Məhkəmə qərarları › İş №e-2-2(113)-272/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-272/2022

07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-272/2022 07.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi , iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanda yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 5457,60 (beş min dörd yüz əlli yeddi manat, altmış qəpik) manat məbləğində borcun **********00560 nömrəli abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2ci sahə ünvanda yerləşən qeyri-yaşayış sahəsi (kafe) 30.12.2016-cı il tarixli, 4557-12-16 saylı müqavilə əsasında təbii qazla təchiz edilmişdir. Qeyri yaşayış sahəsinə 09.12.2016cı il tarixdə smart G-6 tipli, 1305AZ**********41 nömrəli qaz sayğacı quraşdırılmış və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Həmin sayğac vasitəsi ilə xeyli müddət təbii qazdan istifadə etmiş və istifadə etdiyi təbii qazın dəyərini daim vaxtında ödəmişdir. 06.07.2021-ci il tarixdə qeyri-yaşayış sahəsinə G-6 mexanika tipli, 40383517 nömrəli qaz sayğacı quraşdırılmışdır. İlk ayda təbii qazdan istifadəyə görə hesab təqdim edildikdə, 5457,60 manat məbləğində əlavə borc hesablandığını görmüşdür. Bu məsələ ilə bağlı cavabdeh təşkilata müraciət edildikdə bildirilmişdir ki, 09.12.2016-cı il tarixdə quraşdırılmış 1305AZ**********41 nömrəli qaz sayğacına guya müdaxilə edildiyi üçün 14.05.2018-ci il tarixdə, “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək 5457,60 manat məbləğində əlavə borc hesablanmışdır. Müdaxilə dedikdə isə istifadədə olan qaz sayğacının çıxış plastmas borusunun deşilməsi olduğu məlum olmuşdur. Qaz sayğacına müdaxilə edilməmişdir, istifadə edilən təbii qazın dəyəri vaxtı vaxtında ödənilmişdir. Cavbdeh təşkilatın müdaxilə dediyi halın xüsusatından da göründüyü kimi qaz sayğacına müdaxilə etmələri qeyri mümkündür. Belə ki, 14.05.2018-ci il tarixli, ******* nömrəli aktdan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları baxış keçirmiş və sayğacın daxilində yerləşən borunun guya deşildiyini müəyyən etmişlər. Qeyd etmək lazımdır ki, qaz sayğacının daxilinə hər hansı müdaxilənin edilməsi üçün sayğac mütləq xətdən ayrılmalıdır və sayğacın xəttən ayrılması üçün mütləq üzərindəki xüsusi plomb qırılmalıdır. Lakin cavabdeh təşkilatın sözügedən sayğacın 2016-cı ildə quraşdırılması haqqında ******* nömrəli aktından və 14.05.2018-ci il tarixdə, “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” tərtib etdiyi ******* nömrəli aktından da göründüyü kimi mübahisəli sayğac quraşdırılarkən üzərinə vurulmuş 03014767 nömrəli xüsusi plomb 14.05.2018-ci il tarixdə yəni baxış keçirilərkən cavabdeh tərəfindən çıxarılmışdır. Göründüyü kimi sayğacın üzərinə vurulmuş xüsusi plomb bütün istismar müddətində sayğacın üzərində olmuş və belə olan halda sayğacın daxilinə müdaxilənin edilməsi mümkün deyil. Həmçinin onu da qeyd etmək lazımdır ki, iddiaçı məişət qaz qurğusundan istifadə edən istehlakçıdır, fiziki şəxsdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında iddia tələbinə etiraz edib, qeyd etdi ki, əlavə borcun yaranmasına səbəb qaz sayğacına keçirilmiş baxış zamanı onun çıxış borusunda dəlik aşkarlanmasıdır. Bununla bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. İddia tələbi əsassızdır və rədd edilməlidir. İş materiallarında olan: Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18.05.2018-ci il tarixli ******* saylı aktda qeyd olunmuşdur ki, 14.05.2018-ci il tarixində təbii qazın uçotu aparılmış, baxış keçirilən zaman sayğacın çıxış borusunda dəlik aşkarlanması qeyd olunmuşdur. Hacıyev Lətif(restoran) adlı **********0560 saylı, ünvan 2 ünvanda qeyd olunan abonentin saldosunda cəmi 5461,20 manat məbləğində borc qeyd olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanda yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 5457,60 (beş min dörd yüz əlli yeddi manat, altmış qəpik) manat məbləğində borc **********00560 nömrəli abonent kodundan silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-yi tərəfindən İddiaçı akt üzrə hesablanmış 5457,60 (beş min dörd yüz əlli yeddi manat, altmış qəpik) manat məbləğində borc (abonent kodu **********00560) hesabından silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar