Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2731/2022 21.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 1820,49 ABŞ dolları və ya 3094,83 manat məbləğində borcun, həmçinin iddia qaldırılması üçün iddiaçı tərəfindən çəkilmiş mediasiya və məhkəmə xərcləri olan 60 mediator xərcinin, eləcə də 30,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 1820,49 ABŞ dolları və ya 3094,83 manat məbləğində borcun, həmçinin iddia qaldırılması üçün iddiaçı tərəfindən çəkilmiş mediasiya və məhkəmə xərcləri olan 60 mediator xərcinin, eləcə də 30,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı, "xxxx" QSC tərəfindən təsis edilmiş və 100% payına malik olduğu müəssisədir. Ekspeditor tərəfindən daxil olan müraciətlərə əsasən iddiaçı Azərbaycan Respublikası ərazisində nəqliyyat-ekspedisiya xidmətləri həyata keçirir. Cavabdeh ilə iddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 2018/M-07 saylı “Nəqliyyat-ekspedisiya xidməti üzrə” Müqaviləsinin 1-ci bəndinə əsasən ekspeditor müqaviləyə əsasən müştərinin sifarişinə və onun hesabına nəqliyyat-ekspedisiya xidmətləri həyata keçirir. Bu Xidmətlər nəqliyyat marşrutunun keçdiyi ölkələrin qanunvericiliyinə, eləcə də beynəlxalq konvensiyalara, məcəllələrə və digər qaydalara uyğun formada aparılır. Xidmətlərin siyahısı və həcmi müştərinin sifarişinə və ya müqaviləyə əlavə edilən kommersiya təklifinə uyğun formada müəyyən edilir. Belə ki, cavabdehə göstərilmiş xidmətlər müqabilində vaxtı-vaxtında xidmət haqqını və yarana biləcək cərimə və s. ödənişləri ödəməyi öhdəsinə götürsə də sözügedən Xidmətlərə əsasən qeyd edilən müqavilələrə uyğun olaraq cavabdeh tərəfindən ödənilməli olan 1820,49 ABŞ dolları və ya 3094,83 manat məbləğində pul məbləğlərinin ödənişi bu günə qədər təmin edilməmişdir. Borcla bağlı dəfələrlə xəbərdarlıq edilmiş, aidiyyəti sənədlər göndərilmişdir. Müqavilənin 3.1-ci və 3.2-ci maddələrinə əsasən Müştəri göstərilən xidmətlər üçün Ekspeditorun təqdim etdiyi hesab-fakturaya əsasən ödənişi həyata keçirir. Müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmadıqda, Müştəri hesab-fakturanın təqdim olunduğu tarixdən sonra razılaşdırılmış müddət ərzində ödənişi qabaqcadan 100 faiz olmaqla Ekspeditorun bank hesabına köçürmə yolu ilə həyata keçirir. Qanunvericiliklə müəyyənləşdirilmiş qaydada mediasiya təşkilatına müraciət edilmiş, xx.xx.2022-ci il atarixdə “5 saylı mediasiya təşkilatı”nın mediatoru Fidan Fətəliyevanın təşkil etdiyi ilkin mediasiya sessiyası zamanı da qarşı tərəf iştirakını təmin etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: xx.xx.2018-ci il tarixli 2018/M-07 saylı “Nəqliyyat-ekspedisiya xidməti üzrə” Müqavilədən görünür ki, iddiaçı müqaviləyə əsasən cavabdehin sifarişinə və onun hesabına nəqliyyat-ekspedisiya xidmətləri həyata keçirməyi, cavabdeh isə göstərilmiş xidmətlər müqabilində vaxtı-vaxtında xidmət haqqını və yarana biləcək cərimə və s. ödənişləri ödəməyi öhdələrinə götürmüşlər. 2019-cu il üzrə Qarşılıqlı hesablaşmaların üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya olan borcu 1820,49 ABŞ dolları təşkil edir. Akt bir tərəfli qaydada iddiaçı tərəfindən təsdiq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 861.1-ci maddəsinə əsasən daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli 2018/M-07 saylı “Nəqliyyat-ekspedisiya xidməti üzrə” Müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı müqaviləyə əsasən cavabdehin sifarişinə və onun hesabına nəqliyyat-ekspedisiya xidmətləri həyata keçirməyi, cavabdeh isə göstərilmiş xidmətlər müqabilində vaxtı-vaxtında xidmət haqqını və yarana biləcək cərimə və s. ödənişləri ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı iddia edir ki, müqavilədə göstərilən xidmətlər iddiaçı tərəfindən yerinə yetirilmiş, lakin cavabdeh göstərilmiş xidmətlərin dəyərini iddiaçıya ödəməkdən imtina edir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Müqavilədən göründüyü kimi iddiaçı cavabdehin sifarişini aldığı halda, sifarişin icraata qəbul edilib-edilməməsini təsdiq edir və icraata qəbul edildikdə sifariş formasında qeyd olunan xidmətləri həyata keçirir, cavabdeh isə göstərilən xidmətlər üçün iddiaçının təqdim etdiyi hesab-fakturaya əsasən ödənişi həyata keçirir. İddiaçı xidmətlərin göstərildiyini qeyd etsə də, bu barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı cavabdehin verdiyi sifarişlərə, həmin sifarişlərin qəbul edilməsinə, o cümlədən cavabdehə təqdim etdiyi hesabfakturalara dair hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş 2019-cu il üzrə Qarşılıqlı hesablaşmaların üzləşmə aktı iddiaçı tərəfindən birtərəfli qaydada təsdiqlənmişdir. İddiaçının iddia etdiyi borc məhkəmə tədqiqatı zamanı təsdiq olunmadığından üzləşmə aktı mötəbər hesab oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci və dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehdən 1820,49 ABŞ dolları və ya 3094,83 manat məbləğində borcun, həmçinin iddia qaldırılması üçün iddiaçı tərəfindən çəkilmiş mediasiya və məhkəmə xərcləri olan 60 mediator xərcinin, eləcə də 30,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2731/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2731/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver