Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2733/2025 21.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil 8111,50 (səkkiz min yüz on bir manat əlli qəpik) manat məbləğində pul məbləği, həmin pulun qanunsuz saxlamasına görə 405,57 (dörd yüz beş manat əlli yeddi qəpik) manat, ödənilmiş dövlət rüsumu 105,18 (bir yüz on beş manat on səkkiz qəpik) manat olmaqla, cəmi 8622,25 (səkkiz min altı yüz iyirmi iki manat iyirmi beş qəpik) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (İcraçı) ilə Cavabdeh MMC arasında SRG/RCG-001 saylı, xx.xx.2024-cü il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən qiymətlərin razılaşma protokolunda göstərilmiş elektrik malları nəzərdə tutulmuş şərtlərlə alıcıya satmağı, bunun qarşılığında isə alıcı müqavilə qiymətini ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin tələblərinə uyğun olaraq İddiaçı MMC xx.xx.2024-cü il tarixdə ƏDV daxil 5278,84 (beş min iki yüz yetmiş səkkiz manat səksən dörd qəpik) manat və xx.xx.2024-cü il tarixdə ƏDV daxil 2832,66 (iki min səkkiz yüz otuz iki manat altmış altı qəpik) manat, ümumilikdə isə ƏDV daxil 8111,50 (səkkiz min yüz on bir manat əlli qəpik) manat məbləğində malları göndərilən elektron qaiməyə əsasən icra etməsinə baxmayaraq Cavabdeh MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bununla da İddiaçı MMC ƏDV daxil 8111,50 manat məbləğində maddi ziyan vurulmuşdur. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə sözügedən müqavilənin dəyərinin tam şəkildə ödənilməsi tələb olunsa da,cavabdeh nə bu tələblərə əhəmiyyət verməmiş, nə də borc pulməbləğini geri qaytarmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SRG/RCG-001 saylı müqaviləyə görə satıcı alıcının sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərilən elektrik mallarını satmağı, alıcı isə bunun əvəzində həmin elektrik mallarını təhvil almağı və bu müqavilədə razılaşdırılmış məbləği satıcıya ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 4.1-ci bəndinə görə bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqı həyata keçiriləcək elektrik mallarının qiyməti 100% avans qaydasında alıcı tərəfindən köçürmə yolu ilə satıcıya ödənilir.
9. Müqavilənin 6.3-cü bəndinə görə alıcı bu müqavilədə göstərilən malların ödənişini üzrsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödəniş məbləğinin 0,1%-i miqdarında satıcıya dəbbə pulu ödəyir.
10. SRG/RCG-001 saylı, xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 1 nömrəli Əlavə-qiymətlərin razılaşdırılması protokoluna görə 5278,8362 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.
11. SRG/RCG-001 saylı, xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 1 nömrəli Əlavəsi ilə razılaşdırılmış malların təhvil-təslim aktına görə cəmi 5278,8362 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
12. SRG/RCG-001 saylı, xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 2 nömrəli Əlavə-qiymətlərin razılaşdırılması protokoluna görə 2832,6608 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır
13. SRG/RCG-001 saylı, xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 2 nömrəli Əlavəsi ilə razılaşdırılmış malların təhvil-təslim aktına görə cəmi 2832,6608 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, 001 nömrəli 5278,84 manat məbləğində və xx.xx.2024-cü il tarixli, 002 nömrəli 2832,66 manat məbləğində hesabfakturalar təqdim olunmuşdur.
15. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli AT2410 10117239 nömrəli 2832,6608 manat məbləğində və xx.xx.2024-cü il tarixli AT2409 10898499 nömrəli 5278,8362 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SRG/RCG-001 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
20. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
22. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 8111,50 manat dəyərində malları alıcıya təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, qəbul edilmiş malların dəyəri ödənilməmişdir.
24. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 8111,50 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
25. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SRG/RCG-001 saylı müqavilənin 6.3-cü bəndinə əsasən hesablanmış 405,57 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
26. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
27. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə təmin edilməlidir.
28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 8111,50 manat əsas borc, 405,57 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 106 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 8111,50 manat əsas borc, 405,57 manat dəbbə pulu, 106 manat dövlət rüsumu, ümumilikdə 8623,07 (səkkiz min altı yüz iyirmi üç manat yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova