Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2729/2022 22.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğvi, pulun tutulması və lizinq obyektinin qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) “müqavilənin ləğvi, pulun tutulması və lizinq obyektinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdehlər arasında 27 aprel 2020-ci il tarixli KTA-KTT-20/0976 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə və 27 aprel 2020ci il tarixli KTA-KTT-20/0976-Z saylı zaminlik müqaviləsinə əsasən yaranmış 1036.42 manat gecikdirilmiş əsas borc, 22.85 manat gecikdirilmiş günlərə görə cərimə borcu nəzərə alınmaqla, ümumilikdə 1059.27 manat və 40 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 27 aprel 2020-ci il tarixli KTA-KTT-20/0976 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə xitam verilməsi, həmçinin lizinq predmeti olan “ROSTSELMASH TUKAN LUXE PPT-041” markalı presbağlayanın saz və işlək vəziyyətdə iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında 27 aprel 2020-ci il tarixli KTAKTT-20/0976 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən “ROSTSELMASH TUKAN LUXE PPT-041” markalı presbağlayan cavabdehə 48 ay müddətinə lizinqə verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 21,850 manat təşkil etmişdir. Həmin məbləğin 8600 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 4380 manat məbləğində ilkin ödəniş, 218.50 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası, 600.88 manat sığorta haqqı Cəmiyyətə ödənilmişdir. Eyni zamanda, Cavabdeh2 müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə xx.xx.2022-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 1036.42 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3cü bəndinə görə, lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixinə 22.85 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəflərindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2022-ci il tarixli, PLX-22/0014 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 12:00-a təyin edilmiş mediasiya sessiyasında cavabdehlər iştirak etməmişlər. Tərəflərindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 40 manat həcmində mediasiya xərci ödənilmişdir. Beləliklə, Cavabdeh2 iddiaçı qarşısında “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə qədər 1036.42 manat gecikdirilmiş əsas borcu, 22.85 manat gecikdirilmiş günlərə görə cərimə borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınır. Lizinq müqaviləsinin təminatı kimi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 ilə KTA-KTT-20/0976-Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Hətəmli iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə də Məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli KTA-KTT-20/0976 Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 21850 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği isə 8600 manat təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği 14517,67 manat təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən lizinq müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir. Müqavilənin 3.2-ci bəndinə əsasən lizinq müddəti 48 ay müəyyən olunmuşdur. Müqavilənin 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 % miqdarında cərimə hesablamaq hüququna malikdir. Müqaviləyə 1 nömrəli əlavədə lizinq obyektinin dəqiq təsviri göstərilmişdir. Müqaviləyə 2 nömrəli əlavədə lizinq müqaviləsi üzrə ödəniş cədvəli göstərilmişdir. İddiaçı iə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli KTA-KTT-20/0976-Z saylı zaminlik müqaviləsinə əsasən iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020ci il tarixli KTA-KTT-20/0976 nömrəli X2 Müqaviləsi üzrə lizinq alanın lizinqə götürdüyü 21850 manat məbləğində lizinq obyekti ilə bağlı lizinq verən qarşısında öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirilənədək zamin lizinq alanla birgə məsuliyyət daşımağı öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə lizinq alan öhdəliklərini icra etmədiyi və lazımınca icra etmədiyi təqdirdə zamin lizinq verənin ilkin yazılı tələbi ilə lizinq məbləğini, ona hesablanmış faiz və cərimələrlə birlikdə, dərhal lizinq verənə ödənilməsini öz üzərinə götürür. İddiaçı tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli PLM-22/0143/1 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə gecikdirilmiş əsas borcu 1036,42 manat, cərimə borcu 22.85 manat olmaqla ümumilikdə, 1059,27 manat təşkil edir. İddiaçı tərəfindən Cavabdeh2 göndərilmiş xx.xx.2022-ci il tarixli PLX-22/0014 nömrəli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 27 aprel 2020-ci il tarixli KTA-KTT-20/0976 nömrəli müqavilə üzrə yaranmış 581,51 manat borcun 3 iş günü ərzində qaytarılmasını tələb etmiş, əks təqdirdə müqavilə şərtlərininh təmin edilməsi və müqavilənin ləğv edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətləri həyata keçirilməsinə başlanacağı barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2021-ci il tarixli PLX-22/0014 nömrəli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 27 aprel 2020-ci il tarixli KTA-KTT-20/0976 nömrəli müqavilə üzrə yaranmış 351,41 manat borcun 3 iş günü ərzində qaytarılmasını tələb etmiş, əks təqdirdə müqavilə şərtlərininh təmin edilməsi və müqavilənin ləğv edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətləri həyata keçirilməsinə başlanacağı barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında “X2” barədə xx.xx.2019-cu il tarixli 199 nömrəli müqavilə və iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli KTA-KTT-20/0976-Z saylı zaminlik müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilə şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 1059.27 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin xx.xx.2019-cu il tarixli 199 nömrəli X2 müqaviləsi və xx.xx.2020-ci il tarixli KTA-KTT- 20/0976-Z saylı zaminlik müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəliyi tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 1059.27 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 1059.27 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində Cavabdeh2 ilə aralarında bağlanmış 27 aprel 2020-ci il tarixli KTA-KTT-20/0976 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə xitam verilməsi tələbini də irəli sürmüşdür. İşin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini tam icra etməməsi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin lizinq obyektlərinin saz və işlək vəziyyətdə cavabdehdən geri alınmasına dair hissəsi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən hesablanmış 22.85 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 27 aprel 2020-ci il tarixli KTA-KTT- 20/0976 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsinə xitam verilməli, cavabdehlərdən müştərək qaydada 1036.42 manat gecikdirilmiş əsas borc, 22.85 manat gecikdirilmiş günlərə görə cərimə borcu nəzərə alınmaqla, ümumilikdə 1059.27 manat tutularaq iddiaçıya ödənilməli, cavabdehin istifadəsində olan lizinq obyekti olan “ROSTSELMASH TUKAN LUXE PPT-041” markalı presbağlayan saz və işlək vəziyyətdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 09 aprel 2022-ci il tarixli MŞB/2-00517 nömrəli arayışdan görünür ki, cavabdehlər mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 40 manat mediasiya xərci cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 27 aprel 2020-ci il tarixli KTA-KTT- 20/0976 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsinə xitam verilsin. Lizinq predmeti olan “ROSTSELMASH TUKAN LUXE PPT-041” markalı presbağlayan Cavabdeh2 alınaraq İddiaçı ASC-yə qaytarılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1036.42 (bir min otuz altı manat qırx iki qəpik) manat gecikdirilmiş əsas borc, 22.85 (iyirmi iki manat səksən beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1059.27 (bir min əlli doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 40 (qırx) manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2729/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2729/2022
22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver