Məhkəmə qərarları › İş №e-2-2(113)-2726/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2726/2022

24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2726/2022 24.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilələr üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə 24 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun tutulması tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən, xx.xx.2020-ci il tarixli 2020/ACG-143 nömrəli müqaviləsinə əsasən yaranmış 131,02 ABŞ dolları, 148 ABŞ dolları və 760 ABŞ dolları, ümumilikdə 1039,02 ABŞ dolları və ya 1766,33 manat məbləğində borcun, həmçinin iddia qaldırılması üçün iddiaçı tərəfindən çəkilmiş mediasiya və məhkəmə xərcləri olan 60 manat mediator xərcinin, eləcə də 30,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh MMC ilə aralarında bağlanılmış xx.xx.2018-ci il tarixli 2018/M74 saylı “Nəqliyyat-ekspedisiya xidməti üzrə” Müqaviləsinə, iddiaçının Gürcüstanda filialı olan İddiaçı MMC Gürcüstan filialı ilə bağlanılmış xx.xx.2019-cu il tarixli 2019/ADYKG-49 saylı “Nəqliyyat-ekspedisiya xidməti üzrə” Müqaviləsinə və Ekspeditor ilə bağlanmış “Nəqliyyat-ekspedisiya xidmətləri” haqqında xx.xx.2020-ci il tarixli 2020/ACG-59 saylı müqaviləsinə əsasən göstərilmiş xidmətlərə uyğun olaraq 131,02 ABŞ dolları, 148 ABŞ dolları və 760 ABŞ dolları, ümumilikdə 1039,02 ABŞ dolları və ya Azərbaycan Respublikasının Mərkəzi Bankının bu günə olan məzənnəsinə uyğun olaraq, cavabdeh “Exbir Logistics" MMC-dən 1766,33 manat məbləğində borcun, həmçinin iddia qaldırılması üçün iddiaçı tərəfindən çəkilmiş mediasiya və 60 manat mediator xərcinin, eləcə də məhkəmə xərci olan 30,40 manat dövlət rüsumunun, cəmi 1856,73 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2022-ci il tarixdə cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə məhkəməyə (etirazla) müraciət edərək, qeyd etmişdir ki, ADY Konteynerə və ya onun hər hansı xarici nümayyəndəsinə borcları yoxdur və onların iddiasında bir sıra uyğunsuzluq mövcuddur. Belə ki, onların “Exbir Logistics" MMC-yə online karguzarlıqla göndərdiyi iddia məktubunda onlarla bağlanılmış xx.xx.2018-ci il tarixli 2018/M-74 saylı “Nəqliyyatekspedisiya xidməti üzrə” Müqaviləsinə, iddiaçının Gürcüstanda filialı olan İddiaçı MMC Gürcüstan filialı ilə bağlanılmış xx.xx.2019-cu il tarixli 2019/ADYKG-49 saylı “Nəqliyyatekspedisiya xidməti üzrə” müqavilələsinə əsaslanır və onlaraın münasibətləri bu 2 müqavilə üzrə tənzimlənmişdir. Hər hansı bir mübahisələ məsələlər və iddialar, bu müqavilənin 5.2-ci bəndinə əsasən beynəlxalq münsiflər məhkəməsində araşdırılmalıdır. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini qəbul etməyib, xx.xx.2022-ci il tarixli (etirazı) müraciəti ilə eyniməzmunlu izahat verdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə digər məhkəmə prosesində olduğu üçün məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh “Exbir Logistics" MMC-nin İddiaçı MMC-nin Gürcüstan Respublikasındakı Filialı və “ADY Container Georgia" LLC ilə bağladığı müvafiq olaraq 21 iyun 2019-cu il tarixli, 2019/ADYKG-49 saylı və 01 may 2020-ci il tarixli, 2020/ACG-59 saylı nəqliyyatekspedisiya müqavilələri üzrə borcun tutulması hissəsində iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı MMC-nin Gürcüstan filialı (ekspeditor) ilə “Exbir Logistics" MMC (müştəri) arasında 21 iyun 2019-cu il tarixdə bağlanmış 2019/ADYKG-49 saylı nəqliyyatekspedisiya xidməti üzrə müqaviləsinə əsasən müəyyən edilir ki, həmin müqavilənin: 5.1-ci bəndinə əsasən bu müqavilənin yerinə yetirilməsi ilə bağlı yarana biləcək hər hansı mübahisələr danışıqlar yolu ilə həll edilir. 5.2-ci bəndinə görə mübahisələrin danışıqlar yolu ilə həll edilməməsi halında, müqavilə ilə bağlı qalan bütün məsələlər cavabdehin ölkəsindəki Ticarət və Sənaye Palatası yanında beynəlxalq kommersiya arbitrajında həmin arbitrajın qaydasına uyğun olaraq baxılmalıdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. “ADY Container Georgia" LLC (ekspeditor) ilə “Exbir Logistics" MMC (müştəri) arasında 01 may 2020-ci il tarixdə bağlanmış 2020/ACG-59 saylı nəqliyyat-ekspedisiya xidməti üzrə müqaviləsinə əsasən müəyyən edilir ki, həmin müqavilənin: 5.1-ci bəndinə əsasən bu müqavilənin yerinə yetirilməsi ilə bağlı yarana biləcək hər hansı mübahisələr danışıqlar yolu ilə həll edilir. 5.2-ci bəndinə görə mübahisələrin danışıqlar yolu ilə həll edilməməsi halında, müqavilə ilə bağlı qalan bütün məsələlər (Milli Ticarət Palatasında) nəhayət iddiaçının ölkəsindəki Ticarət və Sənaye Palatası yanında beynəlxalq kommersiya arbitrajında həmin arbitrajında həmin arbitrajın qaydasına uyğun olaraq baxılmalıdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi cavabdeh “Exbir Logistics" MMC-nin İddiaçı MMC-nin Gürcüstan Respublikasındakı Filialı və “ADY Container Georgia" LLC ilə bağladığı müvafiq olaraq 21 iyun 2019-cu il tarixli, 2019/ADYKG-49 saylı və 01 may 2020-ci il tarixli, 2020/ACG-59 saylı nəqliyyat-ekspedisiya müqavilələrinin 5.2-ci bəndinə əsasən tərəflər mübahisələrin danışıqlar yolu ilə həll edilməməsi halında, mübahisələrin beynəlxalq kommersiya arbitrajında (münsiflər məhkəməsində) baxılması nəzərdə tutulmuşdur. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh “Exbir Logistics" MMC işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz etmişdir. Beləliklə, 21 iyun 2019-cu il tarixli, 2019/ADYKG-49 saylı və 01 may 2020-ci il tarixli, 2020/ACG-59 saylı müqavilələrdə həmin müqavilələrdən irəli gələn bütün mübahisələrin beynəlxalq arbitrajın həllinə verilməsi barədə arbitraj qeyd-şərti nəzərdə tutulduğundan, cavabdeh tərəfindən işə məhkəmədə baxılmasına dair etiraz verildiyindən, həmin müqavilələr üzrə pulun tutulması tələbinə dair hissədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 21 iyun 2019-cu il tarixli, 2019/ADYKG-49 saylı və 01 may 2020-ci il tarixli, 2020/ACG-59 saylı nəqliyyat-ekspedisiya müqavilələri üzrə pulun tutulması tələbinə dair hissədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar