 manat məbləğində ödəniş edilmişdir.
25. İddia ərizəsinə əlavə olunmuş pretenziyadan göründüyü kimi Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə əlavə edilmədiyi və pozuntunun hələ də davam etdiyi qeyd olunmuşdur. Belə ki, qeyd olunan müqavilə və ona edilmiş 1 saylı əlavəyə əsasən ödənilmiş avans məbləği və həmin məbləğin işlədilməsi ilə razılaşdırılmış gəlir məbləği tərəfə ödənilməli olduğu halda, bir qisminin ödənilməsi təmin edilməmişdir. Son olaraq ödənişlərlə bağlı borc qalığı 03 aprel 2023-cü il tarix üçün əsas məbləğ 149.565 manat təşkil edir. Həmin borcun 10 gün ərzində ödənilməsi tələb olunmuşdur.
26. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
27. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
29. İşdən göründüyü kimi tərəfər arasında xidmətinin göstərilməsinə dair xx.xx.2022ci il tarixli müqavilə bağlanılmışdır.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
34. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər həmin Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
35. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə nəzərə tutulduğu kimi cavabdeh MMC iddiaçının avans məbləği əsasında müqavilənin 1 saylı əlavəsində göstərilmiş (brend paltar yuyan W7104DS-nin invoys qiyməti 150 ABŞ dolları, 264 ədəd olman və W6104DS-nin invoys qiyməti 135 ABŞ dolları, 270 ədəd olman) məhsulların alışını, satışını və yığımını həyata keçirməli idi. İddiaçı da öz növbəsində cavabdeh MMCyə xx.xx.2022-ci il tarixli, F01770022 saylı mədaxil qəbzinə əsasən 45,500 manat dəyərində avans məbləği və xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən məhsul alımı üçün xx.xx.2022-ci il tarixdə 150170 manat məbləğində ödəniş etmişdir.
36. xx.xx.2022-ci il tarixli xidmət müqaviləsinə dair bağlanmış 1 saylı əlavədə satışdan əldə ediləcək gəlirin 50% tərəflər arasında yəni 14%-lik gəlirin 7% iddiaçıya, qalan 7% isə cavabdeh MMC-yə çatmalıdır.
37. İşin hallarından da göründüyü kimi və işdə olan sübutlardan da aydın olur ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə 195670 manat (150170+45500) məbləğində ödəniş edilmişdir. Həmin ödənilmiş məbləğin cavabdeh tərəfindən yalnız xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən "xxxx" MMC-yə 100000 manat qaytarılmışdır.
38. Bundan əlavə iki fərqli brend üzrə əldə edilmiş gəlirin yeddi faizi üzrə isə 9368,78 ABŞ dolları üzrə iddiaçıya 15926,54 Azərbaycan manatı ilə iddiaçıya ödənilməli olan məbləğdən yalnız 13497,07 manat xx.xx.2022-ci il tarixində ödəniş edilmiş və həmin fakt xx.xx.2023-cü il tarixli hesabdan çıxarışda öz əksini tapmışdır.
39. İşdən göründüyü kimi iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş və buna dair sübutlarda iş materiallarına əlavə olunmuşdur.
40. Həmçinin cavabdehin nümayəndəsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında vermiş olduğu izahatında da iddiaçı tərəfindən onlara 150170 manat və 45500 maat avan ödənildiyini, müqavilə üzrə gəlirdən iddiaçıya ödəniləcək məbləğin 9368,78 ABŞ dolları olduğu yəni 15926,93 manat təşkil etdiyini qəbul etmişdir. Lakin, tələb olunan 95670 manat əsas borca dair bildirdi ki, ödənilməmiş borc qalsa da, iddiaçının iddia etdiyi qədər deyil. Məhkəmə həmin borc məbləğini dəqiqləşdirərək və əgər məbləğin az olmasını təsdiq edən sübutlar varsa məhkəməyə təqdim olunması üçün cavabdehə şərait yaradaraq iclasları dəfələrlə təxirə salmasına baxmayaraq, məhkəməyə heç bir sübut cavabdeh tərəfindən təqdim olunmamışdır.
41. Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş məbləğdən 100.000 manat və əldə edilmiş 15926,93 manat gəlirdən iddiaçıya 13497,07 manat ödəniş edilməsi faktı öz təsdiqini tapmışdır.
42. Lakin 95670 manat ödənilməmiş və əldə edilmiş paydan 2429,86 manat məbləğin ödənilməsi iş materialları ilə təsdqini tapmamış və buna görə də məhkəmə iddia tələbinin 98099,86 manat (95.670 manat əsas borc, 2.429,86 manat əldə edilən gəlirdən pay) hissəsində təmin edilməsini qanuni və əsaslı hesab etmişdir.
43. Bundan başqa məhkəmə bank uçot dərəcəsi kimi hesablanmış 8338,49 manat əldən çıxmış fayda haqqının istənilməsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz.
44. Belə ki, iddiaçı tərəfin məhkəmə iclaslarında vermiş olduğu izahatında da 8338,49 manat faiz məbləğini “əldən çıxmış fayda” olar tələb etdiklərini bildirdiklərindən məhkəmə də tələbi həmin qanunvericilik normaları çərçivəsində qiymətləndirməyi qanunauyğun hesab edir.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur.
47. Lakin, iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir.
48. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə müqavilənin icrası müddəti (günü) müəyyən edilməmişdir. İddiaçı tərəf, tərəflər arasında öhdəliyin icrası müddətinin müqavilə bağlandıqdan sonra iki ay müddətində icrasına dair razılaşmanın olmasını bildirsə də, buna dair heç bir sübutü məhkəməyə təqdim etməmişdir. Beləliklə də, müqavilə və iş materialları ilə cavabdeh tərəfindən dəqiq olaraq hansı müddətə verilmiş pulu və gəlirdən əldə edilmiş payın iddiaçıya qaytarmalı olduğunu müəyyən etmək mümkün olmadığı üçün, məntiqi davam olaraq da həmin məbləğlərə də faizin hesablanması qeyri-mümkündür.
49. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir.
51. Yuxarıda sadalanan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 95670 manat əsas borc və 2429,86 manat əldə edilən gəlirdən yaranmış pay borcu, cəmi 98099,86 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
54. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan hissəyə (98099,86 manat) mütənasib olaraq iş üzrə ödənilmiş 385 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli “Xidmət göstərilməsinə dair” müqavilə üzrə 95.670 manat əsas borc və 2429,86 manat əldə edilən gəlirdən yaranmış pay borcu olmaqla cəmi 98099,86 (doxsan səkkiz min doxsan doqquz manat 86 qəpik) manat və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 385 (üç yüz səkksən beş manat) tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova