Məhkəmə qərarları › İş №e-2-2(113)-272/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-272/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-272/2023 24.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 394282,87 manat (üç yüz doxsan dörd min iki yüz səksən iki manat səksən yeddi qəpik) borc məbləğinin, həmçinin mediasiya rüsumu olaraq ödənilmiş 400 manat və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 285,43 manat, göstərilmiş hüquqi xidmətə görə 110 manat olmaqla, cəmi 395078,3 manat (üç yüz doxsan beş min yetmiş səkkiz manat otuz qəpik) məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (alıcı) ilə iddiaçı aralarında 31 may 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışlar. Həmin müqaviləyə əsasən Cavabdeh MMC (alıcı) İddiaçı MMC-dən (satıcı) ərzaq və qeyri-ərzaq malları almağı və əvəzində həmin malların satış dəyərini elektron qaimələrə əsasən hər ayın 15-nə kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin 31 iyul 2022-ci il tarixində tərtib olunan və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktından da göründüyü kimi, cavabdehin müqavilə üzrə İddiaçı MMC-yə 394282,87 manat (üç yüz doxsan dörd min iki yüz səksən iki manat səksən yeddi qəpik) məbləğində borcunun olduğu müəyyən edilmişdir. Cavabdeh iddiaçı ilə aralarında 31 iyul 2022-ci il tarixli qarşılıqlı üzləşmə aktının imzalandığı tarixdən uzun müddət keçməsinə baxmayaraq, hələ də üzləşmə aktında göstərilən borc məbləğini iddiaçıya ödəməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, Cavabdeh MMC-dən 90469,20 (doxsan min dörd yüz altmış doqquz manat iyirmi qəpik) manat borc məbləğinin, həmçinin mediasiya rüsumu olaraq ödənilmiş 400 manat və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 285,43 manat, göstərilmiş hüquqi xidmətə görə 110 manat olmaqla, cəmi 91264,63 manat (doxsan bir min iki yüz altmış dörd manat altmış üç qəpik) məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 31 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı 2-ci maddədə göstərilən ərzaq və qeyri ərzaq mallarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin mallları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. - İddiaçı MMC və Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə 394282,87 manat məbləğində borcunun olduğu aşkar edilmişdir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC və Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə 90469,20 manat məbləğində borcunun olduğu aşkar edilmişdir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən iş materiallarına malların təhvil-qəbul aktları və elektron qaimələr əlavə edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materiallarına əlavə edilmiş sənədlər və tərəflər arasında bağlanmış qarşılıqlı üzləşmə aktı ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 90469,20 manat məbləğində borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia borcun tutulması hissəsində tam təmin edilməli və cavabdehdən borca görə 90469,20 manat (doxsan min dörd yüz altmış doqquz manat iyirmi qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 110 (yüz on) manat hüquqi yardım xərci, 400 (dörd yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 285,43 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 110 (yüz on) manat, mediasiyaya ödənilmiş 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 284,28 manat (iki yüz səksən dörd manat iyirmi səkkiz qəpik) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 90469,20 manat (doxsan min dörd yüz altmış doqquz manat iyirmi qəpik) borc, 400 (dörd yüz) manat mediasiya, 110 (yüz on) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 284,28 manat (iki yüz səksən dörd manat iyirmi səkkiz qəpik) olmaqla, cəmi 91263,48 manat (doxsan bir min iki yüz altmış üç manat qırx səkkiz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar