Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2711/2025 13.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, dəbbə pulunun azaldılması, qanuni faiz və dəbbə pulunun nisbəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 12662,7 manat əsas borcun, 28569,4 manat dəbbə pulunun, əsas borca illik 5 faizlə hesablanmış 754,65 manat olmaqla ümumilikdə 41986,76 manat məbləğində pulun və ödənilmiş 216 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində TMB23004 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci maddəsinə əsasən cavabdeh iddiaçının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı iddiaçıdan sifariş edəcək, iddiaçı malları cavabdehin sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə iddiaçıya təhvil verəcək və iddiaçı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini müqavilədə göstərilən qaydada ödəyəcəkdir. Müqavilənin 8.1-ci maddəsinə əsasən, cavabdeh sifariş verdiyi malın dəyərinin 100%-ni müvafiq mal partiyasının cavabdehin anbarına daxil olduğu tarixdən etibarən 30 gün ərzində iddiaçının hesabına ödəməlidir. Əgər cavabdeh müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, iddiaçı müvafiq malların cavabdehə göndərilməsini dayandırmaqla yanaşı, əldən çıxmış faydanı da tələb edə bilər. 2.2. Ərizəçi ilə cavabdeh arasındakı xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehin iddiaçıya ödənilməmiş 12662,70 manat borcu qalmışdır. Cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubu ünvanlanmışdır. Lakin qarşı tərəf hər hansı ödəniş etməmişdir. Belə ki, 1) xx.xx.2023-cü il tarixli EBDM seriyalı 328282 nömrəli elektron qaiməyə əsasən, cavabdehə 596,66 manat həcmində mal təqdim edilmiş və heç bir ödəniş edilməmişdir. 2) xx.xx.2023-cü il tarixli EBDO seriyalı 796179 nömrəli elektron qaiməyə əsasən, cavabdehə 1959,98 manat həcmində mal təqdim edilmiş və heç bir ödəniş edilməmişdir. 3) xx.xx.2023-cü il tarixli EBDP seriyalı ******* nömrəli elektron qaiməyə əsasən, cavabdehə 4800,03 manat həcmində mal təqdim edilmiş və heç bir ödəniş edilməmişdir. 4) xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 112398 nömrəli elektron qaiməyə əsasən, cavabdehə 727,05 manat həcmində mal təqdim edilmiş və heç bir ödəniş edilməmişdir. 5) xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 929277 nömrəli elektron qaiməyə əsasən, cavabdehə 690,91 manat həcmində mal təqdim edilmiş və heç bir ödəniş edilməmişdir. 6) xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 955007 nömrəli elektron qaiməyə əsasən, cavabdehə 1959,98 manat həcmində mal təqdim edilmiş və heç bir ödəniş edilməmişdir. 7) xx.xx.2023-cü il tarixli EBDU seriyalı 564299 nömrəli elektron qaiməyə əsasən, cavabdehə 19 manat həcmində mal təqdim edilmiş və heç bir ödəniş edilməmişdir. 8) xx.xx.2023-cü il tarixli EBDU seriyalı 566242 nömrəli elektron qaiməyə əsasən, cavabdehə 680,90 manat həcmində mal təqdim edilmiş və heç bir ödəniş edilməmişdir. 9) xx.xx.2024-cü il tarixli MT240 seriyalı ********* nömrəli elektron qaiməyə əsasən, cavabdehə 665,82 manat həcmində mal təqdim edilmiş və heç bir ödəniş edilməmişdir. 10) xx.xx.2024-cü il tarixli MT240 seriyalı ********* nömrəli elektron qaiməyə əsasən, cavabdehə 697,76 manat həcmində mal təqdim edilmiş və 106,43 manat ƏDVdən, 590,18 manat əsas məbləğdən ödənilmişdir. 11) xx.xx.2024-cü il tarixli MT240 seriyalı ********* nömrəli elektron qaiməyə əsasən, cavabdehə 561,22 manat həcmində mal təqdim edilmiş və heç bir ödəniş edilməmişdir. 2.3. xx.xx.2023-cü il tarixli müqavilənin 8.7-ci maddəsinə əsasən, alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirilmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5% məbləğində cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətini dayandırdığı hallara da şamil edilir. 1) xx.xx.2023-cü il tarixli EBDM seriyalı 328282 nömrəli elektron qaiməyə əsasən, 596,66 manat (borc) x 0,5% x 514 gün = 1533,41 manat (xx.xx.2023-cü il tarixindən 30 gün sonra xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan günlərin sayı). 2) xx.xx.2023-cü il tarixli EBDO seriyalı 796179 nömrəli elektron qaiməyə əsasən, 1959,98 manat (borc) x 0,5% x 479 gün = 4694,15 manat (xx.xx.2023-cü il tarixindən 30 gün sonra xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan günlərin sayı). 3) xx.xx.2023-cü il tarixli EBDP seriyalı ******* nömrəli elektron qaiməyə əsasən, 4800,03 manat (borc) x 0,5% x 468 gün = 11232,07 manat (xx.xx.2023-cü il tarixindən 30 gün sonra xx.xx.2023-cü il, xx.xx.2023cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan günlərin sayı). 4) xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 112398 nömrəli elektron qaiməyə əsasən, 727,05 manat (borc) x 0,5% x 460 gün = 1672,21 manat (xx.xx.2023-cü il tarixindən 30 gün sonra xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan günlərin sayı). 5) xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 929277 nömrəli elektron qaiməyə əsasən, 690,91 manat (borc) x 0,5% x 450 gün = 1554,54 manat (xx.xx.2023-cü il tarixindən 30 gün sonra xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan günlərin sayı). 6) xx.xx.2023cü il tarixli EBDQ seriyalı 955007 nömrəli elektron qaiməyə əsasən, 1959,98 manat (borc) x 0,5% x 450 gün = 4409,95 manat (xx.xx.2023-cü il tarixindən 30 gün sonra xx.xx.2023cü il, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan günlərin sayı). 7) xx.xx.2023-cü il tarixli EBDU seriyalı 564299 nömrəli elektron qaiməyə əsasən, 19,00 manat (borc) x 0,5% x 402 gün = 38,19 manat (xx.xx.2023-cü il tarixindən 30 gün sonra xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan günlərin sayı). 8) xx.xx.2023-cü il tarixli EBDU seriyalı 566242 nömrəli elektron qaiməyə əsasən, 680,90 manat (borc) x 0,5% x 402 gün = 1368,60 manat (xx.xx.2023-cü il tarixindən 30 gün sonra xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan günlərin sayı). 9) xx.xx.2024-cü il tarixli MT240 seriyalı ********* nömrəli elektron qaiməyə əsasən, 665,82 manat (borc) x 0,5% x 368 gün = 1225,10 manat (xx.xx.2024-cü il tarixindən 30 gün sonra xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan günlərin sayı). 10) xx.xx.2024-cü il tarixli MT240 seriyalı ********* nömrəli elektron qaiməyə əsasən, 1,15 manat (borc) x 0,5% x 368 gün = 2,11 manat (xx.xx.2024-cü il tarixindən 30 gün sonra xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan günlərin sayı). 11) xx.xx.2024-cü il tarixli EBDP seriyalı ******* nömrəli elektron qaiməyə əsasən, 561,22 manat (borc) x 0,5% x 299 gün = 839,02 manat (xx.xx.2024-cü il tarixindən 30 gün sonra xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan günlərin sayı). 2.4. Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 1) xx.xx.2023-cü il tarixli EBDM seriyalı 328282 nömrəli elektron qaiməyə əsasən, 596,66 manat (borc) x 5% : 12 ay x 16 ay = 39,77 manat (xx.xx.2023-cü il tarixindən 30 gün sonra xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan ayların sayı). 2) xx.xx.2023-cü il tarixli EBDO seriyalı 796179 nömrəli elektron qaiməyə əsasən, 1959,98 manat (borc) x 5% : 12 ay x 15 ay = 122,49 manat (xx.xx.2023-cü il tarixindən 30 gün sonra 21.10..2023-cü il, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan ayların sayı). 3) xx.xx.2023-cü il tarixli EBDP seriyalı ******* nömrəli elektron qaiməyə əsasən, 4800,03 manat (borc) x 5% :12ay x 15 ay = 300 manat (xx.xx.2023-cü il tarixindən 30 gün sonra xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan ayların sayı). 4) xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 112398 nömrəli elektron qaiməyə əsasən, 727,05 manat (borc) x 5% : 12 ay x 15 ay = 45,44 manat (xx.xx.2023-cü il tarixindən 30 gün sonra xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan ayların sayı). 5) xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 929277 nömrəli elektron qaiməyə əsasən, 690,91 manat (borc) x 5% : 12 ay x 14 ay = 40,30 manat (xx.xx.2023-cü il tarixindən 30 gün sonra xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan ayların sayı). 6) xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 955007 nömrəli elektron qaiməyə əsasən, 1959,98 manat (borc) x 5% : 12 ay x 14 ay = 114,33 manat (xx.xx.2023-cü il tarixindən 30 gün sonra xx.xx.2023-cü il, xx.xx.2023cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan ayların sayı). 7) xx.xx.2023-cü il tarixli EBDU seriyalı 564299 nömrəli elektron qaiməyə əsasən, 19,00 manat (borc) x 5% : 12 ay x 13 ay = 1,02 manat (xx.xx.2023-cü il tarixindən 30 gün sonra xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan ayların sayı). 8) xx.xx.2023-cü il tarixli EBDU seriyalı 566242 nömrəli elektron qaiməyə əsasən, 680,90 manat (borc) x 5% : 12 ay x 13 ay = 36,88 manat (xx.xx.2023-cü il tarixindən 30 gün sonra xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan ayların sayı). 9) xx.xx.2024-cü il tarixli MT240 seriyalı ********* nömrəli elektron qaiməyə əsasən, 665,82 manat (borc) x 5% : 12 ay x 12 ay = 33,29 manat (xx.xx.2024-cü il tarixindən 30 gün sonra xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan ayların sayı). 10) xx.xx.2024-cü il tarixli MT240 seriyalı ********* nömrəli elektron qaiməyə əsasən, 1,15 manat (borc) x 5% : 12 ay x 12 ay = 0,05 manat (xx.xx.2024-cü il tarixindən 30 gün sonra xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan ayların sayı). 11) xx.xx.2024-cü il tarixli EBDP seriyalı ******* nömrəli elektron qaiməyə əsasən, 561,22 manat (borc) x 5% : 12 ay x 9 ay = 21,04 manat (xx.xx.2024-cü il tarixindən 30 gün sonra xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan ayların sayı). 2.5. Beləliklə, bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn borc 12662,70 manat əsas, 28569,40 manat ümumi dəbbə məbləği, 754,65 manat əldən çıxmış fayda (əsas borca illik 5 faizlə hesablanmış məbləğ) təşkil edir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 567-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaya etiraz təqdim edərək, iddia tələbinin 28569,4 manat dəbbə pulu və əsas borca illik 5 faizlə hesablanmış 754,65 manat hissəsində rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi hədsiz səviyyədə şişirildiyindən dəbbə pulu və əldən çıxmış fayda hissəsində rədd edilməlidir. Dəbbə pulu ödəniş öhədliyinin icra edilməsinin təminat üsuludur. Əsas ödəniş öhdəliyi müqavilə üzrə yaranmış borcdur. İddiaçı isə iddia tələbində əsas borcun iki qatından artıq məbləğdə dəbbə pulu tələb edir. Bu isə həm ümumi məhkəmə təcrübəsinə, həm də qanunvericiliyin ümumi məntiqinə ziddir. Əlavə olaraq, qarşı tərəf əldən çıxmış fayda ilə bağlı hər hansı mötəbər sübut təqdim etməyib. Bu səbəbdən iddia tələbi həmin hissədə tam əsassızdır.
6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 467, 560-cı maddələrinə istinad edilmişdir.
II. Tərəflərin mövqeləri:
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizələr ünvanlayaraq, məhkəmənin iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, iddiaya etiraz təqdim edilərək iddia tələbinin dəbbə pulun və qanuni faizlə bağlı hissədə rədd edilməsini xahiş etmiş, lakin məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli TMB-23004 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh iddiaçının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı iddiaçıdan sifariş etməyi, iddiaçı malları cavabdehin sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə cavabdehə təhvil verməyi, cavabdeh sifarişə uyğun çatdırılmış malları təhvil almağı və malların dəyərini iddiaçıya müqavilədə göstərilən qaydada ödəməyi öhdəsinə götürmüşdür; – İddiaçı tərəfindən həmin müqaviləyə istinad edilməklə ƏDV daxil olmaqla 596,66 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDM 328282 seriya və nömrəli, ƏDV daxil olmaqla 1959,98 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2023cü il tarixli EBDO 796179 seriya və nömrəli, ƏDV daxil olmaqla 4800,03 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDP 538506 seriya və nömrəli, ƏDV daxil olmaqla 727,05 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDQ 112398 seriya və nömrəli, ƏDV daxil olmaqla 690,91 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDQ 929277 seriya və nömrəli, ƏDV daxil olmaqla 1959,98 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDQ 955007 seriya və nömrəli, ƏDV daxil olmaqla 19 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDU 564299 seriya və nömrəli, ƏDV daxil olmaqla 680,9 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDU 566242 seriya və nömrəli, ƏDV daxil olmaqla 665,83 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2401 00140791 seriya və nömrəli, ƏDV daxil olmaqla 697,77 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2401 ******* seriya və nömrəli, ƏDV daxil olmaqla 561,22 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2403 00358104 seriya və nömrəli elektron qaimə tərtib edilərək cavabdehə göndərilmişdir; – Adıçəkilən elektron qaimə sistem tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamışdır.
13. İddiaçı xx.xx.2023-cü il tarixli TMB-23004 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 12662,7 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.
14. Cavabdeh iddiaya etiraz təqdim edərək yalnız dəbbə pulu və qanuni faiz hissəsində iddianın rədd edilməsini tələb edir, əsas borc hissəsində iddianı mübahisələndirmir.
15. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
16. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
19. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
20. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 8.1-ci bəndi ilə malın dəyərinin 100%-nin mal partiyasının alıcının anbarına daxil olduğu tarixdən 30 gün ərzində satıcının bank hesabına ödənilməsinin şərtləşdirildiyi nəzərə alındıqda), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
21. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
22. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
27. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
28. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsin təmin olunmalı, xx.xx.2023-cü il tarixli TMB-23004 nömrəli alqısatqı müqaviləsi üzrə 12662,7 manat məbləğində pul Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
29. İddia ərizəsində iddiaçı həmçinin 28569,4 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
30. xx.xx.2023-cü il tarixli TMB-23004 nömrəli alqı-satqı müqaviləsinin 8.7-ci bəndinə əsasən, alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirilmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5% məbləğində cərimə ödəməlidir.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
32. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
33. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
34. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da xx.xx.2023-cü il tarixli TMB-23004 nömrəli alqısatqı müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
35. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 630 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
36. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 630 manat məbləğində cərimə Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Alqı-satqı müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı
37. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5 faizlə hesablanmış 754,65 manat məbləğində pulun da tutulmasını tələb edir.
38. Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan - xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
39. Mülki Məcəllənin (cari redaksiya) 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
41. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
42. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.
43. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.
44. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.
45. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 8.1-ci bəndi ilə malın dəyərinin 100%-nin mal partiyasının alıcının anbarına daxil olduğu tarixdən 30 gün ərzində satıcının bank hesabına ödənilməsinin şərtləşdirildiyi görünür. Lakin işgüzar münasibət bu yöndə olmamış, adıçəkilən müqavilənin 8.1-ci bəndi faktiki olaraq tətbiq edilməmişdir. Belə ki, iddiaçı tərəfinən cavabdehə 2023-cü ilin yanvar ayından 2024-cü ilin fevral ayınadək 1 il müddətində mallar satılmış, cavabdehin isə şərtləşdirilmiş qaydada deyil, ayrı-ayrı tarixlərdə həmin müddəti pozmaqla ödənişləri həyata keçirilməsinə baxmayaraq, iddiaçı malları satmağa davam etmiş, ötən müddət ərzində pulun ödənilməsini tələb etməmişdir. Bu isə iddiaçı tərəfindən borcun ödənilməsinə faktiki olaraq möhlət verildiyini göstərir. Belə olan halda, Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir.
46. İddiaçının xx.xx.2025-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi və iddiaçı tərəfindən hesablamanın aparıldığı müddətin sonu olan xx.xx.2025-cü il tarixə qədər 36 gün üçün həyata keçirilməlidir. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 62,45 manat təşkil edir.
47. Lakin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük pul məbləğini tələb edə bilməsin və ya tərəflərin razılığı ilə ayrı qayda nəzərdə tutulmasın. Hazırkı halda isə iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 8.7-ci bəndinə istinad etməklə daha böyük pul məbləğini tələb etmiş, məhkəmə tərəfindən isə 630 manat məbləğində cərimə əsaslı hesab edilmişdir.
48. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanuni faizin tutulması hissəsində iddia rədd edilməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
49. İddiaçı ödənilmiş 216 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
50. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 216 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
51. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 320 manat məbləğində pul Bakı şəhəri 18 saylı vəkil bürosunun hesabına köçürülmüşdür.
52. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
53. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
54. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
56. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 320 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
57. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pul Cavabdeh QSCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 12662,7 manat əsas borc, 630 manat cərimə olmaqla ümumilikdə 13292,7 manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova