Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-272/2021 07.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 255.666,63 manat məbləğində əsas borcun, 30.973,72 manat məbləğində cərimənin, 30 manat məbləğində dövlət rüsumunun, cəmi 286.670,35 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi əsasında xx xxxxxx 2015-ci il tarixində ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyatdan keçmişdir. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli, AZ-Cİ/02 nömrəli və xx.xx.2020-ci il tarixli, AZ-CL/03 nömrəli malların tədarük edilməsinə dair alqı-satqı müqavilələri bağlanmışdır. Tədarük müqavilələrinə əsasən, tədarükçü avadanlıqları, proqram təminatı, servis tədarük etməyi, alıcı isə avadanlıqları həmin müqavilənin ayrılmaz hissəsi olan malların spesifikasiyalarında göstərilmiş miqdarda, komplektasiyada, qiymətdə qəbul etməyi və onun dəyərini ödəməyi öhdələrinə götürürlər. Tədarükçü xx xxxxxx 2018-ci il tarixli tədarük müqaviləsinə dair təsdiqlənmiş 21 və 22 saylı əlavələrdə qeyd edilmiş malları Cavabdeh MMC-yə təqdim etmiş və Cavabdeh MMC tərəfindən həmin mallar qəbul edilmişdir. Malların qəbulu təhvil-təslim aktları ilə rəsmiləşdirilmişdir. Tədarük müqavilələrinin 21 və 22 saylı əlavələrinin 1.2-ci bəndinə əsasən alıcı avadanlığın ümumi qiymətinin 50%-nin ödənişini əlavənin imzalanmasından 15 gün müddətində, məbləğin qalan 50 %–ni mal tədarük edildiyi və faktura təqdim edildiyi andan 30 gün ərzində ödəməli idi. Lakin buna baxmayaraq, Cavabdeh MMC aşağıdakı hesab-fakturalar üzrə ödənişləri həyata keçirməyərək müqavilənin 5-ci bəndindən irəli gələn öhdəliklərini bugünkü tarixə kimi hələ də icra etməmişdir: xx.xx.2020-сi il tarixli CL-21 saylı hesab faktura üzrə ödənilməmiş malların qiyməti - 205484,69 manat; xx.xx.2020-ci il tarixli CL-22 saylı hesab-faktura üzrə ödənilməmiş malların qiyməti – 50181,94 manat; həmçinin xx xxxxxx 2018-ci il tarixli tədarük müqaviləsinin 7.4-cü bəndinə əsasən Cavabdeh MMC pul ilə bağlı vəzifələrini yerinə yetirmədiyinə görə əlavə olaraq xx xxxxxxxx 2020-ci il tarixinə 30.973,72 manat məbləğində cərimə ödəməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AZ-Cİ/02 nömrəli tədarük (alqı-satqı) müqaviləsinin 7.1-ci bəndinə əsasən tərəflər həmin müqavilə ilə nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməməsinə, kafi olmayan yerinə yetirilməsinə və ya qismən yerinə yetirilməsinə görə həmin bölmə ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. Həmin müqavilənin 7.4-cü bəndinə görə müqavilə ilə nəzərdə tutulmuş pul ilə bağlı vəzifələrin vaxtında yerinə yetirilməməsinə görə cavabdeh iddiaçıya ləngimənin hər gününə görə borcun ümumi məbləğindən 0,1% məbləğində cəriməni ödəyir. xx.xx.2018-ci il tarixli, AZ-Cİ/02 nömrəli təchizat müqaviləlisinin 9.2-ci bəndlərinə görə tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən 76.316,48 manat məbləğində cərimənin, 30 məbləğində dövlət rüsumunun, cəmi 76.346,48 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək dəqiqləşdirilmiş iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və əsas borcunun ödənildiyini, tərəflər arasında bağlanmış müqavilənin dəbbə pulu ödənilməsi barədə şərtin nəzərdə tutulduğu səhifənin onlar tərəfindən imzalanmadığı, belə olan halda isə dəbbə pulunu ödəmək öhdəliklərinin yaranmadığı əsas göstərərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (tədarükçü) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2018-ci il tarixdə AZ-CL/02 saylı tədarük müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tədarükçü avadanlıqları tədarük etməyi, alıcı isə avadanlıqları həmin müqavilənin ayrılmaz hissəsi olan malların spesifikasiyalarında göstərilmiş miqdarda, komplektasiyada və qiymətə qəbul etməyi və onun qiymətini ödəməyi öhdələrinə götürmüşdür. Həmin müqavilənin 7.4cü bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş pul ilə bağlı vəzifələrin vaxtında yerinə yetirilməməsinə görə alıcı tədarükçüyə ləngimənin hər gününə görə borcun ümumi məbləğindən 0,1 məbləğində cəriməni ödəməlidir. xx.xx.2018-ci il tarixli AZ-CL/02 saylı tədarük müqaviləsinə 21 saylı əlavədə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə cəmi 424.334,49 manat dəyərində malların təqdim edilməsi nəzərdə tutulmuşdur. Həmin əlavənin 1.2-ci bəndinə görə alıcı avadanlığın ümumi qiymətinin 50%-nin ödənişini cari əlavənin imzalanmasından 15 gün müddətində ödəyəcək, məbləğin qalan 50%-ni malı tədarük edildikdən və faktura imzalandığı andan 30 gün ərzində ödəməlidir. xx.xx.2018-ci il tarixli AZ-CL/02 saylı tədarük müqaviləsinə 22 saylı əlavədə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə cəmi 87.005,34 manat dəyərində malların təqdim edilməsi nəzərdə tutulmuşdur. Həmin əlavənin 1.2-ci bəndinə görə alıcı avadanlığın ümumi qiymətinin 50%-nin ödənişini cari əlavənin imzalanmasından 15 gün müddətində ödəyəcək, məbləğin qalan 50%-ni malı tədarük edildikdən və faktura imzalandığı andan 30 gün ərzində ödəməlidir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 424.334,49 manat dəyərində mal verilmiş, həmin mallara dair xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 596.560 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 87.005,36 manat dəyərində mal verilmiş, həmin mallara dair xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 596.869 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2020-ci il tarixli 993 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 20.000 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2020-ci il tarixli 1045 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 16.866,68 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2020-ci il tarixli 1850 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 39.800 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2020-ci il tarixli 1871 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 40.000 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2021-ci il tarixli 1562 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 100.000 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2021-ci il tarixli 1564 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 18.000 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2020-ci il tarixdə İddiaçı MMC Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlayararaq xx.xx.2018-ci il tarixdə AZ-CL/02 saylı tədarük müqaviləsinə 21 və 22 saylı əlavələr üzrə yaranmış cəmi 286.640,35 manat məbləğində borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC İddiaçı MMC-yə cavab məktubu ünvanlayaraq”Cavabdeh” MMC-nin İddiaçı MMC-yə olan borcundan 20.000 manat məbləğində pulun 5 iş günü ərzində ödəniləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (tədarükçü) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2018-ci il tarixli AZ-CL/02 saylı tədarük müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müqavilədə nəzərdə tutulmuş malları cavabdehə təqdim etsə də, cavabdeh təqdim edilmiş malların dəyərini ödəmək öhdəliyini vaxtında icra etməmişdir. Nəticədə cavabdehin iddiaçıya 255.666,63 manat məbləğində əsas yaranmışdır. İşə məhkəmədə baxıldığı dövrdə həmin borc cavabdeh tərəfindən iddiaçıya tam ödənilmişdir. Hazırda iddiaçı müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilə şərtlərinə əsasən cavabdehə hesablanmış 76.316,48 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarından görünür ki, mübahisəli borcun əsasında yarandığı xx.xx.2018-ci il tarixli AZ-CL/02 saylı tədarük müqaviləsinə 21 saylı və 22 saylı əlavələrdə malın dəyərinin 50%-nin əlavənin imzalanmasından 15 gün müddətində, məbləğin qalan 50%-nin malı tədarük edildikdən və faktura imzalandıqdan sonra 30 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda isə təqdim edilmiş mallara görə elektron qaimələr müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə imzalandığından malların dəyərinin son hissəsi xx.xx.2020-ci il tarixədək ödənilməli idi. Cavabdeh MMC isə həmin elektron qaimələr üzrə 255.666,63 manat məbləğində borcu xx.xx.2020-ci il xx.xx.2021-ci tarixləri arasındakı dövrdə hissələrlə ödəmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh MMC İddiaçı MMC tərəfindən təqdim edilmiş malların dəyərinin ödənilməsi öhdəliyinin icrasını gecikdirmişdir. Tərəflər arasında bağlanmış müqavilənin dəbbə pulu ilə bağlı şərtin nəzərdə tutulduğu səhifəsinin tərəflərindən imzalanmaması, belə olan halda isə dəbbə pulunu ödəmək öhdəliklərinin yaranmaması barədə cavabdehin istinad etdiyi dəlillərə münasibətdə məhkəmə ilk növbədə qeyd etməyi zəruri sayır ki, cavabdeh müqavilənin cavabdehdə olan nüsxəsinin fərqləndiyini, həmin nüsxədə dəbbə pulu şərtinin nəzərdə tutulmamasını iddia etsə də, müqavilənin onlarda olan nüsxəsini məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə göstərilən dəlilin yalnız əsas borc ödənildikdən sonra keçirilmiş sonuncu məhkəmə iclasında irəli sürməsini, əvvəlki məhkəmə iclaslarında və pretenziyaya cavab məktubunda cavabdehin göstərilən hala istinad etməməsini nəzərə alaraq göstərilən dəlilləri inandırıcı hesab etmir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, mülki qanunvericilikdə müqavilənin hər səhifəsinin tərəflər tərəfindən imzalanması ilə bağlı imperativ norma müəyyən edilməmişdir. Belə olan halda isə müqavilənin yalnız son səhifəsinin imzalanması tərəflərin müqavilənın digər səhifələrdə nəzərdə tutulmuş öhdəlikləri daşımaması anlamına gəlmir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh MMC kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, həm kreditorun, həm də borclunun əsaslı mənafelərini, eləcə də əsas borcun borclu tərəfindən tam şəkildə ödənildiyini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 5000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5.000 (beş min) məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-272/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-272/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver