Məhkəmə qərarları › İş №e-2-2(113)-2723/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2723/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2723/2023 03.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X2 X3 Professional Excellence” MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, ƏDV borcu, faiz borcu, mediasiya və vəkil xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh “X2 X3 Professional Excellence” MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 X3 Professional Excellence” MMC-dən xx.xx.2023-cü il tarixli CYAPESA/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 3400 manat məbləğində ödənilməmiş pulun, 612 manat ƏDV borcunun, 500 manat məbləğində cərimə (dəbbə) pulunun, 510 manat gecikdirilmiş vaxt üçün faiz borcunun və 1020 manat əldən çıxmış fayda olmaqla cəmi 6042 manat pul məbləğinin, ilkin mediasiya xidməti üçün ödənilmiş 60 manat rüsumun, 21 manat ödənilmiş dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 500 manat məbləğində pulun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabddeh “X2 X3 Professional Excellence” MMC arasında xx.xx.2023-cü il tarixli CYAPESA/23 nömrəli alqısatqı müqaviləsi bağlanmış və həmin müqavilə və ona əlavə edilmiş qiymət razılaşdırma protokolları əsasında “X2 X3 Professional Excellence” MMC-yə mal satılmışdır. İddiaçı MMC həmin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmiş, lakin “X2 X3 Professional Excellence” MMC üzərinə düşən öhdəlikləri icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Belə ki, müqavilə şərtlərinə görə “X2 X3 Professional Excellence” MMC hesab faktura və elektron qaimə təqdim edildikdən sonra 3 təqvim günü ərzində sifariş olunmuş malın dəyərini tam olaraq İddiaçı MMC-nin bank hesabına ödəməli olduğu halda, bu günə kimi alqı-satqı müqaviləsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qiymət razılaşdırma protokolu üzrə satılmış və həmin tarixli təhvil-təslim aktı ilə təhvil verilmiş malların dəyərini, yəni ƏDV xaric 3400 manat məbləğində borcu ödəməmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, həmin pul məbləğinin ödənilməməsi İddiaçı MMC-nin mülki dövriyyədə iştirakına maneələr yaradır və çətinləşdirir. Bundan başqa cavabdeh öhdəliklərini icra etsə idi iddiaçı borc məbləğinin 10%-i həcmində gəlir əldə edəcəkdi. Belə olan halda iddiaçı 3400 manat məbləğinin hazır məhsulun (əmtəənin) satışından adi mülki dövriyyədən aylıq 340 manat olmaqla 3 ay üçün 1020 manat qazanc (gəlir, bəhər) əldə edə bilərdi, lakin cavabdeh öhdəliklərindən boyun qaçırdığından iddiaçı həmin qazancdan məhrum olmuşdur. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi üçün cavabdehə elektron qaimə faktura göndərilmiş, həmin borcun ödənilməsi üçün dəfələrlə telefon zəngləri və whatsapp vasitəsi ilə məktublar yazılmış, lakin buna baxmayaraq cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin tələblərini pozaraq müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etmədiyi üçün iddiaçıya 500 manat cərimə ödəməlidir. Bundan başqa, cavabdeh “X2 X3 Professional Excellence” MMC, İddiaçı MMC-yə olan 3400 manat ödənilməmiş borcuna illik 5% hesablanmaqla ümumi məbləğdən əlavə faiz ödəməlidir. Nəticədə “X2 X3 Professional Excellence” MMC-nin gecikdirilmiş vaxt üçün faiz borcu 510 manat (3400 AZN x 5 % = 170 x 3 ay (gecikdirilmiş müddət) = 510 AZN) təşkil edir. Sözügedən müqavilə üzrə yaranmış borcla bağlı cavabdeh “X2 X3 Professional Excellence” MMC-yə yazılı və elektron qaydada pretenziyaya dair bildiriş göndərilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Qeyd olunan mübahisə ilə bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada, mediasiya prosesi keçirilmiş, cavabdeh və iddiaçı ilkin olaraq işin məhkəmədən kənar həlli üçün mediasiya prosesindən iştirak etsə də tərəflər arasında heç bir razılıq əldə olunmamış və nəticədə xx.xx.2023-cü il tarixdə mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixli CYAPESA/23 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndində göstərilir ki, malların ümumi dəyəri (ƏDV daxil) 4012 manat təşkil edir. Mallar təhvil-təslim edildikdən sonra ən geci 3 təqvim günü ərzində Satıcıya bank köçürməsi yolu ilə ödənilir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilədə dəbbə pulu nəzərdə tutulmasa da cavabdeh tərəfindən öhdəliyin icrası gecikdirildiyi üçün dəbbə pulu ödənilməlidir. Bundan başqa bildirdi ki, təhvil-təslim aktında texniki səhvə yol verilərək 19 oktyabr 2019-cu il tarixi qeyd edilmişdir, lakin elektron qaimədən də görünür ki, malların təhvil verilməsi müqavilənin bağlandığı vaxta təsadüf etmişdir və tərəflər arasında əvvəllər müqavilə münasibətləri olmamışdır. Digər tərəfdən təhvil-təslim aktında yenə də texniki səhv olaraq cavabdeh şirkətin adında “İnternational” sözü buraxılsa da, imza edən şəxs şirkətin qanuni təmsilçisidir və şirkətin möhürü vurulmuşdur.

4. Məhkəmə iclasının vaxtı yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

8. İddiaçi İddiaçı MMC ilə cavabdeh “X2 X3 Professional Excellence” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CYAPESA/23 saylı alqı-satqı müqaviləsinə əsasən:

9. 1.Müqavilənin predmeti

10. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı cədvəldə qeyd olunan malları (Plastic hasırlı chair gold-42 ədəd, vahid qiyməti-66.66 manat və yekun qiyməti 2800 manat, plastik kraliçe sandalye minder dikişli nirvana 92 -44 ədəd, vahid qiyməti-13.63 manat və yekun qiymət 600 manat olmaqla cəmi 3400 manat+612 manat=yekun məbləğ 4012 manat) alıcıya satmağı, alıcı isə həmin malların qəbul edilərək dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.

11. 2.Malların qiyməti və ödənilməsi şərtləri

12. Müqavilənin 2.1-ci bəndinə əsasən malların ümumi dəyəri 4012 mant təşkil edir. Mallar təhvil-təslim edildikdən sonra ən geci 3 təqvim günü ərzində satıcıya bank köçürməsi yolu ilə ödəyir.

13. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərə ƏDV daxil deyil.

14. 3.Tərəflərin hüquq və vəzifələri

15. 3.1.Satıcının hüquqları;

16. Müqavilənin 3.1.1-ci bəndinə əsasən müqavilənin 3.4-cü bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra olunmasını və onların pozulmasına yol verilməməsini alıcıdan tələb edir.

17. 3.2.Satıcının vəzifələri;

18. Müqavilənin 3.2.1-ci bəndinə əsasən müqavilənin 1.1.-ci bəndinə əsasən malları təhvil-təslim aktı və ya qaimə-faktura və ya elektron-qaimə əsasında alıcıya və ya onun etibarnamə əsasında səlahiyyətli nümayəndəsinə təqdim etmək;

19. Müqavilənin 3.2.2-ci bəndinə əsasən malın Bakı şəhəri daxilində alıcının ünvanına çatdırılmasını həyata keçirmək.

20. 3.3.Alıcının hüquqları;

21. Müqavilənin 3.3.1-ci bəndinə əsasən müqavilənin 3.2-ci bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini satıcıdan tələb edir.

22. 3.4.Alıcının vəzifələri;

23. Müqavilənin 3.4.1-ci bəndinə əsasən qaimə-faktura (və ya elektron-qaimə və ya təhvil-təslim aktı) ilə təhvil verilən malı Bakı şəhəri daxilində alıcının ünvanında bu müqavilənin 3.2.1-ci bəndi ilə və 4-cü maddə ilə müəyyənləşdirilmiş qaydada təhvil almaq;

24. Müqavilənin 3.4.2-ci bəndinə əsasən malın dəyərini müqavilənin 2-ci maddəsi ilə müəyyən olunan şərtlərlə və qaydada satıcıya ödəmək.

25. Müqavilənin 3.4.3-cü bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür.

26. 4.Malın təchizat müddətləri və şərtləri

27. Müqavilənin 4.1-ci bəndinə əsasən malların alıcıya təqdim edilməsi müddəti müqavilə tərəflər arasında imzalandıqdan və avans ödənişi icra edildikdən sonra 60 təqvim günü ərzində həyata keçirilir;

28. Müqavilənin 4.2-ci bəndinə əsasən alıcı və ya onun etibarnamə əsasında səalhiyyətli nümayəndəsi tərəfindən malın qaimə faktura və ya elektron-qaimə və ya təhvil-təslim aktı ilə təhvil alındığı an malın təhvil verilmə və qəbul edilmə anı hesab edilir.

29. 6.Tərəflərin məsuliyyəti

30. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir.

31. Müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərər görə mülki hüquqi məsuliyyət daşıyırlar.

32. Müqavilənin 6.3-cü bəndinə əsasən müqavilə üzrə tərəflərin öz öhdəliklərinin icra etməməsi səbəbilə, hər hansı tərəfin yaranacaq bütün zərərlərini, əldən çıxmış faydanı öhdəliyi vaxtında icra etməmiş tərəf ödəyəcəkdir.

33. İddiaçi ilə cavabdeh “X2 X3 Professional Excellence” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CYAPESA/23 saylı alqı-satqı müqaviləsinin 1 saylı əlavə olan qiymətlərin razılaşdırılması protokoluna əsasən tərəflər müqavilənin şərtlərinə uyğun olaraq əldə edilməsi nəzərdə tutulmuş sifarişin miqdarının və qiymətinin Plastic Elika hasırlı chair gold-42 ədəd, vahid qiyməti - 66.66 manat və yekun qiyməti 2800 manat, plastik kraliçe sandalye minder dikişli nirvana 92 - 44 ədəd, vahid qiyməti-13.63 manat və yekun qiymət 600 manat olmaqla cəmi 3400 manat+612 manat=yekun məbləğ 4012 manat müəyyənləşdirilməsi haqqında razılığıa gəlmişlər.

34. Tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə satıcı və alıcı bildirmişlər ki, yekün olaraq 4012 manat məbləğində (42 ədəd və 44 ədəd) mallar alıcının səlahiyyətli nümayəndəsi tərəfindən aktın imzalandığı tarixdə yoxlanılmış, malın sayı, miqdarı, qiyməti, həcmi, qablaşdırma şərtləri, keyfiyyəti və komplektliliyi müqaviləyə uyğun olduğu və alıcının qeyd olunanlarla bağlı heç bir əlavə tələb və etirazı olmadığı bildirilmişdir.

35. İşdə olan xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 090236 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən “X2 X3 Professional Excellence” MMC-yə 4011,84 manat dəyərində mal verilmişdir.

36. 08.03.3023-cü il tarixli, OD1 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən “Fides” vəkil bürosuna 520 manat məlbəğində xidmət haqqı ödənilmişdir.

37. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

38. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

40. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) 3400 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini ödəməmişdir.

41. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.

42. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

43. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən ödənişlər mallar təhvil-təslim edildindən sonra ən geci 3 təqvim günü müddətində ödənilməsi şəklində müəyyən olunmuşdur.

44. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

45. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

46. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

47. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Əgər həqiqətən də iddiaçı tərəfindən cavabdehə heç bir xidmət göstərilməsəydi, o, iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.

49. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 3400 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və həmin borcun ƏDV olan 612 manatın tutulması hissəsində əsaslıdır və ödənilməmiş 4012 (3400+612) manat əsas borc ƏDV daxil cavabdeh “X2 X3 Professional Excellence” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

50. Eyni zamanda məhkəmə iş materiallarında olan təhvil-təslim aktının tarixi ilə müqavilə tarixi arasında fərqliliklərlə bağlı iddiaçı tərəfin mövqeyini aydınlaşdırmış və təhvil-təslim aktında texniki səhvə yol verilərək 19 oktyabr 2019-cu il tarixi qeyd edildiyini, lakin elektron qaimədən də görsənir ki, malların təhvil verilməsi müqavilə bağlandığı vaxta təsadüf edir və tərəflər arasında əvvəllər müqavilə münasibətləri mövcüd olmamışdır.

51. Həmçinin məhkəmə iddiaçının 3400 manat əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 510 manat faiz borcunun da cavabdehdən tutulması tələbini qanunauyğun olduğunu hesab edərək aşağıdakıları qeyd edir.

52. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

54. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Çünki iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.

55. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün (müqaviləyə əsasən ödəniş elektron qaimə-fakturanın verildiyi xx.xx.2023-cü il tarixindən 3 gün sonra, yəni xx.xx.2023-cü ildə ödənilməli idi, lakin üstündən 3 aydan çox vaxt keçməsinə baxmayaraq ödənilməmişdir) əsas 3400 manat borca hesablanmış illik 5% məbləğində (3400 AZN x 5 % = 170 x 3 ay (iddiaçının göstərdiyi gecikdirilmiş müddət) = 510 manat) 510 manat pul vəsaitinin tələb olunması hissəsində də əsaslıdır.

56. Bununla yanaşı, iddiaçı 500 manat miqdarında dəbbə pulunun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir.

57. Mülki Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

58. Həmin Məcəllənin 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

59. Qeyd olunan maddi hüquq normasının tələblərini məhkəmə hazırkı mübahisəyə tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı 500 manat məbləğində dəbbə pulunun istənilməsi üçün cavabdehlə aralarında bağlanmış müqavilə üzrə və ya hər hansı yazılı anlaşma olmadığından həmin məbləği istəməkdə haqlı olmamışdır və tələbin bu hissədə təmin edilməsi üçün qanuni əsas mövcud deyil.

60. Bundan başqa məhkəmə digər tələb olan - 1020 manat məbləğində əldən çıxmış faydaya dair hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

61. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

62. Həmin Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldən çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldən çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir.

63. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.

64. İş materiallarından isə görünür ki, hazırkı işdə İddiaçı MMC hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Sadəcə olaraq məhkəmə iclasında sübut qismində 2022-ci ilə aid gömrük bəyannaməsini və excel cədvəli üzrə əldə olunacaq faydanın faizini göstərmiş, bu da tələbin həmin hissədə təmin edilməsi üçün yetərli olmamışdır.

65. Azərbaycan Respublikası MPM-nin:

66. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərcləri, 21 manat məbləğində dövlət rüsumu və 500 manat məbləğində vəkil xərci ödənildiyi qeyd olunmuşdur.

69. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

70. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

71. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

72. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 250 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat və dövlt rüsumunun əvəzi qismində 21 manat məbləğində pul vəsaitləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

73. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh “X2 X3 Professional Excellence” MMC-dən xx.xx.2023-cü il tarixli CYAPESA/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 3400 manat məbləğində əsas borc, 612 manat məbləğində ƏDV borcu və borcun ödənilməsinin gecikdirilməsinə görə 510 manat məbləğində faizin, cəmi 4522 (dörd min beş yüz iyirmi iki) manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyasının keçirilməsinə görə 60 (altmış) manat, dövlət rüsumu kimi ödənilmiş 21 (iyirimi bir) manat və vəkil xərcinin əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar