Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2733/2024 11.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi, borcun ödənilməsi ilə bağlı sübutetmə vəzifəsi, dəbbə pulunun azaldılması, icranın gecikdirilməsi nəticəsində zərər) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə 99568,6 manat əsas borcun, 224 029 manat dəbbə pulunun, audit xidməti üçün ödənilmiş 750 manat məbləğində pulun və ödənilmiş 615 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 31 yanvar 2023-cü il tarixli dəmiryol nəqliyyatekspedisiya xidmətləri haqqında AST-03/23 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin tapşırığı və onun hesabına müqavilə ilə müəyyən edilmiş ərazidə yüklərin dəmir yolu nəqliyyat vasitəsi ilə daşınmasının təşkili ilə bağlı nəqliyyatekspedisiya xidmətlərinin təşkili, onlarla əməliyyatlarının, o cümlədən yüklərin göndərilməsi üçün naryadın alınması, vaqonların, konteynerlərin verilməsi, daşınma haqlarının ödənilməsi habelə, tərəflərin razılaşdırdığı şərtlərlə yüklərin beynəlxalq və ya daxili daşımalarının və onlara əməliyyatlarının təşkili ilə bağlı digər xidmətlərin icra edilməsi iddiaçıya həvalə edilmişdir. 2.2. Həmin müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər tam icra edilmiş, razılaşdırılmış xidmət və yüklərin daşınması həyata keçirilmiş, lakin görülmüş işlərin dəyərinin bir hissəsi cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Belə ki, iddiaçı tərəfindən 2023-cü ilin fevral ayında cavabdehə EBDA 431837 nömrəli elektron qaimə üzrə 55533,90 manat məbləğində dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri icra edilmiş, həmin xidmətlərə görə cavabdeh tərəfindən KMO GDĞ/1 009809 nömrəli ödəniş sənədi ilə xx.xx.2023-cü il tarixdə 6800 manat məbləğində ödəniş edilmişdir. 2023-cü ilin mart ayında iddiaçı tərəfindən cavabdehə EBDC 534448 nömrəli elektron qaimə üzrə 51717,40 manat məbləğində dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri icra edilmiş, həmin xidmətlərə görə cavabdeh tərəfindən KMO GDĞ/1 009811 nömrəli ödəniş sənədi ilə xx.xx.2023-cü il tarixdə 34000 manat məbləğində ödəniş edilmişdir. 2023-cü ilin aprel ayında iddiaçı tərəfindən cavabdehə EBDD 735275 nömrəli elektron qaimə üzrə 81178,40 manat məbləğində dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri icra edilmiş, həmin xidmətlərə görə cavabdeh tərəfindən KMO GDĞ/1 009815 nömrəli ödəniş sənədi ilə xx.xx.2023-cü il tarixdə 10880 manat və xx.xx.2023-cü il tarixdə 18000 manat məbləğində ödənişlər edilmişdir. 2023-cü ilin may ayında iddiaçı tərəfindən cavabdehə EBDG 655350 nömrəli elektron qaimə üzrə 58967,90 manat məbləğində dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri icra edilmiş, həmin xidmətlərə görə cavabdeh tərəfindən KMO GDĞ/1 009817 nömrəli ödəniş sənədi ilə xx.xx.2023-cü il tarixdə 15300 manat, KMO GDĞ/1 009818 nömrəli ödəniş sənədi ilə xx.xx.2023-cü il tarixdə 18700 manat, KMO GDĞ/1 009819 nömrəli ödəniş sənədi ilə xx.xx.2023-cü il tarixdə 37400 manat və KMO GDĞ/1 009820 nömrəli ödəniş sənədi ilə xx.xx.2023-cü il tarixdə 5100 manat məbləğində ödənişlər edilmişdir. 2023-cü ilin iyun ayında iddiaçı tərəfindən cavabdehə EBAD 213815 nömrəli elektron qaimə üzrə 6 851 manat məbləğində dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri icra edilmiş, həmin xidmətlərə görə cavabdeh tərəfindən KMO GDĞ/1 009825 nömrəli ödəniş sənədi ilə xx.xx.2023-cü il tarixdə 8500 manat məbləğində ödəniş edilmişdir. 2.3. Beləliklə, 2023-cü ilin fevral – iyun ayları müddətində iddiaçı tərəfindən cavabdehə cəmi 254 248,60 manat məbləğində dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri icra edilmiş, həmin xidmətlərə görə cavabdeh tərəfindən cəmi 154 680 manat məbləğində ödəniş edilmiş və bu günə qədər sonuncunun 99568,60 manat məbləğində ödənilməmiş borcu qalmışdır. 2.4. Cavabdeh iddiaçı qarşısında ödənilməmiş qalan 99568,60 manat məbləğində qeyd olunan borcu elektron qaimələr, görülmüş dəmiryol nəqliyyat-ekspedisiya xidmətlərinə dair akt, dövriyyə cədvəli, üzləşmə aktları, kassa mədaxil orderlər və hesabfakturalarla təsdiq olunur. Eyni zamanda tərəflər arasında 01/23 nömrəli xx.xx.2023-cü il, 02/23 nömrəli xx.xx.2023-cü il, 03/23 nömrəli xx.xx.2023-cü il, 04/23 nömrəli xx.xx.2023cü il və 05/23 nömrəli xx.xx.2023-cü il tarixli üzləşmə aktları tərtib edilmiş və sonuncu – 05/23 nömrəli xx.xx.2023-cü il tarixli üzləşmə aktında 99568,60 manat ödənilməmiş borc qalığının olduğunu cavabdeh imza və möhürü ilə təsdiq etmiş və qalıq borcun qısa müddət ərzində ödəniləcəyi haqqında cavabdeh məktubunda bildirmişdir. Görülmüş işlərin dəyərinin ödənilməsi barədə iddiaçı tərəfindən dəfələrlə cavabdehə məktubla və pretenziya qaydasında müraciət edilmiş, cavabdeh hər dəfə borcunu etiraf edərək cavabında bildirmişdir ki, yaxın zamanda yaranmış borcunu ödəyəcək, lakin bu günə qədər borcu ödənilməmiş qalmışdır. Bununla da tərəflər arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi cavabdeh tərəf icra etməmişdir. 2.5. İddia ərizəsi ilə məhkəməyə müraciət ediləndən sonra 31 yanvar 2023-cü il tarixli müqavilə əsasında görülmüş işlərin və xidmətlərin, həmçinin müqavilə əsasında göstərilmiş xidmətlərin qarşılığında ödəniləcək məvaciblərin düzgünlüyünün auditi aparılmışdır. "xxxx" MMC-nin müstəqil auditor hesabatının 11 iyun 2024-cı il tarixli rəyində göstərilir ki, yaranmış borc 99568,60 manat təşkil edir və rəyə əsasən yaranmış borc tam və vaxtında ödənilməzsə, iddiaçının hər gecikmə gün üçün qalmış borcun məbləğinin 1% dəbbə pulu hesablamağa hüququ vardır və cavabdeh həmin dəbbə pulun ödənilməsini öz öhdəsinə götürdüyünü bildirmişdir. Hər gecikmə günü üçün qalmış borc məbləğinin 1% dəbbə pulu xx.xx.2024-cı il tarixinə (99568,60 x 1% x 225 gün) 224 029 manat təşkil edir. Həmçinin audit yoxlamasının keçirilməsinə görə 750 manat ödəniş edilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 443, 448-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahlar verdi və eyni zamanda bildirdi ki (baxış iclasında), cavabdehin öhdəliyin ötürülməsi ilə bağlı təklifi ilə razı deyildir. Belə ki, öhdəliyin ötürülməsi təklif edilən hüquqi şəxsin də iddiaçıya borcu vardır və borcun tutulması barədə qanuni qüvvəyə minməmiş məhkəmə qərarı mövcuddur. Həmin hüquqi şəxsin öz borcunu ödəmədiyi halda, cavabdehin də borcunu ödəyəcəyi ağlabatan deyildir.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmənin sonuncu baxış iclasında iştirak edərək qeyd etdi ki, dəbbə pulu hissəsində iddiaçının mövqeyi əsassızdır və 31 yanvar 2023-cü il tarixli dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri haqqında AST-03/23 nömrəli müqavilə üzrə borc məbləğinin hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Eyni zamanda iddiaçı tərəfindən iddia qaldırılarkən cavabdeh tərəfindən nağd edilən bəzi ödənişlər nəzərə alınmamışdır.
7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Nümayəndə əsas borc məbləği ilə razı olduğunu, lakin vergi orqanı tərəfindən bank hesablarına vergi borcu ilə bağlı sərəncam verildiyindən ödənişlərin həyata keçirilə bilmədiyini, əgər razılıq olarsa, öhdəliyi cavabdehlə əlaqəli olan digər hüquqi şəxsə ötürmək niyyətlərinin olduğunu qeyd etdi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Daşıma müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 31 yanvar 2023-cü il tarixli AST-03/23 nömrəli dəmiryol nəqliyyatekspedisiya xidmətləri haqqında müqavilə bağlanmış, iddiaçı cavabdehin tapşırığı ilə və onun hesabına müqavilə ilə müəyyən edilmiş ərazidə yüklərin dəmir yolu nəqliyyat vasitəsi ilə daşınması, onlarla əməliyyatların, o cümlədən yüklərin göndərilməsi üçün naryadın alınması, vaqonların, konteynerlərin verilməsi, daşınma haqlarının ödənilməsi və onlarla əməliyyatların təşkili ilə bağlı xidmətlər göstərməyi, cavabdeh isə daşımanın dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında 29 sentyabr 2023-cü il tarixli görülmüş dəmiryol nəqliyyat-ekspedisiya xidmətlərinə dair akt tərtib olunmuş, həmin aktda 31 yanvar 2023-cü il tarixli AST-03/23 nömrəli dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri haqqında müqavilə üzrə 254 248,6 manat dəyərində xidmətlərin göstərildiyi, 154 680 manat dəyərində ödənişlərin edildiyi qeyd edilmiş, cavabdehin iddiaçıya olan borcu 99568,6 manat təsdiq edilmişdir. Eyni zamanda adıçəkilən aktla cavabdeh qalan məbləğdən 2023-cü ilin oktyabr ayının 31-dək 33000 manat, noyabr ayının 30-dək 33000 manat, dekabr ayının 31-dək 33568,8 manat məbləğində ödənişləri etməyi öhdəsinə götürmüşdür.
11. İddiaçı 31 yanvar 2023-cü il tarixli AST-03/23 nömrəli dəmiryol nəqliyyatekspedisiya xidmətləri haqqında müqaviləyə əsasən göstərilmiş xidmətin qalıq dəyərinin – 99568,6 manat məbləğində pulun tutulmasını tələb edir.
12. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi Nümayəndə əsas borcu qəbul etdiyini, nümayəndəsi və vəkili Vəkil isə üzləşmə aktı tərtib edilərkən nağd qaydada edilən bəzi ödənişlərin nəzərə alınmadığını bildirdi.
13. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 852.1-ci maddəsinə görə, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmçinin 852.2-ci maddədə göstərilmişdir ki, daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir.
16. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.
17. Tərəflər arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli AST-03/23 nömrəli dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri haqqında müqavilə yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 852.4-cü maddəsi təşkil edir.
18. Belə ki, Mülki Məcəllənin 852.4-cü maddəsinə görə, ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu)və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.
19. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.
20. Məhkəmə cavabdeh nağd qaydada edilən bəzi ödənişlərin nəzərə alınmadığı ilə bağlı etirazına münasibətdə isə göstərir ki, tərəflər arasında 29 sentyabr 2023-cü il tarixli görülmüş dəmiryol nəqliyyat-ekspedisiya xidmətlərinə dair akt tərtib olunmuş, həmin aktla cavabdeh iddiaçıya olan borcunu etiraf etmiş, 2023-cü ilin dekabr ayının 31-dək ödəməyi öhdəsinə götürmüşdür. Bu zaman həmin aktda cavabdeh tərəfindən nağd və nağdsız qaydada edilən bütün ödənişlər əks olunmuş, sonuncu isə həmin aktı təsdiq etmişdir.
21. Eyni zamanda iş materiallarına əlavə olunan KMO GDĞ/1 009809 nömrəli xx.xx.2023-cü il tarixli, KMO GDĞ/1 009811 nömrəli xx.xx.2023-cü il tarixli, KMO GDĞ/1 009815 nömrəli xx.xx.2023-cü il tarixli, KMO GDĞ/1 009817 nömrəli xx.xx.2023-cü il tarixli, KMO GDĞ/1 009818 nömrəli xx.xx.2023-cü il tarixli, KMO GDĞ/1 009819 nömrəli xx.xx.2023-cü il tarixli, KMO GDĞ/1 009820 nömrəli xx.xx.2023-cü il tarixli, KMO GDĞ/1 009825 nömrəli xx.xx.2023-cü il tarixli kassa mədaxil orderləri əsasında cavabdeh tərəfindən edilən nağd ödənişlər 29 sentyabr 2023-cü il tarixli görülmüş dəmiryol nəqliyyatekspedisiya xidmətlərinə dair aktda əks olunmuş, cavabdeh isə hər hansı əlavə edilmiş ödənişlər bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsi və mülki qanunvericilik normalarına əsasən, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.
22. Qeyd edilən sübutetmə vəzifəsinin reallaşması üçün cavabdehə prosessual imkan yaradılmış, işin mahiyyəti üzrə baxılması xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərini əhatə etmişdir. Lakin cavabdehin nümayəndələri əvvəlcə borc məbləğini qəbul etmiş, yalnız iddiaçı tərəfindən iddia tələbinin həcmi artırılaraq dəbbə pulu tələbi irəli sürdükdən sonra əsas borc məbləğini mübahisələndirmiş, edilmiş ödənişlərlə bağlı isə hər hansı sübut təqdim edə bilməmişlər.
23. Həmçinin məhkəmə icraatının gedişində cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş, sonuncu tərəfindən hansı həcmdə ödənişlərin edildiyinin yalnız təqdim edilmiş müvafiq sübutlar əsasında, xüsusi bilik tələb edilmədən müəyyənləşdirilə biləcəyini nəzərə almadan cavabdeh sübutetmə vəzifəsini öz üzərindən ekspertə yönəltməyə çalışmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-2733/2024 nömrəli qərardadı ilə sözügedən vəsatət rədd edilmişdir.
24. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin etirazları formal mülahizələrdən ibarətdir və təmin edilə bilməz.
25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
29. Beləliklə, məhkəmə hesab edir ki, daşıma müqaviləsi üzrə razılaşdırılmış daşıma haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
30. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 31 yanvar 2023-cü il tarixli AST-03/23 nömrəli dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri haqqında müqavilə üzrə 99568,6 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Daşıma müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
31. İddia ərizəsində iddiaçı həmçinin 224 029 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
32. 29 sentyabr 2023-cü il tarixli görülmüş dəmiryol nəqliyyat-ekspedisiya xidmətlərinə dair akta əsasən, bu cədvəl üzrə razılaşdırılmış borc tam və vaxtında ödənilməsə, “Sifarişçi” hər gecikdirilmiş gün üçün qalmış borcun məbləğindən 1% dəbbə pulun ödənilməsini öz öhdəliyinə götürür.
33. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
34. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
35. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
36. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da 31 yanvar 2023-cü il tarixli AST-03/23 nömrəli dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri haqqında müqavilə üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
37. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 4900 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
38. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 4900 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Auditor hesabatının dəyərinin ödənilməsi tələbi ilə bağlı
39. İddiaçı "xxxx" MMC-nin 11 iyun 2024-cı il tarixli müstəqil auditor hesabatının verilməsi üçün ödənilmiş 750 manat məbləğində pulun tutulmasını tələb edir.
40. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4).
42. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
43. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
44. Məhkəmə qeyd edir ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
45. Lakin tərəflər arasında qarşılıqlı borcların üzləşdirilməsi 29 sentyabr 2023-cü il tarixli görülmüş dəmiryol nəqliyyat-ekspedisiya xidmətlərinə dair aktla aparılmış və həmin tarixdən sonra hər hansı ödəniş olmadığından auditin edilməsinə də ehtiyac olmamışdır. Eyni zamanda iddiaçı mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılması zərurətini cavabdehin icranı gecikdirməsi ilə əlaqələndirə bilməmişdir.
46. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən zərərin mövcud olması, zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə kimi hallarla bağlı sübutetmə vəzifəsi yerinə yetirilmədiyindən 750 manat məbləğində pulun tutulması tələbi təmin edilə bilməz.
d) Məhkəmə xərcləri ilə bağlı
47. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 615 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.
48. Məhkəməyə təqdim edilən mədaxil qəbzləri ilə müəyyən edilir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixli ********** mədaxil qəbzi ilə 419,37 manat, xx.xx.2024-cü il tarixli **********76 nömrəli mədaxil qəbzi ilə isə 195 manat ödəniş edilmişdir.
49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
50. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 198 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli dəmiryol nəqliyyatekspedisiya xidmətləri haqqında AST-03/23 saylı müqavilə üzrə 99 568 (doxsan doqquz min beş yüz altmış səkkiz) manat 60 (altmış) qəpik əsas borc, 4900 (dörd min doqquz yüz) manat cərimə məbləği olmaqla ümumilikdə 104 468 (bir yüz dörd min dörd yüz altmış səkkiz) manat 60 (altmış) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova